Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-338/2021 24.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 oğlunun katibliyi ilə İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Əvvəlki qış otlaq torpaq sahəsinə uyğun başqa yerdə torpaq sahəsinin ayrılıb icarə hüququnda istifadəsinə verilməsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “Şamaxı rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun Ş03-1766 saylı,11 iyun 2020-ci il tarixli və Ş-03-2797 saylı 08 sentyabr 2020-ci il tarixli imtina edici məktublarının ləğv edilməsi, əvvəlki qış otlaq torpaq sahəsinə uyğun başqa yerdə torpaq sahəsinin ayrılıb icarə hüququnda istifadəsinə verilməsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, cavabdeh inzibati orqan olan Şamaxı rayon İcra Hakimiyyəti 12 mart 2008-ci il tarixli, 38 saylı sərəncamla Dövlət Fondu torpaqlarının qış otlaq ərazisinin “Ağcaməşəd” adlanan hissəsində yerləşən 15 nömrəli qış otlaq sahəsindən 260 hektar torpaq sahəsini 15 il müddətində icarə hüququnda İddiaçı istifadəsinə vermiş və bu barədə qarşılıqlı razılaşma əsasında tərəflər arasında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanılmış və təsdiq edilmişdir. Cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti Başçısının təklifinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 23.09.2016-cı il tarixli, 516 S saylı sərəncamla, Şamaxı rayonunun inzibati ərazi vahidliyinin Padar massivində yerləşən 14890,42 hektar qış otlaq torpaq sahələrinin təyinatını dəyişdirərək əkin dövrüyəsinə cəlb etməklə, həmin torpaqları X4 torpaqları kateqoriyasına keçirmişdir. Şamaxı rayon İcra Hakimiyyəti 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamla 14890, 42 hektar qış otlaq torpaq sahələrinə dair icarə müqavilələrini və həmin müqavilələrə aid rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamlarını qüvvədən düşmüş hesab etmişdir. Cavabdeh inzibati orqan İddiaçı 07.12.2016-cı il tarixli, Ş-03-1466 saylı bildiriş ünvanlamışdır ki, Şamaxı rayon İcra Hakimiyyəti ilə onun (iddiaçının) arasında bağlanmış torpaq icarəsi müqaviləsi və həmin müqaviləyə aid rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə qüvvədən düşmüş hesab edilmişdir. Bu səbəbə görə İddiaçı onun şəxsi mülkiyyətində olan, 5 ədəd tövlədən, 5 ədəd çoban evindən, 1 ədəd yem anbarından, 1 ədəd daş qəhəldən, 1 ədəd heyvan sığınacağından — daldalanacaqından və digər təsərrüfat təyinatlı yardımçı tikililərdən ibarət qoyunçuluq fermasının köçürülüb yerləşdirmək, xırdabuynuzlu heyvanlarını saxlamaq, sahibkarlıq fəaliyyətini və kənd təsərrüfatı məhsullarının istehsalını davam etdirmək, özünün biznesini, ailə üzvlərinin, onunla işləyənlərin, öz növbəsində onların ailə üzvlərinin iş yerlərini itirməmək üçün, onun torpaq sahəsinin əvəzinə başqa yerdə, əvvəlki torpaq sahəsinə uyğun potensialda və münbitlikdə torpaq sahəsinin ayrılması və icarə hüququnda onun istifadəsinə verilməsi ilə bağlı 2016-cı ildən hal-hazıra kimi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə müraciət edərək çoxsaylı ərizələr ünvanlamışdır. Şamaxı rayon İcra Hakimiyyəti İddiaçı torpaq ayrılması və onun icarəsinə verilməsi barədə çoxsaylı ərizələrini qərəzli, əsassız, hüquqazidd, qanunsuz və son dərəcə ədalətsiz surətdə rədd etmişdir. Halbuki, Şamaxı rayon İcra Hakimiyyəti 21.12.2016-cı il tarixli, 154 saylı sərəncamı ilə rayonun Padar massivində yerləşən və hal-hazırda iddiaçının istifadə etdiyi qış otlaq torpaq sahəsi də daxil olmaqla 14890,42 hektar torpaq sahəsini 49 il müddətində "xxxx" MMC-yə icarəyə vermişdir. Bu da o deməkdir ki, qeyd edilən səbəbə görə cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti İddiaçı geri aldığı topaq sahəsinin əvəzinə başqa yerdə uyğun torpaq sahəsinin ayrılmasını təmin etməlidir. Əks halda, İddiaçı illərlə qurub ərsəyə çatdırdığı biznesini - qoyunçuluq təsərrüfatını və onunla işləyənlər isə iş yerini və qazancını itirməyə məhkumdur. Cavabdeh Şamaxı rayon İcra Hakimiyyəti İddiaçı 11.06.2020-ci il tarixli, Ş-03-1766 saylı imtinaedici məktub ünvanlayaraq bildirmişdir ki, guya “X2 və Emal Birliyi " MMC-nin istifadəsində olan 1200 hektar “Ağcagül” adlanan qış otlaq sahəsi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansındadır və buna görə də həmin qış otlaq sahəsinin İddiaçı icarəsinə verilməsi guya Şamaxı rayon İcra Hakimiyyətinin səlahiyyətlərində deyildir. Göründüyü kimi, cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin İddiaçı ünvanladığı 11.06.2020-ci il tarixli, Ş-03-1766 saylı imtinaedici məktubu qərəzli, əsassız, hüquqazidd və qanunsuz olmaqla, onun (iddiaçının) Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və qanunla qorunan mənafelərini kobud surətdə pozur. Ona görə ki, Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində olan, o cümlədən “X2 və Emal Birliyi” MMC-nin də (Şamaxı "xxxx" Qoyunçuluq üzrə X5 X1 MMC-nin) icarəsində olan qış otlaq torpaq sahəsi də Şamaxı rayon İcra Hakimiyyətinin balansında olduğundan, onun (cavabdehin) 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə icarə müqaviləsi və həmin müqaviləyə aid rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı qüvvədən düşmüş hesab edilmiş və bu günə kimi heç kimin istifadəsinə və icarəsinə verilməmişdir. Halbuki Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.3.4-cü bəndinə əsasən “müvafiq ərazidə kənd təsərrüfat təyinatlı torpaq sahələrindən, o cümlədən yay və qış otlaqlarından səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirmək”; 4.16.4-cü bəndinə əsasən “müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək; 4.16.6-cı bəndinə əsasən “torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək”; yerli icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü bəndinə uyğun olaraq dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarə etməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Bu da o deməkdir ki, Şamaxı rayonunun inzibati ərazisindəki yay və qış otlaqlarının torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin səlahiyyətinə aiddir. Yəni cavabdeh inzibati orqan olan Şamaxı rayon İcra Hakimiyyətinin 11.06.2020-ci il tarixli, Ş-03-1766 saylı imtinaedici məktubu əsassız və qanunsuzdur, İddiaçı hüquqlarını və qanunla qorunan mənafelərini pozur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, hazırda Şamaxı rayonunun Dövlət torpaq fondunda boş sahə olmadığı üçün rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı icarəsinə torpaq sahəsi verilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin 18 may 2021-ci il tarixli sorğusuna Şamaxı rayon İcra Hakimiyyəti 09 iyul 2021-ci il tarixli, Ş-06-1346 saylı cavab məktubunda bildirmişdir ki, Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə vəziyyətinin müəyyən olunması məqsədilə rayon icra hakimiyyəti başçısının 10 sentyabr 2020-ci il tarixli 95 saylı Sərəncamı ilə əlaqədar təşkilatların nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Hazırda komissiya tərəfindən sahibkarların icarəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahələrinin ölçülməsi işləri davam etdirilir. Komissiya işini yekunlaşdırdıqdan sonra torpaq sahələrinin icarə vəziyyəti və digər məsələlərlə əlaqədar Məhkəməyə məlumat təqdim ediləcəkdir. Cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclaslarında mübahisənin məhkəmədənkənar həlli ilə bağlı vaxt istəmişdir. Lakin müvafiq komisiyanın işinin yekunlaşmaması səbəbindən mübahisənin məhkəmədənkənar həlli baş tutmamış, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında isə cavabdehin nümayəndəsi iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarınıb araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Beləki, iddiaçı Şamaxı rayon İcra Hakimiyyətinin hərəkətlərinin qanunsuz hesab edilməsi, onun Ş03-1766 saylı,11 iyun 2020-ci il tarixli və Ş-03-2797 saylı 08 sentyabr 2020-ci il tarixli imtinaedici məktublarının ləğv edilməsi, əvvəlki qış otlaq torpaq sahəsinə uyğun başqa yerdə torpaq sahəsinin ayrılıb icarə hüququnda istifadəsinə verilməsinin cavabdehin üzərinə qoyulmasını istəyir. İş materialları ilə müəyyən olunur ki, Şamaxı rayon İcra Hakimiyyəti adından İcra Hakimiyyəti Başçısının Aqrar Məsələlər üzrə müavini Sərdar Ömərov (icarəverən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında 12 mart 2008-ci il tarixli Müqaviləyə əsasən Şamaxı rayon İcra Hakimiyyətinin 12 mart 2008-ci il tarixli, 38 saylı sərəncamı əsasında 260 ha qış, 80 ha yay otlaq sahəsi heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 15 il müddətinə icarəyə verilmişdir. Bundan sonra Şamaxı rayon İcra Hakimiyyəti Başçının 29 noyabr 2016-cı il tarixli 138 saylı Sərəncamı olmuş və həmin sərəncamda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial-iqtisadi nkışafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində ırı taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890,42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdiriləcək X4 torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı ıl tarixli 516s saylı və 15 mart 2000-cı il tarixli 42 saylı Sərəncamları əsas götürülərək Şamaxı rayonunun Padar massivində yerləşən qış otlaq sahələrindən ümumilikdə 14890,42 hektar olmaqla, 1 nömrəlidən 348,0 hektar, 2 nömrəlıdən 695,0 hektar, 3 nömrəlidən 254,0 hektar, 4 nömrəlidən 1421,42 hektar, 5 nömrəlidən 787,0 hektar, 9 nömrəlidən 1625,0 hektar, 10 nömrəlidən 1873,0 hektar, 12 nömrəlidən 1120,0 hektar, 13 nömrəlidən 897,0 hektar, 16 nömrəlidən 223,0 hektar, 18 nömrəlidən 185,0 hektar. 19 nömrəlidən 1799,0 hektar, 20 nömrəlidən 799,0 hektar, 21 nömrəlidən 531,0 hektar, 22 nömrəlidən 1078,0 hektar və 23 nömrəlidən 1255,0 hektar torpaq sahəsinə aid icarə müqavilələri və həmin müqavilələrə aid rayon icra Hakimiyyəti başçısının müvafiq sərəncamlarının torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilməsi, Heyvandarlıqla məşğul olan icarədarların ıstifadələrindəkı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmayan hissəsinə yenidən icarə müqaviləsi bağlanılması qərara alınmışdır. Göründüyü kimi Şamaxı rayon İcra Hakimiyyəti Başçının 29 noyabr 2016-cı il tarixli 138 saylı Sərəncamının qəbul edilməsi ilə iddiaçıya onun heç bir məsuliyyəti olmadan ziyan dəymiş və iddiaçı cavabdeh inzibati orqana qarşı tələblər irəli sürməkdə haqlı olmuşdur. Cavabdehin mövqeyi ondan ibarət olmuşdur ki, Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarə vəziyyətinin müəyyən olunması məqsədilə rayon icra hakimiyyəti başçısının 10 sentyabr 2020-ci il tarixli 95 saylı Sərəncamı ilə əlaqədar təşkilatların nümayəndələrindən ibarət komissiya yaradılmışdır. Hazırda komissiya tərəfindən sahibkarların icarəsinə verilmiş dövlət mülkiyyətində olan torpaq sahələrinin ölçülməsi işləri davam etdirilir. Komissiya işini yekunlaşdırdıqdan sonra torpaq sahələrinin icarə vəziyyəti və digər məsələlərlə əlaqədar məhkəməyə məlumat təqdim ediləcəkdir. Hazırlıq icraatı ilə bağlı məhkəmə iclaslarında cavabdehin nümayəndəsi mübahisənin məhkəmədənkənar həlli ilə bağlı vaxt istəmişdir. Lakin müvafiq komisiyanın işinin yekunlaşmaması səbəbindən mübahisənin məhkəmədənkənar həlli baş tutmamışdır. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən torpaq sahələrinin icarə vəziyyəti və digər məsələlərlə əlaqədar araşdırılma aparılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, iddiaçının inzibati orqanda qarşı tələblər irəli sürməsi əsaslı olduğuna, cavabdeh inzibati orqan da tələbi təmin etməkdən imtina etmədiyinə, torpaqların real vəziyyəti barədə tam məlumat olmadığına görə cavabdeh inzibati orqan bu mövqeyi nəzərə alaraq, iddiaçının xeyrinə müvafiq hərəkətlər etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Məhkəmənin hüquqi mövqeyi nəzərə alınarq, İddiaçı əvvəl istifadəsində olmuş qış otlaq sahəsinə uyğun olan başqa yerdə torpaq sahəsinin ayrılıb icarə hüququnda istifadəsinə verilməsi məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınarq, İddiaçı əvvəl istifadəsində olmuş qış otlaq sahəsinə uyğun olan başqa yerdə torpaq sahəsinin ayrılıb icarə hüququnda istifadəsinə verilməsi məsələsinə yenidən baxılması öhdəliyi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-338/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-338/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver