Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3380/2025 25.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarış və texniki pasportun verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X2nə qarşı “çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq qsahəsi üzərində hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Xırdalan şəhəri Masazır şossesinin küçəsində cənubi yaşayış sahəsində yerləşən 0,1 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış sahəsinə dair mülkiyyət hüquqların iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınması və həmin əmlaka dair çıxarışın və texniki pasportun iddiaçının adına verilməsi barədə öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində Abşeron inzibati ərazi vahidi üzrə əmlakın olub-olmaması ilə bağlı məlumatın verilməsi barədə xx.xx.2023cü il tarixində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda keçmiş Abşeron rayonu X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin cənubu ünvanında yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 30800 reyestr nömrəli qeydiyyat vəsiqəsi verildiyi qeyd edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixində ərizənin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti başçısının 13 noyabr 1992-ci it tarixli, 584 nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının iddiaçının müraciət ərizəsinə eləvə olunmadığı müəyyən edilmişdir. Bundan başqa arxiv əsaslarında saxlanılan fərdi yaşayış evinə dair texniki pasport sənədində fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair göstəricilər (həmçinin eskiz cizgi) öz əksini tapmamışdır. Həmçinin müraciət üzrə əlavə edilmiş 30800 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi 108.7 kv.m göstərilsə də, eskiz cizgidə sözügedən fərdi yaşayış evinin ümumi sahəsi sahəsinin 121,2 kv.m kimi göstərildiyi, faktiki vəziyyətdə isə 128.9 kv.m olduğu aşkar edilmişdir. Halbuki, Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 30800 reyestr nömrəli qeydiyyat vəsiqəsində Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin cənubu ünvanında yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Bununla da iddiaçı hesab edir ki, cavabdehin belə imtinası qanunsuz olmuşdur.
4. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3, 33.1, 33.2, 33.3, 33.4, 38.2, 73.3-cü maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə olunmadığı və arxiv əsaslarında saxlanılan fərdi yaşayış evinə dair texniki pasport sənədində fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair göstəricilər öz əksini tapmamışdır. Həmçinin müraciət üzrə əlavə edilmiş 30800 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi 108,7 kv.m göstərilsə də, eskiz cizgidə 121.2 kv.m kimi göstərildiyi, faktiki vəziyyətdə isə 128,9 kv.m olduğu aşkar edilmişdir.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
9. 30800 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Xırdalan Masazır şossesinin küçəsində cənubi yaşayış sahəsində yerləşən yaşayış sahəsi 64,0 m2, köməkçi sahəsi 44,7 m2 4 (dörd) otaqdan ibarət yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin qeydiyyat vəsiqəsinin verilməsinə əsas Abşeron rayon 1 nömrəli Notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-739 alqı satqı müqaviləsi olmuşdur.
10. Abşeron rayonu Masazır bələdiyyəsinin yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçüləri, yerləşmə vəziyyəti və koordinatları göstərilmişdir.
11. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, keçmiş Abşeron rayonu X2 və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən İddiaçı adına Abşeron rayonu, Xırdalan şəhöəri, Masazır şossesinin cənubu ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair 30800 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
12. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə olunmadığı və arxiv əsaslarında saxlanılan fərdi yaşayış evinə dair texniki pasport sənədində fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair göstəricilər öz əksini tapmamışdır. Həmçinin müraciət üzrə əlavə edilmiş 30800 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi 108,7 kv.m göstərilsə də, eskiz cizgidə 121.2 kv.m kimi göstərildiyi, faktiki vəziyyətdə isə 128,9 kv.m olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
13. Abşeron rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv çıxarışından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının yanında torpaq ayırma komissiyasının xx.xx.1992-ci il tarixli, 584 nömrəli rəyinə əsasən X4 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
14. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 584 nömrəli sərəncamından çıxarışdan görünür ki, X4 0,10 ha torpaq sahəsi ayrılmışdır.
15. 30800 nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 1000 m2 qeyd edilmişdir. Həmin texniki pasportda qeyd edilmişdir ki, Abşeron rayon 1 nömrəli Dövlət Notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-739 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaşayış evi İddiaçı keçib.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba Abşeron rayonu 1 saylı dövlət notariat ofisinin xx.xx.2004-cü il tarixli, 4Ə/739 reyestr nömrəli təsdiq edilmiş müqaviləsi əlavə olunmuşdur.
17. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba sözügedən torpaq sahəsinə dair müayinə aktının təsdiq edilmiş surəti əlavə olunmuşdur.
18. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba Abşeron rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2004-cü il tarixdə, 4Ə/739 reyestr nömrə ilə təsdiq edilmiş müqaviləyə dair notariat işinin surəti əlavə olunmuşdur.
19. X5 tərəfindən verilən xx.xx.2025-ci tarixli notarial qaydada təsdiq edilmiş ərizədə qeyd edilmişdir ki, İddiaçı satdığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 10 sot torpağın İddiaçı adına reyestr orqanlarında qeydiyyatdan keçməsinə etiraz etmir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianın növü və mümkünlüyü
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.
21. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
b) Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı: bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
30. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
31. Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 584 nömrəli sərəncamına əsasən X4 0,10 ha torpaq sahəsi ayrılmışdır. X5 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini Abşeron rayonu 1 saylı dövlət notariat ofisinin xx.xx.2004-cü il tarixli, 4Ə/739 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İddiaçının adına 30800 nömrəli qeydiyyat vəsiqəsi və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda qeyd edilmişdir ki, Abşeron rayon 1 nömrəli Dövlət Notariat kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-739 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaşayış evi İddiaçı keçib. İddiaçı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon İcra Hakimiyyəti Başçısının 13 noyabr 1992-ci il tarixli, 584 nömrəli sərəncamından çıxarış ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının hazırkı ərizəyə əlavə olunmadığı və arxiv əsaslarında saxlanılan fərdi yaşayış evinə dair texniki pasport sənədində fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair göstəricilər öz əksini tapmamışdır. Həmçinin müraciət üzrə əlavə edilmiş 30800 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi 108,7 kv.m göstərilsə də, eskiz cizgidə 121.2 kv.m kimi göstərildiyi, faktiki vəziyyətdə isə 128,9 kv.m olduğu aşkar edilmişdir.
32. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil.
33. Bundan əlavə məhkəmə qeyd edir ki, torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. İlkin baş plana gəldikdə isə iddiaçıya torpaq sahəsinin yerləşdiyi ərazinin müvafiq qaydada təsdiq olunmuş yerquruluşu planından çıxarış təqdim edilmişdir. Həmin çıxarışda torpaq sahəsinin yerləşdiyi yer, ölçüləri və koordinatları qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.
34. Digər imtina səbəbi kimi arxiv əsaslarında saxlanılan fərdi yaşayış evinə dair texniki pasport sənədində fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair göstəricilər öz əksini tapmaması qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, arxiv əsaslarında saxlanılan fərdi yaşayış evinə dair texniki pasport sənədində fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair göstəricilər öz əksini tapmamasında iddiaçının təqsiri yoxdur. İddiaçıya təqdim edilmiş fərdi yaşayış evinə dair texniki pasportda fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair göstəricilər öz əksini tapmışdır. Belə olan halda isə bu halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsi və fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır.
35. Sonuncu imtina əsası kimi 30800 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasportda fərdi yaşayış evinin ümumi sahəsi 108,7 kv.m göstərilsə də, eskiz cizgidə 121.2 kv.m kimi göstərildiyi, faktiki vəziyyətdə isə 128,9 kv.m olduğu göstərilir. Məhkəmə bildirir ki, fərdi yaşayış evinin ümumi sahəsinin eskiz cizgidə və faktiki vəziyyətdə artıq göstərilməsi qeydiyyat vəsiqəsi və texniki pasporta uyğun formada fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.
36. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.
38. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.
39. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).
40. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin küçəsində cənubi yaşayış sahəsində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən vahid əmlak kimi çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin küçəsində cənubi yaşayış sahəsində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən vahid əmlak kimi çıxarış və texniki pasportun verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli