Məhkəmə qərarları › İş №2-1(118)-3379/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3379/2023

11.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3379/2023 11.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan ünvan 1 saylı mənzilə dair dövlət reyestrində aparılmış qeydin dəyişdirilərək faktiki vəziyyətinə uyğun (28.9 kv.m) qeyri-yaşayış obyekti kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçının adına Abşeron rayonu Xırdalan şəhəri, 27-ci məhəllə, ev 21 ünvanında yerləşən 52 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi və qeyri-yaşayış sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsicavabdehə həvalə edilməsinə”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “mülkiyyətində olan ünvan 1 saylı mənzilə dair dövlət reyestrində aparılmış qeydin dəyişdirilərək faktiki vəziyyətinə uyğun (28.9 kv.m) qeyri-yaşayış obyekti kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının şəxsi mülkiyyətindədir. O, ərizə ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 21, 52 saylı mənzilin təyinatının qeyriyaşayışa keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Xırdalan şəhəri 27-ci məhəllədə yerləşən, 21 saylı evin, 52 nömrəli mənzilinin təyinatının qeyri-yaşayışa keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Başçısı xx.xx.2022-ci il tarixdə 209 saylı Sərəncam vermişdir. Abşeron rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil-X2 İdarələrarası Komissiyasının xx.xx.2022-ci il tarixli texniki rəyini və sözügedən mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün texniki şəraitin mövcud olduğu nəzərə alınmış, sözügedən mənzilin mövcud istifadə vəziyyətində təyinatının qeyri-yaşayışa keçirilməsinə icazə verilmişdir. Bundan sonra o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı ünvan 3 ünvanında yerləşən 52 saylı mənzil üzərində mülkiyyət hüquqlarının ləğv edilməsi və qeyri-yaşayış sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Sözügedən idarə tərəfindən aparılan araşdırma zamanı qeyri-yaşayış sahəsinə dair müraciət üzrə əlavə edilmiş texniki və hüquq müəyyənedici sənədlərdə sözügedən qeyri yaşayış sahəsinin ümumi sahəsinə münasibətdə uyğunsuzluq aşkar edilərək, mənə imtina cavabı verilmişdir. Uyğusuzluq ondan ibarət olmuşdur ki, qeyri yaşayış sahəsi əvvəlki texniki pasport uzrə 29.25 olsa da, təmir işləri getdiyi zaman divarların əyriliyi səbəbindən divara çəkilən suvaq qalın olmuş və bu səbəbdən də ölçüdə azalma olmuşdur. Cavabdehin onun müraciətinin təmin edilməsindən imtinasını əsasız hesab etməklə, cavabdeh orqanla razılaşmır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 21 ünvanında yerləşən 52 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi və qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 28 dekabr 2022-ci il tarixli, müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəli müraciətləri olmuşdur. Aparılan araşdırma zamanı:

1. Sözügedən qeyri-yaşayış sahəsinə dair müraciət üzrə əlavə edilmiş texniki və hüquqmüəyyənedici sənədlərdə daşınmaz əmlakın sahəsinin ümumi sahəsinə münasibətdə uyğunsuzluq olduğu;

2. İddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 21 ünvanında yerləşən 52 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi və qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 28 dekabr 2022-ci il tarixli müraciətinə imtina xx.xx.2023-cü il tarixində verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.2-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş- gəlişi gurmağa texniki imkan olmadıgda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi galdıgda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başga şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüguqları digər şəxslərin hüguqları ilə yüklü edilmiş oldugda (xeyrinə yüklülük geydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 20.3-cü maddəsinə görə, çoxmənzilli binalarda mənzillərin qeyriyaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Məcəllənin 21.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyqun olaraq, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana sahənin keçirilməsi haqqında ərizə (Ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir), keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti), keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu) və keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planını təqdim etməlidir. Məcəllənin 21.2-1-ci maddəsinə görə. Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu maddəsinə görə, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - İddiaçı tərəfindən imzalanmış 8İ-7499 reyestr nömrəli, **********499 saylı, 21 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdə **********21-05101- 093023 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 29.25 kv.m ümumi sahəsindən ibarət olan mənzilə verilmiş texniki pasportu və çıxarışın qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. - ünvan 4 ünvanında yerləşən 29.25 kv.m sahəsi olan mənzilə dair **********21- 05101-093023 reyestr nömrəli, 29 sentyabr 2021-ci il tarixli, 16590 inventar nömrəli texniki pasport tərtib edilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının 209 saylı, 12 iyul 2022-ci il tarixli sərəncamından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 nömrəli evin 52 nömrəli mənzilinin mövcud istifadə vəziyyətində təyinatının qeyri-yaşayışa keçirilməsinə icazə verilmişdir. - ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyektinə dair tərtib edilmiş eksiz layihə Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. - Məhkəməyə sorğu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair müayinə aktında qeyd edilmişdir ki, daşınmaz əmlakın sahəsi texniki sənəd üzrə 28.87 kv.metr, hüquqmüəyyənedici sənəd üzrə 29.25 kv.metr, faktiki olaraq 28.9 kv.metr-dir - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 23 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının yaşayış sahəsinə dair qeydiyyatının ləğv edilərək, qeyri-yaşayış obyekti kimi hüquqlarının dövlət qeydiyyatına alınmasından, qeyri-yaşayış sahəsinin ümumi sahəsinə münasibətdə uyğunsuzluğun olmasına görə imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Abşeron İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 23 yanvar 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 4 ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”a əsasən İddiaçı məxsus olmuşdur. O, daha sonra ərizə ilə (8İ-7499 reyestr nömrəli, **********499 saylı, 21 dekabr 2022-ci il tarixli) müraciət edərək, xx.xx.2021-ci il tarixdə **********21-05101-093023 reyestr və ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 29.25 kv.m ümumi sahəsindən ibarət olan mənzilə verilmiş texniki pasportu və çıxarışın qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Qeyd edilən ərizə əsasında Abşeron rayon İcra Hakimiyyəti Başçısının 209 saylı, 12 iyul 2022-ci il tarixli sərəncamından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 nömrəli evin 52 nömrəli mənzilinin mövcud istifadə vəziyyətində təyinatının qeyri-yaşayışa keçirilməsinə icazə verilmişdir. Həmin qeyriyaşayış obyektinə dair tərtib edilmiş eksiz layihə Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təsdiq edilmişdir. Qeyd edilən hüquqmüəyyənedici sənədlər əsasında iddiaçı cavabdeh orqana müraciət edərək, ünvan 1 saylı mənzilə dair dövlət reyestrində aparılmış qeydin dəyişdirilərək faktiki vəziyyətinə uyğun (28.9 kv.m) qeyri-yaşayış obyekti kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq adına çıxarış verilməsini xahiş etsə də, cavabdehin 23 yanvar 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi qeyri-yaşayış sahəsinə dair müraciət üzrə əlavə edilmiş texniki və hüquqmüəyyənedici sənədlərdə daşınmaz əmlakın sahəsinin ümumi sahəsinə münasibətdə uyğunsuzluğun olmasını qeyd etmişdir. Məhkəmə inzibati işi tam, hərtərəfli və obyekti araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Cavabdeh orqan öz imtinasında texniki və hüquqmüəyyənedici sənədlərdə daşınmaz əmlakın sahəsinin ümumi sahəsinə münasibətdə uyğunsuzluğun olmasını bildirmişdir. Məhkəmə qeyd edilən halın araşdırılması ilə bağlı cavabdeh orqana qeyriyaşayş sahəsinə baxış keçirilməsinə dair müayinə aktı ünvanlamışdır. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müayinə aktında qeyd edilmişdir ki, daşınmaz əmlakın sahəsi texniki sənəd üzrə 28.87 kv.metr, hüquqmüəyyənedici sənəd üzrə 29.25 kv.metr, faktiki olaraq 28.9 kv.metr-dir. Qeyd olunan müayinə aktından göründüyü kimi qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənəd üzrə koordinatları ilə faktiki koordinatları arasında fərq 0.35 kvadrat metr-dən ibarətdir. İddiaçı məhkəmə prosesi zamanı həmin fərqin qeyri-yaşayış obyektində divara vurulmuş suvaqla bağlı olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan cüzi fərq iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın əsası ola bilməz. Beləliklə, cavabdeh iddiaçının müraciətindən imtina edərkən, işin halları və qanunvericiliyin tələblərini nəzərə alınmamış, yalnız formal mülahizələrə istinad etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.-5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan sitifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən müəyyən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010- cu il tarixli, 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, Abşeron rayon İcra Hakimiyyətinin müvafiq ərəncamına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə mövcud qanunvericiliyə əsasən keçirilməsi müəyyən edildiyindən, eyni zamanda həmin sahə ilə bağlı hər hansı mübahisənin olması hazırkı məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasında qeyd etdiyi dəlilləri əsassızdır və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı mənzilə dair dövlət reyestrində aparılmış qeydin dəyişdirilərək, faktiki vəziyyətinə uyğun (28.9 kv.m) qeyri-yaşayış obyekti kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, İddiaçı adına çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 saylı mənzilə dair dövlət reyestrində aparılmış qeydin dəyişdirilərək, faktiki vəziyyətinə uyğun (28.9 kv.m) qeyri-yaşayış obyekti kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, İddiaçı adına çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar