Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3355/2025 30.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ X2-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 30 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab elməklə Abşeron Rayonu İcra Hakimiyyətinin Ceyranbatan qəsəbəsi üzrə Nümayəndəliyinin 18 iyul 1994-cü il tarixli, 66 saylı sərəncama əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 0,10 ha torpaq sahəsi üzərində iddaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın, plan və ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin Ceyranbatan qəsəbəsi üzrə Nümavəndəliyinin 18 iyul 1994-cü il tarixli, 66 saylı sərəncamına əsasən, iddiaçıya Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etməklə fərdi yaşayış evi inşa etmişdir. Həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evin ünvanı ünvan 3aqla yaşayış sahəsi 89.2 kv,metr, köməkçi sahəsi 16.2 kv.metr kimi qeyd olunmuşdur. İddiaçı həmin evin yerləşdiyi torpaq sahəsi üzərinddə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və ünvanlanan cavab məktubuna cavabdehin bu imtinası tam əsassızdır, belə ki, iddiaçıya bu bağ sahəsi 2024-cü ildə ayrılmış və həmin sənədlər bu torpaq sahəsini ayıran cəmiyyətdə olmaqla arxivə təhvil verilməmişdir. Sənədlərin də təsdiq olunmuş surətini və cavabdehə təqdim etmişdir. Bundan başqa bu ərazidə çox sayda torpaq sahələri üzərində cavabdeh orqan mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almış və vətəndaşlara çıxarış da vermişdir.
3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 18 iyul 1994-cü il tarixli, 66 nömrəli sərəncamından çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilmədiyi, 36682 inventar nömrəli texniki pasportla qeydiyyata alınmış fərdi yaşayış evinin müavinə baxışı keçirilmiş torpaq sahəsində aşkarlanmadığı (söküldüyü), müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. İddia tələbi torpağa dair çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
11. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi nümayəndəsinin 18 iyul 1994-cü il tarixli, 66 nömrəli sərəncamından görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında 310 №-li sərəncamı ilə fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 ha hesabı ilə 100 ailəyə - 10 ha həyətyanı və 2,0 ha küçə və yollar altına,cəmi 12,0 ha torpaq sahəsi Saray üzümçülük sovxozundan alınıb Ceyranbatan qəsəbəsinə verilmişdir. Sərəncamın icrası ilə əlaqədar vətəndaşların təqdim etdikləri sənədləri nəzərə alıb aşağıda adları göstərilənlərə, hər birinə 0,10 ha olmaqla fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılsın. ...3.İddiaçı Asdan oğlu - 4 nəfər ailə üzvü ilə birlikdə Ceyranbatan qəsəbəsi Dostluq küçəsi 2 №-li evin sahəsi 18 kvm. olan 1 otaqlı 7 №-li mənzilində yaşayır.
12. Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastr idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən 80 saylı yaşayış sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi nümayəndəsinin 18 iyul 1994-cü il tarixli, 66 saylı qərarına əsasən İddiaçı adına qeydə alınmışdır.
13. 25 iyul 1994-cü il tarixli aktdan görünür ki, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə ərazisində yerləşən 0,10 ha torpaq sahəsi İddiaçı təhvil verilmişdir.
14. İnventar nömrəsi 2010, 36682 nömrəli texniki pasportdan görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən 80 saylı yaşayış sahəsinə dair tərtib edilmişdir.
15. Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,10 torpaq sahəsinə dair tərtib edilmişdir.
16. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Vəliyev X1 rayonu, Ceyranabatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5, mənzil 2-də yaşayır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 18 iyul 1994-cü il tarixli, 66 nömrəli səərncamda adı qeyd olunan İddiaçı Asdan oğlu, həqiqətən də İddiaçıdur.
17. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi üzərində tex pasportda göstərilən 1 mərtəbəli fərdi yaşayış evi aşkar edilmədi. Torpaq sahəsi ümumi daş hasar daxilindədir. Faktiki baş plan əlavə edildi.
18. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən və üzərində mükiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahələrinə dair çıxarışların surətləri məhkəməyə təqdim edilmişdir.
19. Məhkəmənin sorğusuna cavab olaraq, Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 18 iyul 1994-cü il tarixli, 66 nömrəli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
IV. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanı ilə əlavə edilmiş 2.7-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas hesab edilmişdir.
27. “X. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
28. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.
V. Məhkəmənin mövqeyi
30. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
31. Məhkəmə tərəfindən müəyyən edildi ki, Abşeron Rayon İcra Hakimiyyətinin Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin 18 iyul 1994-cü il tarixli, 66 saylı sərəncamına əsasən, iddiaçıya Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə 0,10 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etməklə fərdi yaşayış evi inşa etmişdir. Həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evin ünvanı ünvan 3aqla yaşayış sahəsi 89.2 kv,metr, köməkçi sahəsi 16.2 kv.metr kimi qeyd olunmuşdur. İddiaçı həmin evin yerləşdiyi torpaq sahəsi üzərinddə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciə etmiş və ona imtina cavabı verilmişdir.
32. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinin 18 iyul 1994-cü il tarixli, 66 saylı sənəcamına əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəliyinə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondu ayrılması haqqında 310 №-li sərəncamı ilə fərdi mənzil tikintisi üçün hər ailəyə 0,10 ha hesabı ilə 100 ailəyə - 10 ha həyətyanı və 2,0 ha küçə və yollar altına,cəmi 12,0 ha torpaq sahəsi Saray üzümçülük sovxozundan alınıb Ceyranbatan qəsəbəsinə verilmişdir. Sərəncamın icrası ilə əlaqədar vətəndaşların təqdim etdikləri sənədləri nəzərə alıb adları göstərilənlərə, hər birinə 0,10 ha olmaqla fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
33. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədədir, qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş və ya ləğv edilməmişdir.
34. Məhkəmə yuxarıda göstərilən normaları nəzərə alaraq hesab edir ki, torpaq sahəsinin ayrılmasına dair sərəncama ayrıc aktının və ya ilkin baş planın əlavə edilməməsi iddaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz.
35. Belə ki, torpaq sahəsi iddiaçıya qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 18 iyul 1994-cü il tarixli, 66 saylı sərəncamı əsasında ayrılmışdır. Torpaq sahəsi yerində ölçülüb nişangahlar qoyulduqdan sonra İddiaçı təhvil verilmiş və akt tərtib edilmişdir. Torpaq sahəsi iddiaçıya təhkim edilmiş və həmin vaxtdan hal-hazıradək onun istifadəsindədir. İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair tərtib edilmiş yerquruluşu planından çıxarış Ceyranbatan bələdiyyəsi tərəfindən təsdiq edilmişdir.
36. Məhkəmə cavabdehin müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin ata adına münasibətdə uyğunsuzluq olması dəlilinə münasibətdə qeyd edir ki, texniki səhvə yol verilmişdir. Qeyd edilmiş texniki səhv iddiaçının məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
37. Məhkəmə həmçinin qeyd edir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən də Vəliyev X1 rayonu, Ceyranabatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 5, mənzil 2-də yaşayır və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 18 iyul 1994-cü il tarixli, 66 nömrəli səərncamda adı qeyd olunan İddiaçı Asdan oğlu, həqiqətən də İddiaçıdur.
38. Məhkəmə cavabdeh inzibati orqanın etirazda qeyd etdiyi 36682 inventar nömrəli texniki pasportla qeydiyyata alınmış fərdi yaşayış evinin müavinə baxışı keçirilmiş torpaq sahəsində aşkarlanmadığı (söküldüyü) dəlilinə münasibətdə qeyd dir ki, həmin dəlil torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir.
39. Bundan başqa, inzibati orqan tərəfindən hazırki mübahisəyə münasibətdə, eyni zamanda, istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur.
40. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
41. Məhkəmə xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.
42. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
45. “X. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir, lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanındavranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.
47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
48. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Ceyranbatan qəsəbəsi üzrə nümayəndəsinin 18 iyul 1994-cü il tarixli, 66 nömrəli sərəncamına əsasən ayrılmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X2-Abbaszadə