Məhkəmə qərarları › İş №2-1(118)-336/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-336/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-336/2023 23.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “iddiaçı ilə Bank Respublika ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditləri ilə bağlı əlavə tədbirlər haqqında 2019-cu il 28 fevral tarixli Fərmanın icrası ilə əlaqədar xx.xx.2015-ci il tarixə kredit borcu üzrə 5984.90 ABŞ dolları və xx.xx.2015-ci il tarixə kredit qalıq məbləği üzrə 2847.61 ABŞ dolları məbləğinə qanunla müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs Bank Respublika ASC arasında xx.xx.2012-ci il tarixdə kredit və ipoteka müqaviləsi imzalanmışdır . Həmin kredit müqaviləsinə əsasən 15080 ABŞ dolları məbləğində ona kredit verilmişdir . Hazırda həmin kredit tərəfindən tam şəkildə ödənilmişdir . Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin Fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc alımış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Bununla əlaqədar olaraq üçüncü şəxs Bank Respublika ASC-yə 2019-cu il 28 fevral tarixli Fərmanının icrası ilə əlaqədar olaraq həmin kredit müqaviləsi üzrə kompensasiya ödənilməsini tələb etmiş, üçüncü şəxs Bank Respublika ASC tərəfindən xx.xx.2021 -ci il tarixli ona ünvanlanmış 5422 saylı məktubla müraciətim müsbət həll edilməmişdir. Həmçinin həmin kompensasiyanın verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli 01.26-2-2022-6981 nömrəli məktubla onun tələbinin təmin edilməsindən imtina etmişdir.Göründüyü kimi üçüncü şəxslə cavabdeh birbirinə zidd məlumatlar qeyd edir.Hazırda kimin haqlı olması ilə bağlı mütləq qaydada məhkəmə araşdırmasına ehtiyac vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditləri ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar xx.xx.2015-ci il tarixə kredit borcu üzrə 5984, 90 ABŞ dollarına görə 1496,2 manat (5984,9x0,25=1496,2) və xx.xx.2015-ci il tarixə kredit borcu üzrə 2847, 61 ABŞ dollarına görə 1708,56 manat (2847,61x0,6=1708,56), ümumilikdə 3204,76 manatın hesablanması öhdəliyini Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın qeyd edilən məlumat bazalarına əsasən İddiaçı Mövlam oğlunun barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla "xxxx" ASC arasında hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya Fərman çərçivəsində kompensasiya məbləği hesablanmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara; Cavabdehin xx.xx.2022-ci il tarixli 01.26-2-2022-6981 nömrəli imtina məktubu, etiraz ərizəsi, "xxxx" ASC-nin 4908 nömrəli, xx.xx.2022-ci il tarixli və 557 nömrəli, xx.xx.2023-cü il tarixli məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Mərkəzi Bankının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Mərkəzi Bankın hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, Prezidentin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşmüş şəxslərə müvafiq ödənişlərə nəzarət Mərkəzi Bankın səlahiyyətlərinə aiddir. Belə olduğu təqdirdə Mərkəzi Bankın hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Mərkəzi Banka müraciət etmiş və cavabdehin xx.xx.2022-ci il tarixli 01.26-2-2022-6981 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Xızı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarmadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: -2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; -2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; -2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1 -ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. İş materillarından müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə əməliyyatlar Mərkəzi Bankın məlumat bazalarına əsasən Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşməmişdir. Belə ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış hər hansı kredit müqaviləsinin bağlanılması barədə qeydlər olmadığından iddiaçının müraciəti müsbət həll edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin mövcudluğu öz təsdiqini tapdığından iddiaçının müraciəti təmin edilməlidir. Həmçinin, "xxxx" ASC-nin 557 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan da qeyd olunur ki, İddiaçı Mövlan oğlu ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 016CARL122060003 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixi üçün əsas borc məbləği 5 984.9 ABŞ dolları (4 705.33 AZN) və xx.xx.2015-ci tarixi üçün əsas borc məbləği 2 87.61 ABŞ dolları (2 989.71 AZN) miqdarındadır. Belə olan halda iddiaçıya münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra edilməmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, cavabdeh təşkilat tərəfindən Prezidentin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanını iddiaçıya şamil olunmadığından, müvafiq öhdəlik cavabdehin üzərinə qoyulmalı və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1- ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditləri ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar xx.xx.2015-ci il tarixə kredit borcu üzrə 5984, 90 ABŞ dollarına görə 1496,2 manat (5984,9x0,25=1496,2) və xx.xx.2015-ci il tarixə kredit borcu üzrə 2847, 61 ABŞ dollarına görə 1708,56 manat (2847,61x0,6=1708,56), ümumilikdə 3204,76 manatın hesablanması öhdəliyini Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar