Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-340/2023 10.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 08 iyun 2022-ci il tarixli, **********07 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri - torpaq sahəsinin ayrılması barədə Sumqayıt şəhər Bələdiyyəsinin 12 sentyabr 2003-cü il tarixli qərarını, torpaq sahəsinin naturada nişanlanaraq təhvil verilməsi barədə Aktı, inşaat pasportunu, torpağın alqı-satqısı üçün ödənmiş məbləğin qəbzini təqdim etmişdir. Lakin cavabdeh dövlət qeydiyyatının aparılmasından 08 iyun 2022-ci il tarxli bildirşlə imtina etmişdir. Cavabdeh həmin bildirişində DTXK tərəfindən tərtib edilmiş yerquruluşundan plan, torpaq sahəsinin planı və ölçüsü, memarlıq və şəhərsalma idarəsinin rəyinin və torpaq dəyərinin ödənilməsi barədə sənədin ,alqı-satqı aktı əlavə olunmadığını bildirərək hüquqların qeydiyyatından imtina etmişdir. Yuxarıda göstərdiyi kimi torpaq sahəsi bələdiyyə tərəfindən mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq təhvil verilməsi barədə ayrıc aktı da tərtib edilmişdir. İnşaat pasportu tərtib edilmiş, torpaq sahəsinin alınması ilə bağlı tərəfindən Sumqayıt bələdiyyəsinin hesabına müəyyənləşdirilmiş pul məbləği ödənilmişdir. Nədənsə cavabdeh həmin qəbzin təqdim edilmədiyini bildirmişdir, halbuki həmin ödəniş qəbzinin əsli cavabdehə təqdim olunmuşur. İddiaçı torpaq sahəsinin alıcısı olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir, yəni müvafiq qaydaya uyğun müraciət etmişdir ,torpaq sahəsi müvafiq qaydada ona təhvil verilmiş və torpaq sahəsini qəbul etmişdir. Hal-hazırda da həmin torpaqdan təyinatı üzrə istifadə edir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı orazı İdarəsinin bəhanələr gətirərək, qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsi əsassızdır. Yuxarıda qeyd etdiyi kimi torpaq sahəsi bələdiyyə tərəfindən ayrılmışdır. Torpaq sahəsinin naturada nişanlanaraq təhvil verilməsi barədə ayrıc aktı da səlahiyyətli dövlət orqanların iştirakı və imzası ilə həyata keçirilmişdir. Belə ki, hər bir halda həmin torpaq sahəsi ilə əlaqədar alqı-satqı proseduru başa çatmışdır. Torpaq sahəsinin alqı-satqı aktının və həmçinin Memarlıq və Şəhərsalma idarəsinin rəyinin təqdim olunmaması məsələsinə gəldikdə torpaq sahəsi ona ayrılarkən inşaat pasportu tərtib edilmiş, inşaat pasportunda torpaq sahəsinin yerləşmə mövqeyi müvafiq sxem tərtib olunaraq təsbit olunmuşdur. Qeyd edilən sxem Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən həmin ərazinin, yəni Sumqayıt Şəhəri 51-ci məhəllə ərazisinin bütövlükdə memarlıq idarəsi tərəfindən təsdiqlədiyi sxematik plana uyğun ayrıldığı məlumdur. Oxşar tələb üzrə məhkəmə işlərində Sumqayıt şəhəri 51-ci məhəllə ərazisində torpaq sahəsi şəhərin baş planına uyğun ayrılmış, Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsi tərəfindən ərazinin baş planı təsdiq edildikdən sonra həmin ərazidə yerləşən torpaqlara dair ümumi rəyin verilməsi barədə bələdiyyəyə müvafiq məktub ünvanlandırılaraq ümumi rəyin 51-ci məhəllədə sənədləşdiriləcək torpaq sahələrinin hamısına şamil olunacağı qeyd olunmuşdur. Həmçinin qeyd etdiyi kimi həmin ərazidə yerləşən fərdi yaşayış evlərinin tikintisi üçün eyni əsaslarla ayrılmış bir çox torpaq sahələrinin üzərində mülkiyyət hüququ cavabdeh tərəfindən qeydiyyata almmışıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021 -ci il tarixli qərarına əsasən qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vunnadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iştirak etmiş, iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Mirzəyev Vüsal Qiyas oğlu Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi barədə 23 may 2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Mirzəyev Vüsal Qiyas oğluna bildirilmişdir ki, müraciətinə əlavə olunmuş sənədlərin araşdırılması zamanı müəyyən çatışmazlıqlar aşkar edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına zidd olaraq bələdiyyə qərarının 07 dekabr 2004-cü il tarixli 146 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin rəyi alınmamış, torpağın alqı-satqısına dair akt və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilməli olan torpaq sahəsinin plan və ölçüsü tərtib edilməmiş, torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun keçməsini, məhdudlaşdınlmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir digər əsas müəyyən olunmur. İddia mahiyyəti baxımındanda aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, 0.06 ha-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına zidd olaraq bələdiyyə qərarının 07 dekabr 2004-cü il tarixli 146 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin rəyi alınmamış, torpağın alqı-satqısına dair akt və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilməli olan torpaq sahəsinin plan və ölçüsü tərtib edilməmiş, torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini iddianın təmin edilməməsi üçün əsas hesab etmir . Belə ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 12 sentyabr 2003-cü il tarixli, 89 saylı protokol qərarı ilə Sumqayıt şəhər bələidyyə torpaq komissiyasının 11 sentyabr 2003-cü il tarixli, 80 saylı protokoluna əsaslanaraq Sumqayıt şəhəri, 13-cü mkr, ev 40, mənzil 51-dıə yaşayan İddiaçı 51-ci məhəllə ərazisində baş plan əsasında fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. EQĞ 017602 saylı kassa mədaxil orderinin qəbzinə əsasən torpaq sahəsinin dəyəri-150000 manat iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Həmçinin torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu, torpaq sahəsinin (sahələrinin) sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, nişalanması və sifarişçiyə təhvil verilməsi haqqında Akt da məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 26 yanvar 2023-cü il tarixli, 3-21-3- 31/2-230/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyinə üzrə araşdırmanın nəticəsi olaraq iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları, sxematik xəritəsi və ortofotosu təqdim edilmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının Sumqayıt şəhər bələdiyyəsi tərəfindən təqdim edilmiş mövqe planı ilə uyğun olduğu, məlumat bazasına əsasən (TEKUİS və AZCAD proqramları) iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin kateqoriyasının yaşayış məntəqələri torpaqları, uqodiyasının tikinti altında olan torpaqlar, təyinatının isə fərdi yaşayış kimi qeyd edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri əsaslı deyil, iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Məhkəmə hesab edir ki, bələdiyyə qərarının 07 dekabr 2004-cü il tarixli 146 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq və şəhərsalma idarəsinin rəyinin alınmamış olması, torpağın alqı-satqısına dair akt və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilməli olan torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməməsi səbəbilə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdeh orqanın digər dəlili -torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmiş olmasına münasibətdə məhkəmə qeyd edir ki, iş materialların əlavə edilmiş EQĞ 017602 saylı kassa mədaxil orderinin qəbzinə əsasən torpaq sahəsinin dəyəri-150000 manat iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir. Qeyd edilənlərdən göründüyü kimi iddianın təmin edilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən,(Sumqayıt şəhər Bələdiyyə Şurasının 12 sentyabr 2003-cü il tarixli, 89 saylı qərarı ilə ayrılmış) 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-340/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-340/2023
10.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver