Məhkəmə qərarları › İş №2-1(118)-332/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-332/2021

26.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-332/2021 26.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt Bələdiyyəsi ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçıar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vətəndaş X5 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə 2700 kvadrat metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə istifadəsinə verilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab etmişdir. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixli 158 saylı rəy verilərək torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən müvafiq olaraq xx xxxx 2017ci il tarixli 2042 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və göstərilmiş torpaq sahəsinə dair müvafiq rəyin və torpaq sahəsinin kateqoriyası barədə məlumatların Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi xahiş edilmişdir. Lakin torpaq sahəsinin sənədləşdirilməsinin davam etdirilməsi üçün qeyd olunan sənədlərin bələdiyyəyə verilməsi üçün tərəflərindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunsa da, sonuncu xx xxxxxxx 2017-ci il tarixli, **********59 saylı məktubla cavab verərək ƏMDK-nın 5 saylı Ərazi şöbəsinin guya həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə rəyinə əsaslanaraq adı çəkilən sənədlərin verilməsindən imtina etmişdir. Bu zaman cavabdeh nə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmiş, nə də torpağın dövlət mülkiyyətində olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədlərin surətlərini bələdiyyəyə təqdim etməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən -mübahisələndirilən torpaq sahəsi də 2001 -ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçmişdir. Həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xxxxndə saxlanılır. Bu səbəbdən hesab edirlər ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması və guya xəritənin mövcud olmaması barədə fikirləri əsassızdır. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtina etməsini əsassız sayırlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin, habelə "Şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı- torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. Torpaqların istifadəsinin və mühafizəsinin pnlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmlərin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və oorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından oarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli rərmam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registri Respublikasının informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (torpaq sahəsi və ya torpaq sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak məsələləri Dövlət Komitəsində dövlət əmlakının mərkəzi registri, onun yerli qurumlarında dövlət əmlakının yerli registrləri aparılır. Həmin Əsasnamənin 7-ci bəndinin tələblərinə uyğun olaraq dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abazasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konservlərinin, birliklərinin və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricində olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Ad çəkilən Əsasnamənin 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr verilir və sərəncamda həmin obyektlər olan subyektlərə bu barədə müvafiq “Registrdən çıxarış” təqdim edilir. Həmin Əsasnamənin 18-ci bəndinin müddəalarına görə sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarış”ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konservləri, birlikləri və onların tabeliyində müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümələdən icarəyə verilməsi, girov qoyulması, digər öhdəliklərə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. Həmin Əsasnamənin 19-cu bəndinin ikinci abzasına əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Regstrinə daxil edilmiş daşınmaz dövlət əmlakı dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər il dekabr aynın 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balansların surətlərini təqdim etməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsində müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması üçün ərizəyə torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbzin əlavə edilməsi nəzərdə tulmuşdur ki, həmin sənədlər də tərəflərindən tam hazırlanaraq cavabdehə ünvanlanmış məktublara əlavə edilmişdir. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqların əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdehin hərəkətləri qanunazidd və əsassızdır. Yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğunluğunu, həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişdir. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair müvafiq torpaqayırma sənədlərinin verilməsindən imtina etməklə Sumqayıt Bələdiyyəsinin yuxarıda göstərilən hüquqlarının pozulmasına yol vermişdir. Nəzərə alınsa ki, 2017-ci il də daxil olmaqla bələdiyyənin mülkiyyətində olan yüzlərlə torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüquqları dövlət qeydiyyatından keçmiş və bu barədə müvafiq reyestr çıxarışları verilmişdir, aydın olur ki, bu məsələdə cavabdeh ikili standartlardan çıxış edir. Bu səbəbdən hesab edirlər ki, hazırki mübahisələndirilən torpaq sahəsinə dair cavabdehin mövqeyi ilə bu işlə eyni faktiki hallara malik digər işlərə dair cavabdehin mövqeyi arasında bu cür ziddiyyətlərin olması müvafiq qanun normalarının tələbləri ilə də ziddiyyət təşkil edir. Belə ki, cavabdeh inzibati orqan öz praktikasında eyni məzmunlu tələblərdən imtina etməmiş və müvafiq çıxarışları vermişdir.Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan torpaqayırma sənədlərini verməkdən imtina etməsi qanunsuz və hüquqazidd olmaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının, yaxud da qeydiyyatın dayandırılmasının əsaslarına da zidd hesab edilməlidir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-36/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi, Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyi apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin apellyasiya şikayəti mümkün sayılmamış, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Qeyd edilən qərardaddan sonra Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-36/2019 saylı, xx.xx.2019-cu il tarixli Qərardadı ilə ərizə təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(105)-669/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə xx xxxxxx 2019-cu il tarixli Qərardadı ləğv olunmuş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1215/2020 saylı, xx xxx 2020ci il tarixli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(105)-669/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1364/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin 2-1(085)-36/2019 saylı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsi dair ərizəsi təmin edilmiş, Sumqayıt 2-1(085)-36/2019 saylı, xx xxxxxx 2019-cu il qərardadı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Daha sonra ərizəçi Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi vəsatətlə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi vəsatətini onunla əsaslandırır ki, iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi qarşı “öhdəliyin icrası haqqında" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Həmin inzibati işlə bağlı ərizəçi tərəfindən məhkəməyə müraciət olunaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi iddia tələbinə cavab verməli olan şəxs olmadığından, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işə cəlb olunması xahiş edilmişdir. Belə ki,’’Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2001 -ci il tarixli, 548 nömrəli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının xx xxxx 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın 3-cü bəndində birbaşa göstərilmişdir ki, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələri tərəfindən verilir. Həmin Təlimatın 4-cü bəndində isə qeyd edilmişdir ki,ərazi şöbələri tərəfindən rəyin verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilir. Eyni zamanda tərəflərindən cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin qoyulduğu eyni xarakterli başqa bir inzibati iş üzrə məhkəmə qərarı yuxarı instansiya məhkəməsi tərəfindən məhz cavabdehin əsl olmayan tərəf olması səbəbindən ləğv olunaraq iddia mümkün sayılmamışdır. Yuxarıda sadalananlardan da göründüyü kimi, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbələri tərəfindən müvafiq qurmlarla, o cümlədən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilir. Bununla bağlı iddiaçı tərəfə hüquqi yardım edilmiş, iddiaya cavab verməli orqanın düzgün seçilməməsinin iddianın mümüknsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, bələdiyyəyə aid torpaqların sənədləşdirilməsi üçün müvafiq rəyin, torpaqla bağlı məlumatların verilməsi praktikada həmişə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin yerli qurumunun təqdim etdiyi sənədə əsasən verilmişdir. X1 Dövlət Xidmətinin səlahiyyətlərinə aid olan müvafiq rəy praktikada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilir. Lakin məhkəmə mübahisəsi yaranan zaman 2 saylı Sumqayıt Ərazi İdarəsi iş üzrə cavabdeh olmadığını əsas gətirərək prosesləri yubatmağa çalışır. Ona görədə məcbur olub əlavə olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ediblər. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsi isə xx.xx.2020-ci il tarixli **********74 saylı məktubu ilə əsassız olaraq imtina etmişdir. Ona görədə hesab edirlər ki, iddiaya cavab verməli orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti olduğuna və həmin orqana müraciət edilib, müvafiq imtina cavabı alındığına görə iddiaya mahiyəti üzrə baxılmalıdır. Məhkəmənin 2-1(118)-1364/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin mövqeyi: Cavabdeh iddia tələbinə dair etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Sumqayıt Bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi adlanan ərazidə yerləşən 2700 kv.m torpaq sahəsinə dair müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq iddiaçıya təqdim edilməsi və bu sənədlər verildikdən sonra torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının xx.xx.2020-ci il tarixli vəsatətinə əsasən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz edilmişdir. Cavabdeh bildirir ki, iddia əsassızdır və aşağıdakı səbəblərdən rədd edilməlidir. Belə ki, Sumqayıt Bələdiyyəsi xx.xx.2017-ci il tarixli, 2042 nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi adlanan ərazidə yerləşən 2700 kv.m torpaq sahəsinə dair müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddiaçının müraciətinə xx.xx.2017-ci il tarixli, **********59 nömrəli məktubla cavab verərək, Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi Şöbəsi tərəfindən torpaq sahəsinə dair verilmiş rəy iddiaçıya təqdim edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Ərazi Şöbəsinin xx.xx.2017-ci il tarixli, ********* nömrəli rəyində qeyd edilən torpaq sahəsinin bələdiyyənin deyil, dövlət mülkiyyətində olduğu bildirilmişdir. Eyni zamanda, qeyd edilən rəy Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki “xxxx” MMC-nin 2 saylı Sumqayıt Layihə Tədqiqat İdarəsinin məlumatına əsasən verilmişdir. Qeyd edilən İdarənin xx.xx.2017-ci il tarixli, ********** nömrəli məktubuna əsasən iddiaçının barəsində müvafiq rəy verilməsini xahiş etdiyi torpaq sahəsi xəritə məlumatlarına əsasən dövlət mülkiyyətindədir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ barədə məlumatlar daxil edilir. Həmin Qanununun 5-ci maddəsinə və Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1999-cu il tarixli, 113 nömrəli Fərmanına əsasən dövlət torpaq kadastrını Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti) aparır. Eyni zamanda, qeyd edilən Qanununun 5-ci maddəsinin birinci hissəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq - Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Beləliklə, qeyd edilən qanunvericilik normalarına əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüququ barədə məlumatlar dövlət torpaq kadastrında öz əksini tapır ki, həmin kadastr da Əmlak Məsələləri Dövlət Xidmətinin strukturuna daxil olan müvafiq qurum (Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti) tərəfindən aparılır. Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi dövlət mülkiyyətindədir. Bu səbəbdən, Sumqayıt Bələdiyyəsinin mübahisənin predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair iddiası əsassızdır. Cavabdeh qeyd edilənlərdən əlavə olaraq bildirir ki, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq iddiaçıya təqdim edilməsi, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə tələblərin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı yönəldilməsi də əsassızdır və Xidmət həmin tələblərə cavab verən orqan kimi çıxış edə bilməz. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Əsasnaməsinin (xx.xx.2015-ci il tarixli, 516 nömrəli Fərmanla təsdiq edilmişdir) 2.0.7-ci bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq həmin Xidmətin səlahiyyətlərinə aid edilmişdir. Eyni zamanda, Xidmətin Əsasnaməsinin 3.0.16-cı bəndinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara daşınmaz əmlakın vahid dövlət kadastrı məlumatlarının, torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışların verilməsini təmin etmək həmin xidmətin səlahiyyətlərindən biri kimi müəyyən edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin (xx.xx.2015- ci il tarixli, 516 nömrəli Fərmanla təsdiq edilmişdir) 2.0.1-ci bəndinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək həmin xidmətin səlahiyyətlərindən biridir. Xidmətin Əsasnaməsinin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək də həmin Xidmətin səlahiyyətlərinə aiddir. Beləliklə, torpaq sahəsinin kateqoriyası barədə məlumat verilməsi barədə tələb Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə, torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi və mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə tələblər isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı qaldırıla bilər. Göründüyü kimi tələblər əsassız olmaqla yanaşı həmin tələblərin yönəldilməli olduğu cavabdehlərdə düzgün müəyyənləşdirilməmişdir. Qeyd edilənlərdən əlavə cavabdeh bildirir ki, hazırkı iddiaya inzibati icraat qaydasında məhkəmə tərəfindən baxıla bilməz. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sumqayıt Bələdiyyəsinə qarşı Sumqayıt İnzibati-lqtisadi Məhkəməsində qaldırılmış “qərarın etibarsız hesab edilməsi” barədə iddia həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(85)-2595/2018 nömrəli qərardadı ilə qeyri-mümkün sayılmışdır (qərardadın surəti əlavə edilir). İddianın mümkün sayılmamasının hüquqi əsası kimi məhkəmə qərarında “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə istinad edərək, inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisənin müəyyən olunmuş qaydada subordinasiya qaydasında yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edildiyi qeyd edilmişdir. Bunu nəzərə alaraq cavabdeh hesab edir ki, məhkəmə Sumqayıt bələdiyyəsinin Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddiasına münasibətdə də eyni mövqedən çıxış etməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xhiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iştirak etmiş, etirazı müdafiə etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçıar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpq sahəsi ilə bağlı torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Beləki, iddiaçı ilkin olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldırmışdır. Həmin orqan müvafiq imtina vermiş və imtinasında ƏMDK-nın 5 saylı Ərazi şöbəsinin məktubuna istinad etmişdir. Mahiyyəti etibarı ilə ƏMDK-nın imtinası Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi vasitəsi ilə verilmişdir. Cavab verməli orqanın düzgün olması üçün iddiaçı təkrar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmiş, xx.xx.2020-ci il tarixdə imtina cavabı almışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddia “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçıar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpq sahəsi ilə bağlı torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının xx xxxx 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın 3-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələri tərəfindən verilir. İddiaçıda həmin orqana müraciət etmiş və müvafiq imtina almışdır. İddianı mümükünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə cavabdehin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə istinad edərək, inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisənin müəyyən olunmuş qaydada subordinasiya qaydasında yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməsi əsası ilə iddianın mümkün sayılmamalı olması dəlilinidə əsassız hesab edir. Beləki hazırkı mübahisə inzibati orqanlar arasında olan mübahisə kimi qəbul edilə bilməz. Hazırkı mübahisənin yaranması, cavabdeh inzibati orqanın hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Sumqayıt Bələdiyyəsinin isə bu halda hər hansı hakimiyyət səlahiyyətlərindən istifadə etmə imkanı yoxdur. Ona görədə məhkəmə hesab edir ki, bu mübahisə subardinasiya qaydasında yuxarı orqan tərəfindən həll edilməsi imkanı olan mübahisə kimi qəbul edilə bilməz. Məhkəmə bununla bağlı əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və əlaqəli digər idarələr arasındakı sənədlərin hazırlanması və ya hər hansı koordinasiya ilə bağlı yarana biləcək mübahisələrə inzibati məhkəmə icraatında baxıla bilməz. Lakin həmin münasibətlərin təşkilindən istifadə edilməsi müvafiq sənədlərin hazırlanmasının sürətlənməsinə xidmət etməli, bənzər işlərdə fərqli yanaşmalar tətbiq edilməklə hüquqdan suiistifadə edilməsinə, inzibati icraatın uzadılmasına xidmət etməməlidir. Hazırkı mübahisədə inzibati orqanlar arasındakı koordinasiya və inzibati orqanların praktisandan yaranan qeyri müəyyənlik iddiaçının qanunvericilikdən irəli gələn hüquqlarını pozmamalıdır. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə ilkin qaldırılan iddia bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə ilə əlaqəli müvafiq rəyin verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi bu cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid edilmişdir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsini hərrac vasitəsilə satmaq niyyətindədir və bunun üçün qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl etməklə müvafiq prosedurlura başlamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2016-cı il tarixli 158 saylı rəydən görünür ki, Sumqayıt Bələdiyyəsinə Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Hazırda yaranmış mübahisə ilk növbədə mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması ilə bağlıdır. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. İş materiallarına əlavə edilmiş protokol, akt və digər torpaqayırma sənədlərindən görsənir ki, Sumqayıt Bələdiyyəsinin torpaqları 2001-ci müvafiq olaraq təhvil verilmişdir. Sumqayıt Bələdiyyəsi öz iddia ərizəsində iddiasını kifayət qədər əsaslandırmış, torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Cavabdeh inzibati orqanın imtinasının əsaslı olmasını sübut etmək, mövcud prosessul qanunvericilyə əsasən onun vəzifəsidir. Lakin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbu ki, qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsinin dövlət mülkiyyətində olmasını sübut edən müvafiq sənəd olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Həmin Əsasnamənin 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının mərkəzi registri, onun yerli qurumlarında — dövlət əmlakının yerli registrləri aparılır. Həmin Əsasnamənin 7-ci bəndinə görə Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. Beləliklə cavabdeh inzibati orqan müvafiq rəyin verilməsi ilə bağlı iddiaçının qanuni tələbindən qanunsuz olaraq imtina etməklə, onun hüquqlarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, ilkin iddianın torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilməsi hissəsi mümkün hesab edilməməlidir. Beləki yuxarıdada qeyd edildiyi kimi iddiaçı inzibati orqanların praktikasına uyğun ilkin olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsinin Plan və Ölçü sənədinin verilməsi həmin orqanın səlahiyyətində olduğu üçün müvafiq rəyin, torpağın kateqoriyasına dair məlumatın, torpaq sahəsinin planı və ölçüsünün inzibati orqanlar arasındakı koordinasiya nəticəsində bir orqan tərəfindən verilməsi inzibati icraatın operativliyi baxımından daha əlverişli olsada, iddiaçının tələbinə uyğun olaraq, iddia Əmlak Məsələləri Dövlət Xidmətinin yönəldiyi üçün, cavabdehin səlahiyyətləri çərçivəsində iddia təmin edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində yerləşən 2700 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin (bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə ilə əlaqəli müvafiq rəyin) Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar