Məhkəmə qərarları › İş №2-1(118)-336/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-336/2021

25.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-336/2021 25.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Quba şəhəri, Vaqif küçəsi ev 119–da yaşayan), İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (Cavabdeh Başçısı aparatında hüquq şöbəsinin məsləhətçisi işləyən, Bakı şəhəri, Binəqədi rayonu, R.Behbudov küçəsi, ev 1A-da yaşayan) İddiaçı Cavabdehnə qarşı Cavabdeh Başçısının 21 avqust 2020-ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh Başçısının 21 avqust 2020-ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, onun əvvəllər tutduğu vəzifəyə - Quba RİHB-nin Quba şəhər İƏD üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunduğu günə kimi olan məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı idida tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdehnə qarşı Cavabdeh Başçısının 21 avqust 2020-ci il tarixli 69 saylı əmrinin ləğv edilməsi, əvvəl tutduğu vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Başçısının 04 oktyabr 2019cu il tarixli 71 nömrəli əmri ilə rayon İHB-nın Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Həmin vəzifədə işlədiyi müddətdə üzərinə düşən vəzifələri və öhdəlikləri kayiqincə yerinə yetirmişdir. Cavabdeh başçısı Ziyəddin Əliyev imzaladığı 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmrlə guya əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ona şiddətli töhmət elan etmişdir. Əmri isə onunla əsaslandırmışdır ki, Quba şəhərinin ərazisində təmizlik və səliqə-səhman təmin olunmamış, son vaxtlar belə hallar daha da artmışdır. Əvvəla, inzibati ərazi dairəsi üzrə nümayəndələrin fəaliyyəti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və həmin qanuna əsasən intizam tənbeh tədbirləri arasında “şiddətli töhmət” anlayışı yoxdur. Rayon icra hakimiyyəti başçısının hansı əsasla onun barəsində belə bir intizam tənbehini tətbiq etməsi aydın deyildir. Həmin əmrdən bir neçə gün sonra Cavabdeh başçısı Ziyəddin Əliyev imzaladığı 21 avqust 2020-ci il tarixli 69 nömrəli əmrlə onu tutduğu vəzifədən azad edərək, dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmr onunla əsaslandırılmışdır ki, onun barəsində əvvəllər də intizam tənbeh tədbirləri seçilsə də, guya o, bundan nəticə çıxarmamış, şəhər ərazisində zibil yığınları aşkar edilmişdir. RİH başçısının heç bir qanuni əsas olmadan uydurma dəlillərlə onu işdən azad etmişdir. Əmrdən də görünür ki, işdən çıxarılma üçün əsas kimi şöbə müdiri vəzifələrini icra edən vəzifəli şəxsin öz şəxsi fikir və fərziyyələrindən ibarət təqdimatı hesab edilmişdir. Şəhər ərazisində təmizliyin, səliqə-səhmanın və bu kimi vəzifələrin icrası RİH başçısının 23 yanvar 2020-ci il tarixli 12 nömrəli sərəncamı ilə yaradılmış rayon İcra Hakimiyyətinin birbaşa tabeliyində olan “xxxx” Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilmişdir. Buna baxmayaraq iddiaçı, bu onun vəzifə səlahiyyətlərinə daxil olmasa da, hər gün ərazini gəzərək ərazidə aşkarladığı çatışmazlıqlar barədə Birliyin rəhbərinə məlumat vermişdir. RİH başçısı əvvəllər də onun əmək fəaliyyətinə aid olmayaq qeyd olunan məsələlərlə əlaqədar barəsində qərəzli olaraq intizam tənbehi tədbirləri seçmişdir. Bu zaman da onun verdiyi əsaslandırılmış izahatlar nəzərə alınmamışdır. İddiaçı iddia tələbini əsaslı hesab edərək təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə əlavə olaraq izah etdi ki, onun vəzifə səlahiyyətlrinə təsərrüfatbaşına kitabların aparılması, vətəndaşlara arayışların verilməsi, şəhərdə təmizlik işlərinin, məişət tullantılarının yığılmasının düzgün aparılması və küçələrin işıqlandırılması və s.kimi məsələlərlə bağlı əlaqədar təşkilatlı əlaqəli işləmək və s. daxil olmuşdur. Belə ki, o, hər gün ərazini gəzib nəzərə çarpan çatışmamazlıqlar və nöqsanlar barədə aidiyyəti təşkilatlara məluat vermişdir. Ona xəbərdarlıq verilməsinə dair 03 iyun 2020-ci il tarixli xəbərdarlıq elan edilməsi və töhmət verilməsinə dair 9 iyun 2020-ci il tarixli əmrlərdən xəbəri olmamış, bununla bağlı izahatları alınmamışdır. 17 avqust 2020-ci il tarixdə iclasda rayon icra hakimiyyəti başçısı tərəfindən şiddətli töhmət elan edilmişdir. Belə ki, şəhərdə bir köhnə evinin sökülməi ilə bağlı tikinti materialları evin qarşısındakı ərazidə küçəyə yığılmışdır. O, bunu görmüşdür, lakin ev sahibini tapmaq mümkün olmadığına, inzibati ərazi dairə nümayəndəliyinin isə belə bir texnikya malik olmadığına görə həmin vaxt göstərilən tullantıları oradan yığışdırmaq mümkün olmamışdır. Bununla bağlı o, səlahiyyətləri daxlində başçının birinci müavininə, “xxxx” MMC-yə məlumat vermişdir. Bundan başqa baçşı aztəminatlı ailələlərə pandemiya ilə bağlı paylanan ərzaq yardımların düzgün paylanmaması səbəbi ilə ona irad tutmuşdur. Halbuki, onun həmin yardımların paylanmasında hər hansı şəxsi marağı olmamışdır, o, yalnız ərazidəki aztəminatlı ailələrin siyahısını tutaraq ünvanlarını göstərmişdir. Həmin iclasdan sonra da o, yuxarıda göstərilən evin sahibini tapa bilməmiş, həmin şəxsin barəsində sahə müvəkkili tərəfindən inzibati xəta haqqına protokol tərtib edilmişdir. 20 avqust 2020-ci il tarixdə rayon icra hakimiyyəti başçısı ərazidə reyd keçirərkən həmin yerdə tullantıların yığışdırılmamasını görüb ertəsi gün onu işdən azad etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və bildirdi ki, son 3 il ərzində Quba rayonunda geniş miqyaslı tikinti, abadlıq və quruculuq işləri görülmüş, yeni parklar salınmış, bir sıra mühüm infrastruktur layihələr həyata keçirilmişdir. Hazırda da rayonda bir çox əhəmiyyətli layihələr icra olunmaqdadır. Görülmüş işlər nəticəsində Quba şəhərinin, eləcə də qəsəbə və kəndlərin siması xeyli yaxşılaşmış, yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafı xeyli artmış, bütün bunlar isə əhali tərəfindən yüksək rəğbət hissi ilə qarşılanmışdır. Lakin görülən işlərə baxmayaraq bir sıra problemlər də mövcud olmuşdur. Quba rayonu müntəzəm olaraq çoxsaylı qonaq qəbul etidyindən şəhərdə gündəlik səliqə-səhman və təmizlik işlərinin aparılmasına ciddi nəzarət edilməlidir. Amma şəhərin təmizliyinə cavabdeh olan aidiyyəti məsul şəxslərin öz işlərini düzgün qura bilməməsinin nəticəsidir ki, İddiaçı nümayəndə işlədiyi vaxtlarda şəhərdə təmizlik və səliqə-səhman işləri lazımi səviyyədə aparılmamış, belə vəziyyət də şəhərin ümumi görünüşünə ciddi xələl yetirmişdir. Rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı öz işini düzgün qura bilməməsi, kommunal təşkilatların fəaliyyətinə lazımınca nəzarət edə bilməməsi şəhərdə təmizlik işlərinin tələb olunan səviyyədə aparılmasına mənfi təsir göstərmişdir. O, əvvəllər də dəfələrlə lazımi tapşırıq və tövsiyələrin verilməsinə, mövcud qanunvericiliyin tələblərinə əsasən barəsində müvafiq cəza və tənbeh tədbirlərinin görülməsinə baxmayaraq işində heç bir dönüş yaratmamış, verilən tapşırıqlara laqeyd və səhlənkar münasibət göstərmişdir. Belə ki, ona işində yol verdiyi nöqsanlara görə rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2020-ci il tarixli 14 nömrəli əmri ilə “xəbərdarlıq”, 09 iyun 2020-ci il tarixli 16 nömrəli əmri ilə “töhmət”, 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmri ilə isə “şiddətli töhmət” elan edilmişdir. Lakin İddiaçı barəsində qəbul edilən qərarlardan ciddi nəticə çıxarmamış, şəhər ərazisində səliqə-səhmanın yaradılması istiqamətində səmərəli fəaliyyət göstərməmişdir. Nəticədə 20 avqust 2020-ci il tarixdə keçirilən reyd zamanı Quba şəhərinin ərazisində bir neçə yerdə şəhərin ümumi görünüşünə ciddi şəkildə mənfi təsir göstərən tikinti materiallarından və məişət tullantılarından ibarət zibil yığınları aşkarlanmışdır. Bu faktlar bir daha İddiaçı öz işini düzgün qura bilmədiyini və vaxtında lazımi tədbirlərin həyata keçirilməsini təmin etmədiyini sübut etmişdir. Qeyd olunanlara əsasən İddiaçı Quba RİH başçısının 21 avqust 2020-ci il tarixli 69 nömrəli əmri ilə vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsində əmrin verilməsinə əsas olmuş təqdimatda göstərilən halların ümumiyyətlə onun vəzifə səlahiyyətlərinə aid edilmədiyini bildirsə də, əvvəllər verilmiş inzibati tənbehlərdən də görünür ki, RİH başçısı tərəfindən qeyd olunan nöqsanlarla bağlı ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilmiş, göstəriş və tapşırıqlar verilmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - Cavabdeh Başçısının 04 oktyabr 2019-cu il tarixli 71 nömrəli əmrindən görünür ki, İddiaçı 04 oktyabr 2019-cu il tarixdən rayon icra hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. - 04 oktyabr 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh başçısı X3 və İddiaçı arasında bağlanmışdır. - Cavabdeh başçısının müavini sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri səlahiyyətlərini icra edən Tariyel İbrahimov tərəfindən Cavabdeh başçısı Ziyəddin Əliyevə təqdim edilmiş təqdimatdan görünür ki, İddiaçı öz işini düzgün qura bilmədiyi və vaxtında lazımi tədbirlərin həyata keçirilməsini təmin etmədiyi üçün Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi İddiaçı barəsində qanunamüvafiq tədbir görülməsini məqsəduyğun hesab edilmişdir. - Cavabdeh Başçısının 03 iyun 2020-ci il tarixli 14 nömrəli əmrindən görünür ki, rayon icra hakimiyyəti başçısının Quba şəhər İƏD üzrə nümayəndəsi İddiaçı koronavirus (Covid-19) infeksiyası dövründə aztəminatlı ailələrə ərzaq yardımlarının düzgün paylanmaması və əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə xəbərdarlıq elan edilmişdir. - Quba rayon İHB Quba şəhər üzrə nümayəndəsinin müavini Elnur Manafov, Quba rayon İHB Quba şəhər üzrə nümayəndənliyinin mühandisi İsmayıl İsmayılov və Quba şəhər 31-ci məhəllə yaşayan Mikayıl Bədəlov tərəfindən tərtib edilmiş 04 iyun 2020-ci il tarixli aktdan görünür ki, Quba şəhər Heydər Əliyev prospektində inşa olunmuş dekorativ hasarın M.Bədəlov tərəfindən sökülməsi onlar tərəfindən aşkar olunmuşdur. Vətəndaşın dediyinə görə hasarın söküntüsü ilə əlaqədar Cavabdeh başçısının Memarlıq və tikinti şöbəsinin baş memarına məlumat vermişdir. Söküntü barədə Quba rayon İHB Quba şəhər üzrə nümayəndəliyinə vətəndaş tərəfindən məlumat verilməmişdir. Ərazidəki hasarın sökülməsində məqsəd abadlıq işlərinin aparılması və yeni üslubda hasarn yenidən bərpa olunmasıdır. Hasar M.Bədəlov tərəfindən bərpa olunacaqdır. -İddiaçı tərəfindən Cavabdeh başçısı Ziyəddin Əliyevə ünvanlanmış 09.06.2020-ci il tarixli izahatdan görünür ki,o, Quba şəhəri H.Əliyev prospektində yerləşən obyektin qarşısında olan dekorativ hasaırn sökülməsi ilə bağlı dərhal araşdırma aparmış, araşdırma zamanı hasarın obyekt sahibi M.Bədəlov tərəfindən söküldüyünü müəyyən etmişdir. M.Bədəlov hasarı sökməmişdən əvvəl Quba rayon İHB Memarlıq və tikinti şöbəsininin müdiri Şahin Aslanova məlumat veridiyi müəyyən etmişdir. Söküntü işlərinin bərpa məsələsi və digər abadlaşdırma məsələlərinin nəzarətdə saxlanıldığı bildirilmişdir. - Cavabdeh Başçısının 09 iyun 2020-ci il tarixli 16 nömrəli əmrindən görünür ki, rayon icra hakimiyyəti başçısının Quba şəhər üzrə İƏD nümayəndəsi İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə töhmət elan edilmişdir. - Cavabdeh Başçısının 17 avqust 2020-ci il tarixli 30 nömrəli əmrindən görünür ki, rayon icra hakimiyyəti başçısının Quba şəhər üzrə İƏD nümayəndəsi İddiaçı əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilmişdir. -Cavabdeh Başçının 21 avqust 2020-ci il tarixli 69 nömrəli əmrindən görünür ki, “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi İddiaçı 21 avqust 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə dövlət qulluğuna və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -İddiaçıya məxsus əmək kitabçasından görünür ki, İddiaçı 04 oktyabr 2019-cu il tarixldə Cavabdeh başçısının Quba şəhər İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş, 21.08.2020ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. -Cavabdeh başçısının 12 nömrəli 23 yanvar 2020-ci il tarixli sərəncamından görünür ki, Quba rayonu ərazisində mənzil-kommunal təsərrüfatı və abadlaşdırma sahələrində işlərin daha da yaxşılaşdırılması, göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, müxtəlif kommunal xarakterli məsələlərin həllinə nail olmaq, pərakəndəliyi aradan qaldırmaq məqsədi ilə “Təmizlik Sanitariya və Abadlıq birliyi”nin ,”Məişət tullantılarının zərərsizləşdirilməsi Xidməti”nin, “X5 və Abadlıq birliyi”nin, Qonaqkənd qəsəbə “Təmizlik Sanitariya və Abadlıq birliyi”xxxx“Kommunal Müəssisələri Kombinatı”nın fəaliyyətləri dayandırılaraq onların maddi rexniki bazası əsasında xxxx Kommunal Təsərrüfatı birliyi yaradılmışdır. - İddiaçı tərəfindən Cavabdeh başçısı Ziyəddin Əliyevə ünvanlanmış 20.08.2020-ci il tarixli izahatdan görünür ki, o, Quba şəhərinin General Əsədov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində olan tikinti tullantılarının yığışdırılması üçün ev sahibinə, “xxxx “MKTB-nə və sahə müvəkklinə məlumat verdiyini, eyni zamanda sahə müvəkili tərəfindən inzibati xəta haqında protokol tərtib edildiyi bildirmişdir. -“xxxx” MKTB–nin rəisi Vüqar Əhmədli tərəfindən Cavabdeh başçısı Ziyəddin Əliyevə ünvanlanmış 20.08.2020-ci il tarixli izahatdan görünür ki, Quba şəhərinin General Əsədov və M.Ə.Rəsulzadə küçələrinin kəsişməsində olan tikinti tullantılarının yığışdıırlamsı üçün dəfələrlə ev sahibinə xəbərdarlıq edilmişdir. Bu barədə Quba şəhər icra nümayəndəliyinə məlumat verilmiş, lakin müəssisənin balansında tikinti tullantılarının yığışdırılması və daşınması üçün müvafiq texnika olmamışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən verilmiş 27.04.2021-ci il tarixli ********* cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cavabdeh vəzifəli şəxslərinin, eləcə də Quba rayon Barlı bələdiyyyəsinin sabiq sədri Kərim Məmmədovun və Quba rayon Zərdabi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş X6 qanunsuz hərəkətləri ilə bağlı fakta görə cinayət işi başlanılaraq istintaq olunur. Həmin cinayət işinin isitintaqı zamanı İddiaçı şahid qismində dindirilsə də, istintaq sirri olduğundan həmin ifadəni təqdim edilməsi mümkün deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 04 oktyabr 2019-cu il tarixdən Cavabdeh Başçısının Quba şəhər İƏD üzrə nümayəndəsi vəzifəsində işləmişdir. 09 iyun 2020-ci il tarixdə ona rayon İcra Hakimiyyəti Başçısı tərəfindən töhmət, 17 avqust 2020ci il tarixdə şiddətli töhmət elan edilmiş və 21 avqust 2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Əmr onula əsaslandırılmışdır ki, iddiaçı öz işini düzgün qura bilməmiş, kommunal təşkilatların fəaliyyətinə lazımınca nəzarət edə bilməmiş, əvvəllər verilmiş inzibati tənbehlərdən nəticə çıxarmamışdır. Cavabdeh inzibati orqan İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmrdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı və 33.1.6-cı maddələrini rəhbər tutmuşdur. Qanunun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Göstərilən Qanunun 25.2-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Qanunun bu tələbindən göründüyü kimi dövlət qulluqçusuna şiddətli töhmət elan edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin Qanunun 25.3-cü maddəsinə görə bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya şiddətli töhmət elan edilərkən əmrin ona təqdim edilməsi, bununla bağlı izahatının alınması və ya onun izahat verməkdən imtina etməsi barədə aktı məhkəməyə təqdim edə bilmədi. Göstərilən Qanunun 25.8-ci maddəsinə görə intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki , iddiaçının ona şiddətli töhmət elan edilməsindən 4 gün sonra onun tutduğu vəzifədən və dövlət qulluğundan azad edilməsi barədə əmr verilmişdir ki, bununla onun 17.08.2020-ci il tarixli əmri mübahisələndirmək hüququ pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 2.15-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda inzibati vəzifə tutan işçiləri, müvafiq nümayəndələrin və orqan rəhbərlərinin təqdimatı ilə, yerli icra hakimiyyətinin başçısı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vəzifəyə təyin və vəzifədən azad edir. Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən ərazidə mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən qurumların (mənzilkommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinə aid edilmişdir. Əsasnamənin məzmunundan göründüyü kimi məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirmək birbaça inzibati ərazi dairəsi nümayəndələrin səlahiyyəti deyildir, onların səlahiyyətinə həmin işləri yerinə yetirən qurumların fəaliyyətini yerli icra hakimiyyəti başçısının müəyyən etdiyi məsələlər üzrə əlaqələndirmək daxil edilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş və aşkar etdiyi tullantılar və tikinti materialların yığınları barədə “xxxx” MKTB-yə məlumat vermişdir. Bu halı MKTB-nin rəisi Vüqar Əhmədli özünün Cavabdeh başçısı Ziyəddin Əliyevə ünvanlanmış 20.08.2020-ci il tarixli izahatında da təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı şəhərin bəzi yerlərində tikinti materiallarının və məşiət tullantılarının yığıldığı irad tutularaq ona 17 avqust 2020-ci il tarixdə şiddətli töhmət elan edilmişdir. Daha sonra 20 avqust 2020-ci il tarixdə, yəni üç gündən sonra onun tutulan iradlardan və inzibati tənbehlərdən nəticə çıxarmaması, işini düzgün qura bilməməsi səbəb kimi göstərilərək tutduğu vəzifədən azad edilmişdir. Əvvəla, yuxarıda qeyd olunduğu kimi məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Qanunda dövlət qulluqçusuna şiddətli töhmət elan edilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı məhkəmə hesab edir ki, inzibati tənbeh verildikdən sonra işçi üçün işində dönüş yaradılması və inzbati tənbehdən nəticə çıxarmaq üçün üç gün çox azdır və ağlabatan müddət deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh başçısının İddiaçı barəsində verdiyi 21 avqust 2020-ci il tarixli 69 saylı əmri ləğv edilməli, onun əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Başçısının 21 avqust 2020-ci il tarixli 69 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh Başçısının Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar