Məhkəmə qərarları › İş №2-1(118)-3366/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3366/2023

23.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3366/2023 23.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı mənzil kirayə haqqına görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 2021-ci il tarixli, 97 nömrəli sərəncamında iddiaçı barəsində “Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin qeydiyyata götürülməsi barədə” çıxardığı qərara əsasən, onun yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməli) təmin olunması barədə Quba rayon İcra Hakimiyyəti üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzil kirayə haqqına görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 8 il 2 ay (xx.xx.2007-xx.xx.2008 (həqiqi hərbi xidmət), xx.xx.2014-xx.xx.2021) Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət keçmişdir. Xidməti dövründə nümunəvi xidmətlərinə görə dəfələrlə təltif olunmuşdur. Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüşlərdə yaralanmışdır. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət fibbi-sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının qərarı ilə “Yuxarı ətrafların monoplegiyaşı, sağ yuxarı ətrafın sıstolık proksimal pleqİyası əlin parezi” diaqnozu ilə 3-cü dərəcə əlillik verilmişdir. Hazırda, müharibə iştirakçısı, əlil kimi ailəsi və uşaqları ilə birlikdə kirayədə yaşayır. Az maaşlı işdə işlədiyindən, nə kirayə pulunu verə bilir, nə də ev tikmək üçün torpaq sahəsi ala bilir. Aldığı əlillik pensiyasının çox hissəsini müalicəsi üçün dərman və preparatlara xərcləyir. Mənzilməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Quba rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmiş, lakin ona xx.xx.2023-cü il tarixli, 5-6İ/2-2-Q-6xx/xx/2023 nömrəli məktubla imtina cavabı verilmişdir. Halbuki, Quba rayon İcra Hakimiyyəti Başçısının 13 oktyabr 2021-ci il tarixli 97 nömrəli sərəncamı ilə o, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi uçota götürülmüşdür. O, hərbi xidmətdən öz arzusu ilə deyil, yaralanması ilə bağlı ayrılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bildirmişdir ki, İddiaçı 30 yanvar 2023cü il tarixdə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, ona müvəqqəti mənzil kirayə haqqının verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya rəsmi cavab verilərək bildirilmişdir ki, hərbi xidmət keçdiyi müddət 15 ildən az olduğuna görə onun kirayə haqqı ilə təmin edilməsi mümkün olmamışdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli 27 saylı arayışdan görünür ki, İddiaçı hərbi xidmət keçmə müddəti 15 təqvim ilindən az olmuşdur. Eyni zamanda İddiaçı imtiyazlı şəxs kimi Quba rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli, 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamları, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli sərəncamı ilə əhatə olunan imtiyazlı şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş : - AO № ******* seriyalı hərbi biletdən görünür ki, o, xx.xx.2007-xx.xx.2008 (həqiqi hərbi xidmət), xx.xx.2014-xx.xx.2021-ci il tarixlərdə müddətdən hərbi xidmətdə olmuş, o cümlədən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Vətən müharibəsində iştirak etmişdir. -TSEK tərəfindən verilmiş xx.xx.2021-ci il tarxli arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsu ilə əlaqədar 5 il müddətinə 3cü dərəcəli əlillik verilmişdir. -Quba rayon İHB-nın xx.xx.2021-ci il tarixli 97 saylı sərəncamından görünür ki, İddiaçı mənzil məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata götürülmüşdür. - 27 iyul 2019-cu il tarixli kirayə müqaviləsindən görünür ki, X3 ona məxsus ünvan 2 ünvanında yerləşən mənzili İddiaçı kirayəyə vermişdir. - Quba rayon Alpan İƏD tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı və ailəsi Quba rayon Alpan kəndində qeydiyyatdadırlar. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin Qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İstinad olunan Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndindən də göründüyü kimi ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ nəzərdə tutulmuşdur. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Cavabdehin həm imtinasının, həm də etirazının dəlili ondan ibarətdir ki, iddiaçı 15 ildən az xidmət etdiyindən ona mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, qanunverici mənzil kirayə xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada mənzil kirayə haqqının kompensasiyanın ödənilməsi üçün azı 15 il xidmət etmə ilə bağlı tələbi vurğulamamışdır. Həm “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununda, həm də “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərarında müvafioq kompensasiyanın yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına ödənilməsi nəzərdə tutulmuşdur. Yəni, həmin normada qanunverici bu qaydanın, yalnız 15 təqvim ili xidmət edənlərə aid olduğunu konkret göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafıq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və İddiaçı yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar