Məhkəmə qərarları › İş №2-1(118)-339/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-339/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-339/2025 04.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “qərarın ləğvi, müqavilənin dəyişdirilərək bağlanması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli, 272 saylı sərəncamı əsasında bağlanılmış 5 may 2023-cü il tarixli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi”ndən görünür ki, kirayədar Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 kirayəçi X10 və onun ailə üzvlərinə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 8, məznil 67 müddətsiz istifadə üçün verilmişdir.

2. SOCAR-ın 13 iyun 2022-ci il tarixli, **********10080661X00091 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Üzvi-Sintez” zavodunda 2 dekabr 1983-cü il tarixdən mənzil uçotuna götürülmüşdür. Hal-hazırda SOCAR tərəfindən yaşadığ ərazidə mənzil tikintisi aparılmır. Gələcəkdə qeyd olunan ərazidə mənzil tikintisi aparılacağı təqdirdə mənzil məsələnizə mənzil qanunvericiliyinə uyğun olaraq növbəlik əsasında baxılacağı bildirilmişdir.

3. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 30 iyun 2022-ci il tarixli, A-162-068 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşlar yaşayış sahəsi ilə imtiyazlarına əsasən iş və ya yaşayış yeri üzrə yalnız növbəlilik qaydasında təmin olunurlar.

4. Azərbaycan Neft və X15 Həmkarlar İttifaqı Respublika Komitəsi “Azərkimya” X6 İttifaqı Komitəsi 2 iyun 2023-cü il tarixli, 62 nömrəli arayışından görünür ki, İddiaçı 3 may 1980-ci il tarixdən "xxxx" Dövlət Şirkətinin “Üzvi-Sintez” zavodunda əmək fəaliyyətinə başlamış, 27 iyun 2013-cü il tarixdən SOCAR "xxxx" İstehsalat Birliyinin “Təmir-Tikinti İdarəsi”ndə təmirçi-çilingər işləyir. 2 dekabr 1983-cü il tarixdən işçilərin “Ümumi siyahı” üzrə mənzil növbəsinə götürülmüşdür. 1995-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş mənzil siyahısı üzrə 72-ci olmuşdur.

5. Sumqayıt Şəhər Prokurorluğunun 8 iyun 2023-cü il tarixli “məlumatın isintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, ünvan 3 ünvanda yaşayan Ağayeva Validə Firəddin qızı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısına müraciət edərək bildirmişdir ki, əri İddiaçı 1982-ci ildən işlədiyi Sumqayıt şəhərində yerləşən “Azərkimya” İstehsalat birliyinin “Üzvi Sintez” zavodunda 1983-cü ildə mənzil növbəsinə götürülmüş və 1986-cı ildə zavodun işçisi kimi mənzil ilə təmin olunana qədər Sumqayıt şəhəri, 5-ci mikrorayon ev 134, yataqxanqa 8/12, 42 saylı mənzilə order əsasında köçürülüb yaşamağa başlamış, 2022-ci ilin iyun ayında dövlət qurumunda işləyən bir məmur ona 2019-cu ilədək məcburi köçkün ailəsinin yaşadığı, sonradan baxımsızlıq ucbatından yararsız olan, qəzalı binanın mənzilində yaşamağı təklif etmiş, əlacsızlıqdan bu mənzilə təxminən 20.000 manat xərc çəkib təmir etdikdən sonra 2022-ci ilin avqust ayından bu mənzilə köçərək yaşamışdır. Ona görə yaşadığı mənzilin sənədləşməsinin aparılmasını və order verilməsini xahiş etmişdir. Ağayeva Validə Firəddin qızının ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olduğundan aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir.

6. Mənzil Kommunal X3nin ünvan 3-də yaşayan Ağayeva Validə Firəddin qızına göndərilmiş xəbərdarlıq ilə bildirilmişdir ki, 30 may 2023-cü il, saat 10:00-a qədər qanunsuz zəbt etdiyi ünvan 3 ünvanını boşaldacaqdır. Əks təqdirdə zəbt etdiyi mənzil boşaldılaraq, ev əşyaları Birliyin anbarına təhvil veriləcəyi nəzərə çatdırılmışdır.

7. X12, X7, Osmanov Cavid, X2 və X11 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ağayeva Validə Firəddin qızı (şəhid bacısı) 2022-ci ilin iyun ayından 67 nömrəli mənzilinin açarını həmin şəxslərə vermişdir. Evin əvvəlki sakini köçəndə polları, qapıları söküb aparmışdır. 2 ay təmir işi gedəndən sonra avqust ayından bu evə köçüb yaşayırlar. Evin kommunal xərclərini də hissə-hissə ödəyirlər.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyətinin 27 may 2025-ci il tarixli, 5-6/2-1258/2025 nömrəli məktubundan görünür ki, mənzil uçotu və mənzillə təmin olunma məlumatlarına əlavə və dəyişiklik edilməsi haqqında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli, 272 saylı sərəncamı ilə yaşayış sahəsi 50,22 kv.m olan 3 otaqlı Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 8-də yerləşən 67 saylı mənzil vətəndaş X4 4 nəfərdən ibarət ailə tərkibinə təqdim edilməsi və həmin mənzilə dair onunla kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Qeyd edilən sərəncam vətəndaş X4 adına verildiyinə və İddiaçı aid olmadığı səbəbdən, sənəd İddiaçı təqdim edilməmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

9. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli, 272 saylı sərəncamının, eləcədə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 ilə X10 arasında Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67 nömrəli mənzilinin icarəyə verilməsinə dair 5 may 2023-cü il tarixli “dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi və həmin müqavilənin dəyişdirilərək iddiaçı ilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67 nömrəli mənzili Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3nin rəhbərinin göstərişi əsasında iddiaçıya verilmişdir. Beləki, həmin mənzildə 2019-cu ilə kimi qaçqın ailəsi yaşamışdır. Təxminən bir ilə əvvəl qaçqın ailəsi öz yurduna köçürülmüş və bundan sonra mübahisəli mənzil boşaldılmışdır, lakin mənzil yaşayış üçün tam yararsız olmuşdur və əsaslı təmirə ehtiyacı vardır. Bundan sonra cavabdeh Birliyin əməkdaşı tərəfindən mənzil iddiaçıya göstərilir və iddiaçı X16 adlı əməkdaşının dediyi şərtlərlə razılaşaraq mənzili tam şəkildə əsaslı təmir etdirib (təxminən təmirə 20.000 manat xərc çəkilib) 2022-ci ilin avqust ayında mənzilə köçüb yaşamağa başlayırlar. Bu müddət ərzində Birliyin əməkdaşından mənzilin onlara aid olması barədə sənəd tələb etsələr də, hər dəfəsində əməkdaş bildirir ki, sənədləşmə aparılacaqdır. Bütün bu olanlardan Birliyin rəhbəri Hüseyn Həsənovun şəxsən məlumatı olmuşdur. Təxminən bir əvvəl iddiaçıya məlum olur ki, Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67 nömrəli mənzili, yəni iddiaçının ailəsi ilə birlikdə təmir eləyib yaşadığı mənzil X10 adlı şəxsin adına sənədləşdirilmişdir. Yəni mübahisəli mənzilin X5 icarəyə verilməsinə dair X1 arasında 5 may 2023-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilənin bağlanmasına əsas isə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli, 272 saylı sərəncamı göstərilmişdir. Bu barədə cavabdeh Birlik tərəfindən məktub ünvanlanmış və məktubda qeyd edilmişdir ki, hal-hazırda mənzilə X10 ailə üzvləri ilə birlikdə köçürülməlidir və bu səbəblə də iddiaçıdan mənzili boşaltması tələb olunmuşdur. Bundan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh nəinki tək iddiaçıya, həm də başqa digər şəxslərə də eyni qayda ilə mənzillər paylayaraq etibardan sui-istifadə edib aldatmışdır. Bundan sonra aldadılan vətəndişlar tərəfindən aidiyyatı dövlət orqanlarına şikayətlər olunmuş və şikayətlər əsasında hal-hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırma aparılmaqdadır. Tərəfindən həmin araşdırmanın vəziyyəti barədə məlumat almaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə sorğu verilmişdir. Qeyd edilir ki, bu məlumatı əldə etmək üçün məhkəmənin də sorğu verməsi məqsədəmüvafiqdir. Qeyd edilir ki, yuxarıda adı çəkilən birliyin əməkdaşı X18 dəvət olunmuş və izahatı alınmışdır. Həmçinin qeyd edilir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya binanın qəzalı vəziyyətdə olması barədə məlumat da verilmişdir. Bu səbəbdən də həmin binanın həqiqətən qəzalı vəziyyətdə olub-olmaması, həmin binada olan mənzillərə icarə müqaviləsinin bağlanması və vətəndaşlara verilməsi mümkündürmü, mübahisəli mənzilin Şəfəq Bəndəliyevaya verilməsi əsaslan vardırmı, əgər vardırsa, bu əsaslar nədən ibarətdir kimi hallar tam şəkildə araşdırılmalıdır. Bu halların dəqiqləşdirilməsi üçün də vəkil sorğuları tərtib olunaraq aidiyyatı qurumlara göndərilmişdir. Aşağıdakı hallara və hüquqi əsaslara görə hesab edir ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli, 272 saylı sərəncamı, eləcədə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 ilə X4 arasında Sumqayıt şəhəri, 48-ci məhəllədə yerləşən 8 saylı binanın 67 nömrəli mənzilinin icarəyə verilməsinə dair 5 may 2023-cü il tarixli “dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi” məhkəmə qaydasında ləğv edilməli və həmin müqavilə dəyişdirilərək iddiaçı ilə bağlanması öhdəliyi cavabdehlərə həvalə edilməlidir. Belə ki, iddiaçı 1980-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərən "xxxx" Dövlət Şirkətinin “Üzvi Sintez” (indiki Etilen-Polietilen zavodu) zavodunda əmək fəaliyyətinə başlamış və 2013-cü ildən SOCAR "xxxx" İstehsalat Birliyinin “Təmir-tikinti İdarəsində” təmirçi-çilingər vəzifəsində (40 ildən artıqdır) çalışır və o,2 dekabr 1983-cü il tarixdən işçilərin “Ümumi siyahısı” üzrə mənzil növbəsinə götürülmüşdür. 1995-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş mənzil siyahısı üzrə 72-ci sıradadır. Ailəlidir, həyat yoldaşı və iki övladı vardır. Həmçinin yuxarıda da qeyd etdiyim kimi, mübahisəli mənzil cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş, iddiaçı şəxsi vəsaiti hesabına təxminən iki ay müddətində mənzili əsaslı təmir etmiş və köçmüşdür, hal-hazırda da həmin mənzildə ailəsi ilə birlikdə yaşayır. Adına müqavilə bağlanmış X5 gəlincə isə qeyd edilir ki, onun heç bir yerdə işləməsi və mənzil qeydiyyatında olması barədə heç bir məlumat yoxdur, yalnız o göstərilir ki, Bəndəliyevanın mərhum əri 2015-ci ildə mənzil qeydiyyatında olmuşdur.

11. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli, 272 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin 18 dekabr 2023-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

12. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. Məhkəmənin 21 fevral 2024-cü il tarixli, 2-1(118)-1111/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

15. Etiraz daxil olunmamışdır.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasına iştirak etməmişdirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

21. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

22. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

23. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

24. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

25. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

26. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

28. İş materialında olan sənədlərin tədqiqi ilə müəyyən olunur ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 27 aprel 2023-cü il tarixli, 272 saylı sərəncamı əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 kirayəçi X10 və onun ailə üzvlərinə Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 8, məznil 67 müddətsiz istifadə üçün verilmişdir.

29. İddiaçı isə öz tələbinin əsası kimi bildirir ki, mübahisəli mənzildə məcburi köçkünlər məskunlaşmış, daha sonra tərəflərindən boşaldılmışdır, lakin mənzil yaşayış üçün tam yararsız olmuş və əsaslı təmirə ehtiyacı vardır. Bundan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3nin əməkdaşı tərəfindən mənzil iddiaçıya göstərilmiş və iddiaçı Birliyin əməkdaşının şərtlərilə razılaşaraq, mənzili tam şəkildə əsaslı təmir etdirmiş, 2022-ci ilin avqust ayında mənzilə köçüb yaşamağa başlamışdır. Bu müddət ərzində Birliyin əməkdaşından mənzilin onlara aid olması barədə sənəd tələb etsələr də, müvafiq sənədləşmə aparılmamışdır.

30. Göründüyü kimi, iddiaçının və onun ailə üzvlərinin mübahisələndirlən mənzildə qanuni əsaslarla yaşadığı halı, həmçinin həmin mənzilin onlara ayrılmasını təsdiq edən sənədlər mövcud olmamışdır.

31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.2, 59.1, 357.1 və 357.2-ci maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248.3-cü və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 aprel 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Odur ki, müəyyən əmlakla bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsi, payların bölünməsi və s. bu kimi hallar üzrə mülki mühakimə icraatı qaydasında qəbul olunmuş qətnamə hər hansı dövlət idarə və təşkilatının və ya təsisçisi dövlət və ya dövlət idarəsi olan, yaxud təşkilatı olan hüquqi şəxslərin mənafelərinə toxunarsa, həmin subyektlər (məsələn, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və s.) müstəqil qaydada məhkəmə aktını mübahisələndirə bilərlər. ...”

32. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə bildirir ki, iddiaçı tələb üzrə subyektiv hüququnun olması müəyyən edilmir.

33. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

34. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”

35. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.

36. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.

38. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

39. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)-1871/2023 saylı qərarında qeyd olunmuşdur ki, “29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən qərarın iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim edilməsinin bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Belə ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır.” .

40. İş materiallarına əlavə edilmiş arayışlardan və müvafiq qurumlara verilmiş şikayətlərdən müəyyən edilir ki, mübahisələndirilən 27 aprel 2023-cü il tarixli qərarın və 5 may 2023-cü il tarixli “Dövlət mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsi”nin mövcud olduğu iddiaçı tərəfə məlum idi. Lakin hazırkı iddia ərizəsi iddiaçı tərəfindən 11 avqust 2023-cü il tarixdə qaldırılmışdır.

41. İPM-in: Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

43. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək bildirir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, həmçinin tərəfindən verilmiş iddia ərizəsinin posessual müddətin buraxıldığı üçün iddia tələbi mümkün sayılmamalıdır.

44. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

45. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 27 aprel 2023cü il tarixli, 272 saylı sərəncamının ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar