Məhkəmə qərarları › İş №2-1(118)-3304/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3304/2023

28.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3304/2023 28.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı Balaəhməd oğlunun iştirakı ilə, İddiaçı Balaəhməd oğlunun cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı Qusar rayon XDS İK-nin xx.xx.1994-cü il tarixli 48 nömrəli qərarı ilə ayrılmış 400 kv m torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Balaəhməd oğlu cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar şəhəri Yaşıl Təpə massivində ayrılmış 400 kv m torpaq sahəsinin plan və ölçü sənədinin, texniki pasportun tərtib edilməklə torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Qusar rayon XDS İK-nin xx.xx.1994cü il tarixli 48 nömrəli qərarı ilə Qusar şəhər İƏV üzrə nümayəndəliyin 212 saylı xx.xx.1994cü il tarixli vəsatətinə əsasən 400 kv m həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı l Qarabağ mühairbəsi iştirakçısıdır, həbiçidir. Torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilsə də, ondan gözləməyi xahiş etmişlər. Faktiki olaraq torpağın ayrılması sənəd üzrə qalmışdır, torpaq sahəsi naturada təhvil verilməmişdir. xx.xx.2023-cü il tarixdə o, rəsmi şəkildə cavabdeh Qusar rayon İcra Hakimiyyətinə müraciət edərək torpaq sahəsinin naturada təhvil verilməsini xahiş etmiş, lakin ona imtina cavabı verilmişdir. Həmin yaşayış massivində artıq boş torpaq sahəsi qalmamışdır, o, torpağın ayrılmasına dair qərara uyğun olaraq torpağın naturada təhvil verilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından müəyyən edilir ki, Qusar rayon XDS İK-nin xx.xx.1994-cü il tarixli 48 saylı qərarı ilə İddiaçı torpaq sahəsi ayrılmışdır, lakin həmin qərara ayrılmış torpaq sahəsinin cizgi sxemi, planı və ya ayrıc aktı əlavə edilməmiş, torpaq sahəsi faktiki olaraq iddiaçıya təhvil verilməmişdir. Hazırda iddiaçı 30 il müddət keçdikdən sonra həmin qərarla ona ayrılmış torpaq sahəsinin ona təhvil verilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrıldığı vaxt, yəni 1994-cü ildə qüvvədə olan Azəbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına görə yerli icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılmasına dair səlahiyyətləri olsa da, 1999-cu ildə qüvvəyə minmiş və hazıradək qüvvədə olan Torpaq Məcəlləsinni müddəalarına görə yerli icra hakimiyyəti orqanları tərəfindən torpaq sahəsinin ayrılması səlahiyyəti nəzərdə tutulmamışdır. Bələdiyyələr yarandıqdan sonra torpaq ayırma və torpaq sahəsinin naturada təhvil verilməsi səlahiyyəti bələdiyyələrə verilmişdir. Qərar qəbul edilən vaxt torpaq saəhsi faktiki ayrılmamışdırsa və hazırda iddiaçının ona ayrılmış torpaq sahəsinin yerini faktiki tanımadığı halda rayon İcra Hakimiyyətinin üzərinə belə bir öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. (4.1, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndləri) Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Balaəhməd oğlunun cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı Qusar rayon XDS İK-nin xx.xx.1994-cü il tarixli 48 nömrəli qərarı ilə ayrılmış 400 kv m torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Balaəhməd oğlunun cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı Qusar rayon XDS İK-nin xx.xx.1994-cü il tarixli 48 nömrəli qərarı ilə ayrılmış 400 kv m torpaq sahəsinin naturada təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar