Məhkəmə qərarları › İş №2-1(118)-340/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-340/2021

08.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-340/2021 08.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinə qarşı “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən 50 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt Bələdiyyəsi yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, şəhid atası X4 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə üzərində tikili inşa edərək faktiki istifadəsində olan sahəsi 50 kv.metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab etmişdir. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli 62 saylı rəy verilərək torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən müvafiq olaraq xx xxxxxxx 2018-ci il tarixli 2677 saylı, xx xxx 2019-cu il tarixli 1712 saylı və xx xxxxxxxx 2019-cu il tarixli 2905 saylı məktublarla Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edilmiş və göstərilmiş torpaq sahəsinə dair müvafiq rəyin və torpaq sahəsinin kateqoriyası barədə məlumatların Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi xahiş edilmişdir. Lakin sonuncu müxtəlif bəhanələr gətirərək, o cümlədən keçmiş ƏMDK-nın 5 saylı Ərazi şöbəsinin guya həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə rəyinə əsaslanaraq adı çəkilən sənədlərin verilməsindən imtina etmişdir. Sonuncu dəfə tərəflərindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət edilərək müvafiq rəyin verilməsi xahiş olunsa da, cavabdeh xx xxxxxx 2020-ci il tarixli,**********74 saylı məktubla cavab verilmiş, torpaq sahəsinin kateqoriyası haqda məlumat əldə etmək üçün “xxxx” MMC-nin Layihə-Tədqiqat İdarəsinə müraciət etmələrinin məqsəduyğun olduğu bildirilərək rəyin verilməsindən imtina olunmuşdur. Halbuki, qanunvericiliyə əsasən rəyin verilməsi birbaşa olaraq cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur. Belə ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində birbaşa göstərilmişdir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Eyni müddəalar “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqqında Əsasnamə”də də nəzərdə tutulmuşdur. Həmin Əsasnamənin 7-ci bəndində göstərilmişdir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.Həmçinin, yuxarıda göstərilən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqqında Əsasnamə”yə əsasən

14. Hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 15 gün müddətində baxılır. 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına,yaşayış məntəqəsinin baş planına,ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə,bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.18.Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. 19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. 21.Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2001ci il tarizli, 548 nömrəli Fərmanının 2-ci bəndində müəyyən edilmişdir ki, həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının X7 Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri(qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair)həyata keçirirlər. Həmçinin, Azərbaycan Respublikasının X7 Komitəsi Kollegiyasının xx xxxx 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında”Təlimatın 3-cü bəndində birbaşa göstərilmişdir ki, bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy X7 Komitəsinin ərazi şöbələri tərəfindən verilir. Həmin Təlimatın 4-cü bəndində isə qeyd edilmişdir ki, ərazi şöbələri tərəfindən rəyin verilməsi X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilir.Təlimatın 6-cı bəndinə əsasən ərazi şöbələrinə daxil olan müraciət 1 (gün) müddətində elektron qaydada X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli idarəsinə göndərilir,həmin Təlimatın 10-cu bəndinə görə isə ərazi şöbələri tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə elektron qaydada sorğu verilməklə 1 (bir) gün) müddətində torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüququn olub-olmaması və ya üzərində hüquq qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşməməsi yoxlanılır. Göründüyü kimi, cavabdeh qanunveriliklə onun üzərinə qoyulmuş rəyin verilməsi vəzifəsindən əsassız olaraq yayınaraq bu öhdəliyi Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xxxxnin üzərinə qoymuşdur.Mübahisələndirilən torpaq sahəsi bələdiyyə torpağı olaraq 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçmişdir. Həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Azərbaycan Respublikası keçmiş X7 Komitəsində,o cümlədən Azərbaycan Respublikası X7 Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti xxxxndə saxlanılır. Bu səbəbdən hesab edirlər ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması barədə fikirlərin hər hansı hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş,müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtina etməsini əsassız sayırlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1- ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi,bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə,istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registri Respublikasının informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (torpaq sahəsi və ya torpaq sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının X7 Komitəsində dövlət əmlakının mərkəzi registri, onun yerli qurumalarında dövlət əmlakının yerli registrləri aparılır. Həmin Əsasnamənin 7-ci bəndinin tələblərinə uyğun olaraq dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abazasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konservlərinin, birliklərinin və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricində olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Adı çəkilən Əsasnamənin 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamda həmin obyektlər olan subyektlərə bu barədə müvafiq “Registrdən çıxarış” təqdim edilir. Həmin Əsasnamənin 18-ci bəndinin müddəlarına görə sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarış”ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konservləri, birlikləri və onların tabeliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümələdən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərə yüklənməsi, özgəninkiləşdirilməsi və s. ) heç bir qərar qəbul edə bilməzlər. Həmin Əsasnamənin 19-cu bəndinin ikinci abzasına əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Regstrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər il dekabr aynın 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balansların surətlərini təqdim etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır.Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Beləliklə, qeyd olunanlardan görünür ki,cavabdehin hərəkətləri qanunazidd və əsassızdır. Yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğunluğunu, həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişdir. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair müvafiq rəyin verilməsindən imtina etməklə Sumqayıt Bələdiyyəsinin yuxarıda göstərilən hüquqlarının pozulmasına yol vermişdir. Bu səbəbdən hesab edirik ki, cavabdehin torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün tələb olunan torpaqayırma sənədlərini verməkdən imtina etməsi qanunsuz və hüquqazidd sayilmali və onun üzərin ə müvafiq rəyin verilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Abbasov Murad Mehman oğlu iştirak etmiş, iddia ərizəsnə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmənin əlavə olaraq bildirmişdir ki, bələdiyyəyə aid torpaqların sənədləşdirilməsi üçün müvafiq rəyin, torpaqla bağlı məlumatların verilməsi həmişə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən X7 Xidmətinin yerli qurumunun təqdim etdiyi sənədə əsasən verilmişdir. X2 Dövlət Xidmətinin səlahiyyətlərinə aid olan müvafiq rəy praktikada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilir. Lakin məhkəmə mübahisəsi yaranan zaman 2 saylı Sumqayıt Ərazi İdarəsi iş üzrə cavabdeh olmadığını əsas gətirərək prosesləri yubatmağa çalışır. Ona görədə məcbur olub qanunvericilikdə nəzərdə tutulduğu üçün əlavə olaraq İqtisadiyyat Nazirliyi yanında X7 Xidmətinə müraciət ediblər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Sumqayıt Bələdiyyəsi xx.xx.2020-ci il tarixli, 2199 nömrəli məktubla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında X7 Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olan 17-ci mikrorayon ərazisində sahibkarlıq məqsədi ilə 50 kv. m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması barədə Sumqayıt bələdiyyəsinin iclasının qərarını, torpaq sahəsinə dair situasiya (yerləşmə) planını və həmin torpaq sahəsinə dair Şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyini göndərməklə torpaq qanunvericiliyin tələblərinə uyğun olaraq rəyin, Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci bəndinin tələbinə müvafiq olaraq ayrılması nəzərdə tutulan torpaq sahəsinin kateqoriyası barədə məlumatın Sumqayıt Bələdiyyəsinə təqdim edilməsini xahiş etmişdir. X7 Xidmətinin Sumqayıt ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli, **********74 nömrəli cavab məktubunda, torpaq sahəsinin kateqoriyası barədə məlumat əldə etmək üçün aidiyyəti üzrə “xxxx” MMC-nin Layihə-Tədqiqat İdarəsinə müraciət edilməsinin məqsədəuyğun hesab edildiyi bələdiyyəyə bildirilmişdir. Bildirirlər ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikası X7 Komitəsinin Kollegiyasının xx.xx.2015-ci il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında Təlimat”a istinad etmişdir. Bununla bağlı məhkəmənin nəzərinə çatdırırlar ki, Azərbaycan Respublikası X7 Komitəsinin Kollegiyasının xx.xx.2019-cu il tarixli, 05 nömrəli Qərarı ilə Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə,istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında Təlimat” yeni redaksiyada təsdiq edilmişdir. Qeyd edilən Təlimatın 1.3-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy X7 Komitəsi (hazırda X7 Xidməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə X7 Xidmətinin ərazi şöbəsi tərəfindən verilir. Lakin, Təlimatın 2.1-ci bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsi barədə bələdiyyənin müraciəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri və ya bu idarələrin rayon şöbələri tərəfindən qəbul edilir. Təlimatın 2.2-ci bəndinə əsasən müraciət daxil olduqdan sonra ərazi idarəsi müvafiq rəyin verilməsinə dair müraciət edilən torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüquq olmadıqda və ya üzərində hüquq qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmədikdə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi məqsədi ilə torpaq sahəsinə baxış keçirilərək “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən Baxış aktı’nın tərtib edilməsi üçün bələdiyyənin müraciətinin surətini 1 (bir) gündən gec olmayaraq Xidmətin müvafiq ərazi şöbəsinə göndərir. Eyni zamanda, Təlimatın 2.8-ci bəndinə əsasən ərazi şöbəsi tərəfindən torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin mümkünlüyü barədə rəy həmin Təlimata əlavə olunmuş formada tərtib edilərək yerquruluşu planı, xəritə və digər sənədlərlə birlikdə ərazi idarəsinə təqdim edilir (göndərilir). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy müvafiq sənədlərlə birlikdə ərazi idarəsi tərəfindən bələdiyyəyə təqdim edilir. Beləliklə, qeyd edilən Təlimatın tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin mümkünlüyü barədə rəyin verilməsi üçün bələdiyyə X7 Xidmətinin ərazi şöbəsinə deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etməli idi. Qeyd edilənlərdən əlavə bildiririk ki, hazırkı iddiaya inzibati icraat qaydasında məhkəmə tərəfindən baxıla bilməz. Belə ki, X7 Xidməti tərəfindən Sumqayıt Bələdiyyəsinə qarşı Sumqayıt İnzibatilqtisadi Məhkəməsində qaldırılmış “qərarın etibarsız hesab edilməsi” barədə iddia həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2-1(85)-2595/2018 nömrəli qərardadı ilə qeyri-mümkün sayılmışdır (qərardadın surəti əlavə edilir). İddianın mümkün sayılmamasının hüquqi əsası kimi məhkəmə qərarında “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə istinad edərək, inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin müəyyən olunmuş qaydada subordinasiya qaydasında yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edildiyini qeyd etmişdir. Beləliklə, bildirirlər ki, Sumqayıt Bələdiyyəsinin də X7 Xidmətinə qarşı hazırkı iddiası eyni əsasla mümkün sayılmamalıdır. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin sualına cavab olaraq torpaq sahəsinin dövlət mülkiyyətində olması ilə bağlı sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxs X4 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Beləki, Azərbaycan Respublikasının X7 Komitəsi Kollegiyasının xx xxxx 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın 3-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy X7 Komitəsinin ərazi şöbələri tərəfindən verilir. İddiaçıda həmin orqana müraciət etmiş və müvafiq imtina almışdır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə cavabdehin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə istinad edərək, inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisənin müəyyən olunmuş qaydada subordinasiya qaydasında yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməsi əsası ilə iddianın mümkün sayılmamalı olması dəlilinidə əsassız hesab edir. Beləki hazırkı mübahisə inzibati orqanlar arasında olan mübahisə kimi qəbul edilə bilməz. Hazırkı mübahisənin yaranması, cavabdeh inzibati orqanın hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Sumqayıt Bələdiyyəsinin isə bu halda hər hansı hakimiyyət səlahiyyətlərindən istifadə etmə imkanı yoxdur. Ona görədə məhkəmə hesab edir ki, bu mübahisə subardinasiya qaydasında yuxarı orqan tərəfindən həll edilməsi imkanı olan mübahisə kimi qəbul edilə bilməz. Məhkəmə bununla bağlı əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və əlaqəli digər idarələr arasındakı sənədlərin hazırlanması və ya hər hansı koordinasiya ilə bağlı yarana biləcək mübahisələrə inzibati məhkəmə icraatında baxıla bilməz. Lakin həmin münasibətlərin təşkilindən istifadə edilməsi müvafiq sənədlərin hazırlanmasının sürətlənməsinə xidmət etməli, bənzər işlərdə fərqli yanaşmalar tətbiq edilməklə hüquqdan suiistifadə edilməsinə, inzibati icraatın uzadılmasına xidmət etməməlidir. Hazırkı mübahisədə inzibati orqanlar arasındakı koordinasiya və inzibati orqanların praktisandan yaranan qeyri müəyyənlik iddiaçının qanunvericilikdən irəli gələn hüquqlarını pozmamalıdır. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə ilkin qaldırılan iddia bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə ilə əlaqəli müvafiq rəyin verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi bu cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid edilmişdir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsini hərrac vasitəsilə satmaq niyyətindədir və bunun üçün qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl etməklə müvafiq prosedurlura başlamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 62 saylı rəydən görünür ki, Sumqayıt Bələdiyyəsinə Sumqayıt şəhərinin 17-ci mikrorayon adlandırılan ərazisində sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Hazırda yaranmış mübahisə ilk növbədə mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmaması ilə bağlıdır. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. İş materiallarına əlavə edilmiş protokol, akt və digər torpaqayırma sənədlərindən görsənir ki, Sumqayıt Bələdiyyəsinin torpaqları 2001-ci ildən müvafiq olaraq təhvil verilmişdir. Sumqayıt Bələdiyyəsi öz iddia ərizəsində iddiasını kifayət qədər əsaslandırmış, torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi ilə bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana müvafiq sorğu edilmiş, lakin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasını sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. Halbu ki, qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahəsinin dövlət mülkiyyətində olmasını sübut edən müvafiq sənəd olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1999-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Həmin Əsasnamənin 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası X7 Komitəsi dövlət əmlakının mərkəzi registri, onun yerli qurumlarında — dövlət əmlakının yerli registrləri aparılır. Həmin Əsasnamənin 7-ci bəndinə görə Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamında həmin obyektlər olan subyektlərə bu barədə müvafiq «Registrdən çıxarış» təqdim edilir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən Sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd («Registrdən çıxarış»ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konsernləri, birlikləri və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümlədən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərlə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. Beləliklə cavabdeh inzibati orqan müvafiq rəyin verilməsi ilə bağlı iddiaçının qanuni tələbindən qanunsuz olaraq imtina etməklə, onun hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən 50 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən 50 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X7 Xidməti üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar