Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3406/2023 12.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinə qarşı “İddiaçı və oğlu X2 Abşeron rayonu, Məmmədli kəndi, Həsən Əliyev küçəsi, ev 18-ə pasport qeydiyyatına alınmaqları öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, özünün və oğlu X2 Abşeron rayonu, Məmmədli kəndi, Həsən Əliyev küçəsi, ev 18-ə pasport qeydiyyatına alınmaları üçün inzibati orqana müraciət etmiş, 17 may 2023-cü il tarixli, 18/2-M-15785/23 saylı məktub ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və oğlu X1 rayon Məmmədli kəndi Həsən Əliyəv küçəsində ümumi torpaq sahəsi (0.08m2) x 0.50 əmlak sahəsi (32m2) x 0.30 olan mənzildə 2012-ci ildən bu günə yaşayır. 2012-ci ildən bu günə torpaq, əmlak vergisini bələdiyyənin verdiyi bildirişlər əsasında Məmmədli poçtunda ödəmiş, bütün kommunal ödənişlər öz adınadır. Bu günə kimi, polis qəydiyyatında olmuşdur. Hal-hazırda Cənab Prezidentin yeni fərmanı ilə polis qeydiyyatından çıxarıldığımıza görə şəxsiyyət vəsiqəsinin FİN-İ portalda görünmədiyinə görə vəsiqəsi etibarsız göstərilir və iş yerində ciddi problemlər yaşayır. Bildirir ki, atası 2012-ci ildə faktiki sahəsi 0,018 ha torpağında (sənəd üzrə 0,01) 2 ev, özü və onun üçün tiktirmişdir. O, boşanıb ata evinə gəldiyi üçün atasının yanında evi tikmişdir. Abşeron rayon İcra Hakimiyyətinin icazəsi ilə, sonralar atası sənəd üzrə 0.01 ha olan evini anasının sağlıq probləmlərindən dolayı pul lazım olduğu üçün sataraq köçmüşdür. İddiaçının yaşadığı 0.08 kv.m torpaq sahəsinin sənədləşməsi üçün imkanı olmadığından, bu günədək polis qeydiyyatında qalmışdır. İndi isə polis qəydiyyatından çıxarıldığı üçün bu evə qəydiyyata durmağı vacibdir. İddiaçı 21 ildir 1 Saylı VƏD-də tibb bacısı olaraq işləyir. İşdə qeydiyyatla bağlı problemlər yaşayır. Oğlu gələn il 11-ci sinifi bitirəcək, dokument işlərində qeydiyyata ehtiyacları olacaq. Özü də, oğlu da Abşəron Hərbi Komissarlığında qeydiyyatdadır. Şəxsiyyət vəsiqələri isə yoxdur. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qanuni qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı özünün və oğlu X2 Abşeron rayonu, Məmmədli kəndi, Həsən Əliyev küçəsi, ev 18-ə pasport qeydiyyatına alınmasını istəyir. Cavabdeh isə imtinasında qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində nəzərdə tutulan sənədlərdən biri - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında həyata keçirildiyindən qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənədi təqdim edə bilmədiyinə görə yaşadığı ünvana qeydiyyata alınmağı mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, fərdi yaşayış evinə dair kommunal xərclər iddiaçı tərəfindən ödənilir. Habelə iddiaçı tərəfindən bələdiyyəyə torpaq və əmlak vergisi ödənilir. Əhali qrupunda su sayğacının quraşdırılması, dəyişdirilməsi, təmiri və istismara qəbuluna dair Aktdan görünür ki, abonent kodu iddiaçının adınadır. Lakin vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlər cavabdeh inzibati orqana təqdim edilməmişdir. Göründüyü kimi iddiaçı faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşasa da, yaşayış yeri üzrə qeydiyyat üçün əsas olan sənədləri mövcud deyildir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər qanunvericiliyin tələbi üzrə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün hüquqi əsas təşkil etmədiyinə görə inzibati orqanın imtinası əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3406/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3406/2023
12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver