Məhkəmə qərarları › İş №2-1(118)-3308/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3308/2023

10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3308/2023 10.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi İddiaçı və onun qızı Allahverdiyeva Nərminin iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2006-cı il təvəllüdlü X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 25 aprel 2023-cü il tarixli, 01/1988 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1975-ci ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olmuşdur və Qubadlı rayonunun işğalı zamanı 1993-cü ildə məcburi köçkün düşmüşdür. 12 aprel 2005-ci ildə X8 ilə nigaha daxil olmuşdur və bu nigahdan xx.xx.2006-cı ildə X5 dünyaya gəlmişdir. Qeyd olunan faktları təsdiq edən nigahın bağlanması haqqında AZ-İ №147560 nömrəli şəhadətnamənin və xx.xx.2006-cı il təvəllüdlü X3 AZ-İ№760188 saylı doğum haqqında şəhadətnamələrinin surətlərini iddia ərizəsinə əlavə etmişdir. Qubadlı rayonundan məcburi köçkün düşdüyü üçün İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə seriya AA№ 174422 nömrəli məcburi köçkün vəsiqəsi təqdim edilmişdir. Həmin vəsiqənin surətini ərizəyə əlavə etmişdir. Övladı xx.xx.2006-cı il təvəllüdlü X5 17 yaşa keçib və Azərbaycan respublikasının vətəndaşı kimi AA4571 169 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Övladı orta məktəbi bitirdikdən sonra universitetə sənəd verəcək. Azərbaycan Respublikası Prezidentinin "Dövlət ali və orla ixtisas təhsil müəsisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” müvafiq sərəncamına əsasən məcburi köçkün statusuna malik olan vətəndaşlar təhsil haqqını ödəməkdən azad edilmişlər. İddiaçının maddi imkanı zəif olduğundan övladı da ödənişli əsasla ali təhsil müəsisəsinə qəbul olunacağı, tədqirdə sözügedən sərəncamın övladına da şamil edilməsi məqsədilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi 01/1988 nömrəli 25.04. 2023-cü il tarixli imtina məktubu ilə övladı xx.xx.2006-cı il təvəllüdlü X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmuşdur. Həmin məktubda imtinanın əsası kimi "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qayda"ların 4.1.6-cı bəndinə istinad edilərək qeyd olunmuşdur ki, məcburi köçkün statusu və onu təsdiq edən sənəd valideynlərindən atası "məcburi köçkün statusuna malik olan və hər iki valideyinin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan 16 yaşı tamam olub Azərbaycan Respublikası şəsxiyyət vəsiqəsini almış uşaqlara təqdim edilir. Həyat yoldaşı X6 qeydiyyatı ünvan 1 ünvanında qeydiyyatda olduğundan övladı X4 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsindən imtina edilmişdir. Həmçinin ona bildirilmişdir ki, sözügedən məsələ ilə bağlı müvafiq məhkəmə qərarı olduqda övladlarına məcburi köçkün statusunu təsdiq edən vəsiqə veriləcəkdir. İddiaçı 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüşdür və bunu təsdiq edən məcburi köçkün vəsiqəsi komitə tərəfindən ona təqdim edilmişdir. Övladları xx.xx.2006-cı il təvəllüdlü X1 tərəfindən məcburi köçkünlərə verilən yemək xərci müavinatını alır. Həyat yoldaşı X8 hazırda ünvan 2 ünvanında nigahdan əvvəl qeydiyyatda olduğu valideyinlərinin üzərində qeydiyyatdadır. İddiaçı yoldaşının Qubadlı rayonuna qeydiyyata alınması üçün müraciət etsə də cavabında son bir ildir ki, işğaldan azad olunmuş rayonlara qeydiyyata alınmanın mümkün olmayacağı bildirilmişdir. Bu səbəbdən də həyat yoldaşı X2 rayonuna qeydiyyata düşə bilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun qızı Allahverdiyeva Nərmin iştirak etmişlər. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. X5 da iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddianın mümkünlüyünə dair: Hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı X3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. xx.xx.2006-cı il təvəllüdlü X5 isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən, məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən, 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 15.1-ci bəndinə əsasən, məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Həmin Qərarın 15.2-ci bəndinə əsasən, tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Yuxarıda göstərilən qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, X5 məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırkı iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 25 noyabr tarixli 2-1(102)-2114/2020 nömrəli qərarında da analoji yanaşma mövcuddur). İddia tələbinin maddi hüquqi əsaslılığına dair: İddiaçı övladı X4 məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə ünvanlanmış müraciəti Komitənin 2023-cü il 25 aprel tarixli 01/1988 nömrəli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalad'ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən “atası’’ məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, həyat yoldaşınız X6 qeydiyyatı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 5046-cı məhəllə, ev 20c, mənzil 69 ünvanında olduğundan, xx.xx.2006-cı il təvəllüdlü övladınız X4 məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, "Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla "məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə "məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X3 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; İddiaçı ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; X3 anası X8 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X8 Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 5046-cı məhəllə, ev 20c, mənzil 69 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X3 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Binəqədi rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. İddia ərizəsində qeyd edilmişdir ki, "Övladım xx.xx.2023-cü il təvəllüdlü X1 tərəfindən məcburi köçkünlərə verilən yemək xərci müavinətini alır”. X3 yetkinlik yaşına çatanadək valideyni İddiaçı himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Qeyd olunan yanaşma öz təsdiqini həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyasının 2-1(102)-392/2021 saylı xx.xx.2021-ci il tarixli qərarında da tapmışdır. Müvafiq inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarının 33-cü bəndində qeyd etmişdir ki, “...Əvvəla, iddiaçının əvvəllər bu müavinəti alması barədə də iş materiallarında heç bir sübut yoxdur, iddiaçıya əvvəllər məcburi köçkün kimi müavinət verilməsi öz təsdiqini tapsa belə, bu hal vəziyyəti dəyişmir. Çünki, şəxsin “məcburi köçkün” statusu müvafiq icra hakimiyyəti tərəfindən və onun verdiyi sənədə əsasən müəyyən edilir. İddiaçının “məcburi köçkün’’ statusuna malik olması iş materialları ilə öz təsdiqini tapmır”. Göründüyü kimi, şəxsin məcburi köçkün statusunun müəyyənləşdirilməsi üçün ona Komitə tərəfindən verilmiş məcburi köçkün vəsiqəsinin mövcudluğu zəruridir. Hazırda elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusuna malik olan valideynlərinin himayəsində olduğundan müəyyən güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq "məcburi köçkün" statusuna malikdirlər. Təsadüfi deyil ki, istər qüvvədən düşmüş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 4-cü bəndində, istərsə də "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasının 1.2-ci bəndində məhz valideynlərin “məcburi köçkün” statusuna malik olması şərtləşdirilmiş, uşaqlara münasibətdə isə belə bir tələb müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən həm də əsaslıdır. Belə ki, iddiaçı onun yetkinlik yaşına çatmayan övladı X4 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, X3 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından - “Bakı şəhərinin Binəqədi rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası və iddiaya etirazı əsaslı olmamışdır. Belə ki, iş materillarından görünür ki, X5 məcburi köçkündür. 60 manat yemək xərci müavinatı alır. (RİHB-nın Qubadlı rayon Çərəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 11-17/12 saylı arayışı əsasında verilmiş Qubadlı rayon İcra Hakimiyyəti Başçısının müavininin 08 may 2023-cü il tarixli 245 saylı məktubu) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olmaqla ünvan 3i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olsa da anası X8 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir və Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, 5046-cı məhəllə, ev 20c, mənzil 69 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanuna əsasən: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: (-) məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin qərarları kontekstində eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyanın 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. 50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları işığında mübahisəyə baxan məhkəmə kollegiyası hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə həmçinin yuxarıda qeyd olunanlarla bağlı qeyd edir ki, sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilməsi onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar