Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3393/2023 13.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 16 may 2008-ci il tarixli,12 saylı iclasının qərarı ilə icarəsinə ayrılmış Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən sahəsi 21 kvadrat mert olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və həmin hüquqa dair onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 16 may 2008-ci il tarixli,12 saylı iclasının qərarı ilə icarəsinə ayrılmış Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən sahəsi 21 kvadrat mert olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və həmin hüquqa dair onun adına müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 16 may 2008-ci il tarixli,12 saylı iclasının qərarı ilə iddiaçının Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində kommersiya obyekti tikərək faktiki istifadə etdiyi 39,5 kvadrat metr torpaq sahəsi daxil olmaqla, həmin obyektin sahəsinin genişləndirilərək yenidən tikintiquraşdırılması məqsədi ilə əlavə 21,5 kvadrat metr, ümumilikdə 61 kvadrat metr torpaq sahəsi şəhid ailəsi üzvü olduğu nəzərə alınaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə icarəsinə verlmişdir. Həmin torpaq sahəsinə dair torpağın mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsi ilə onun arasında mütəmadi olaraq müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Həmin icarə müqaviləsi əsasında onun sözügedən torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmişdir. Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanılmış 4Ə-03/899 reyestr nömrəli 23 aprel 2014-cü il tarixli icarə hüququnun alqısatqı müqaviləsinə əsasən o, bələdiyyə qərarı əsasında icarəsinə ayrılmış 61 kvadrat metr torpaq sahəsinin 40 kvadrat metr hissəsi üzərində mövcud olan icarə hüququnu satdıqdan sonra üzərində tikili olan 21 kvadrat metr torpaq sahəsi icarəsində qalmışdır. Bununla bağlı onun adına cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” verilmişdir. Həmin hüquqi sənəddə torpaq sahəsi üzərində icarənin müddəti 31 dekabr 2017-ci il tarixədək nəzərdə tutulmuşdur. Qeyd edilən 21 kvadrat metr torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin ayırdığı vaxtdan bugünədək onun tərəfindən istifadə olunur, Sumqayıt Bələdiyyəsinə mütəmadi olaraq torpaq icarə haqqı məbləğləri ödənilir. Onunla Sumqayıt Bələdiyyəsi arasında sözügedən 21 kvadrat metr torpaq sahəsinə dair icarənin müddəti başa çatdığından, tərəflər arasında 03 may 2023-cü il tarixdə yeni torpaq icarə müqaviləsi bağlanılmaqla icarənin müddəti 31 dekabr 2028-ci tarixədək uzadılmışdır. Bundan sonra istifadəsində qalmış 21 kvadrat metr torpaq sahəsi üzərində icarə hüququnun təkrar dövlət qeydiyyatı üçün onun tərəfindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət olunaraq, hüququn dövlət qeydiyyatının aparılması xahiş edilmişdir. Lakin cavabdeh onun torpaq üzərində icarə hüququnun təkrar dövlət qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən müraciətinə verilmiş 17 aprel 2023-cü il tarixli, 3-21-3/31/2-Q- 0017-8/2023 saylı cavab məktubunda torpaq sahəsi üzərində yerləşən tikilinin 2013-cü ildə inşa edildiyinin müəyyən olunduğu, torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, torpaq icarə müqaviləsinin hərracdan kənar bağlanıldığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilməli olduğu göstərilərək, adı çəkilən torpaq üzərində icarə hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, qanunvericiliklə yalnız 2008-ci ilin dekabr ayının 12-i tarixindən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmaqla həmin qanun norması qüvvəyə minənədək icarəmə ayrıldığından, torpaq sahəsi üzərində mənim artıq yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2008-ci ilin dekabr ayının 12-i tarixindən sonra qüvvəyə minmiş bələdiyyə torpaqlarının ayrılmasına dair normalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Eyni zamanda torpaq sahəsi üzərində yerləşən tikilinin 2013-cü ildə inşa edildiyi səbəbindən cavabdehin 2008ci ildə mənim icarəmə ayrılmış torpaq üzərində icarə hüququmun dövlət qeydiyyatının aparılmasından imtinası üçün hansı əsasa malik olduğunu anlaya bilmir. Belə olan halda hesab edirik ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində mənim icarə hüququmun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkələri ilə qanunsuzluğa yol verməklə yanaşı,torpaq qanunvericliyinin,o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının müddəalarını da heçə saymışdır. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən 0.0021 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 bildirilmişdir ki, torpaq sahəsində yerləşən tikili 2013-cu ildə inşa edilmişdir. Buna görə də, qanunvericiliyin tələblərinə zidd olaraq “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununun 9-cu maddəsinə uyğun olaraq müddət uzatma tətbiq olunmuşdur. Bildiririk ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac vasitəsi ilə icarə müqaviləsi bağlanmalıdır. Belə ki, “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" 2007-ci il 23 oktyabr tarixli 466 İİİ QD nömrəli Azərbaycan Respublikası Qanunu ilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında’ Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində edilmiş dəyişikliyə əsasən, Qanunun müvafiq maddəsində bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə satılması nəzərdə tutulmuşdur. Həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə əsasən, bələdiyyə torpaq sahəsi ayrılmazdan əvvəl torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınma proseduruna başlamalıdır. Torpaq icarəsi haqqında AR Qanununun 10-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsi ilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Sumqayıt şəhər Bələdiyyəsinin 16 may 2008-ci il tarixli, 12 saylı qərarının surətindən görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, 17-ci mikrorayon ərazisində kommersiya obyekti tikərək, faktiki istifadə etdiyi 39.5 kv.metr torpaq sahəsi də daxil olmaqla, həmin obyektin sahəsinin genişləndirilərək endən tikinti – quraşdırılması məqsədilə əlavə 21.5 kv.metr, ümumilikdə 61 kv.metr torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. - № 114 saylı, 09 iyun 2008-ci il tarixli Sumqayıt şəhər bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 61 kv.metr olan torpaq sahəsi 16 may 2008-ci il tarixindən 31 dekabr 2010-cu il tarixədək İddiaçı icarəsinə verilmişdir. - № 181 saylı, 20 may 2011-ci il tarixli Sumqayıt şəhər bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 61 kv.metr olan torpaq sahəsi 01 yanvar 2011-ci il tarixindən 31 dekabr 2013-cü il tarixədək İddiaçı icarəsinə verilmişdir. - № 46 saylı, 24 dekabr 2021-ci il tarixli Sumqayıt şəhər bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 21 kv.metr olan torpaq sahəsi 01 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. - № 38 saylı, 03 may 2023-cü il tarixli Sumqayıt şəhər bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış “Torpaq icarəsi müqaviləsi”nin surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 21 kv.metr olan torpaq sahəsi 01 may 2023-cü il tarixindən 01 may 2028-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. - RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanında yerləşən 0.0021 kv.metr torpaq sahəsi üzərində İddiaçı icarə hüququ (yüklülük müddəti xx.xx.2014-xx.xx.2017-ci illər) dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 aprel 2023-cü il tarixli məktubudan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının daşınmaz əmlak üzərində icarə hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 9-cu bəndinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.2-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində malik olduğu səlahiyyətlərindən biridir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtinasını onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli 709-İİİQD nömrəli Qanunun İX maddəsinə əsasən, əcnəbinlərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istinsna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və göstərdiyi dəlillər əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 16 may 2008-ci il tarixli, 12 saylı qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınaraq, 17-ci mikrorayon ərazisində kommersiya obyekti tikərək, faktiki istifadə etdiyi 39.5 kv.metr torpaq sahəsi də daxil olmaqla, həmin obyektin sahəsinin genişləndirilərək yenidən tikinti – quraşdırılması məqsədilə əlavə 21.5 kv.metr, ümumilikdə 61 kv.metr torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi qərara alınmışdır. Həmin qərara əsaslanmaqla, iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında № 114 saylı, 09 iyun 2008-ci il tarixli, № 181 saylı, 20 may 2011-ci il tarixli torpaq icarə müqavilələri əsasında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 61 kv.metr olan torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. Qeyd olunan müqavilələr əsasında RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il qeydiyyat tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanında yerləşən 0.0021 kv.metr torpaq sahəsi üzərində İddiaçı icarə hüququ (yüklülük müddəti xx.xx.2014-xx.xx.2017-ci illər) dövlət reyestrində qeydiyyata alınmışdır. № 46 saylı, 24 dekabr 2021-ci il tarixli və № 38 saylı, 03 may 2023-cü il tarixli Torpaq İcarəsi müqavilələri əsasında Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 21 kv.metr olan torpaq sahəsi yenidən İddiaçı icarəsinə verilmişdir. Daha sonra iddiaçı qeyd olunan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi torpaq sahəsinin icarəyə açıq torpaq hərracı və ya müsabiqəsi ilə verilmədiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında bağlanılmış № 46 saylı, 24 dekabr 2021-ci il tarixli və № 38 saylı, 03 may 2023-cü il tarixli Torpaq icarəsi müqaviləsi heç də müstəqil müqavilə olmayıb, Sumqayıt şəhər bələdiyyəsinin Sumqayıt şəhər Bələdiyyəsinin 16 may 2008-ci il tarixli, 12 saylı qərarının davamı olaraq bağlanılmışdır və bələdiyyə ilə İddiaçı arasında 12 dekabr 2008-ci ildən əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlılığının təmin edilməsindən ibarətdir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan 9-cu maddəsinə əsasən həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin qanun 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş, dərc edildiyi, yəni 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir. Qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında icarə hüquq münasibətləri cavabdehin imtinasında, etirazında istinad etdiyi qanunvericilik normasının tətbiqdən əvvəl meydana gəlmiş və bu xüsusat yeni qanunla da icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi tələbinin tətbiq olunduğu torpaq sahələrinə aid edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Bələdiyyəsinin 16 may 2008-ci il tarixli,12 saylı iclasının qərarı ilə İddiaçı icarəsinə ayrılmış Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən sahəsi 21 kvadrat mert olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, onun adına dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 16 may 2008-ci il tarixli, 12 saylı iclasının qərarı ilə İddiaçı icarəsinə ayrılmış Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən sahəsi 21 kvadrat mert olan torpaq sahəsi üzərində İddiaçı icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, onun adına dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva