Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3395/2024 12.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, H.Əliyev prospekti, ev 180də yerləşən yaşayış sahəsi 29 kv.metr olan 17 saylı mənzilə dair mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri, H.Əliyev prospekti, ev 180-də yerləşən, yaşayış sahəsi 29 kv.m olan 17 saylı mənzilə dair mərhum atası X2 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsinin cavabdehin üzərinə vəzifə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “Quba şəhəri, H.Əliyev prospekti, ev 180-də yerləşən yaşayış sahəsi 29 kv.metr olan 17 saylı mənzilə dair mülkiyyət hüququnun mərhum atası X3 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, H.Əliyev prospekti, ev 180də yerləşən yaşayış sahəsi 29 kv.m-dən ibarət olan 17 saylı mənzil Quba Mənzil İstismar Sahəsi tərəfindən 395 nömrəli, xx.xx.1969-cu il tarixli müqavilə əsasında mərhum atası X4 verilmişdir. 1969-cu ildən bugünə qədər iddiaçı ailəsi ilə birlikdə sözügedən mənzildə yaşamış və bütün komunnalları ödəmişdir. Bu faktı Mənzil İstismar Sahəsinin arayışı və qonşuların aktı da təsdiq edir. Mərhum atası xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İddiaçı onun qanun üzrə vərəsəsidir Sözügedən mənzil ilə bağlı mərhum atasının mülkiyyət hüquqlarına dair Dövlət Reyestrindən arayışın verilməsi üçün cavabdeh təşkilata müraciət etsə də, iddiaçıya başa düşülməyən imtina cavabı vermişdilər. Cavabdeh təşkilatın mövqeyi ilə razı deyil. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazlarının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh orqanın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair münasibət bildirilməmişdir. 3.Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Qeyd olunan sənədlərə: 04 dekabr 2022-ci il tarixli, 3725 saylı vərəsəlik haqqında arayış; Quba rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən 38 saylı, 14 iyul 2023-cü il tarixli və 37 saylı 14 iyul 2023-cü il tarixli arayışlar; xx.xx.1969-cu il tarixli, 395 saylı yaşayış sahəsinin kirayə müqaviləsi; “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2027-cü il tarixli arayış; cavabdeh orqanın 24 dekabr 2023-cü il tarixli imtina məktubu və digər sənədlər daxildirlər. ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Quba şəhəri, H.Əliyev prospekti, ev 180də yerləşən yaşayış sahəsi 29 kv.metr olan 17 saylı mənzil Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 395 saylı, 01 mart 1969-cu il tarixli müqavilə əsasında X1na ayrılmışdır. X1 xx.xx.2020-ci il tarixdə öldükdən sonra vərəsəlik işi açılmış və hazırki İddiaçı mərhumun qanun üzrə vərəsələri sırasına daxil edilmişdir. İddiaçı mübahisəli mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsiə əsasən yaşayış sahəsinin icarədarı onunla birlikdə yaşayan ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin yazılı razılığı ilə yaşayış sahəsini başqa icarədar və ya mənzil-tikinti kooperativinin üzvü ilə, o cümlədən başqa yaşayış məntəqəsində yaşayan icarədar və ya mənzil-tikinti kooperativinin üzvü, ilə dəyişdirmək ixtiyarına malikdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göstərilən Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; -mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İş materiallarından müəyyən edilir ki, Yerli zəhmətkeş deputatlar sovetinin, dövlət, kooperativ və ictimai təşkilatlarının yaşayış evlərinin kirayəsi haqqında arasında xx.xx.1969-cu il tarixli müqavilə əsasında Quba şəhəri, H.Əliyev prospekti, ev 180-də yerləşən yaşayış sahəsi 29 kv.metr olan 17 saylı mənzil mərhum X6 və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Eyni zamanda Quba Rayonu İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən tərtib edilmiş 37 saylı, 14 iyul 2023-cü il tarixli arayışda qeyd edilir ki, sözügedən mənzil yuxarıda qeyd edilən müqavilə əsasında mərhum X2 adınadır. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzildə İddiaçı və ailə üzvləri X7, İddiaçı qeydiyyatdadırlar. Qanunvericiliyin tələblərinə uyğun olaraq, qeydiyyatda olan şəxslər notarial qaydada əizə təqdim edərək, mübahisələndirilən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiklərini bildirmişdir. Həmçinin iş materiallarında olan 37 saylı, 14 iyul 2023-cü il tarixli arayışdan aydın olur ki, mübahisəli mənzil Quba Rayonu İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin balansındadır. Beləliklə məhkəmə araşdırması zamanı mənzilin xidməti məzil sahəsinə aid olmadığı da müəyyənləşdirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Qanunun 13.5-ci bəndinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununda, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı mərhum atasına ayrılmış və hazırda yaşadığı mənzili özəlləşdirmək hüququna malikdir. Belə ki iş materiallarında olan və notarial qaydada təsdiq edilmiş razılıq ərizələrindən aydın olur ki, iddiaçının ailə üzvləri mənzilin özəlləşdirilməsinə etiraz etmirlər. Hazırda mübahisəli mənzilin özəlləşdirməsindən imtina iddiaçının hüquqlarına və qanunla qorunan mənafelərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Quba şəhəri, H.Əliyev prospekti, ev 180-də yerləşən yaşayış sahəsi 29 kv.metr olan 17 saylı mənzilə dair mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Quba şəhəri, H.Əliyev prospekti, ev 180-də yerləşən yaşayış sahəsi 29 kv.metr olan 17 saylı mənzilə dair mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva