Məhkəmə qərarları › İş №2-1(118)-3396/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3396/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3396/2025 24.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin plan və ölçü olaraq yenidən əvəzləşdirilmiş 0,05 ha torpaq sahəsinin iddiaçının adına qeydə alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Məmmədli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12/47 nömrəli qərarı ilə ayrılmış 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 bir hərbiçi kimi 2-ci Qarabağ Müharibəsində qəhrəmancasına vuruşmuş, cənab X4 sərəncamları ilə “Cəsur döyüşçü” medalı, “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İddiaçının atası Naxçıvan MR-nın Şərur rayonunun Qarahəsənli kəndində anadan olmuş, uzun illərdir ki, Bakı şəhərində kirayələrdə yaşayır, ona görə də ev tikmək üçün Abşeron rayonu Məmmədli bələdiyyəsindən 24 noyabr 2004cü il tarixdə 12/47 saylı qərar əsasında 0,05 ha (beş sot) torpaq sahəsi almışdır, lakin bir müddətdən sonra həmin ərazidən magistral qaz xəttinin keçməsi səbəbindən bu torpaq sahəsində yaşayış evi tikə bilməmişdir. 2011-ci ildə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinə ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin Məmmədli kəndi ərazisində digər bir yerlə əvəzləşdirmək üçün vəzifə kimi Məmmədli bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin 2(85)-1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli qərarı ilə 0,05 ha torpaq sahəsinin kəndin başqa bir yerində dəyişdirilməsi öhdəliyi Abşeron rayonu Məmmədli bələdiyyəsinin üzərinə vəzifə kimi qoyulmuşdur. Lakin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-1885/2011 saylı 09 dekabr 2011-ci il tarixli qərarı Abşeron rayonu Məmmədli bələdiyyəsi tərəfindən icrası zamanı iddiaçıya 0,05 ha torpaq sahəsi verilmişdir. Sonradan həmin ərazinin yerinin göl olduğunu, doldurularaq adamlara verildiyini öyrənmiş və həmin ərazidən imtina etmişdir. İddiaçı həmin torpaq sahəsinin başqa torpaq sahəsi ilə əvəzlənməsi üçün 2019-cu ildə Məmmədli bələdiyyəsinə müraciət edib. Həmin bələdiyyənin müvafiq qərarı ilə xahişi təmin edilib, lakin sənədləşmə zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri və X6 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsindən ona bildirilib ki, adına keçmiş torpağın kadastr planı var, bu da keçmiş Dövlət Torpaq və Xəritə Çəkmə Komitəsinin Abşeron şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, A No.403753 saylı (**********2301) "Torpaq sahəsinin plan və ölçüsü” ləğv edilməmişdir. Bundan sonra iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri və X6 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məktubla müraciət etdi ki, olan köhnə kadastrı ləğv edilsin. Lakin həmin qurumdan bildirildi ki, “sözügedən torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, A 403753 saylı (**********2301) torpaq sahəsinin plan və ölçüsü sənədinin ləğvi məsələsinə məhkəmə qaydasında baxıla bilər. 2022-ci ildə iddiaçı yenidən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, A 403753 saylı (**********2301) torpaq sahəsinin plan və ölçüsü sənədinin kadastrın ləğv edilməsi ilə bağlı iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (118)-1670/2022 nömrəli qərarı ilə iddiası təmin edilmişdir. Belə ki, iddiaçının yəni İddiaçı adına köhnə kadastrın (Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2011 -ci il tarixli, 2(85)-1885/2021 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 403753 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi) ləğv edilməsi (elektron sistemdə müvafiq düzəlişlər edilməklə) öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri və X6 Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Lakin bu qərardan da uzun müddət keçməsinə baxmayaraq iddiaçı dəfələrlə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri və X6 Şəxsə və 4 saylı Abşeron Ərazi idarəsinə müraciətlər etmişdir, aidiyyəti şəxslərin qəbullarında olmuşdur. Lakin Sumqayıt İnzibati Məhkəməsinin qətnaməsi icra olunmayıb. Sonda ona Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin 23 iyul 2021-ci tarixdə plan və ölçü olaraq yenidən əvəzləşdirilmiş 0,05 ha torpaq sahəsinin (bələdiyyə Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2011 -ci il tarixli, 2(85)- 1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli qərarının icrası ilə bağlı torpaq sahəsi ayırmışdır) iddiaçının adına qeydə alınması və reyestrdən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Reyestri və X6 Şəxsin və 4 saylı Abşeron Ərazi idarəsinin üzərinə öhdəlik qoyulması üçün Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməyini bildirmişdirlər. Abşeron rayonu Məmmədli bələdiyyəsinin 23 iyul 2021-ci tarixdə plan və ölçü olaraq yenidən əvəzləşdirilmiş 0,05 ha torpaq sahəsi (bələdiyyə Sumqayıt İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(85)- 1885/2011-in saylı 09 dekabr 2011-ci il tarixli Qərarının icrası ilə bağlı torpaq sahəsi ayırmışdır) ilə bağlı bələdiyyə 26 avqust 2021-ci il tarixli 330 nömrəli məktubla Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, Abşeron rayon icra Hakimiyyətinin 08 sentyabr 2021-ci il tarixli 6/x/1372 saylı rəyi ilə Məmmədli Bələdiyyəsinin müraciəti əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0,05 ha torpaq sahəsinə yerində baxış keçirilmiş, vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı bir mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-maddəsinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, Məmmədli Bələdiyyəsi tərəfindən 0.05 ha torpaq sahəsinin 24 noyabr 2004-cü il tarixdə, 12/47 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktının 08 iyun 2012-ci il tarixdə verildiyi, torpaq sahəsinin bir hissəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu müəyyən olunmuşdur.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2004-cü tarixli, 12/47 nömrəli qərarına əsasən İddiaçı 0,05 ha torpq sahəsi ayrılmışdır.

10. xx.xx.2006-cı il tarixli 20 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Məmmədli bələdiyyəsinin bank hesabına 420000 manat məbləğində ödəniş edilmişdir.

11. Torpaqların alqı-satqısına dair aktla müəyyən olunur ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə həmin bələdiyyənin ərazisində 0,05 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. İddiaçı tərəfindən 168 manat haqq ödənilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2012ci il tarixli, 884 nömrəli rəydə qeyd edilmişdir ki, Məmmədli Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12/47 saylı qərarına əsasən alqı-satqı predmeti olan torpaq sahəsi vətəndaş İddiaçı 0,05 ha olmaqla ev tikmək məqsədi üçün ayrılmış torpaq sahəsi qanuna müvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə etiraz etmir.

13. Abşeron rayonu Məmmədli bələdiyyəsinin yerquruluşu planından çıxarışda İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinin ölçüləri, yerləşmə vəziyyəti və koordinatları göstərilmişdir.

14. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1 (118)-1670/2022 nömrəli qərarına əsasən iddia təmin edilmiş, İddiaçı adına köhnə kadastrın (Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(85)-1885/2021 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A4033753 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi) ləğv edilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

15. X2 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Məmmədli Bələdiyyəsi tərəfindən 0,05 ha torpaq sahəsinin 24 noyabr 2004cü il tarixdə, 12/47 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktının 08 iyun 2012-ci il tarixdə verildiyi, torpaq sahəsinin bir hissəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

16. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə və faktiki 0,05 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsinin sərhəd nişanları yoxdur, koordinatlar uyğundur.

17. X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsi bələdiyyə xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsidir.

18. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,05 ha ölçüdədir. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi iki tərəfdən daş hasar, iki tərəfdən sərhədləri şərtidir.

19. Məhkəmənin sorğusuna cavab olaraq X2 tərəfindən ünvanlanan xx.xx.2025-ci il tarixli cavab məktubuna sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin çıxarışı, plan və ölçüsü sənədləri, o cümlədən həmin sənədlərin verilməsi üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

21. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 22 İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

30. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

31. Belə ki, Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2004-cü tarixli, 12/47 nömrəli qərarı ilə İddiaçı fərdi mənzil tikintisi məqsədi ilə 0,05 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Daha sonra iddiaçı tərəfindən Məmmədli bələdiyyəsinin bank hesabına 420000 manat məbləğində ödəniş edilmiş, torpaqların alqı-satqısına dair akt tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı 0,05 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, Məmmədli Bələdiyyəsi tərəfindən 0,05 ha torpaq sahəsinin 24 noyabr 2004-cü il tarixdə, 12/47 nömrəli qərarla ayrılsa da, alqı-satqı aktının 08 iyun 2012-ci il tarixdə verildiyi, torpaq sahəsinin bir hissəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyi, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu aşkar edilmişdir.

32. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi müvafiq bələdiyyə qərarı ilə ayrılmış, bələdiyyənin bank hesabına ödəniş edilmiş, alqı-satqı aktı tərtib edilərək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində qeydiyyata alınmışdır. Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfindən yeruqruluşu planından çıxarış tərtib edilərək təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinin satılmasına etiraz edilmədiyi bildirərək bu barədə rəy tərtib edilərək təsdiq edilmişdir. Hazırkı halda cavabdeh orqanın etirazı alqı-satqı aktının tarixinin torpağın ayrılması barədə qərarın vaxtından fərqlənməsinə əsaslanır. Həmin aktın qanunvericiliyə uyğun şəkildə tərtib olunması ilə bağlı öhdəlik iddiaçının deyil, bələdiyyənin vəzifəsi olmaqla onun üzərinə qoyulmalıdır. Belə ki, iddiaçının mərhum atası qanunvericiliyə və alqı-satqı müqaviləsinin tələblərinə cavab verməklə müvafiq qaydada ödənişi həyata keçirmişdir ki, bu da öz növbəsində onun etibarlı olmasına dəlalət verir. Bu hal iddiaçı tərəfin təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz.

33. Digər imtina səbəbi kimi cavabdeh inzibati orqan torpaq sahəsinin bir hissəsinin dəmir yolunun mühafizə zolağında yerləşdiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı mübahisə torpaq sahəsinin qeydiyyata alınaraq çıxarış və plan-ölçü sənədinin verilməsindən ibarətdir. Həmçinin ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan tələbləri gözlənilməlidir. Cavabdehin imtinasında qeyd olunan hal iddiaçının gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır.

34. Sonuncu imtina səbəbi kimi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olduğu göstərilmişdir. Məhkəmə bildirir ki, məhkəmənin sorğusuna əsasən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin çıxarışlar və verilməsinə əsas olmuş sənədlərdən görünür ki, torpaq sahələri üzərində cavabdeh tərəfindən mülkiyyət hüquqları qeydə alınmış və çıxarışlar verilmişdir. Eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir.

35. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

37. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

38. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12/47 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Abşeron rayonu Məmmədli bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12/47 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar