Məhkəmə qərarları › İş №2-1(118)-339/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-339/2022

12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-339/2022 12.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “cavabdehin 01 oktyabr 2021-ci il tarixli 22/09 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 mülkiyyətində olan torpaq sahəsinə görə torpaq vergisinin ödənilməsi üçün ümumilikdə 27170,48 manat olduğunu və ödəmədiyini əsas gətirərək 01 oktyabr 2021-ci il tarixli qərar qəbul edərək icra şöbəsinə göndərmişdir. Qərar tamamilə əsassızdır, qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmiş, həqiqəti əks etdirməmişdir. Tələb edilən məbləğ həddindən çox şişirdilmişdir. Qərarda borcun necə hesablanması, hansı dövrləri əhatə etməsi açıq aydın göstərilməmiş, bu günə kimi olan ödənişləri nəzərə alınmadan yenidən həmin dövrlər üzrə pul tələb edilmişdir. Qərarın nəticə hissəsində yekun olaraq onun borcu barədə heçbir rəqəm qeyd edilməmiş, ümumi olaraq borc öhdəliklərinin icra olunması üçün İcra şöbəsinə göndərilməsi qeyd edilmişdir. Belə olan halda da əsaslı olaraq çaşqınlıq yaranır, belə ki, inzibati icraat haqqında bildirişdə əmlak borcunun 17971,50 manat, faiz məbləğinin isə 5433,38 manat olması qeyd edilsə də ümumilikdə cəmi borcun şişirdilərək 27004,88 manat olması qeyd edilmişdir. Göründüyü kimi 17971,50 + 5433,38=23404,88 etdiyi halda, yekunda cəmi borcun 27004,88 manat olması göstərilmişdir. Bundan əlavə tədiyyə bildirişində də 17971,5, faiz məbləği olaraq 5433,38 manat göstərilsə də yenə də yekunda 27004,88 manat borc yarandığı bildirilmişdir. Daha sonra isə qərarda 27170,48 manat məbləğində borcun yarandığı qeyd edilmişdir, göründüyü kimi cavabdeh tələb etdiyi məbləğin haradan yarandığını, necə hesabladığını sübuta yetirə bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndə və vəkili məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı norma və faktlara əsasən iddiaçının tələbə əsasız və qanuna uyğun deyildir. İddiaçının mülkiyyətində Abşeron rayon X3 ərazisində yerləşən 5 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış (bina) sahəsi mövcuddur. Məlum olduğu kimi həmin torpaq sahəsi və qeyri-yaşayış sahəsi vergitutma obyektidir. Həmin daşınmaz əmlak üçün hesablanmış əmlak vergisi və yerləşdiyi torpaq sahəsi üçün torpaq vergisi Abşeron rayon X3 büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi 8-ci maddəsinə əsasən: Yerli vergilər (bələdiyyə vergiləri) (bu halda) aşağıdakılardır: Bu Məcəllənin 206.1-1 -ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; Fiziki şəxslərin əmlak vergisi; Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 01 oktyabr 2021-ci il tarixli 22/09 nömrəli qərarın surəti, cavabdehin etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biidir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən 01 oktyabr 2021-ci il tarixli 22/09 nömrəli qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. X3 iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar X5 tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə X5 hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, X5 tərəfindən qəbul edilmiş 01 oktyabr 2021-ci il tarixli 22/09 nömrəli qərar 11.10.2021-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar X5 tərəfindən qəbul edildiyinə və həmin İdarənin yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Həmin Məcəllənin 5.0.3-cü maddəsinə vergi məbləğlərinin tutulma formalarından biri bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi) vergitutmadır. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1.1-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yenidən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və nəqliyyat vasitələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyrirezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. “İnzibati icraat haqqında” Qanunun 81.1 -ci maddəsinə görə inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni Qanunun 82.3-cü maddəsinə görə tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Sadalanan normalardan göründüyü kimi bələdiyyə vergilərin hesablanması barədə inzibati aktın məcburi icrasını qanunla müəyyən edilmiş hərəkət ardıcıllığına riayət etməklə təmin edə bilər. İşin hallarından müəyyən olunur ki, X5 tərəfindən mülkiyyətçi vergi ödəyicisi kimi qeydiyyata alınmış və 2019-2021-ci illər üzrə tarixə cəmi 27710 manat 48 qəpik vergi borcunun olması müəyyən edilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya vergi borcu barəsində 08.09.2021-ci il tarixli tədiyyə bildirişi göndərilmişdir. İddiaçı tərəfindən vergi borcu ödənilmədiyi əsas götürülərək onun barəsində vergi borcunun 3 gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra inzibati icraat haqqında bildiriş tərtib edilərək vergi borcunun ödənilmədiyi təqdirdə məsuliyyət tədbirlərinin tətbiq edilməsi üçün Abşeron rayon İcra və probasiya şöbəsinə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Daha sonra iş materialları Abşeron İcra və probasiya şöbəsinə göndərilərək, icra və probasiya şöbəsi tərəfindən 01.10.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan cavabdehin etirazına Bələdiyyənin iddiaçıya vergi borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq əlavə edilsə də, həmin sənədlərin iddiaçıya təqdim edilməsi barədə hər hansı sənəd əlavə edilməmişdir. Bundan əlavə tədiyyə bildirişi ümumiyyətlə keçən illər ərzində iddiaçıya verilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 51 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bələdiyyə vergi borcunun ödənilməsi barədə inzibati aktın məcburi icrasınadək qanunla nəzərdə tutulmuş qaydalara riayət etməmişdir. Belə olan halda, cavabdehin 01 oktyabr 2021-ci il tarixli 22/09 nömrəli qərarı qanunsuz inzibati akt olmaqla ləğv edilməlidir. Bundan başqa, məhkəmə mübahisəli vergi borcu məbləğinin əsaslılığı ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 200.4-cü maddəsinə əsasən bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə əsasən cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, cari il üçün bələdiyyələr verginin ödənilməsi barədə tədiyyə bildirişini vergi ödəyicilərinə avqustun 1dən gec olmayaraq verməli, verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15dək və noyabrın 15-dək vergi ödəyiciləri tərəfindən ödənilməlidir. Lakin, işdə olan sənədlərdən müəyyən edilir ki, iddiaçıya 2019-cu ildən 15.11.2021-ci il üzrə cəmi 27.710 manat 48 qəpik məbləğində vergi borcunun hesablanması göstərilsə də, həmin vergi borcunun 3600 manat hissəsi verginin ödənilmə müddəti bitmədən,yəni 15.11.2021-ci ilədək hesablanmışdır. Halbuki, mübahisə predmeti olan 01 oktyabr 2021-ci il tarixli qərar qəbul edilən vaxt 2021-ci il üzrə əmlak vergisinin ödənilməsi dövrü başa çatmamışdır. Sözügedən faktlar isə cavabdeh tərəfindən vergi borcunun əsassız hesablanmasına dəlalət edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 01 oktyabr 2021-ci il tarixli 22/09 nömrəli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı barəsində qəbul edilmiş X3 01 oktyabr 2021-ci il tarixli 22/09 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar