Məhkəmə qərarları › İş №2-1(118)-334/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-334/2020

24.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-334/2020 24.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “İddiaçı 1994- 1998-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1976-cı ildə anadan olmuşdur. İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin orqanın **********5 saylı, xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, ikinci qrup əlildir, pensiya təyin olunması üçün bir neçə ayı çatmır. Təhsil müddəti nəzərə alınmamışdır. İddiaçı hesab edir ki, təhsil dövrlər nəzərə alınaraq, ona pensiya təyin edilməlidir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Dadaş qızının “1994-1998-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulması”na dair vermiş olduğu iddianı tamamilə əsassız hesab edirik. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12.1 maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3- cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçı Dadaş qızına əlilliyə görə əmək pensiyası üçün hüquqnun yarandığı tarixə 9700.40 manat pensiya kapitalı tələb olunur. İddiaçı Dadaş qızının isə həmin tarixə 9625.56 manat pensiya kapitalı toplanmışdır. Həmçinin, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə əsasən əyani təhsil müddəti sığorta stajına daxil edilmir. Belə ki, həmin Qanunun 21.2.5-ci maddəsinə əsasən yalnız işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət sığorta stajına daxil edilir. İddiaçının təqdim etiyi N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Unversitetində aldığınız təhsil müddətinin sosial sığota stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Bu səbəbdən İddiaçı Dadaş qızının əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və tələb olunan sosial sığorta stajı toplanmadığından onun əlilliyə görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiyə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, təhsil müddəti nəzərə alınarsa iddiaçının pensiya hüququ yaranır. AN seriyalı 017869 saylı Diplomdan görünür ki, iddiaçı 1994-1998-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçının 1994-1998-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı dövrlər onun sosial sığorta stajı kimi nəzərə alınaraq onun pensiya təyinatına yenidən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, İddiaçı 1994-1998-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə pensiya təyinatına yenidən baxılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 1994-1998-ci illərdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə, onun pensiya təyinatına yenidən baxılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar