Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3367/2024 01.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh XXX qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh XXX (bundan sonra – “cavabdeh”) qarşı “iddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin halları, mübahisənin vəziyyəti və iddianın aidiyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər məhkəməyə dəvət olunmuşlar.
4. Məhkəmə iclasının vaxtı və yerı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər.
5. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. İddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçı Zəngilan rayon Cahangirbəyli kəndində daimi qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi ilə də bu hal təsdiq olunur. Zəngilan rayonu isə Sumqayıt İnzibati Məhkəməsinin yuridiksiyasındadır. Bu baxımdan işə Sumqayıt İnzibati məhkəməsində baxılmalıdır.
Tərəflərin iştirakı və izahatları:
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf və cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
8. İddaçı tərəfindən məhkəməyə ünvanlanmı ərizədə həmçinin onların iştirakı olmadan işə baxaraq, iddianın Sumqayıt İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş edilmişdir.
9. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana,ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələrivə digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer- onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.”
11. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” 13 may 2013-cü il tarixli Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Əsas anlayışlar:
Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) –Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri– tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana,ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeridedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. (-) İ. Ümumi müddəalar
1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir. ...”
12. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (-) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); ...” “Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. ...”
MƏHKƏMƏNİN MÖVQEYİ
13. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
14. Məhkəmə qeyd edir ki, iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır.
15. Hazırkı mübahisə öhdəliyin icrası haqqında münasibətləri ilə bağlıdır.
16. Belə ki, işin materiallarında mövcud olan Azərbaycan Respublikası Zəngilan rayonu İcra Hakimiyyəti Başçısının Cahangirbəyli kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyinin 9 yanvar 2024-cü il tarixli 2 nömrəli arayışına əsasən, Zəngilan rayonun Cahangirbəyli kənd sakini iddiaçı Cahangirbəyli kəndində qeydiyyatda olmaqla hal-hazırda ünvan 2 ünvanında məskunlaşıb yaşayır.
17. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Bakı şəhəri, Suraxanı rayonu üzrə bölməsinin 9 yanvar 2024-cü il tarixli 87 nömrəli arayışına əsasən, iddiaçı Zəngilan rayonundan məcburi köçkündür və Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi fərdi evdə müvəqqəti məskunlaşmışdır.
18. İPM-in 8.1.2-ci maddəsinin məzmunundan aydın olur ki, öhdəliyin icrası haqqında münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 2) inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır; 3) Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.
19. İşin hallarından müəyyən olunur ki, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.2-cü maddəsində göstərilən “İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır” kimi müəyyən edilmiş aidiyyətin təsir dairəsinə düşür.
20. “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “Qaçqınların və X1 üzrə dövlət komitəsi məlumatları”ndan görünür ki, iddiaçının “qaçqınlıq statusu” hissəsində “var” qeyd olunmuşdur.
21. Qeydiyyat ünvanı və faktiki yaşayış yerini fərqli olmasına münasibətdə məhkəmə bildirir ki, Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” Qaydalarına əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
22. Göründüyü kimi, iş materialında olan sənədlərdən müəyyən olunur ki, iddiaçıya göndərilən bütün məktublar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, M.Hacınski küçəsi ünvanına göndərilmişdir.
23. Eyni zamanda, iddiaçı iddia ərizəsində özünün ünvanı kimi də ünvan 3d etmişdir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(102)- 2076/2022 saylı qərarı (bundan sonra – “Qərar”) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2-1(103)-840/2022 saylı qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim Rahib Nəbizadə, hakimlər Xəqani Məmmədov və Səyyad Kərimov).
25. Qeyd olunan Qərardan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2-1(103)-840/2022 nömrəli qərardadı ilə İPM-in 8.1.2-ci maddəsi əsas götürülərək, Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olmasına istinad edilərək inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 5 iyul 2022-ci il tarixli 2-1(120)-1488/2022 nömrəli qərardadına əsasən, inzibati iş ərazi aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, iddiaçı Laçın rayonunda pasport qeydiyyatında olsa da, məlum səbəblərdən hələ Laçında, qeydiyyatda olduğu yerdə yox, ünvan 4 ünvanında yaşayır. Bu səbəbdən, məhkəmə hazırkı iddia tələbinə baxılmasında özünü səlahiyyətli saymadığından hesab edir ki, iş məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir.
26. Ali Məhkəmənin Qərarında isə ərazi aidiyyəti ilə bağlı məsələyə münasibətdə bildirilmişdir ki, “... “Qanunverici şəxsin olduğu yer” dedikdə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binasını (özünün, qohumunun, tanışının və b.) nəzərdə tutur. İddiaçı Laçın rayonunda qeydiyyatda olsa da, məlum səbəblərdən hələ Laçında, yəni qeydiyyatda olduğu yerdə yox, ünvan 4 ünvanında yaşayır. ...”
27. Yuxarıda göstərilənlərə məhkəmə qiymət verərək hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının qeydiyyatda olduğu deyil, hazırda yaşadığı yer üzrə səlahiyyətli məhkəmə olan Bakı İnzibati Məhkəməsidir.
28. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Bakı şəhəri Suraxanı rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (15.11-ci bənd).
29. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə,hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
30. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
31. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
32. Yuxarıda şərh edilənlərə əsasən və İPM-in 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:
İddiaçı cavabdeh XXX qarşı “iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova