Məhkəmə qərarları › İş №2-1(118)-330/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-330/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-330/2025 03.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və xx.xx.2011-ci il tarixdən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı və X4 iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) iddiaçılara ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5012/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı və X3 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələblərinə ayrıca icraatda və yeni nömrə verilərək baxılması qərara alınmışdır. Daha sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5012/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçı tələbini dəqiqləşdirərək 2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(118)-1043/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Ceyhun Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-754/2024 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 16 may 2024-cü il tarixli, 2-1(118)- 1043/2024 nömrəli qərardadı qismən (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” iddiasının xx.xx.2011-ci ildən sonrakı dövrlərə aid tələb hissəsində) ləğv edilmiş, ləğv edilən hissədə iddiaya yenidən baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilmişdir. Qərardad qalan hissədə (İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “2002-ci ildən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və 2002-ci ildən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” iddiasının 2002-ci ildən xx.xx.2011-ci il dövrlərə aid tələb hissəsində) dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş Sumqayıt İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Hazırda məhkəmə tərəfindən tələbin “xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və xx.xx.2011-ci il tarixdən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ödənilməsi” hissəsinə baxılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı peşəkar hərbiçi olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyində 23 ildən artıq hərbi xidmət keçmişdir. Növbəti hərbi xidməti başa vurduqdan sonra xx.xx.2001-ci il tarixindən 4-cü korpusun 061 nömrəli əlahiddə batalyonunda bölüyün baş çavuşu vəzifəsinə təyin olunmuşdur. xx.xx.2002-ci il tarixindən Müdafiə Nazirliyinin “052” nömrəli hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusya qurluşunun müdafızəsi ilə əlaqədar almış olduğum xəsarət nəticəsində 2021-ci ilin avqust ayının 14-də xəstəliyə görə ehtiyata buraxılmaqla tərxis olunmuşdur. xx.xx.2022-ci il tarixində Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək 2002-ci ildən tərxis olunduğu günədək hərbi xidmətdə müxtəlif bölgələrə ezam olunmağı ilə əlaqədar ezamiyyə (səhra çıxışları ilə əlaqədar) pulunun hesablanaraq ödənilməsini xahiş etsə də, xx.xx.2022-ci il tarixində verilmiş cavab məktubunda göstərilmişdir ki, “məktubda göstərdiyiniz ezamiyyə xərclərinin ödənişi ilə bağlı müraciətinizlə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 39.6.3-cü yarımbəndinə uyğun olaraq pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissələrin səhra çıxışına cəlb edilmiş hərbi qulluqçularına ezamiyyə xərcləri (səhrada (şöldə) xidmətetmə pulu) ödənilmir. Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmrinə uyğun olaraq “052" nömrəli hərbi hissədə xidmət etdiyiniz dövrdə Sizə pul təminatı artım əmsalları tətbiq edilməklə ödənildiyindən və sizdə təlimlərlə bağlı səhra çıxışlarında olduğunuzdan ezamiyyə xərclərinin ödənilməsi qanunvericiliyə uyğun deyildir”. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamənin 39.6.3-cü yarımbəndinə uyğun olaraq pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissələrin səhra çıxışına cəlb edilmiş hərbi qulluqçularına ezamiyyə xərcləri (səhrada (şöldə) xidmətetmə pulu) ödənilmir. Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli müvafiq əmrinə uyğun olaraq “052” nömrəli hərbi hissədə xidmət etdiyimiz dövrdə bizə pul təminatı artım əmsalları tətbiq edilməklə ödənildiyindən ezamiyyə xərclərinin ödənilməsindən imtina edilmişdir. Halbuki, Müdafiə nazirliyinə müraciətdə də qeyd etmişdir ki, ona ezamiyyə xərcləri 2002-ci ildən ödənilməmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında" Əsasnamə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edildiyindən ezamiyyə xərclərinin (səhra çıxışları ilə əlaqədar) ödənilməməsi xx.xx.2017-ci ildən sonra ödənilməli olan ezamiyyə xərclərinə (səhra çıxışları ilə əlaqədar) aid edilə bilərdi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iştirak edərək iddia ərizəsininin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularına ezamiyyə xərclərinin ödənilməsi qaydaları xx.xx.2017-ci il tarixiədək qüvvədə olmuş Müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmril ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında" Əsasnamə və Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli Qərar ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" ilə tənzimlənir. Qeyd edilən Əsasnamələrin müvafiq olaraq 259-cu maddəsinə və 38.2-ci bəndinə əsasən, hərbi hissə komandirlərinin, müəssisə, idarə və təşkilat rəhbərlərinin sərəncamı (əmri) ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi xidməti yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən və hərbi texnikanın sınaqlardan keçirilməklə qəbul edilməsi ilə bağlı hərbi qulluqçuların xidməti gedişi ezamiyyət sayılmır. İddiaçı N nömrəli (xüsusi təyinatlı) hərbi hissədə xidmət etmişdir. Adından məlum olduğu kimi qeyd edilən hərbi hissənin hərbi qulluqçuları, o cümlədən İddiaçı öz peşə bacarıqlarını daimi artırmaq və döyüş hazırlığı tapşırığının yerinə yetirilməsi üçün məşqlərin keçirilməsi məqsədilə mütəmadi olaraq səhra çıxışlarına cəlb edilir. Qeyd edilən səhra çıxışları zamanı hərbi qulluqçular tam həcmdə xidməti nəqliyyat vasitələri, sutkada 3 dəfə yemək və yataqla təmin olunurlar. Xidməti ezamiyyətlərin tərkibinə - nəqliyyat, gündəlik və mehmanxana xərcləri daxildir. Xidmət şəraiti, həmçinin onların mütəmadi olaraq səhra çıxışlarına cəlb olunmaları, daima döyüşə hazır olmaları və qarşılarına qoyulan digər tapşırıqların çətinliyi nəzərə alınaraq Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli 020 nömrəli əmri (buna qədər xx.xx.2009cu il tarixli 095 nömrəli əmr) ilə N nömrəli hərbi hissənin hərbi qulluqçularının rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsalları tətbiq olunmuşdur və hal-hazırda tətbiq olunur. Göründüyü kimi, İddiaçı daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığın yerinə yetirilməsi üçün deyil, xüsusi təyinatlı hərbi qulluqçu kimi öz peşə biliklərini təkmilləşdirmək üçün N nömrəli hərbi hissənin hərbi qulluqçuları ilə birlikdə bölmənin tərkibində səhra çıxışlarına cəlb olunmuşdur. N nömrəli hərbi hissədən aldıqları məlumata əsasən İddiaçı hərbi hissədə ödənilməmiş ezamiyyə vərəqələri yoxdur. Cavabdeh etiraza əlavəsində qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 №li Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə"sinin ümumi müddəlarının 10-cu maddəsində qeyd edilmişdir: "Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul təminatı, əgər almaq üçün edilən müraciət ona olan hüququn yarandığı gündən üç il keçməmiş müddət başa çatmayanda verilmişsə ödənilir." Həmin Əsasnamənin 9-cu maddəsində qeyd olunur “Hərbi qulluqçuların pul təminatının ödənilməsi haqqında ərizələri və şikayətləri nəzərə alınır və Azərbaycan Respublikası Silahlı X1 müəyyən olunmuş qaydada həll edilir.” Eyni tələblər xx.xx.2017-ci il tarixdən qüvvədə olmuş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə"sinin ümumi müddəlarının 1.10 və 1.11-cu maddəsində qeyd edilmişdir. Əlavə olaraq xx.xx.2017-ci il tarixdək qüvvədə olmuş 220 nömrəli əmr ilə təsdiq edilmiş əsasnamə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə ləğv edilmiş və qeyd olunan yeni əsasnamənin 39.6.3 maddəsinə əsasən “pul təminatının ödənilməsinə əmsallar tədbiq olunan hərbi qulluqçulara Səhra pulları ödənilmir.” Yuxarıda yazılanları nəzərə alaraq “səhra çıxışları ilə əlaqədar ezamiyyə xərclərinin” ödənilməsi üçün iddiaçı xidmət etdiyi dövrdə müraciət etməyibsə iddia müddətindən 10 ildən cox bir zaman keçdikdən sonra müraciəti əsassızdır. İddiaçı xidmət etdiyi dövr üçün səhra çıxışları və ya ezamiyyə xürcləri əvəzinə “Taktiki xüsusi təlimlərə” cəlb edilməsinə görə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsallarının aldığını bilirdi. Bu artımların “səhra pullarından” artıq olduğunun fərqində idi və artımların dayandıraraq ona “səhra pulları”nın ödənilməsinə dair heç bir müraciət etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Burada qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: "Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir." Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377-ci maddəsinə görə iddia müddətinin başlanması, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradır. İddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə ilk növbədə iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosesual-hüquq normalarına əsasən qiymət verməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Hərbi biletin surəti, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli imtina məktubunun surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 816 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə və tabeliyində olan hərbi hissələrin xüsusi təyinatlı hərbi qulluqçuları, daima döyüşə hazır olmaları və qarşılarına qoyulan xüsusi tapşırıqların yerinə yetirilməsinin təmin edilməsi məqsədilə mütəmadi olaraq səhra çıxışlarına və ezamiyyətə deyil, “taktiki xüsusi təlimlərə” cəlb olunmuşlar. Təlimə cəlb edilmiş hərbi qulluqçulara Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 020 nömrəli əmri (buna qədər xx.xx.2009-cu il tarixli, 095 nömrəli əmr) ilə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsalları tətbiq edilərək ödəniş edilmiş və halhazırda da edilir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək olan ezamiyyə xərclərinin və xx.xx.2011-ci il tarixdən tərxis olunduğu günədək səhra çıxışları ilə bağlı ödənişlərin ödənilməsi istəyir. Cavabdeh isə qeyd edir ki, hərbi hissə komandirlərinin, müəssisə, idarə və təşkilat rəhbərlərinin sərəncamı (əmri) ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi xidməti yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən və hərbi texnikanın sınaqlardan keçirilməklə qəbul edilməsi ilə bağlı hərbi qulluqçuların xidməti gedişi ezamiyyət sayılmır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 137-ci maddəsinə əsasən hərbi qulluqçulara aşağıdakı hallarda ezamiyyətlərə icazə verilir: a) toplanışlar keçmək və kurslarda oxumaq üçün; b) döyüş hazırlığı ilə bağlı toplanış və digər tədbirləri təşkil etmək üçün; v) hərbi yüklərin, qoşunların, döyüş texnikasının əmlakının mühafizəsi və müşayiət edilməsi üçün; q) kuryerlik üçün, yaxud məxfi sənədlər aparan kuryeri müşayiət etmək üçün; d) xəstələrin və ya komandaların, məhbus və məhkumların müşayiət edilməsi üçün; e) konfranslarda, iclaslarda və s. iştirak etmək üçün; ə) ordenlər və medal almaq üçün; z) məhkəmə və istintaq orqanlarında ittiham olunan zərərçəkən, şahid, ekspert, tərcüməçi kimi iştirak etmək üçün; idman və mədəni-kütləvi tədbirlərdə, habelə hərbi qulluqçuların xidməti fəaliyyəti ilə bağlı digər işlərdə iştirak etmək üçün. Həmin Əsasnamənin 138-ci bəndinə əsasən ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə"nin 259-cu maddəsinə əsasən: Maddə 259. Hərbi hissə komandirlərinin, müəssisə, idarə və təşkilat rəhbərlərinin sərəncamı (əmri) ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən olunmuş müddətə getməsi xidməti ezamiyyət sayılmır. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə"yə əsasən:

38. Hərbi qulluqçuların xidməti ezamiyyətləri 38.1. Hərbi qulluqçulara xidməti ezamiyyətlə bağlı xərclərin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ezamiyyə xərclərinin normaları haqqında” müvafiq qərarına uyğun tənzimlənir. 38.2. Hərbi hissə komandirlərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin sərəncamı (əmri) ilə hərbi qulluqçunun daimi və müvəqqəti xidmət yerindən xidməti tapşırığı yerinə yetirmək üçün müəyyən olunmuş müddətə başqa yerə getməsi xidməti ezamiyyət sayılır. Daimi xidməti yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən və hərbi texnikanın sınaqlardan keçirilməklə qəbul edilməsi ilə bağlı hərbi qulluqçuların xidməti gedişi ezamiyyət sayılmır. 39.5. Səhra pulları hərbi qulluqçulara onların ştat üzrə xidmət yerində ötən ay üçün cari ayın pul təminatı ilə eyni vaxtda – hərbi qulluqçunun səhra çıxışına getməsi və qayıtması barədə hərbi hissə komandirinin əmrləri, fərdi qaydada gedənlərə isə ezamiyyə vəsiqəsi əsasında ödənilir. 39.6. Səhra pulları, o cümlədən yolda olma vaxtı üçün ödənilmir: 39.6.3 pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissələrin səhra çıxışlarına cəlb edilmiş hərbi qulluqçularına; Göründüyü kimi hərbi hissə komandirlərinin, müəssisə, idarə və təşkilat rəhbərlərinin sərəncamı (əmri) ilə hərbi qulluqçunun daimi xidmət yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Daimi xidməti yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə və ya çöl şəraitində xidmət keçən və hərbi texnikanın sınaqlardan keçirilməklə qəbul edilməsi ilə bağlı hərbi qulluqçuların xidməti gedişi ezamiyyət sayılmır. İddia tələbinin səhra çıxışları ilə bağlı ödənişlərin ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 816 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissədə və tabeliyində olan hərbi hissələrin xüsusi təyinatlı hərbi qulluqçuları, daima döyüşə hazır olmaları və qarşılarına qoyulan xüsusi tapşırıqların yerinə yetirilməsinin təmin edilməsi məqsədilə mütəmadi olaraq səhra çıxışlarına və ezamiyyətə deyil, “taktiki xüsusi təlimlərə” cəlb olunmuşlar. Təlimə cəlb edilmiş hərbi qulluqçulara Müdafiə nazirinin xx.xx.2014-cü il tarixli, 020 nömrəli əmri (buna qədər xx.xx.2009-cu il tarixli, 095 nömrəli əmr) ilə rütbə və vəzifə maaşlarına 2 dəfədən 4 dəfəyədək artım əmsalları tətbiq edilərək ödəniş edilmiş və hal-hazırda da edilir. Məhkəmə işin hallarını nəzərdən keçirərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmiş, imtina əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar