Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3394/2024 05.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə olunan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AZE seriyalı, 0******* nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı xx xxxxxx 1940-cı il tarixdə Ağstafa rayonu, Bayazatlı kəndində doğulmuşdur.
2. Ч seriyalı, 443288 nömrəli diplomdan görünür ki, İddiaçı 1963-cü ildə Volqaboyu Meşə-Texniki İnstitutuna qəbul edilmiş, mühəndis-inşaatçı ixtisas üzrə 1968-ci ildə Mordoviya Dövlət Universitetini bitirmişdir.
3. xx xxxxxx 1940-cı il təvəllüdlü İddiaçı “Sosial arayış”ından görünür ki, ona ümumi xəstəlik səbəbi ilə 10 oktyabr 2002-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, 1 yanvar 2011-ci il tarixdə əlilliyə görə 364,05 manat məbləğində pensiya təyin edilmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 6 saylı TSEK-in AR seriyalı, 536186 nömrəli arayışından görünür ki, 10 oktyabr 2002-ci il tarixli, 1329 nömrəli müayinə aktına əsasən İddiaçı Məhəmməd oğluna ikinci dərəcəli ümumi səbəb ilə əlillik təyin edilmiş və o, əmək qabiliyyətsizdir.
5. İddiaçıya məxsus 20 noyabr 1962-ci il tarixli əmək kitabçasının surəti və əmək kitabçasına əlavə vərəqələr iddia ərizəsinə əlavə olunmuşdur.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçına göndərilmiş 5 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-H-231028/2023 nömrəli “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubundan görünür ki, qanunvericiliyin müvafiq müddəalarını nəzərə alaraq, dövlət qulluğu stajı olmadığından sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:
7. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Xidməti məktubundan görünür ki, X1 Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 32 il 3 ay 25 gün (15 noyabr 1962-ci il - 1 fevral 1964-cü il, 7 oktyabr 1966-cı il - 28 iyun 1968-ci il, 13 avqust 1968-ci il - 22 fevral 1969-cu il, 5 oktyabr 1969-cu il - 16 oktyabr 1972-ci il, 18 oktyabr 1972ci il - 20 mart 1989-cu il, 3 aprel 1989-cu il - 1 sentyabr 1994-cü il, 2 yanvar 2001-ci il - 30 dekabr 2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir, dövlət qulluğu stajı isə yoxdur.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 aprel 2024-cü il tarixdə daxil olmuş məktubu ilə aşağıdakı sənədlər göndərilmişdir: - xx xxxxxx 1940-cı il təvəllüdlü İddiaçı “Sosial arayış” (§3); - 14 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-H-211869/2023 nömrəli İddiaçı Məmmədoviçə göndərilmiş “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi üçün sənədlərin təqdim edilməsi haqqında” məktubu; - İddiaçı məxsus 20 noyabr 1962-ci il tarixli əmək kitabçasının surəti və əmək kitabçasına əlavə vərəqələr (§5); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçına göndərilmiş 5 oktyabr 2023-cü il tarixli, 3-17-1/2-H-231028/2023 nömrəli “Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” məktubu (§6).
9. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin 21 avqust 2024-cü il tarixli, 9-3/2-2580/2024 nömrəli məktubundan müəyyən olunur: - 1962-ci ildə zavodda, 1968-1969-cu illərdə Təmir-tikinti idarəsində, 1972-ci ildə trestdə, 1981-1989-cu illərdə Oktyabr rayon 3 nömrəli Təmir-tikinti idarəsində, 1989-1991-ci illərdə X3, 1991-1994-cü illərdə fabrikdə iş müddətilə bağlı bildirilir ki, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahıda zavodlar, tikinti idarələri, trestlər, ittifaqlar və fabriklər, eləcə də həmin müəssisələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - 1969-1972-ci illərdə Azərbaycan SSR Meşə və Ağac Sənayesi Nazirliyində tikinti ustası və böyük usta vəzifələrində iş müddətilə bağlı bildiririk ki, yuxarıda qeyd edilən Siyahıda adıçəkilən vəzifələr nəzərdə tutulmamışdır, bu səbəbdən dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - 1972-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində və Azərbaycan SSR Geologiya İdarəsində müxtəlif vəzifələrdə iş müddətilə bağlı bildirilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1960-cı il 23 sentyabr tarixli, 772 nömrə Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında geologiya və yeralı sərvətləri mühafizə idarəsi haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən, Azərbaycan SSR Nazirlər Soveti yanında geologiya və yeraltı sərvətləri mühafizə idarəsi təsərrüfat hesabında olmaqla sərbəst təşkilat olmuşdur. Qeyd edilən Əsasnamə Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 yanvar tarixli 34 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür. “Sənayeni idarəetmə orqanları sisteminin və dövlət idarə orqanlarının bəzilərinin dəyişdirilməsi haqqında” Azərbaycan SSRnin 1965-ci il 20 oktyabr tarixli Qanununun 8-ci maddəsinə əsasən, Azərbaycan SSR X4 Komitəsi Azərbaycan SSR Nazirlər Sovetinin ittifaq-respublika Geologiya İdarəsinə çevrilmişdir. “Azərbaycan SSR Geologiya İdarəsi haqqında Əsasnamə” Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 yanvar tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Əsasnamənin 1-ci hissəsinə uyğun olaraq Azərbaycan SSR Geologiya İdarəsi ittifaqrespublika orqanı olmuş və öz fəaliyyətində Azərbaycan SSR Nazirlər Sovetinə və SSRİ Geologiya Nazirliyinə tabe olmuşdur. Əsasnamənin 5-ci hissəsində Geologiya İdarəsinin müstəqil balansa malik olması və hüquqi şəxs kimi fəaliyyət göstərməsi, 14-cü hissəsində isə Azərbaycan SSR Geologiya İdarəsinin mərkəzi aparatının geoloji kəşfiyyat işləri üçün əlavə xərclər hesabına saxlanılması qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 noyabr 1991-ci il 372 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi haqqında Əsasnamə" təsdiq edilmişdir. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 1981-ci il 22 yanvar tarixli 34 nömrəli Qərarı qüvvədən düşmüşdür. Yuxarıda qeyd edilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Bu səbəbdən 1972-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində və Azərbaycan SSR Geologiya İdarəsində müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. - 2001-2004-cü illərdə Abşeron rayonu Xırdalan bələdiyyəsində müxtəlif vəzifələrdə iş müddətilə bağlı bildiririk ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində müəyyən edilmişdir ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır, bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Bu səbəbdən qeyd edilmiş iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddiaçı tərəfin tələbi və əsasları
10. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik pensiyasının “dövlət qulluğu” əmək pensiyası ilə əvəz edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 yanvar 2011-ci il tarixdə 2-ci dərəcəli əlilliklə (əlilliyin təyin edildiyi tarix: 10 oktyabr 2002-ci il) pensiyaya çıxmışdır. Növbəti müayinə tarixi 20 may 2020-ci il tarixdə olmuşdur və 364,05 manat pensiya məbləği təyin edilmişdir, 2020-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik pensiyasını 15 ildən artıq dövlət qulluğunda işləmiş şəxs kimi nəzərə alaraq, dövlət qulluğu əmək pensiyası ilə əvəz edilməsi barədə müraciət etmişdir. Lakin müraciəti cavabsız qalmışdır. 2023-cü ildə təkrar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yenidən müraciət etmişdir ki, əlillik pensiyası dövlət qulluğu pensiyası ilə əvəz edilsin. Lakin cavabdeh orqan qeyri-obyektiv cavab vermişdir. Hesab edir ki, onun əmək fəaliyyətinin 15 ili “Dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğuna uyğundur.
12. İddia tələbinin maddi hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.4-cü maddəsinə istinad olunmuşdur.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
15. Cavabdeh iddia ərizəsinə etiraz və etiraza əlavə təqdim edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
16. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 32 il 3 ay 25 gün (15 noyabr 1962-ci il - 1 fevral 1964-cü il, 7 oktyabr 1966-cı il - 28 iyun 1968-ci il, 13 avqust 1968-ci il - 22 fevral 1969-cu il, 5 oktyabr 1969-cu il - 16 oktyabr 1972-ci il, 18 oktyabr 1972-ci il - 20 mart 1989-cu il, 3 aprel 1989-cu il - 1 sentyabr 1994-cü il, 2 yanvar 2001-ci il - 30 dekabr 2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir, dövlət qulluğu stajı isə yoxdur. İddiaçının vaxtilə işlədiyi vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında nəzərdə tutulmamışdır. Dövlət qulluqçu stajı olmadığından ona dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilməmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7, 20.11.1, 20.11.2, 20.12, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.3, 1.1.4, 9, 14.1-ci maddələrinə, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na, prosessual hüquqi əsası kimi isə İPM-in 47.2-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazda qeyd olunan dəlillərə əsaslanaraq (§16), iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
21. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
22. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
23. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək (§11), iddiasının təmin edilməsini xahiş etmişdir.
24. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
25. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
26. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; (-) 1.0.10. pensiya kapitalı -müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; (-) Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr
20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-) 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); (-) 20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Azərbaycan Respublikası Audiovizual Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; (-) 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (-) 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-) 1.1.3. dövlət qulluqçusu - yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 1.1.4. dövlət orqanı - Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatı; (-)
33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (-) Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
35. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:
“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”
36. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanun və məhkəmə qarşısında bərabərlik prinsipi 11.1. İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi:
37. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
38. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).
39. İddiaçı tələbinin əsası kimi bildirmişdir ki, 1 yanvar 2011-ci il tarixdə 2-ci dərəcəli əlilliklə pensiyaya çıxmış, 20 may 2020-ci il tarixdə növbəti müayinədə olmuş və ona 364,05 manat pensiya məbləği təyin edilmişdir. 15 ildən artıq dövlət qulluğunda işləmiş şəxs kimi hesab olunmalıdır. Lakin hansı illər və vəzifələr üzrə dövlət qulluqçusu kimi stajın olmasını qeyd etməmişdir. Əlilliyə görə pensiyasının dövlət qulluğu əmək pensiyası ilə əvəz edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir (§1-6, 11).
40. Cavabdeh tərəf iddia tələbi ilə razılaşmayaraq bildirir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş yerləri üzrə işlədiyi vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilmədiyindən, iddia tələbi təmin olunmamalıdır.
41. Məhkəmə İPM-in 11, 12, 15-ci maddələrinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyini və təqdim etdikləri sənədləri araşdıraraq müvafiq sorğular da göndərməklə araşdırmışdır.
42. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, §63; McMichael Birləşmiş Krallığa qarşı, §80; Vermeulen Belçikaya qarşı, §33; Lobo Portuqaliyaya qarşı, §31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).
43. Göründüyü kimi, hazırkı mübahisənin əsas predmeti – iddiaçının işlədiyi vəzifələrin dövlət qulluğu hesab edilən vəzifələrə aid olub-olmamasıdır.
44. Bu halı araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən X6 sorğu verilmişdir, cavab olaraq göndərilmiş məktubdan müəyyən olunur: 1) 1962-ci ildə zavodda, 1968-1969-cu illərdə Təmir-tikinti idarəsində, 1972-ci ildə trestdə, 1981-1989-cu illərdə Oktyabr rayon 3 nömrəli Təmir-tikinti idarəsində, 1989- 1991-ci illərdə X3, 1991-1994-cü illərdə fabrikdə iş müddəti: “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahıda zavodlar, tikinti idarələri, trestlər, ittifaqlar və fabriklər, eləcə də həmin müəssisələrdə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 2) 1969-1972-ci illərdə Azərbaycan SSR Meşə və Ağac Sənayesi Nazirliyində tikinti ustası və böyük usta vəzifələrində iş müddəti: qeyd edilən Siyahıda adıçəkilən vəzifələr nəzərdə tutulmamışdır, bu səbəbdən dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 3) 1972-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində və Azərbaycan SSR Geologiya İdarəsində müxtəlif vəzifələrdə iş müddəti: qeyd edilən Siyahının 1.16-cı bəndində (1991-ci il oktyabrın 18-dək olan dövr) Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaqrespublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Bu səbəbdən 1972-1981-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsində və Azərbaycan SSR Geologiya İdarəsində müxtəlif vəzifələrdə iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 4) 2001-2004-cü illərdə Abşeron rayonu Xırdalan bələdiyyəsində müxtəlif vəzifələrdə iş müddəti: bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Bu səbəbdən qeyd edilmiş iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
45. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr istinad edilən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilmiş vəzifələrə aid olmağı öz təsdiqini tapmır. Bu isə iddiaçının dövlət qulluqçusu kimi stajının mövcud olmadığını göstərir.
46. Bununla da məhkəmə etirazın dəlili ilə razılaşaraq qeyd edir ki, iddiaçının işlədiyi 32 il 3 ay 25 gün iş stajı (15 noyabr 1962-ci il – 1 fevral 1964-cü il, 7 oktyabr 1966-cı il – 28 iyun 1968-ci il, 13 avqust 1968-ci il – 22 fevral 1969-cu il, 5 oktyabr 1969-cu il – 16 oktyabr 1972ci il, 18 oktyabr 1972-ci il – 20 mart 1989-cu il, 3 aprel 1989-cu il – 1 sentyabr 1994-cü il, 2 yanvar 2001-ci il – 30 dekabr 2004-cü il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajı təşkil etməməsi səbəbindən, cavabdeh tərəfin mövqeyi qanuni və əsaslı olmuşdur.
47. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
48. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova