Məhkəmə qərarları › İş №2-1(118)-3302/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3302/2023

13.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3302/2023 13.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı 01 dekabr 2021-ci il təvəllüdlü X3 adının “Elif”ə dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı qızı- 01 dekabr 2021-ci il təvəllüdlü X3 adının X7 olaraq dəyişdirilməsi və müvafiq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh Abşeron İcra Hakmiyyəti ilə əvəz edilməsini və iddia tələbi kimi “xx.xx.2021-ci il təvəllüdlü X3 adınını “Elif”ə dəyişdirilməsinə icazə verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulması”nı qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsininin prosessual iştirakına xitam verilmiş, Cavabdeh qismində, X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 iyul 2018-ci il tarixdə X1 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan 01 dekabr 2021-cı il təvəllüdlü qızları anadan olmuşdur. Həmin vaxt iddiaçının və qaynatası onun xəbəro olmadan uşağın adını “Mələk” yazdırmışlar. Bu zəmində ailələrində ciddi narazılıq və ziddiyyət yaranmışdır. O, uşaq doğulandan adını “Elif” deyə çağırmışdır. Sonradan həyat yoldaşı ilə uşağın adının “Elif”ə dəyişdirilməsinə razılaşmışlar. Bununla bağlı Cavabdehnə və qeydiyyat orqanına müraciət etmişlər, lakin onlara imtina cavabı verilmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Zəruri cəlb etmə qaydasnda inzibati məhkəmə icraatına cəlb edilmiş X4 iddia tələbini qəbul etdiyini və qızının adının “elif”ə dəyişdirilməsinə razı olduğunu bildirdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayənəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: -AZ-İ № 204302 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə anadan olmuşdur . -Cavabdeh xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azyaşlı övladınızın adının onun mənafeyinə zidd olduğu barədə Komissiyaya əsaslı sübutlar təqdim edilmədiyindən komissiya sözügedən məsələnin həllini məqsədəmüvafiq hesab etmir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin adlar üzrə statistikasından çıxarışdan görünür ki, 2019-cu ildə 188, 2020-ci ildə 190, 2021-ci ildə 182, 2022-ci ildə 280, 2023-cü ildə isə 219 nəfər olmaqla, son 5 il üzrə ümumi 1061 uşağa “Elif” adı verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə aradşırması zamanı müəyyən olundu ki, iddiaçı G.Qəhərmanova xx.xx.2021-ci il təvəllüdlü X3 valideyni Cavabdehnə müraciət edərək uşağnın adının “Mələk”dən “Elif”ə dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Cavabdeh isə bunun uşağın mənafeyinə zidd olmasına istinad edərək iddiaçıya imtina cavabı vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri və ya rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki iş üzrə adının dəyişidirilməsi tələb edilən Mələk azyaşlıdır və valideynləri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun adının dəyişdirilməsinə icazə verilməsini xahiş edirlər. Məhkəmə hesab edir ki, cavabdehin verdiyi imtina cavabı qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçılar valideyn kimi birgə razılıqlarına əsasən uşağın adının dəyişdirilməsi ilə bağlı yerli icra hakimiyyəti orqanına müraciət etmək hüququna malikdirlər. Adın dəyişdirilməsi uşağın mənafeyinə zidd deyildir və qanunvericiliyin tələbləri çərçivəsindədir. Cavabdeh iddiaçıya verdiyi imtina cavabında bir cümlə ilə iddiaçının xahişinin uşağın mənafeyinə zidd olduğunu bildirmişdir, lakin bu zidd olmanın nədə ifadə olması, hansı cəhətdən məqsədəuyğun hesab edilməməsinə hər hansı açıqlama verməmiş və fikrini əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək, xx.xx.2021-ci il təvəllüdlü X3 adının “Mələk”dən “Elif”ə dəyişdirilməsinə dair icazənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X9 adının “Elif”ə dəyişdirilməsinə dair icazənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar