Məhkəmə qərarları › İş №2-1(118)-337/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-337/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-337/2021 26.01.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Cavabdehnə qarşı “ xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx xxxxxxxx 2020-ci il tarixli, 05/Q-3154-70 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar xx xxxxxx 2018-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Rəsmi nikahlarından xx xxxxxx 2019-cu ildə X3 anadan olmuşdur. Bunu xx.xx.2019-cu ildə verilmiş AZ-İV 383347 №li doğum haqqında şəhadətnamə təsdiq edir. Nərgizin sözügedən sənəddə soyadı Mehtiquliyeva kimi göstərilmişdir. Qızlarının soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsini istəyirlər. İslam uşağın babasının yəni, (İddiaçı2 atasının) X4 adıdır. Uşağın babasının adını qızlarının soyadında əbədiləşdirmək istəyirlər. Qızlarının soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsinə hər ikisi də razıdır. Bu məqsədlə iddiaçı Sumqayıt Cavabdeh Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Sumqayıt Cavabdeh Qeydiyyat Şöbəsi özünün xx xxxxxxxx 2020-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 190-cı maddəsinə görə “Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır” Həmin Məcəllənin 192-ci maddəsinə görə “ Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişiklik edilmişsə, əvvəllər verilmiş şəhadətnamə ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişiklik nəzərə alınmaqla yeni şəhadətnamə verilir”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar ərizə təqdim edərək işə iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmişdir, məhkəmə iddiaçıların iştirakı olmadan iş baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideyn soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X1 dəyişdirilməsi ilə bağlı müraciətin qeydiyyat orqanında təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Eyni zamanda cavabdeh inzibati orqan işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçılar xx xxxxxx 2019-cu ildə anadan olmuş X2 adına yeni doğum haqqında şəhadətnamənin verilməsi və veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadının “Mehtiquliyeva”dan “İslamzadə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Eyni zamanda iddiaçılara izah olunsun ki, uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edildiyinə görə, valdeyinlər soyadını dəyişdirərək istədikləri nəticəni əldə edə bilərlər. Bu eyni zamanda uşağında mənafeyinədə uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar