Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3343/2025 10.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi) GİRİŞ HİSSƏ X1-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1992, 1993, 1994 və 1996-cı illərdə istifadə edə bilmədiyi əmək məzuniyyətlərinə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 10 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992, 1993, 1994 və 1996-cı illərdə istifadə edə bilmədiyi əmək məzuniyyətlərinə görə ona kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 706 saylı Hərbi Hissənin tərkibində baş leytenant rütbəsində bölük komandiri vəzifəsində xidmət etmişdir, lakin ondan asılı olmayan səbəbdən 1992, 1993, 1994, 1995 və 1996-cı illərdə əmək məzuniyyətlərindən istifadə edə bilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli sərəncamına əsasən, bu Qanun qüvvəyə minənədək işçi tərəfindən iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə (məzuniyyətlərinə) görə, işçiyə AR Əmək Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş kompensasiya ödənilir. Qeyd olunanlara əsasən, hərbi xidmətdə olduğu xidmət illəri üçün istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul kompensasiyasının ödənilməsi barədə ərizə ilə cavabdeh təşkilata müraciət etmişdir. AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən verilmiş 3-25/2-İ- 5xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla mənə N saylı hərbi hissəyə müraciət etməyi tövsiyə edilmişdir. xx.xx.2024-cü il tarixdə ərizə ilə N saylı hərbi hissəyə müraciət etmişdir, lakin müraciətinin xx.xx.2024-cü il tarixdə alınmasına baxmayaraq, bu günə kimi iddiaçıya cavab verilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
3. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, 30 iyun 2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in 2011- ci il 30 iyun tarixədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən, tətbiq edilməsi üçün, "məlum olma" halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Eyni zamanda, qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM- in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Buna görə də, qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq, cavabdeh müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. İnzibati iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 1992, 1993, 1994 və 1996-cı illərində istifadə edilməmiş məzuniyyət günlərinə görə, pul kompensasiyasının ödənilməsini tələb edir. Məlum olur ki, iddiaçı onun istifadə etmədiyi məzuniyyət günlərinin olması barədə ən azından 1996-cı ildən məlumatlı olmuşdur. İddiaçı 1992. 1993, 1994 və 1996-cı illərində istifadə edilməmiş məzuniyyət günlərinə görə pul kompensasiyasını barədə 1996-ci ildən məlumatlı olsa da, məhkəməyə iddia ərizəsi ilə 28 il sonra, 15.11 2024-cü il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun ştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. Göründüyü kimi, xüsusi mümkünlük şərtləri sırasında iddianın müəyyən zaman kəsiyində qaldırılmalı olması halı müəyyən edilməmişdir.
10. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
11. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli, 3-25-29/2-57/2025 nömrəli arayışında qey olunur ki, N () №-li hərbi hissə: xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək növbəti məzuniyyətdən istifadə etməyib, N №-li hərbi hissə: xx.xx.1994-cü il tarixdən xx.xx.1994cü il tarixədək növbəti məzuniyyətdən istifadə etməyib, N №-li hərbi hissə: xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək növbəti məzuniyyətdən istifadə etməyib, X2: xx.xx.1995ci il tarixdən xx.xx.1995-ci il tarixədək növbəti məzuniyyətdən istifadə etməyib, N №-li hərbi hissə: xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək növbəti məzuniyyətdən istifadə etməyib, N №-li hərbi hissə: xx.xx.1995-ci il tarixdən, xx.xx.1995-ci il tarixli, 86N nömrəli əmri, N №-li hərbi hissə: 1996-cı ildə N (on bir) gün, xx.xx.1996-cı il tarixədək 8 (səkkiz) gün qısamüddətli məzuniyyətdə olmuşdur.
12. 706 saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 312 №-li əmrində qeyd olunur: Azərbaycan Respublikası Müdafiə Nazirinin 18 oktyabr 1996-cı il tarixli, 01054 №-li əmri ilə "hərbi xidmət keçmə haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq həqiqi hərbi xidmətdən 18-ci maddənin “Q” bəndinə əsasən (təşkilati-tədbirlər ilə əlaqədar xidmətdə olanlardan istifadə etmək mümkün olmadığına görə) ehtiyata tərxis olunmuş 3cü motoatıcı taburun 3-cü motoatıcı bölük komandiri şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı Şükur oğlu işini və vəzifəsini təhvil vermiş hesab edilsin, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan azad olunsun və Sumqayıt şəhər hərbi komissarlığına qeydiyyata göndərilsin.
IV. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyasının: 37-ci maddəsinə əsasən, hər kəsin istirahət hüququ vardır.
14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 1-ci bəndinin 20-ci abzası və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin tələblərinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün, gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün, zabitlərə — hər təqvim ili üçün 45 gün, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir.
15. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununda qeyd olunur ki, “həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən etdiyi qaydada və məbləğdə ödənilir.
V. Məhkəmənin mövqeyi
16. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
17. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 706 saylı Hərbi Hissənin tərkibində baş leytenant rütbəsində bölük komandiri vəzifəsində xidmət etmişdir, lakin ondan asılı olmayan səbəbdən 1992, 1993, 1994, 1995 və 1996-cı illərdə əmək məzuniyyətlərindən istifadə edə bilməmişdir.
18. Məhkəmə sorğusu zamanı əldə edilmiş arayışdan da görünür ki, 1992, 1993, 1994-cü illər üzrə növbəti məzuniyyətdən istifadə etməmiş, xx.xx.1995-ci il tarixli, 86N nömrəli əmri ilə 5 (beş) gün, 1996-cı ildə N (on bir) gün, xx.xx.1996-cı il tarixədək 8 (səkkiz) gün qısamüddətli məzuniyyətdə olmuşdur.
19. Məhkəmə qeyd edir ki, arayışda qeyd olunan digər məzuniyyətlər növbəti məzuniyyət günləri olmadığı üçün və növbəti məzuniyyətdən istifadə edilmənin aşkar edilməsi cavabdeh tərəfindən sübut edilmədiyi üçün iddiaçının tələb etdiyi günlərdə istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi təmin edilməlidir. Bütün bunları ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli dövrlərdə əmək məzuniyyətindən istifadə etdiyi günlərin müəyyən olunması inzibati orqanın məsuliyyəti kimi müəyyən olunduğuna, bu halın inzibati orqan tərəfindən sübut olunması müəyyən olunmadığına görə, həmin dövrlərdə iddiaçının qanunvericiliklə müəyyən olunmuş əmək məzuniyyətindən istifadə etməməsi əsas götürülərək müvafiq hesablama aparılmalı və iddiaçıya ödənilməlidi.
20. 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli, 399 saylı qərarı qəbul olunmuş və həmin qərara əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək dövr əsas götürülür, 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilir.
21. Həmin qərarla 2010-cu il 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun həmin tarixə xidmətdən buraxıldığı ştat vəzifəsi mövcud olmadıqda, 2010-cu il 12 iyun tarixində qüvvədə olan vəzifələrə bərabər müvafiq uyğunlaşdırılma aparılmaqla, kompensasiyanın bu qərarın 2-ci hissəsində nəzərdə tutulmuş qaydada hesablanmasını təmin etmək, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya hesablanarkən, hər bir konkret halda hərbi qulluqçunun vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ilə əlaqədar qeydiyyatı aparılan haqq-hesab sənədləri üzrə araşdırma apararaq, onların həmin dövrdə növbəti məzuniyyətdən istifadə edib-etməmələri və buna görə ödəmələrin verilməsi hallarını nəzərə almaq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə tapşırılmış və Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna tövsiyə edilmişdir.
22. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, müəyyən edilsin ki, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi bu qərarın 3-cü hissəsində göstərilən dövlət orqanları üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
24. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı 1992, 1993, 1994 və 1996-cı illərdə həqiqi hərbi xidmətdə olduğu müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə (1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2014-cü il tarixli, 399 saylı qərarı nəzərə alınmaqla) pul kompensasiyasının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X1-Abbaszadə