Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3305/2023 07.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxs – Zeynalova (Hüseynova) Vüsalə Ağabəy qızının və övladları xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 oğlunun, habelə oğlu Hüseynov Rövşən Sərdar oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsindəki 19 saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üçüncü şəxs – Zeynalova (Hüseynova) Vüsalə Ağabəy qızının və övladları xx.xx.2008-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 oğlunun, habelə oğlu Hüseynov Rövşən Sərdar oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsindəki 19 saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasıbarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Vahid küçəsində yerləşən 19 saylı mənzil iddiaçıya məxsusdur. O, həmin mənzildə qeydiyyatdadır və orada daimi yaşayır. Lakin formal olaraq həmin yaşayış sahəsində Zeynalova (Hüseynova) Vüsalə Ağabəy qızı və Hüseynov Rövşən Sərdar oğlu da qeydiyyatdadırlar. Onlar qeydiyyatda olsalar da uzun müddətdir ki, orada yaşamırlar. Onların iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaları iddiaçının hüquqularının pozulmasına, əlavə kommunal xərclər çəkməyinə səbəb olur. İddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılmaları ilə əlaqədar cavabdeh orqana müraciət etsə də imtina olunmuş, ona inzibati məhkəmə qaydasında mübahisələndirməyi tövsiyə etmişlər. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Zeynalova (Hüseynova) Vüsalə Ağabəy qızı və Hüseynov Rövşən Sərdar oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 06 iyul 2023-cü il tarixə təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı və sonuncu məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Günaay cəfərova iddia ərizəsinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına və nümayəndəsinin iştirakının təmin ediləcəyini bildirməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, məhkəməyə ünvanlanan məktubda sərəncama etirazının olmamasını bildirmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7630/2017 nömrəli, 23 may 2017ci il tarixli qətnaməsinə əsasən üçüncü şəxslər – X2 və Hüseynov Rövşən Sərdar oğlu arasında nikahın pozulması qət edilmişdir. • İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli araryışa əsasən iddiaçı ilə bərabər xx.xx.1983-cü il təvəllüdlü Zeynalova (Hüseynova) Vüsalə Ağabəy qızı, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4 oğlu və xx.xx.1980-ci il təvəllüdlü Hüseynov Rövşən Sərdar oğlu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 19 nömrəli evdə (bundan sonra – mübahisəli ev) qeydiyyatdadırlar. • Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşdən göründüyü kimi iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, iş materiallarında olan ev kitabçasına əsasən mübahisəli ev İddiaçı məxsusdur. Həmin mənzildə üçüncü şəxslər – Zeynalova (Hüseynova) Vüsalə Ağabəy qızı, Hüseynov Rövşən Sərdar oğlu və yetkinlik yaşına çatmayan X3 və X4 oğlu da qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı sözügedən şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (maddə 1). Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən ev iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin evdə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin evdə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. İşdən göründüyü kimi mübahisəli ev iddiaçının daimi yaşayış yeridir. Belə ki, həmin yaşayış sahəsinə dair ev kitabçası onun adına qeydiyyata alınmışdır. Hazırkı halda üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun hüquqlarının tam həyata keçirilməsinə maneələr yaradır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Zeynalova (Hüseynova) Vüsalə Ağabəy qızının iddiaçıya məxsus H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən 19 nömrəli evdən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Belə ki, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 oğlu yetkinlik yaşına çatmayan şəxslərdir. Onların valideyni İddiaçı mübahisəli evə qeydiyyatı olmadığı üçün həmin şəxslər də mübahisəli evdən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə iddianın Hüseynov Rövşən Sərdar oğlunun mübahisəli evdən qeydiyyatdan çıxarılması hissəsində hesab edir ki, iddia həmin hissədə əsaslı hesab edilə bilmədiyindən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (228.1). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (228.2). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5). Göründüyü kimi, iddiaçının oğlu Hüseynov Rövşən Sərdar oğlu iddiaçının ailə üzvü kateqoriyasına aiddir. O mübahisəli evdə olmaqla yanaşı həmin yaşayış sahəsindən istifadə hüququna da malikdir. Belə ki, istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, iddiaçının oğlu Rövşən Hüseynovun mübahisəli yaşayış evinə istifadə hüququna xitam verilməsi barədə qətnamə qanuni qüvvəyə mindikdən sonra mübahisəli yaşayış evindən qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq qaydada inzibati orqana müraciət edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. Üçüncü şəxs – Zeynalova (Hüseynova) Vüsalə Ağabəy qızı və övladları xx.xx.2008ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 oğlunun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ə.Vahid küçəsindəki 19 saylı evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev