Məhkəmə qərarları › İş №2-1(118)-3375/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3375/2025

30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3375/2025 30.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X6-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar Komissiyasının xx.xx.2000-ci il tarixli 02 saylı qərarı əsasında Torpağın mülkiyyətə verilməsinə dair JN-528F kod 30304038 saylı Şəhadətnaməyə müvafiq Quba rayonu, İqriq kəndində iddiaçıya məxsus 0,10 hektar yerin yerində müəyyənləşdirilərək ona çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərnə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İİ qrup əlildir. Ona Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli 02 saylı qərarı ilə Quba rayonu Alekseyevka inzibati ərazi vahidliyində-İqriq kəndinin ərazisində 0,10 hektar fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Ona həmin torpaq sahəsinin ayrılması barədə JN- 528F kod 30304038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və həmin torpaq sahəsi yerində ayrılıb cizgiləri göstərilməklə iddiaçıya təhvil verilmişdir. İddiaçı dəfələrlə həmin torpaq sahəsinə çıxarış almaq məqsədilə cavabdehə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə iddiaçının adına çıxarış verməkdən imtina etmişlər. Bundan sonra, cavabdeh sonuncu müraciətlərindən sonra öz əməkdaşını iddiaçının torpaq sahəsini yerində ölçüb koordinatlar vurmaq və çıxarış hazırlamaq üçün onların iştirakı ilə yerində müayinə aparmaq məqsədilə göndərmişdir, lakin cavabdeh yerində müayinə apardıqdan sonra da iddiaçıya rədd cavabı vermişdir. Faktiki cavabdehin iştirakıla iddiaçının 0,10 hektar torpaq sahəsinin bir hissəsi qanunsuz başqasına satılmış, iddiaçının konstitusion hüquqları pozulmuşdur. Müraciətlərə baxmayaraq, cavabdeh iddiaçının müraciətlərinə sayğısızlıq nümayiş etdirərək və hüquqdan sui-istifadə edərək onun hüquqlarımı pozur. İddiaçıya çıxarış verməkdən imtina edir.

3. Cavabdeh imtina məktubunda bildirmişdir ki, sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilən, ərizəyə əlavə olunmuş JN-528F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində və öz əksini tapmamışdır. Bundan əlavə, torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamşdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

5. Məhkəmənin 13 iyun 2025-ci il tarixli, 2-1(118)-3375/2025 nömrəli qərardadı ilə iş üzrə X3 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehə və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. İddia tələbi çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

13. JN-528F saylı, KOD 30304038 “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarına əsasən, 0,10 ha torpaq sahəsi İddiaçı ayrılmışdır.

14. Quba rayonu, İqriq kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, qonşunun istifadə etdiyi torpaq sahəsinin bir hissəsi və qonşu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə qonşu arasında mübahisəlidir. Faktiki olaraq iddia olunan torpaq sahəsinin döngə nöqtələri mərz nişanları ilə nişanlanmamışdır (hasarlanmamışdır), yol və qonşu torpaqlar ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.10 ha təşkil edir. İddia olunan torpaq sahəsinin 322 kv.metr hissəsi qonşu tərəfindən istifadə olunur və həmin torpaq sahəsinin 300 kv.metr hissəsi **********63 reyestr nömrəli çıxarışa əsasən, X4 məxsus torpaq sahəsidir. Əlavə olaraq, qonşu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 62 kv.metr hissəsi iddiaçı tərəfindən iddia olunan lakin **********63 reyestr nömrəli çıxarışa əsasən, X4 məxsus olan torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə iş materiallarında iddiaçıya məxsus Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinə dair heç bir sənəd olmadığından həmin torpaq sahəsi ilə iddia olunan torpaq sahəsinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. İddia olunan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən, X1 kateqoriyalı olub, uqodiyası həyətyanı kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. İddia olunan torpaq sahəsi mübahisəlidir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.

15. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Quba filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv arayışından görünür ki, Quba RİHB-nın Alekseyeva İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Alekseyeva kəndi üzrə 8 saylı təsərüfatbaşına kitabda İddiaçı 690 saylı təsərrüfatın başçısı olub. Onun xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir.

16. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-8145/2025 nömrəli məktubdan görünür ki, X4 məxsus 0,03 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə əsas olan sənədlərin surətləri təqdim edilmişdir.

IV. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən. torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə isə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

22. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

23. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

24. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. V. Məhkəmənin mövqeyi

26. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

27. Məhkəmə tərəfindən müəyyən edildi ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 02 qərarı ilə iddiaçıya Quba rayonu, İqriq kəndi ərazisindən 0,10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-528F, kod 30304038 nömrəli şəhadətnamə tərtib olunmuşdur.

28. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Quba filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv arayışına əsasən Quba RİHB-nın Alekseyeva İƏV üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Alekseyeva kəndi üzrə 8 saylı təsərüfatbaşına kitabda İddiaçı 690 saylı təsərrüfatın başçısı olub. Onun xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir.

29. Məhkəmə hesab edir ki, JN-528F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında olan xəritə üzərində və öz əksini tapmaması barədə dəlillərini məhkəmə əsassız hesab edir. Belə ki, həmin hallar müvafiq dövlət orqanlarının funksiyalarına aiddir və həmin sənədlərin və ya qeydiyyatın aşkar edilməməsi vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırmamalıdır.

30. Quba rayonu, İqriq kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, qonşunun istifadə etdiyi torpaq sahəsinin bir hissəsi və qonşu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçı ilə qonşu arasında mübahisəlidir. Faktiki olaraq iddia olunan torpaq sahəsinin döngə nöqtələri mərz nişanları ilə nişanlanmamışdır (hasarlanmamışdır), yol və qonşu torpaqlar ilə həmsərhəddir. Kameral araşdırma nəticəsi olaraq bildirilir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.10 ha təşkil edir. İddia olunan torpaq sahəsinin 322 kv.metr hissəsi qonşu tərəfindən istifadə olunur və həmin torpaq sahəsinin 300 kv.metr hissəsi **********63 reyestr nömrəli çıxarışa əsasən, X4 məxsus torpaq sahəsidir. Əlavə olaraq, qonşu tərəfindən inşa edilmiş fərdi yaşayış evinin 62 kv.metr hissəsi iddiaçı tərəfindən iddia olunan, lakin **********63 reyestr nömrəli çıxarışa əsasən, X4 məxsus olan torpaq sahəsinin daxilində yerləşir. Məhkəmə iş materiallarında iddiaçıya məxsus Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsinə dair heç bir sənəd olmadığından həmin torpaq sahəsi ilə iddia olunan torpaq sahəsinin uyğun olubolmamasını müəyyənləşdirmək mümkün deyildir. İddia olunan torpaq sahəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən, X1 kateqoriyalı olub, uqodiyası həyətyanı kimi göstərilmişdir. Torpaq sahəsi heç bir mühafizə zolağında yerləşmir. İddia olunan torpaq sahəsi mübahisəlidir. Mübahisəli torpaq sahəsinə dair sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.

31. Məhkəmə qeyd edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-810/2024 saylı iş üzrə qəbul etdiyi 03 iyul 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Kassasiya şikayətlərinin əsas dəlilləri həm də ondan ibarətdir ki, iddiaçının adına mübahisəli əmlaka dair daşınmaz əmlakın dövlət reyestr kitabında qeydiyyat mövcud olsa da, həmin qeydiyyatın hansı hüquq müəyyənedici sənədlər əsasında aparıldığına dair sənədlər arxivdə aşkar edilməmişdir, eləcə də iddiaçı daha sonra həmin əmlakın özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracda iştirak etmiş, hərracın nəticələrinə əsasən müəyyən məbləğdə vəsait ödəsə də, əmlakı tam mülkiyyətinə keçirmək üçün tələb olunan bütün məbləği sonradan ödəməmişdir. Qeyd edilən dəlilləri kollegiya aşağıdakılara əsasən əsassız hesab edir. Yuxarıda da göstərildiyi kimi həlledici olan reyestr kitabındakı qeydiyyat və onun yaratdığı hüquqi nəticələrdir. Sözügedən qeydiyyat mülkiyyət hüquqlarını qeydə almağa səlahiyyətli orqan tərəfindən aparıldığına görə, qeydiyyatın aparıldığı vaxt buna əsas verən sənədlərin mövcud olduğu “a priori” qəbul edilməlidir. Digər tərəfdən, qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmasını təmin etmək ilk növbədə qeydiyyatı aparan orqanın borcudur. Odur ki, cavabdeh qeydiyyatın aparılmasına dair sənədlərin saxlanılmadığı halına öz xeyrinə istinad edə bilməz, eləcə də həmin sənədlərin saxlanılması yükü iddiaçının üzərinə qoyulmaqla bu hala istinadla hüququn qeydə alınmasından imtina oluna bilməz. İddiaçının hərracda iştirak etməsi də, vəziyyəti onun ziyanına dəyişmir. Belə ki, qeyd edilən hərrac reyestr kitabında iddiaçının adına qeydiyyat olduğu halda aparılmışdır. Həmin qeydiyyat və onun qanunvericiliklə qorunan hüquqi nəticələri davam etdiyi halda, iddiaçı hazırkı tələblə çıxış etməkdə haqlıdır. Kollegiya hazırkı mübahisəyə münasibətdə həmçinin aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Qeydiyyat orqanı maraqlı şəxsin adına müvafiq reyestr kitabında olan qeydiyyatın qanunsuz və ya əsassız aparıldığını sonradan aşkar etdikdə, prinsipcə, həmin qeydiyyatın ləğvi və ya onun düzəlişlər etmək hüququna malikdir. Lakin bu zaman inzibati orqan həm də, qanunvericilikdə nəzərdə tutulmuş tələbələrə və təminatlara riayət etməlidir. Həmin məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun normaları nəzərə alınmaqla həll edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar inzibati orqanların faktiki xarakterli hərəkətlərini təşkil edirlər. Odur ki, inzibati aktların ləğvi və ya dəyişdirilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş müddəalar müvafiq olaraq inzibati orqanların faktiki xarakterli hərəkətlərinə münasibətdə də eyni qaydada şamil olunmaqla tətbiq edilməlidir. İnzibati orqan, reyestrdə aparılmış qeydiyyatı ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində aparılmış qeydiyyatın ləğvi əsaslarının və şərtlərinin, eləcə də ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qeydiyyatı ləğv edərək həmin qeydiyyatın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsləri icraata cəlb etməyə və onların dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qeydiyyat aparmağa borcludur. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğvi və dəyişdirilməsi məsələsi qeydin əsasını təşkil edən hüquq müəyyənedici sənədlərin mübahisələndirilib-mübahisələndirilmədiyi də nəzərə alınmaqla “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada həll olunmalıdır. Qeydin ləğvi və ya dəyişdirilməsi ilə bağlı məsələyə baxarkən həm də “İnzibati icraat haqqında” Qanunun 67 və 68-ci maddələrinin normaları da nəzərə alınmalıdır.”.

32. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

36. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Quba rayon Aqrar İslahat Komissiyasının 24 fevral 2000-ci il tarixli, 02 saylı qərarı və JN-528F saylı, 30304038 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, Quba rayonu, İqriq kəndində yerləşən 0,0678 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X6-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar