Məhkəmə qərarları › İş №2-1(118)-3347/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3347/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3347/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı xx.xx.2021-ci il tarixli 28 saylı və xx.xx.2022-ci il tarixli 28 saylı qərarların ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 xx.xx.2022-ci il tarixli 28 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 xx.xx.2022-ci il tarixli 28 saylı və xx.xx.2021-ci il tarixli 28 saylı qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 402.12 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Lakin sonradan iddiaçıya heç bir məlumat verilmədən cavabdeh tərəfindən həmin yardımın geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı həmin qərardan icra məmuru tərəfindən çağırılarkən xəbər tutmuşdur. Həmin qərarın ləğv edilməsinə dair iddia qaldırdıqdan sonra iddiaçıya eyni məzmunlu daha bir qərarın mövcudluğu məlum olmuşdur. Bununla bağlı iddiaçı hər iki qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 402. 12 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin Dövlət Sosial X8 nəzarət və audit departamenti tərəfindən təkrar aparılmış ailənin maddi-məişət şəraitinin müayinəsi zamanı sosial yardım alan ailənin əmək qabiliyyətli ailə üzvünün məşğulluğunun olmadığı aşkar edildiyi üçün İddiaçı təyin edilmiş sosial yardımın ödənişi 01 06.2021-ci il tarixdə dayandırılmışdır. Beləliklə, İddiaçı heç bir əsas olmadan aylar üzrə 402.12 manat, ümumilikdə 4423.32 manat vəsait təyin edilərək kart hesabına köçürülmüşdür. Qeyd olunanlar nəzərə alınmaqla cavabdeh tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları rəhbər tutularaq xx.xx.2022-ci il tarixli 28 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarla borclu İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 4423.32 manat vəsaitin Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 “əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli 28 nömrəli və xx.xx.2022-ci il tarixli 28 nömrəli qərarlarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ümumilikdə 4423.32 manat məbləğində sosial yardım tələb edilərək 10 gün müddətində DSMF-nin X1 hesabına keçirilməsi qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından məlum olur ki, iddiaçınn barəsində DSMF-nin Abşeron-Xızı regional filialı tərəfindən qəbul edilmiş eyni məzmunlu “Əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında” xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə qərarlar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi eyniməzmunlu iki qərarın qəbul edilməsinin səbəblərini məhkəmədə izah edə bilmədi. İddiaçı hər iki qərar barəsində icra məmuru tərəfindən bildiriş göndərildikdən sonra xəbər tutduğunu, həmin qərarların ona rəsmi qaydada elan edilməsi və ya çatdırılmadığını bildirdi. Cavabdeh tərəfindən mübahisələndirilən qərarların iddiaçıya göndəirlməsi barədə reyestrin surətini məhəkəməyə təqdim etmişdir. Lakin həmin reyestr rabitə orqanını möhürü ilə təsdiqlənmədiyindən, məhkəmə həmin sənədi mübahisələndirilən inzibati aktların iddiaçıya lazımi qaydada çatdırılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktların iddiaçıya vaxtında çatdırılmasını təsdiq edən sənəd mövcud olmadığından iddiaçı tərəfindən idida müddəti ötürülməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçəya xx.xx.2020-ci il taridən xx.xx.2021-ci il tarixədək 402.12 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra cavabdeh əmək qabiliyyətli ailə üzvünün əmək müqaviləsinə xitam verildiyini aşkar etdiyindən ödənilmiş ünvanlı sosial yardımın geri qaytarılması barədə qərar qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 28 saylı və xx.xx.2022-ci il tarixli 28 saylı qərarlar əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş sosial geri qaytarılmasının yalnız iki qaydası mövcuddur- tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın artıq ödənilmiş pulun geri qaytarlması ilə bağlı qərar qəbul edilməsi əsassız olmuşdur. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 10-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat hazırkı qərarın qəbul edilməsində haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X3 əsassız ödənilmiş sosial yardımın geri qaytarılması xx.xx.2021-ci il tarixli 28 nömrəli və xx.xx.2022-ci il tarixli 28 nömrəli qərarları ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 əsassız ödənilmiş sosial yardımın geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli 28 nömrəli və xx.xx.2022-ci il tarixli 28 nömrəli qərarları ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar