Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-33/2025 04.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 24 yanvar 1998-ci il tarixli, JN 125 KOD 30307018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 saylı qərarı ilə 1,15 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Məcid qızı, İddiaçı3, X5 və X1 mülkiyyətinə verilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 6 may 2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün əlavə edilmiş JN-125 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 1,15 ha göstərilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin dövlət aktında göstərilən torpaq sahəsi 0,69 ha ölçüdə oz əksini tapmışdır. Dövlət Aktında 125D nömrə ilə göstərilən 4.605,01 kv.m torpaq sahəsinin cizgisi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır və həmin torpaq sahəsinin dövlət aktında göstərilən koordinatları ictimai tikili kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 12 yanvar 2022-ci il tarixli, A seriyalı, 689755 nömrəli İddiaçı1 Məcid oğlunun adına **********63 reyestr nömrəli 0,23 ha torpaq sahəsinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”.
4. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 yanvar 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3ində yerləşən **********63 reyestr nömrəli 0,23 ha torpaq sahəsi İddiaçı1 Məcid oğlu, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı4 xüsusi ümumi birgə mülkiyyətindədir.
5. Quba Rayon İcra Hakimiyyəti başçısının Amsar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5 aprel 2022-ci il tarixli, 127 nömrəli arayışından görünür ki, İddiaçı1 Məcid oğlu nümayəndəliyin Amsar kəndində yaşayır və onun ailə üzvləri arvadı – İddiaçı2, oğlu - İddiaçı3, oğlu - X5, qızı - İddiaçı4dır.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 22 aprel 2022-ci il tarixli, **********23 nömrəli məktubundan görünür ki, JN-125 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 125D planşet hissəsində öz əksini tapmış 0,4605 ha torpaq sahəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda, Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. 18 may 2006-cı il tarixli, JN 3358, KOD 30307018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 saylı qərarı və Quba Dövlət Notariat Kontorunun 30 dekabr 2005-ci il tarixli, 4-ə- 1212 nömrəli alqı-satqı müqaviləsi ilə 0,69 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 Məcid qızı, İddiaçı3, X5 və X2 verilmişdir.
8. X8 Filialının 22 iyul 2022-ci il tarixli, 711 nömrəli arxiv çıxarışı ilə Quba Rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli protokolu göndərilmiş və qeyd edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli 4 saylı qərarında İddiaçı1 və ailə üzvləri haqqında heç bir məlumat aşkar edilməmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 1 avqust 2022-ci il tarixli, **********22 nömrəli məktubundan görünür ki, İddiaçı1 və ailə üzvlərinə verilmiş JN-125 KOD 30307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın 125B (0,46 ha) hissəsinə "xxxx" MMC-nin adına 25 oktyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********19 reyestr nömrəli çıxarış, 125A (0,2299 ha) hissəsinə isə İddiaçı1 və ailə üzvlərinin adına 13 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********63 reyestr nömrəli çıxarış işlənmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - 15 aprel 2021-ci il tarixli, 8İ-3742 reyestr nömrəli, 16 aprel 2021-ci il tarixli, 8İ-3775 və 8İ-8016 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı1 Məcid oğlu, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı4 DTXK Quba rayon şöbəsi tərəfindən 24 yanvar 1998-ci il tarixdə verilmiş JN-125 KOD 30307018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən ünvan 3i ünvanında yerləşən 1,15 ha torpaq sahəsindən 125B planşet nömrəli ümumi sahəsi 4.600,52 kv.m olan torpaq sahəsindən imtina etmiş və yerdə qalan 125A planşet nömrəli ümumi sahəsi 2.299,78 kv.m və 125D planşet nömrəli ümumi sahəsi 4.605,31 kv.m torpaq sahələrinə çıxarışın verilməsinə razılıq verilməsini xahiş etmişdirlər. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 13 yanvar 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§4); - 12 yanvar 2022-ci il tarixli, A seriyalı, 689755 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (§3); - 24 yanvar 1998-ci il tarixli, JN 125 KOD 30307018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” (§1).
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 8 avqust 2022-ci il tarixli, **********99 nömrəli məktubu ilə göndərilmiş arayışından görünür ki, JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən İddiaçı1 Məcid oğlu və ailə üzvlərinə verilmiş ünvan 3i ərazisində yerləşən 1,15 ha torpaq sahəsi 3 hissədən ibarət olmaqla 125A (0,23 ha), 125B (0,46 ha) və 125D (0,46 ha) ərazini təşkil edir. Həmin dövlət aktında göstərilmiş iki hissəsi (125A (0,23 ha) və 125B (0,46 ha) hissələri) mübahisə predmeti deyildir. İddiaçı1 Məcid oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsi JN-125 kod 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda 1,15 ha göstərilsə də, DT və XKnın Quba rayon şöbəsindən təhvil alınmış qeydiyyat kitablarında 0,69 ha kimi qeydiyyatdan keçmişdir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3 aprel 2023-cü il tarixli, 3-21-3-34/2-3705/2023 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron xəritə materialları üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri müəyyən edilmiş və İddiaçı1 Məcid oğlu istifadəsində 0,51 ha torpaq sahəsi vardır. DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-125 kod 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” elektron xəritə materialları üzərində və torpaqların elektron kadastr uçotu informasiya sistemində öz əksini tapmamışdır. Lakin, həmin mübahisə predmeti olan 0,46 ha torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən İddiaçı1 Məcid oğlu və ailə üzvlərinə məxsus JN 3358 KOD 30307018 olan Dövlət Aktı işlənmişdir. Qeyd edilmişdir ki, İddiaçı1 və ailə üzvlərinə məxsus JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd olunan 1,15 torpaq sahəsinin 0,46 ha hissəsi Quba rayon DNK-nın 30 dekabr 2005-ci il tarixli, 4-Ə-1212 saylı alqı-satqı müqaviləsi ilə satılmışdır və yerdə qalan 0,69 ha torpaq sahəsinə (2 hissə olmaqla 0,46 ha və 0,23 ha) İddiaçı1 və ailə üzvlərinə JN-3358 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir, sözügedən mübahisəli ərazi torpaqların elektron kadastr uçotu informasiya sistemində JN-3358 KOD 30307018 saylı “Torpaq mülkiyyət hüququna dair Dövlət Aktı”nın 3358D nömrəli sxemi öz əksini tapmışdır. Qoşma şəklində torpaq sahəsinin orotofoto görüntüsü göndərilmişdir.
12. X8 Filialının 20 iyun 2023-cü il tarixli, 3-48-DA-6F/2-7xx-xx/2023 nömrəli məktubu ilə A.Bakıxanov adına sovxoz Aqrar İslahat Komissiyasının 22 may 1997-ci il tarixli, 13 saylı iclas protokolu qoşma şəklində göndərilmişdir.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMCnin 21 iyun 2023-cü il tarixli, 3-21-3-60/2-1400/2023 nömrəli məktubu ilə islahat qovluğunda mövcud olan ünvan 3i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarından İddiaçı1 Məcid oğlu və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surəti qoşma şəklində göndərilmişdir. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
14. İddiaçı1 (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş 24 yanvar 1998-ci il tarixli, JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən verilmiş 1,15 ha Quba rayon, Amsar kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinə Quba rayon, Amsar kəndi ərazisində 1,15 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi ayrılmış və adlarına mülkiyyətini təsdiq edən JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir və qeyd olunan torpaq sahəsinə sahiblik edərək istifadə edilər. İddiaçı mülkiyyət hüququna dair çıxarış almaq üçün, hüquq müəyyənedici sənədləri cavabdehə təqdim etmiş, sonuncu isə müraciətin icrasından imtina etmişdir. Qeyd edilir ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 4605,01 kv.m torpaq sahəsi ictimai tikili olan torpaq sahəsi ilə yanaşıdır və heç bir üst-üstə düşmə halı mövcud deyildir.
16. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 157.1, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66, 67, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 2.2, 4.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17, 24 prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.3, 4.1, 12.1, 34.1, 68.1, 68.2-ci maddələrinə istinad olunmuşdur.
17. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Quba rayonu Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 04 nömrəli qərarı (Torpağın mülkiyyət hüququna dair JN-3358; KOD: 30307018 dövlət aktı) ilə iddiaçı və ailə üzvlərinə (İddiaçı2 Məcid qızı, İddiaçı3, X5 və X4) ünvan 3i ərazisində mülkiyyətinə verilmiş 0,46 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi üzərində birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 4 sentyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
18. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
19. Məhkəmənin 24 iyun 2022-ci il tarixli, 2-1(118)-1831/2022 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
20. Məhkəmənin 28 avqust 2025-ci il tarixli, 2-1(118)-33/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış, plan və ölçü sənədinin verilməsi” tələbinə dair iş üzrə İddiaçı2, İddiaçı3, X5 və İddiaçı4 (bundan sonra – “iddiaçılar”) məhkəmə icraatına iddiaçılar qismində cəlb olunmuşdurlar.
21. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
22. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərəkiddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
23. Etiraz onunla əsaslandırılmışdır ki, JN-125 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 1,15 ha göstərilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin dövlət aktında göstərilən torpaq sahəsi 0,69 ha ölçüdə öz əksini tapmışdır. Dövlət Aktında 125D nömrə ilə göstərilən 4605,01 kv.m torpaq sahəsinin cizgisi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır və həmin torpaq sahəsinin dövlət aktında göstərilən koordinatları ictimai tikili kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
24. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9, 11.1, prosessual hüquqi əsası kimi 38.1, 38.2-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
25. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin 1,15 ha torpaq sahəsinə dair torpaq sahəsinin bir hissəsi, yəni 2 pay torpaq sahəsinin iddiaçılardan alınaraq istirahət mərkəzinə verildiyini, JN 3358, 7018 nömrəli kod ilə 46 sot torpaq sahəsinin faktiki olaraq iddiaçılara verildiyini, 46 sot torpaq sahəsinin baza məlumatlarında qeydiyyata alınmadığını, bu faktın iddiaçının təqsiri olmadığını bildirmiş, torpaq sahəsinin faktiki olaraq istifadəsində olduğunu, həmin ərazidə əkin-biçin işləri ilə məşğul olduğunu, başqa şəxslərin müdaxiləsinin olmadığını, ölçü ilə bağlı ekspert rəyində yanlışlıq olmuş və həmin yanlışlığın sonradan düzəldildiyini, turizm şirkəti tərəfindən götürülən torpaq sahəsinin ölçüsü 2 pay torpaq sahəsinin olduğunu, baza məlumatlarında görülən 69 sot torpaq sahəsinin 23 sot hissəsinə çıxarışın əldə etdiyini, 46 sot torpaq sahəsi ilə bağlı aktı tapdıqdan sonra məhkəməyə müraciət etdiyini, həmin aktın elektron xəritə bazasında qeydiyyata alındığını qeyd etmişdir.
26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
28. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
29. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
30. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin və digər iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
31. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
32. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
33. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
34. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
35. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
36. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-) Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
37. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
40. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)
Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
42. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
43. Məhkəmə proses iştirakçıların vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
44. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
45. Belə ki, iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçılara “Torpağın mülkiyyətə verilməsinə dair” JN 3358 KOD 30307018 nömrəli Dövlət Aktına əsasən 0,69 ha torpaq sahəsi verilmiş, həmin akt qüvvədədir, torpaq sahəsi müvafiq qaydada istifadə edilir. Həmin sahənin 0,23 ha hissəsinə də çıxarış verilmiş, lakin 0,46 ha hissəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir.
46. Cavabdehin etirazı isə aşağıdakı dəlillərə söykənir: a) JN-125 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda torpaq sahəsinin ölçüsü 1,15 ha göstərilmiş, lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin dövlət aktında göstərilən torpaq sahəsi 0,69 ha ölçüdə öz əksini tapmışdır. b) Dövlət Aktında 125D nömrə ilə göstərilən 4605,01 kv.m torpaq sahəsinin cizgisi elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır və həmin torpaq sahəsinin dövlət aktında göstərilən koordinatları ictimai tikili kimi göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
47. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, JN 125 KOD 30307018 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 saylı qərarı ilə 1,15 ha torpaq sahəsi iddiaçılara ayrılmışdır. Həmin qərarın mövcudluğu arxiv sənədləri ilə öz təsdiqini tapmışdır.
48. Məhkəmə araşdırması zamanı əldə edilmiş sorğuların cavabları ilə müəyyən edilmişdir ki, JN-125 KOD 30307018 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən iddiaçılara verilmiş ünvan 3i ərazisində yerləşən 1,15 ha torpaq sahəsi 3 hissədən ibarət olmaqla 125A (0,23 ha), 125B (0,46 ha) və 125D (0,46 ha) ərazini təşkil edir. 0,46 ha olan 125B ərazisindən iddiaçılar tərəfindən imtina edilmiş və nəticədə həmin sahə üzərində "xxxx" MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Həmçinin, iddiaçılara məxsus 0,23 ha olan 125A hissəsi üzərində onların mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır.
49. Cavabdeh tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan 0,46 ha 125D torpaq sahəsinə torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən iddiaçılara məxsus JN 3358, KOD 30307018 Dövlət Aktı işlənmiş, həmin sistemdə ərazinin sxemi də mövcuddur. Mütəxəssis rəyində göstərilən məlumatlar təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası nəticəsində öz təsdiqini tapmışdır.
50. Bundan əlavə, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən göndərilmiş arxiv sənədləri ilə ünvan 3i üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahılarında iddiaçıların adlarının mövcud olduğu aşkar edilmişdir.
51. Göründüyü kimi, hazırkı mübahisə predmeti olan 0,46 ha torpaq sahəsinin müvafiq arxiv sənədlərində öz təsdiqini tapmış JN 3358 KOD 30307018 Dövlət Aktı ilə iddiaçıların mülkiyyətinə verildiyi, bununla bağlı cavabdeh tərəfindən hər hansı əsaslandırılmış nöqsan müəyyən edilmədiyi üçün iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
52. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”
53. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
54. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
55. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-13), qanunvericiliyin normalarını (§36-42), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
56. Bundan əlavə, İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) AzərbaycanRespublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 108. Prosessual xərclər 108.1. Prosessual xərclər məhkəmə xərclərindən hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 109. Prosessual xərclərin ödənilməsi Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Maddə 115. Prosessual xərclərə dair məhkəmə qərarının mübahisələndirilməsinin yolverilməzliyi 115.1. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. 115.2. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir.
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında isə aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir.
58. Sadalanmış normaların məzmunundan görünür ki, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
59. Belə ki, məhkəmənin qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspert rəyi ilə bərabər ekspertiza xərclərinə dair bildiriş məhkəməyə daxil olmuşdur.
60. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri məhkəmə tərəfindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
61. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. “Torpağın mülkiyyət hüququna dair” JN-3358 KOD 30307018 Dövlət Aktına əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 4 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş ünvan 3i ərazisində yerləşən 0,46 ha torpaq sahəsi üzərində İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı4 birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100,00 (yüz) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5 və İddiaçı4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kod: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova