Məhkəmə qərarları › İş №2-1(118)-3311/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3311/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3311/2023 17.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “soyadının “Hüseynov”dan əvvəlki ilkin “Cəfərov”-a, adının isə “Həsən”dən əvvəlki ilkin “Kənan”-a bərpasına, yəni X2 qeyd olunmasının inzibati orqanın üzərinə vəzifə kimi qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı soyadının və adının dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdehin 05 may 2023-cü il tarixli, 3-16-5/7-H-194/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı 5.10 bəndi “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən soyadın və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı milliyyəti azərbaycanlıdır, xx.xx.1972-ci ildə Qubadlı rayonu, Aşağı Mollu kəndində anadan olmuşdur. Hal-hazırda, Qubadlı rayonundan məcburi köçkündür və yuxarıda göstərilən ünvanda yaşayır. Cavabdehnə müraciət edərək soyadının “Hüseynov”dan əvvəlki ilkin “Cəfərov”a, adının isə “Həsən”dən əvvəlki ilkin “Kənan”a bərpasını xahiş etmişdir. Lakin onun müraciəti müsbət həll edilməyərək Cavabdeh 05 may 2023-cü il tarixli, № 3-16-5/7- H-l5-194/2023 saylı məktubu ilə rəsmi imtina olunmuşdur. Hal-hazırda, iddiaçı əvvəlki ad və soyadını bərpa etmək istəyir və əvvəlki bütün sənədlərində Kənan Cəfərov ad və soyadı olduğu üçün çətinlik çəkir. Ona görə də, hal-hazırda soyadının “Hüseynov”dan əvvəlki ilkin “Cəfərov”a, adının isə “Həsən”dən əvvəlki ilkin “Kənan”a bərpası qərarına gəlmişdir. Belə ki, hal-hazırda, daşıdığı İddiaçı soyadı və adı digər sənədlərindəki və digər ailə üzvlərinin sənədlərindəki soyadından fərqlidir və s. Bərpa istədiyi “Cəfərov”soyadı həm də ailənin əvvəlki soyadıdır və bütün sənədləri ilə uyğunluq təşkil edir, iddiaçının digər ailə üzvlərinin övladlarının soyadıdır. Bundan başqa, ailə üzvlərinin soyadı ( Cəfərovlar ailəsi) bir yerdə daha səlis və ahəng səslənir. Hal-hazırda, soyadının “Hüseynov”dan əvvəlki ilkin “Cəfərov”a, adının isə “Həsən”dən əvvəlki ilkin “Kənan”a bərpasına, yəni X2 qeyd olunmasına ehtiyacı vardır. Bu barədə Cavabdehnə müraciət etsə də orada 05 may 2023-cü il tarixli, № 3-16- 5/7-H-l5-194/2023 saylı məktubla bunu etməkdən imtina etmişdirlər. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Hal-hazırda, soyadının “Hüseynov”dan əvvəlki ilkin “Cəfərov”a, adının isə “Həsən”dən əvvəlki ilkin “Kənan”a bərpasına, yəni X2 qeyd olunması ona köhnə doğum haqqında şəhadətnaməni bərpa edib alaraq şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin və sairə sənədlərin dəyişdirilməsi üçün müvafiq rəsmi sənədlərin alınması məqsədi ilə lazımdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı ad-soyadını təkrar dəyişdirmək, əvvəki ad-soyadını bərpa etmək niyyətindədir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyi. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçı soyadının “Hüseynov”dan əvvəlki ilkin “Cəfərov”-a, adının isə “Həsən”dən əvvəlki ilkin “Kənan”-a bərpasına, yəni X2 qeyd olunmasını istəyir. Məhkəmə ilkin olaraq iddiaçının tələbinə münasibət bildirməyi vacib sayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, iddiaçı ad-soyadını təkrar dəyişdirmir əvvəki ad-soyadını bərpa etmək istəyir. İddia ərizəsindədə eyni məzmunlu əsaslandırma qeyd edilmişdir. Məhkəmə hesab edir ki, qanunvericilikdə əvvəlki ad-soyadın bərpa edilməsi hüququ nəzərdə tutulmadığı üçün, ad-soyadını bir dəfə dəyişdirmiş şəxs ikincə dəfə dəyişiklik üçün müracət edən zaman, dəyişikliyin nə olmasından asılı olmayaraq, adsoyadın ikinci dəfə dəyişilməsi tələbi kimi qəbul edilməlidir. Cavabdeh inzibati orqan isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10 bəndinə istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndində adın növbəti dəfə dəyişdirilməsi müəyyən hallar istisna olmaqla qadağan edilmiş və istisna edilən hallar həmin qaydaların 6.24-6.28-ci maddələri ilə əhatə olunmuşdur. Həmin Qaydalarının 6.3-cü bəndində qeyd olunmuşdur ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar sözügedən qaydalarda imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının adının və soyadının növbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar