Məhkəmə qərarları › İş №2-1(118)-3369/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3369/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3369/2024 30.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması haqqında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h saylı və nizami hissə üzrə 188n/h saylı xx.xx.2017-ci il tarixli əmrlərin etibarsız hesab edilməsi” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib hərbi xidmətdən ehtiyata buraxılmağının qanunsuz sayılması, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h nömrəli əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətə bərpa edilməyi, tərxis tarixindən hazıradək keçmiş müddətin hərbi xidmət stajına hesablanılması,qanunsuz ehtiyata buraxılma nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması haqqında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h saylı və nizami hissə üzrə 188n/h saylı xx.xx.2017-ci il tarixli əmrləri etibarsız hesab edilsini məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, ehtiyata buraxılmazdan əvvəl son vəzifəsi SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi vəzifəsi olmuşdur.Ehtiyata buraxılmağının formal səbəbi xx.xx.2017-ci ildə cinayət əməlini törətməkdə şübhəli bilinərək həbs olunmağı olmuşdur. Bununla əlaqədar bildirir ki, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarxili qanuni qüvvəyə minmiş hökmü ilə o 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmiş və cəriməni ödəmişdir. Hesab edir ki, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağım zamanı qanunvericiliyin tələbləri, eləcə də onun konstitusion hüquqlarım kobudcasına pozulmuşdur. Belə ki, bütün xidmət dövründə nümunəvi xidmətilə seçilmiş və yuxarı rəislərindən hər hansı intizam cəzası almamış, uzun illər ərzində hərbi komissar müavini, hərbi komissar, SHXÇDX-nin rayon bölməsinin və şöbəsinin rəisi vəzifələrində xidmət etmiş, xidməti vəzifələrinin icrasına münasibəti nəzərə alınmaqla hər dəfə daha yuxarı vəzifələrə irəli çəkilmiş, polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlmişdir.SHXÇDX rəisinin xx.xx.2017-ci il tarxili 034 ş/h nömrəli əmri ilə tərxis edildiyi tarixdən 5 ay əvvəl “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medala layiq görülməyi qeyd etdiklərini bir daha təsdiqləmiş olur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə görə “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Cavabdeh AR konstitusiyasının bu müddəasını nəzərə alınmadan, təqsirimin olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan onu tərxis etmişdir.Tərxis edildiyi zaman “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələbləri isə ümumiyyətlə nəzərə alınmamşdır. Həmin Əsasnamənin 158-ci maddəsinin 11-ci abzasında “Barələrində istintaq isi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər”. məzmunlu müddəa nəzərdə tutulduğu halda Cavabdehin rəhbərliyi bu müddəanı pozaraq onu tərxis etmişdir. Halbuki həmin Əsasnamənin 72-ci maddəsinin ”d” bəndinin 2-ci abzasının 1-ci cümləsinə (“Cinayət isləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar.”) əsasən o vəzifədən azad olunmaqla sərəncama götürülməli idi.Eyni zamanda həmin Əsasnamənin 161, 162, 163-cü maddələrində təsbit edilmiş - hərbi qulluqçunu tərxis olunma barədə məlumatlandırma, onunla 2 dəfə söhbət aparma, tibbi şəhadətləndirmə kimi mütləq tələblərə də riayət olunmamışdır. Tərxis edildiyi zaman 18 ildən artıq hərbi xidmət stajının olması, himayəsində 3 (üç) azyaşlı övladının olması da nəzərə alınmamışdır.Hesab edir ki, cavabdeh tərəfindən yuxarıda göstərilən hüquq normalarının tələblərinə riayət olunmaması nəticəsində ona ciddi maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, həbs edildikdən sonra “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin tələbinə uyğun olaraq, təqsirsizlik prezumpsiyası barədə konstitusion qaydaya zidd olaraq tərxis olunmayacağı təqdirdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cərimə cəzasına məhkum ediməyi səbəbindən onun SHXÇDX-nin şəxsi heyətinin sıralarından xaric edilməyi üçün hüquqi əsas da olmayacaqdı, həqiqi hərbi xidmətimi davam etdirmək hüququndan məhrum edilməyi hərbi xidmət stajını 20 ilə çatdıraraq pensiya hüququnu əldə etmək imkanını da əlindən almışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması haqqında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h saylı və nizami hissə üzrə 188n/h saylı xx.xx.2017-ci il tarixli əmrlərin etibarsız hesab edilsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, cavabdeh təşkilatın qanunvericiliyin tələblərinə uyğun hərəkət etdiyini və buna görədə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h saylı və nizami hissə üzrə 188n/h saylı xx.xx.2017-ci il tarixli əmrlərinin, 032 ş/h saylı xx.xx.2016-cı il tarixli əmrinin, 59 saylı xx.xx.2016-cı il tarixli əmrin, 075 ş/h xx.xx.2017-ci il tarixli sərəncama çıxma barədə əmrin surətləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İş materiallarında olan ZE seriyalı ******* nömrəli Hərbi biletə əsasən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1999-cu ildə Silahlı Qüvvələrdə xidmətə başlamış. xx.xx.2017-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə müvafiq (xidməti uyğunsuzluğa görə)olaraq əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir lki, X3 02 iyul 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə bölmə rəisi vəzifəsinə təyin edilmiş, sonradan həmin Xidmətin Şuşa rayon bölmsinə,xx.xx.2016-cı ildə Astara rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2017-ci ildə Asrata rayon şöbəsində keçirilən istintaq əməliyyat tədbirləri səbəbindən həmin şöbənin rəisi olmuş İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 075Ş/h saylı xx.xx.2017-ci il tarixli əmrinə əsasən vəzifəsindən azad edilərək Xidmətinin rəisinin sərəncamına götürülmüş və 187 n/h saylı əmrə əsasən xx.xx.2017-ci ildən Xidmətin aparatının şəxsi heyyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq Xidmətin aparatının sərəncamına götürüldüyünə görə İddiaçı xx.xx.2017-ci il tarixli 2 saylı əmrə əsasən Astara rayon şöbəsinin şəxsi heyyətinin siyahısından və bütöv növ təminatlarından çıxarılmışdır. İki gün keçdikdən sonra İsgəndərov X2 və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h saylı əmri əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Yuxarıda qeyd olunan Əsasnamınin tələblərinə əsasən hərbi xidmətdən ehtiyyata buraxıldığına görə xx.xx.2017-ci il tarixli 1 saylı nizami hissə üzrə əmr əsasında şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmışdır. İddiaçı barəsində yekunlaşdırılmış cinayət işi baxılması üçün aidiyyatı üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilmiş və məhkəmənin 25 dekabr 2018-ci il tarixli 1-1(096)-29/2016 saylı hökmünə əsasın İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5 321.1 və 341.2.1ci maddələri ilə təqsirli bilinək 1000 (min) manat cərimə cəzasına məhkum edilmişdir. Cərimə cəzası təyin edilərkən Kənan İsmayılovun xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə kimi həbsdə olması nəzərə alınmışdır. İşin faktiki hallarının araşdıran məhkəmə hesab edir ki, aşağıda qeyd olunan maddi hüquq normalarının tələblər baxımından iddia tələbi təmin edilməlidir. Belə ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. Həmin Əsasnamənin 13-cü bəndinin 4cü yarımbəndinə görə dinc dövrdə Silahlı Qüvvələrin mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün 48 yaş son yaş həddi kimi müəyyən edilib. Əsasnamənin 15-ci bəndinə görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular: 1) xəstəliyə, 2) ştatların ixtisarına, 3) ailə vəziyyətinə, 4) xidməti uyğunsuzluğa, 5) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə, 6)həmçinin öz arzusu ilə (yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər), 7) törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə onların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına yol verilir. Əsasnamənin 72-ci bəndinin d yarımbəndinə əsasən cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir. Əsasnmənin 158-ci bəndinin b yarımbəndinə görə törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar. Bu maddədə göstərilən hərbi qulluqçuların buraxılmaları üçün təqdimat (raport) təqdim edilməsi və onların buraxılması məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissəyə daxil olunmasından sonra icra edilir. Bu halda azadlıqdan məhrum edilməyə məhkum olunan və hökmün qanuni qüvvəyə mindiyi ana qədər həbsdə olan hərbi qulluqçular məhkəmənin hökmündə göstərilən cəza çəkmə günündən və hökmün qanuni qüvvəyə minməsi gününədək azadlıqda olanlar — məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün icrası üçün göstərişin hərbi hissə tərəfindən aldığı gündən həqiqi hərbi xidmətdən buraxılırlar. Bu maddənin “b” bəndində göstərilən şəxslər (azadlıqdan məhrum edilmək cəzası çəkməkdən amnistiya ilə azad olunanlardan başqa) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə, bir qayda olaraq, ştatla tabeliyində hərbi qulluqçular olmayan vəzifələrdə istifadə edilmək üçün həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər.Əsasnamənin 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddiməişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. Azərbaycan Respublikası “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.4-cü maddəsinə barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun həbsdə olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda, həqiqi hərbi xidmət müddətinə daxil edilir. Həmin Qanunun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt—inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Qanunun 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 64.4-cü maddəsinə əsasən etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Kostitusiyasının 24-cü maddəsinin İİİ-cü bəndinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 68-ci maddəsinin İİ-ci bəndinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 65.1-ci maddəsinə əsasən hüquqi boşluqlar bu və ya digər məsələnin hüquqi tənzimlənməməsi nəticəsində, normativ hüquqi aktın tənzimləmə üçün istifadə edilmədiyi halda, habelə normativ hüquqi aktın mətninə hüquq pozuntularına görə vəzifəli şəxslərin məsuliyyətini nəzərdə tutan və onların fəaliyyətinə nəzarəti tənzimləyən sui-istifadə əleyhinə preventiv normalar daxil edilmədikdə yaranır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən hüquqi tənzimləmədə boşluqların mövcudluğu və inzibati prosedurların olmaması hüquqi boşluqların mövcudluğu ilə əlaqədar olan tipik sui-istifadə amillərinə aiddir. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən inzibati akt həm vəzifəli şəxs üçün, həm də fiziki və hüquqi şəxslər üçün normativ hüquqi aktın mətnindən onlara əvvəlcədən məlum olan müəyyən prosedur üzrə qəbul edilməlidir və hərəkətlərin qayda və müddətləri müəyyən edilməlidir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin yuxarıda qeyd olunan maddələrinin (bəndlərinin) tələblərindən bəlli oldu ki, Silahlı Qüvvələrdə polkovnik-leytenant rütbəsində xidmət edən şəxslərin dinc dövrdə xidmətdə olma müddəti 48 yaş olmasına baxmayaraq qeyd olunan yaş həddinə çatmadanda ehtiyata buraxılmasına yol verilir. Belə ki, həmin zabitlərin 7 əsasla, yəni xəstəliyi, ştatların ixtisarı, ailə vəziyyəti, xidməti uyğunsuzluğu, öz arzusu, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməsi və törətdiyi cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildiyi halda vaxtından əvvəl ehtiyyata və ya istefaya buraxılması yolveriləndir. Xidmət müddəti ərzində törətdikləri cinayət əməllərinə görə həbs olunmuş və barələrində istintaq aparılan hərbi qulluqçular Əsasnamənin 72-ci bəndinə əsasən tutduqları vəzifədən azad olunaraq bütün istintaq dövrü üçün sərəncamda olurlar və barələrində istintaq və ya məhkəmə tərəfindən qərar çıxarılmayana kimi həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Həmin hərbiçilər yalnız barələrində məhkəmənin qanunin qüvvəyə minmiş hökmünün icraya yönəldilməsi zamanı verilmiş icra vərəqəsinin hərbi hissəyə daxil olduğu gündən etibarən ehtiyyata və ya istefaya buraxılıllar. Lakin bu qeydin Əsasnamənin 158-ci bəndinin b yarımbəndində göstərilməsinə baxmayaraq xidmətdən ehtiyyata buraxılmanın xüsusi qaydası Əsasnamənin 161-ci bəndində öz əksini tapmışdır. Belə ki, 161-ci bəndin tələblərinə görə hərbi qulluqçu hərbi xidmtədən ehtiyyata buraxılarkən onunla iki dəfə subordinasiya baxımından yuxarı vəzifəli şəxslər tərəfindən söhbətlərin aparılması və tibbi müayinədən keçirilməsi (xidmətə uyğunsuzluqda məcburiyyət yoxdur) kimi imperativ qaydlar müəyyən edilmişdir. Əsasnamənin 158 və 161-ci bəndlərini təhlil etdikdən sonra belə qanaətə gəlmək olur ki, barəsində qanuni qüvvəyə minmiş hökmün göstərişinin hərbi hissəyə daxil olmasından asılı olmayaraq hərbi qulluqçunun ehtiyyata buraxılması zamanı qeyd olunan prosedurlara riayət olunması məcburidir. İddiaçı iddia tələbinin araşdırması zamanı müəyyən edilmişdir ki, onun xidmətə uyğunsuzluqla bağlı ehtiyyata buraxılmasının əsasları, yəni xidmətə uyğunsuzluğunun nədən ibarət olması mübahisə predmeti olan xx.xx.2017-ci il tarixli 076 Ş/H saylı əmrdə göstərilməsədə belə, məhkəmədə cavabbdeh təşkilatın nümayəndəsinin verdiyi izahatından bəlli oldu ki, İddiaçı Əsasnamənin 41.0.6 bəndinə görə ehtiyata buraxılmasının səbəbi onun törətdiyi cinayət əməlinə görə xx.xx.2017-ci ildən həbsə alınması ilə bağlı olmuşdur. Halbu ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. Göründüyü kimi xx.xx.2017-ci il tarixli 076 Ş/H saylı əmrdə İddiaçı xidmətə uyğunsuz anlayışı aydın və anlaşılan deyil. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, hətta İddiaçı xidmətə uyğunsuz olması səbəbindən ehtiyyata buraxılması üçün əsas onun tərəfindən cinayət törətməsi olmasa idi belə cavabdeh təşkilat tərəfindən ehtiyyata buraxılma zamanı Əsasnamənin 161-ci bəndində göstərilən və imperativ xarakter daşıyan prosedur qaydalarına riayət olunmalı idi. Halbu ki, İddiaçı xx.xx.2017-ci il tarixinədək intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə xidmətdə göstərdiyi qüsürsuz fəaliyətə görə dəfələrlə medal ilə təltif edilmişdir. “İnzibati İcraat haqqında” Qanunun 14-cü maddəsində inzibati orqanlara verilmiş diskression səlahiyyətlərinin qanunla müəyyən edilmiş hüdudlar daxilində həyata keçirilməsi öz əksini tapmışdır. Qeyd olunan maddənin tərifindən belə məlum olur ki, inzibati orqanlar onlara verilmiş diskression səlahiyyətləri elə həyata keçirməlidirlər ki, həmin hüquqların həyata keçirilməsi zamanı başqa şəxslərin hüquq və azadlıqdlar məhdudlaşdırılmasın. Həmin Qanunun 16-cı maddəsində inzibati orqanların üzərinə hüquq normasının düzgün tətbiq edilməsi kimi öhdəlik qoyulmuşdur. İnzibati icraat haqqında Qanunun sadalan normaları ilə Əsasnamənin 161-ci bəndində göstərilən prosedur qaydalarını təhlil edərək belə qanətə gəlmək olur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə Silahlı Qüvvələrə aid olan Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xitmətinin hərbi qulluqçunu ehtiyata buraxmaq səlahiyyəti yalnız Əsasnamənin imperativ xarakter daşıyan 161-ci bəndinə riayət etdikdən sonra yaranır. Başqa sözlə desək Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xitməti rəisinin hərbi qulluqçunun şəxsi heyyətinin siyahısna daxil edilməsi və ya hərbi xidmətdən ehtiyyata (istefaya) buraxılması səlahiyyəti Əsanamədə göstərilən imperativ normalara riayət etdikdən sonra yaranır. Nəzərə alınmalıdır ki, İddiaçı xx.xx.2017-ci ildə Xidmət rəisinin əmrinə əsasən sərəncama götürülüb. Sərəncamda olma sözünün tərfi Əsasnamədə göstərilməsədə tutduğu vəzifədən azad olunma, kənarlaşma anlamına gəlir. Belə ki, Əsasnmənin tələbləri baxımından hərbi qulluqçu sərəncama götürülərkən o, başqa işlə təmin edilmə və sonra ehtiyyata buraxılmalıdır. Lakin İddiaçı xx.xx.2017-ci il tarixli 075ş/h saylı əmrlə sərəncama götürülərkən tutduğu vəzifədən azad edilmişdir. Belə olduğu tədqirdə onun vəzifə sahibi olmadan və ehtiyata buraxılma prosedurlarına riayət edilmədən həqiq hərbi xidmətdən ehtiyyata buraxılması yolverilməzdir. Başqa sözlə desək xx.xx.2017-ci ildə vəzifə tutmayan şəxsin hərbi xidmətdən ehtiyyata buraxılması yolverilməzdir. Sərəncamda olma müddətinə gəlincə oda qeyd olunmalıdır ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 34-cü maddəsində şəxsi və ailə məsələrləri ilə bağlı sərəncamda olma müddətinin son həddi 4 ay göstərilməsinə baxmayaraq, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməninin 158-ci bəndinin b yarımbəndində sərəncamda olma müddəti bütün istintaq dövrünü əhatə edir. Burada istintaq deyilərkən ibtidai istitaq sözünün olmamasını nəzərə alaraq məhkəmə istintaqı dövrünüdə, yəni məhkəmədədə işə baxılan müddətidə sərəncamda olma müddətinə daxil edilməsi yolveriləndir. Yuxarıda qeyd olunanlardan məlum olur ki, İddiaçı barəsində xx.xx.2017-ci il tarixli 076 Ş/H saylı əmr verilməsində cavabdeh təşkilatın səlahiyyəti yaranmamışdır. “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən, yəni “orqanın səlahiyyətli şəxsi (rəhbəri) tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılmasının” göstərilməməsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun 65.2-ci maddəsinin tələbləri baxımından Qanunda hüquqi boşluq kimi qəbul edilərək tipik sui-istifadə amillərinə aid edilməlidir.Yəni, “İnzibati İcraat haqqında” Qanunun 65.1.2-ci maddəsinin hərfi mənasında “səalhiyyəti olmayan inzibati orqan tərəfindən” sözünün anlayışı “inzibati orqanın səlahiyyətli olmayan şəxsi” kimi anlamına gəlməlidir. Azərbayacan Respublikası Konstitusiyasının 24 və 68-ci maddələrinə görə verilmiş hüquqdan sui istifadə qadağandır və hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Göründüyü kimi İddiaçı barəsində Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h saylı əmri hüquqdan sui istifadə və səlahiyyəti olmadan qəbul edilmiş inzibati aktdır. Bu isə inzibati akt hesab edilən xx.xx.2017-ci il tarixli 076 ş/h saylı və həmin inizbati aktın nəticəsi olaraq qəbul edilmiş Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rəisinin 188 nömrəli xx.xx.2017-ci il tarixli nizamnamə hissə üzrə əmrlərin etibarsız hesab edilməsinə dəalət edir. Hesab olunur ki, İddiaçı barəsində qəbul edilmiş ehtiyyata buraxılma və nizami hissə üzrə əmrin etibarsız hesab edilməsi halı xx.xx.2017-ci ildə İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamına götürülməsi haqqında 075ş/h saylı əmrinə təsir etməməlidir və məhkəmə hökmünün icrası barədə göstərişin Xidmətə daxil olduğu tarixdən iddiaçının Xidmətdə saxlanması və ya ehtiyyata buraxılması cavabdeh təşkilatın müstəsna hüququdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyyata buraxılması haqqında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli 076 ş/h saylı və nizami hissə üzrə 188n/h saylı xx.xx.2017-ci il tarixli əmrləri etibarsız hesab edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar