Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-333/2021 30.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil oğunun (Sumqayıt 1 saylı Vəkil Bürosunda vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 48, mənzil 28-də yaşayan) iştirakı ilə, Üçüncü şəxs X8 (10 saylı Mənzil Kommunal sahəsində mühasib işləyən, Sumqayıt şəhəri, 12-ci mikrorayon ev 4, mənzil 8-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsinə dair bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarının və Sumqayıt bələdiyyəsinin “X2 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsinə dair bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarının və Sumqayıt Bələdiyyəsinin “X2 mülkiyyətinə torpaq sahəsinin ayrılması haqqında” 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci illərdən faktiki istifadəsində olan Sumqayıt şəhəri, «Yaşıldərə» yaşayış massivi adlandırılan «Samur-Abşeron» kanalının şimalında salınan Yeni yaşayış massivinin ərazisində 600 kv m torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Sumqayıt bələdiyyəsinə 2007-ci ildə müraciət etmişdir. Müraciəti bələdiyyə tərəfindən müsbət qarşılanmış və müvafiq razılaşdarılmalardan sonra Bələdiyyənin 07 mart 2008-ci il tarixli 07 saylı qərarına əsasən yuxanda göstərilən ərazidəki 600 kv m ölçüdə 362 saylı həyatyanı torpaq sahəsi fərdi ev tikintisi üçün ona aynlmışdır. Həmin torpaq sahəsi həmin vaxtdan bu günə kimi iddiaçının faktiki və qanuni istifadəsindədir. Həmin sahəni hasarlayaraq çoxsaylı ağaclar əkmiş, köşk qoymuş, taxta materialları, qum, sement, daş tökmüşdür. Maddi imkanı olmadığı üçün ev tikintisinə başlaya bilməmişdir. Bələdiyyə qərarı ilə iddiaçıya verilmiş torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi bələdiyyə tərəfindən başqa bir şəxsə üçüncü şəxs A.Amaşovaya satılmasına dair yeni qərar verilmiş və o, həmin qərar əsasında torpağa dair mülkiyyət sənədi almışdır. İddiaçı bələdiyyəyə qarşı həmin qərarın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Bələdiyyə tərəfindən məhkəməyə təqdim edilmiş etirazdan məlum oldu ki, torpağın iddiaçıya verilməsinə dair qərar bələdiyyə tərəfindən qanunsuz olaraq birtərəfli qaydada ləğv edilmişdir. Bu məlumat verildikdən sonra iddiaçı məhkəmədə olan iddia ərizəni geri götürərək, istifadəsində olan torpaq sahəsinə dair verilmiş qərarları əldə edərək hazırkı iddia ilə müstəqil surətdə məhkəməyə müraciət etmişdir. Bələdiyyənin 27 iyun 2008-ci il tarixli 14 saylı protokolundan çıxarışdan görünür ki, bələdiyyə qərarı əsasında iddiaçıya torpaq sahəsinin ayrılmasına dair qərar ləğv edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş X6 İdarəsinin rəisi Həbib Yusifovun Sumqayıt bələdiyyəsinə ünvanladığı müraciətlərində hüquqi və fiziki şəxslərə torpaq sahəsinin ayrılmasına dair Sumqayıt bələdiyyəsinin qərarlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən ləğv edilməsi təklif edilmişdir və bələdiyyə də həmin təklifi əsas götürərək iddiaçıya torpaq ayrılması barədə olan qərarı ləğv etmişdir. Vətəndaşa torpaq sahəsi ayrılması barədə qərar yalnız məhkəmə yolu ilə ləğv edilə bilərdi. Bələdiyyə isə bunu təkbaşına,vətəndaşa bu barədə məlumat vermədən qərarla ləğv etmişdir ki,bu fakt həmin qərarın qanunsuz olmasını təsdiq edir. Cavabdeh konstitusion prinsiplərə əhəmiyyət vermədən, təkbaşına, iddiaçının məlumatı və iştirakı olmadan ona torpaq ayrılması barədə olan qərarı ləğv etmişdir ki,bu qanunsuz hesab edilməli və bu barədə olan qərar ləğv edilməlidir. İddiaçının qərarı ləğv edildiyi halda da, cavabdeh 2000-ci ildən iddiaçının faktiki istifadəsində, 2007-ci ildən isə qanuni istifadəsində olan torpaq sahəsinin yenidən ona ayrılması və satılmasını təklif etməli, həmin torpaq sahəsinə dair hüquqi sənədləri qeydiyyata aldırdıqdan sonra iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamalı idi. Lakin bələdiyyə 2008-ci ildən iddiaçının qərarını ləğv etməsinə baxmayaraq, bu barədə ona məlumat verməmiş, 7 ildən sonra, yəni 2015-ci ildə həmin torpaq sahəsinin 3-cü şəxsə satılması barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X10 iddianı qəbul etmədi və bildirdi ki, torpaq sahəsini 2005-2006-cı illərdə almış, həmin vaxtdan onun istifadəsindədir, sahəni hasarlamışdır. Lakin sonradan icra hakimiyyətinin başçısı, bələdiyyə sədri dəyişidirləndən sonra həmin hasarı dağıdılmışdır. 2015-də ildə torpağın bələdiyyədən alınmasını rəsmiləşdirmiş, bələdiyyə tərəfindən qərar verilmişdir. O, həmin qərar əsasında torpağa mülkiyyət hüququnu təsdiq edən çıxarış da almış və orada ev inşa etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti nəzərə alınaraq Sumqayıt şəhərinin cənubunda Samur-Abşeron kanalınınn şimalında salınacaq yeni yaşayış məntəqəsinin DTXK-nin Sumqayıt şəhər şöbəsinin, Memarlıq və Şəhərsalma idarəsinin razılaşdığı baş plana müvafiq mövqe sxemi əsasında fərdi ev tikintisi üçün sahəsi 600 kv m olan 362 saylı həyətyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş mövqe planından görünür ki, Sumqayıt şəhəri, Samur–Abşeron kanalının şimalında yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ölçüsü 600 kvadrat metrdir. - Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş X6 İdarəsinin rəisinin müraciətləri nəzərə alınaraq Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı iclasının qərarı ləğv edilmişdir. -Sumqayıt bələdiyyəsinin 01 dekabr 2014-cü il tarixli 14 saylı qərarından görünür ki, X2 fərdi evin tikintisi üçün torpaq sahəsinin verilməsi barədə müraciəti məqsədəuyğun hesab edilərək Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, Samur- Abşeron kanalının şimalı ,Yeni yaşayış massivi ndə yerləşən 600 kv m torpaq sahəsinin bələdiyyənin qərarı ilə X9 satılması məqsədi ilə DTXk-nin Sumqayıt şəhər Şöbəsinə müraciət edilməsi qərara alınmışdır. - DTXK-nin Sumqayıt şəhər şöbəsinin 11.11.2014-cü il tarixli 02/949 saylı məktubundan görünür ki, idarə 600 kv m torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz etmir. - Sumqayıt bələdiyyəsinin 24 aprel 2015-ci il tarixli 06 saylı qərarından görünür ki, Sumqayıt bələdiyyəsinin 01.12.2014-cü il tarixli (protokol № 14) AR DTXXK-nin rəyini, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini , DƏDRX-nin 2 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli 13.02.2015-ci il tarixli çıxarışını, torpaq sahəsinin plan və ölçüsünü nəzərə alaraq Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan “Samur-Abşeron” kanalının şimalında, Sumqayıt şəhərinin cənubunda yerləşən Yeni yaşayış massivinin 7-ci məhəlləsində sahəsi 600 kv m oan 362 saylı həyətyanı torpaq sahəsi X9 ayrılması qərara alınmışdır. -RX № ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Samur- Abşeron kanalının şimalı,Yeni yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətindədir. - DTXK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən tərtib edilmiş 03.02.2015-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan 600 kv m torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. -Sumqayıt bələdiyyəsinin 01 dekabr 2014-cü il tarixli 14 saylı qərarından görünür ki, X2 fərdi evin tikintisi üçün torpaq sahəsinin verilməsi barədə müraciəti məqsədəuyğun hesab edilərək Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan Sumqayıt şəhəri, Samur- Abşeron kanalının şimalı ,Yeni yaşayış massivi ndə yerləşən 600 kv m torpaq sahəsinin bələdiyyənin qərarı ilə X9 satılması məqsədi ilə DTXk-nin Sumqayıt şəhər Şöbəsinə müraciət edilməsi qərara alınmışdır. - DTXK-nin Sumqayıt şəhər şöbəsinin 11.11.2014-cü il tarixli 02/949 saylı mıəktubundan görünür ki, idarə 600 kv m torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz etmir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Beləki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 3cü bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin 13-1-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X3rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). Qerasimova Rusiyaya qarşı iş üzrə 16 sentyabr 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən “dövlət orqanı” anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, ««Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanunun 48ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz». Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin XİV və XV fəsillərində torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edilmişdir. Lakin bələdiyyə həmin normaları nəzərə almadan torpaq sahəsinin iddiaçıya ayrılmasına dair qərarını ləğv etmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, bələdiyyənin vətəndaşı xəbərdar etmədən birtərəfli qaydada öz qərarı ilə torpaq sahəsinin iddiaçıya verilməsinə dair qərarını ləğv etməsi qanunsuz olmuşdur. Bununla bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və mübahisələndirilən inzibati akt iddiaçıya aid hissədə ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisələnidirlən qərarın iddiaçıya vaxtında çatdırılması və ya həmin qərardan xəbərdar olması barədə hər hansı sübut təqdim edilmədiyindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.3-cü maddəsinə əsasən inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarı Sumqayıt şəhərinin “Samur-Abşeron» kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsində 600 kv m torpaq sahəsinin İddiaçı satılması barədə Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmənin 30.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin Sumqayıt bələdiyyəsinin torpaq sahəsinin X1 dair 24 aprel 2015-ci il tarixli 06 saylı qərarının ləğv edilməsinə dair hissəsi mümkün sayılmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarı Sumqayıt şəhərinin «Samur-Abşeron» kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsində 600 kv m torpaq sahəsinin iddaçı İddiaçı satılması barədə Sumqayıt bələdiyyəsinin 07 mart 2008-ci il tarixli 07 saylı qərarının ləğv edilməsi hissəsində ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-333/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-333/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver