Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3325/2024 13.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdehnə qarşı “mülkiyyətində olan Xaçmaz şəhəri, Abbas Səhhət küçəsi ünvanında yerləşən 24 saylı evdə qeydiyyatda olan X2, xx.xx.2017-ci il təvəllüdlü X8 ilə birlikdə pasport qeydiyyatından çıxarılmasının cavabdehin üzərində vəzifə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-3325/2024 saylı Qərardadı ilə X6 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər X5 iddiaçının keçmiş gəlini, X8 isə onun nəvəsidir. Belə ki, X5 ilə oğlu X9 xx.xx.2015-ci ildə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşlar. O, ailə quran zaman iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli 4 otaqlı evinə gəlin köçmüşdür. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X12 adlı bir övladları olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 2(067)-148/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş və uşaq anasının himayəsində saxlanılmışdır. X5 ilə oğlu X3 aralarında olan nikah münasibətləri pozulmuş və onlar başqa-başqa ünvanlarda yaşamaqla ümumi təsərrüfat aparmırlar. Keçmiş gəlini onun mülkiyyətində olan evə razılığı olmadan qeydiyyata düşmüşdür. X1 rayon Məhkəməsində ona qarşı “evdə istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı X2 uşağı 25 fevral 2017-ci il təvəllüdlü X8 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qaldığı üçün Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 dekabr 2021-ci il tarixli, 2(105)- 3356/2021 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(067)-1442/2021 saylı qətnaməsinin qismən - «iddiaçı X6 uşağı 25 fevral 2017-ci il təvəllüdlü X8 ilə birgə ünvan 2-də yerləşən 2 mərtəbəli 4 otaqlı yeni tikilən və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmamış evə köçürülsün» hissəsində ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsi, iddianın rədd edilməsi qət edilmişdir. Cavadova llhamə İlham qızı qətnamədən narazı qalaraq Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 2(102)-1923/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı X6 tərəfindən verilmiş kasasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)- 3356/2021 nömrəli iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamələrdən də müəyyən edilir ki, üçüncü şəxsin onun mülkiyyətində olan evə istifadə hüququ yoxdur və evə köçürülə bilməz. Bu səbəbdən də hazırda qeydiyyatları formal xarakter daşıyan üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1923/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərarı; 3800 inventar iş nömrəli, 26 mart 1986-cı il tarixli qeydiyyat vəsiqəsi; Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 631 saylı, 12 yanvar 2024-cü il tarixli arayışı; cavabdehin iddiaçıya ünvanladığı 30 yanvar 2024-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzildə üçüncü şəxslər X6 və X8 qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X6 və X4 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 Xaçmaz şəhəri, Abbas Səhhət küçəsi ünvanında yerləşən 24 saylı evdən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 Xaçmaz şəhəri, Abbas Səhhət küçəsi ünvanında yerləşən 24 saylı evdən pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva