Məhkəmə qərarları › İş №2-1(118)-3315/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3315/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3315/2025 07.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə (X16 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qeydiyyata alınma) GİRİŞ HİSSƏ X15-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə (X16 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası üzrə inzibati işə 07 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 59/2-Q-969xx/xx/2024 nömrəli məktubunun etibarsız hesab edilməsi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi və Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2144/2019 nömrəli qətnaməsi əsas götürülərək mənim və uşaqlarım 17 yanvar 2017-ci il doğum tarixli X10 və 15 iyun 2019-cu il doğum tarixli X4 xx.xx.2019-cu il qeydiyyat tarixli, Seriya RX, ******* nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış, ünvan 3 ünvanında pasport qeydiyyatına götürülmə vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-2144/2019 nömrəli qətnaməsi ilə xx.xx.2019-cu il qeydiyyat tarixli, Seriya RX,1501107 nömrəli çıxarışla iddiaçının qaynatası X7 adına olan, Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 4 nömrəli evə köçürülmüşdür. Evə 2015-ci ildə toydan sonra el adəti ilə gəlin köçmüş, həmin evdə 2 övladı, 17 yanvar 2017-ci il doğum tarixli X10 və 15 iyun 2019cu il doğum tarixli X6 dünyaya gəliblər. Hal-hazırda həyat yoldaşı Qəribov ismayıl Araz oğlu, iddiaçı və 2 övladı birgə qeydiyyatsız yaşayırlar. Bu da ailə-məişət şəraitinə, eləcə də uşaqların məktəb-bağça məsələlərinin həll edilməsinə çətinlik yaradır. Məhkəmənin məlum qərarına əsasən, iddiaçı və ailənin digər üzvlərinin yaşayış yeri üzrə pasport qeydiyyatına alınması məqsədilə rəsmi olaraq ASAN xidmətə müraciət etmiş, lakin xidmətə verdiyi ərizə Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən cavablandırılaraq, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 2-ci hissəsində sadalanan sənədlərin ASAN xidmətə təqdim edilmləklə pasport qeydiyyatına alınmaq təklif olunub. İddiaçı müraciətində yayayış sahəsinə köçürülməyi barədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2144/2019 nömrəli Qətnaməsini digər sənədlərlə təqdim etməyimə baxmayaraq, həmin maddənin 2-ci hissəsinin 3-cü bəndinə əhəmiyyət verilməyərək qurumdan səthi cavab almışdır. Əlavə olaraq bildirilib ki, Qətnamədə yaşayış sahəsinə qeydiyyata alınma barədə heç nə yazılmayıb. Bundan sonra, məsələ ilə əlaqədar Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixli 2-1(118)-6712/2024 nömrəli qərardad ilə hesab etmişdir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası DİN Abşeron Rayon Polis İdarəsinə müraciət etmiş və Polis idarəsi də eynilə iddiaçı və ailə üzvlərini qeydiyyata almaqdan imtina edib.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. Məhkəmənin 02 dekabr 2024-cü il tarixli, 2-1(118)-7134/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə X7 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

5. Abşeron Rayon Polis İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki: “Bildiririk ki, vətəndaşın qeydiyyata alınmasından ötrü Azərbaycan Respublikası DİN-nin xx.xx.2010-cu il tarixli 550 saylı əmrin 2-ci maddəsinin “a” bəndinə əsasən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestirindən çıxarış, “g” bəndinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyata alına bilərsiniz. Qeyd edilən sənədlərlə birlikdə Abşeron Rayon Polis İdarəsinin Qeydiyyat və X5 gəlməyinizi xahiş edirik.”

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh məkməyə məktub ilə müraciət edərək, məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir.

9. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

10. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə, inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

15. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

16. İddiaçı cavabdeh X11 qarşı “mənzildə yaşama hüququnun tanınması, mənzilə köçürülməsi, mənimsənilmiş qızıl-zinət və ev əşyalarının geri qaytarılması” tələbinə dair mülki üzrə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2144/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X11 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 45 saylı evə köçürülməsi qət etdilmişdir.

17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 3695/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh A.N.Qəribovun verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)- 2144/2019 saylı qətnaməsi cavabdeh A.N.Qəribova münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

18. Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2144/2019 saylı qətnaməsi icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir.

19. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra sənədi Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X8 adına 07 iyul 2021-ci il tarixdə qeydiyyata alınmışdır.

21. 02.07.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X2 rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, 4 saylı evi X12 hədiyyə vermişdir.

22. Abşeron-Xızı Regional Təhsil İdarəsi A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 424 nömrəli arayışdan görünür ki, X1 qəsəbə A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin 0 (sıfırıncı) sinfində təhsil alır.

23. Abşeron-Xızı Regional Təhsil İdarəsi A.Müzəffərov adına Saray qəsəbə 2 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 425 nömrəli arayışdan görünür ki, X3 qəsəbə A.Müzəffərov adına 2 nömrəli tam orta məktəbin İİ (ikinci) sinfində təhsil alır.

İV. Tətbiq edilən hüquq

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

25. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.

26. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq, qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

IV. Məhkəmənin mövqeyi

27. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-2144/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X11 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsində yerləşən 45 saylı evə köçürülməsi qət etdilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-3695/2019 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli icra vərəqəsi ilə qətnamə icra olunması üçün Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, icra sənədi Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. X2 rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, 4 saylı evi X12 hədiyyə vermiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 3 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X8 adına 07 iyul 2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı özünün və uşaqlarının Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, 4 saylı evə qevdiyyata salınmağı barədə rəsmi qaydada Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir və ona imtina cavabı verilmişdir.

29. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər, lakin, eyni zamanda, yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir.

30. Beləliklə, bu təhlilin nəticəsi olaraq, müəyyən edilmişdir ki, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir, yəni iddiaçı qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir.

31. İş materiallarından göründüyü kimi, iddiaçının hazırda qeydiyyata alınmaq istədiyi X11 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi, X8 xüsusi mülkiyyətindədir.

32. Belə olan halda mülkiyyətçinin iradəsinə zidd olaraq iddiaçının mübahisəli mənzilə qeydiyyata alınması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz;

34. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;

36. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin yuxarıda sadalanan sənədlərin təqdim olunmaması ilə əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, iddia tələbi təmin edilməməlidir.

37. Bu hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 noyabr 2018-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyindən də irəli gəlmişdir. Həmin qərarda özbaşına tikiliyə şəxsin köçürülməsinə dair məhkəmə qərarına qiymət verilərkən göstərilmişdir ki, mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur.

38. Hazırki işin hallarından görünür ki, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə qeydiyyata alınması üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişlər. Həmçinin həmin ünvanda da yaşamadığı müəyyən olunur.

39. İPM-in 68-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun iddiaçılara münasibətdə fəaliyyəti qanunauyğun olmuşdur, bu səbəbdən iddia təmin edilməməlidir.

41. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X15-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar