Məhkəmə qərarları › İş №2-1(118)-3409/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3409/2024

14.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3409/2024 14.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “İddiaçı 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il, 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il, 07 ay, 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının 2008-ci ilin yanvar ayından etibarən yenidən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “ İddiaçı 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il, 06 ay, 08 gün, imtiyazlı hesablama ilə 39 il, 07 ay, 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası DİN-in 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının yenidən hesablanması, qeyd olunan tarixdən 8 faiz pensiya kəsirinin də hesablanaraq bir dəfəyə ona ödənilməsi və bundan sonra əmək haqqının 100 faizi məbləğində pensiyanın ödənilməsi üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İddiaçı 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il, 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il, 07 ay, 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının 2008-ci ilin yanvar ayından etibarən yenidən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1982-ci ildən etibarən Azərbaycan Respublikasının Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmiş, polis polkovnikidir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 iyun tarixli, 867 saylı sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunmuşdur. Müharibə veteranı və əlildir. Bildirir ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq naziri Eldar Mahmudovun qərəzli və məkrli münasibətləri səbəbindən 18 iyun 2007-ci il tarixdə həbs edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3 və 204.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətinə, CM-nin 204.1-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq əmlakı müsadirə olunmamaqla 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin 20 iyun 2007-ci ildən hesablanması hökm edilmişdir. Hökmdən A. Quliyev və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati xətalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilərək Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci İl tarixli hökmü dəyişdirilmiş, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə cinayət təqibinə xitam verilməsi və CM-nin 66.3-cü maddəsinin tətbiq edilib cəzaların toplanmasına dair hissənin hökmdən xaric edilməsi, ona CM-nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən qərarından kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilərək ona CM- nin 234.4.3-cü maddəsi ilə təyin olunmuş cəza 2 il azaldılaraq üzərində 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasının saxlanılması qərara alınmışdır. 07 iyun 2010-cu il tarixdə İddiaçı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət edərək "insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1 və 3 (c) bəndlərinə əsaslanmaqla onun barəsindəki cinayət işinə məhkəmələrdə baxılarkən Konvensiyada nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasından şikayət etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İddiaçı 32370/10 saylı ərizəsi üzrə 30 yanvar 2020-ci il tarixli qərarında (İddiaçı Azərbaycana qarşı) Hökumətin verdiyi birtərəfli bəyannaməni nəzərə alaraq işin Məhkəmənin baxışından çıxarılması ilə bağlı qərar qəbul edib. Məhkəmənin tərəflərə mübahisənin dostyana həlli lə bağlı təklifi çərçivəsində Azərbaycan Hökuməti 6 sentyabr 2019-cu il tarixli bəyannamə ilə ərizəçinin Konvensiya ilə zəmanət verilən hüquqlarının pozulması ilə bağlı faktın müəyyən edildiyini bildirmişdir. Bəyannamənin 2-ci bəndində Hökumət ərizəçiyə dəymiş maddi və mənəvi zərəri, eləcə də xərcləri qarşılamaq üçün 3.000 (üç min) avro, o cümlədən həmin məbləğ üzrə ondan tutulacaq vergini ödəməyə hazır olduğunu bəyan etmiş və Məhkəməyə Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndi üzrə müraciəti işlər siyahısından çıxarmağı təklif etmişdir. AİHMin 30 yanvar 2020-ci il tarixli qərarının 1-ci bəndində Azərbaycan Respublikası Hökumətinin birtərəfli qaydada bəyannamə yolu ilə ərizəçinin Konvensiya ilə zəmanət verilən hüquqlarının pozuntusunu tanıdığını etiraf etdiyi qeyd edilmişdir. AİHM-nin 30 yanvar 2020-ci il tarixli qərarından sonra hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat çərçivəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu İddiaçı ilə bağlı ölkədaxili məhkəmələr tərəfindən qəbul edilmiş qərarlara yenidən baxmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 sentyabr 2022-ci il tarixli, 12(102)-3(a)/2022 saylı qərarına əsasən Ali Məhkəmənin Cinayət işləri üzrə məhkəmə kollegiyasının 08 dekabr 2009-cu il tarixli qərarı və onunla bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 29 may 2008-ci il qərarı Quliyevin Azərbaycan Respublikası CM-nin 234.4.3- ü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hissədə ləğv edilməsi və cinayət işinin həmin hissədə Sumqayıt Apellyasiya Məhkəməsində yeni apellyasiya baxışına təyin olunması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının l(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 noyabr 2007-ci il tarixli hökmü İddiaçı Azərbaycan Respublikası CM- nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilmiş, ona qarşı irəli sürülmüş CM-nin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası CM- nin 234.4.3-cü maddəsi ilə bəraət verilmişdir. Həmçinin İddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. İddiaçı qanunsuz cinayət təqibinə məruz qaldığından və məhkum edildikdən sonra Daxili işlər Nazirliyinin 14 yanvar 2008-ci il tarixli Ə-78 ş/h nömrəli əmri ilə "Azərbaycan Respublikasının Daxili işlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 3-cü bəndinə əsasən (cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olduqda) Daxili işlər Orqanlarında xidmətdən 52 yaşında, yəni vaxtından 3 il əvvəl xaric edilib. 10 yanvar 2008-ci il tarixə onun xidmət müddətinin təqvimi hesablama ilə 27 il, 02 ay, 20 gün, imtiyazlı hesablama ilə 34 il, 03 ay, 20 gün təşkil etməsi göstərilmişdir. İddiaçıya pensiya təyin edilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 07 mart 2008-ci il tarixli 224 nömrəli məlumat vərəqi təqdim olunmuşdur. 01 iyul 2008-ci il tarixdən etibarən Mərkəzi Filial tərəfindən "Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə əsasən ona 34 il, 03 ay, 20 gün xidmət müddətinə uyğun olaraq təminat xərcliyinin 92 faizi həcmində xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçı bəraət alması barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-ci il tarixli hökmü qanuni qüvvəsini aldıqdan sonra, 11 iyul 2023-ci il tarixdə Daxili işlər Naziri cənab Vilayət Eyvazova rəsmi müraciət edərək "Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 3-cü bəndinə əsasən (cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olduqda) Daxili işlər Orqanlarında xidmətdən xaric edilməsi barədə DİN-İn 14 yanvar 2008-ci il tarixli Ə-78 ş/h nömrəli əmrinin məzmununun dəyişdirilməsini, həbsdə olduğu 5 il, 10 ay, 8 gün müddətin onun iş stajına daxil edilməsini və pensiyasının yenidən hesablanmasını xahiş edtmişdir. Daxili işlər Naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı 12 dekabr 2023cü il tarixli şəxsi heyət üzrə 3-13/Ə718/2023 nömrəli əmri ilə DİN-İn Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu Nəqliyyatında Polis idarəsinin Sabunçu stansiyasında xətt polis şöbəsinin Sumqayıt stansiyasında xətt polis məntəqəsinin rəisi, polis polkovniki İddiaçı daxili işlər orqanlarından xaric olunması bərədə Nazirliyin 14 yanvar 2008-ci il tarixli şəxsi heyət üzrə 78 nömrəli əmrinə qismən dəyişiklik edilərək "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə 26 aprel 2013-cü il tarixdən xidmətdən xaric edilmiş hesab olunub və 26 aprel 2013-cü il tarixə xidmət müddəti təqvimi hesablama ilə 32 il, 06 ay, 08 gün, imtiyazlı hesablama ilə isə 39 il, 07 ay, 08 gün təşkil etməsi göstərilmişdir. Qeyd olunan əmr iddiaçının pensiyasının yenidən hesablanması üçün DİN-in Maliyyə-Plan idarəsinə göndərilmişdir. Nazirliyin Maliyyə-Plan idarəsi tərəfindən iddiaçı barədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 26 dekabr 2023-cü il tarixli 224 nömrəli məlumat vərəqi təqdim olunmuşdur. Təqdim olunan məlumat vərəqində iddiaçının 26 aprel 2013cü il tarixdə yaşa görə DİO- dan xaric edilməsi və xidmət müddətinin təqvmi hesablama ilə 32 il, 06 ay, 08 gün, imtiyazlı hesablama ilə 39 il, 07 ay, 08 gün təşkil etməsi və xidmət müddətinə uyğun olaraq pensiyanın yenidən hesablanması göstərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 26 yanvar 2024-cü il tarixli 3-17-1/2-Q-19889-2024 nömrəli məktubu ilə iddiaçının pensiyasının yenidən hesablanmasından əsassız imtina olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Hesab edir ki, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (bundan sonra - Qanun): 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0,8. fərdi hesabın sığorta hissəsi- əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 48 və daha çox yaşı, 30 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 ilini hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. Bildiririk ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1 -ci maddəsinə uyğun qaydada İddiaçı 8 yanvar 2008-ci il tarixdən 34 il 3 ay 20 gün (ali təhsil illəri 2 il, təqvimi xidmət illəri 27 il 2 ay 20 gün, güzəştli xidmət illəri 5 il 1 ay) xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 29 iyun 2022-ci il tarixdən qüvvədə olan 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. İddiaçı xx.xx.2013-cü il tarixdə yenidən ehtiyata buraxılmağı ilə əlaqədar sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş məlumat vərəqində təqvimi xidmət illəri 32 il 6 ay 8 gün təşkil etmişdir. Bununla əlaqədar, İddiaçı xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmədiyi üçün əmək pensiyasının yeni məlumat vərəqinə əsasən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü; cavabdeh orqanın 09 iyun 2023-cü il tarixli imtina məktubu; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli şəxsi heyət üzrə 3-13/Ə718/2023 nömrəli əmrindən çıxarış və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə “İddiaçı qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə dair ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi” qərara alınmışdır. Göründüyü kimi iddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə bəraət almışdır. İddiaçı hal-hazırda 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il, 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il, 07 ay, 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası DİN-in 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının 2008-ci ilin yanvar ayından etibarən yenidən hesablanması və ödənilməsini tələb edir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə əsasən Polis əməkdaşının pensiyasının və sosial təminatının məbləği və təyin edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinə əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər. Həmin Əsasnamənin 145-ci bəndinə əsasən Daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı, pensiya təyin edilərkən xidmət müddətinin hesablanması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Həmin Əsasnamənin 146-cı bəndinə əsasən Xidmətdən xaric edilən daxili işlər orqanları əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müavinət verilir. Həmin Əsasnamənin 152-ci bəndinə əsasən bu Əsasnamənin 148-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmətə bərpa edilən əməkdaşlara növbəti xüsusi rütbənin, eləcə də əlavələrin verilməsi və ya pensiyanın təyin edilməsi üçün xidmət illərinin hesablanması zamanı, daxili işlər orqanlarından xaric edildikləri gündən xidmətə bərpa olunma haqqında əmrin imza edildiyi günədək olan müddət fasiləsiz xidmət stajına daxil edilir. Həmin Əsasnamənin 153-cü bəndinə əsasən törətdiyi cinayətə görə məhkum olunaraq daxili işlər orqanlarında xidmətdən xaric edilən, sonradan bəraət qazanan əməkdaşlara vurulmuş zərərin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Cavabdeh orqan imtinasının əsası kimi göstərmişdir ki, “Qanunun 29 iyun 2022-ci il tarixdən qüvvədə olan 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır. İddiaçı xx.xx.2013-cü il tarixdə yenidən ehtiyata buraxılmağı ilə əlaqədar sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş məlumat vərəqində təqvimi xidmət illəri 32 il 6 ay 8 gün təşkil etmişdir. ” Lakin məhkəmə hesab edir ki, cavabdeh orqanın yuxarıda qeyd edilən əsası ilə iddiaçının tələbindən imtinası əsassız və formal olmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-29/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə bəraət aldıqdan sonra, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli şəxsi heyət üzrə 3-13/Ə718/2023 nömrəli əmri ilə 14 yanvar 2008-ci il tarixli Ə78ş/h nömrəli əmrinə düzəliş edilmişdir və qeyd edilmişdir ki, “DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu Nəqliyyatında Polis idarəsinin Sabunçu stansiyasında xətt polis şöbəsinin Sumqayıt stansiyasında xətt polis məntəqəsinin rəisi polis polkovniki İddiaçı daxili işlər orqanlarından xaric olunması barədə Nazirliyin 14 yanvar 2008-ci il tarixli şəxsi heyət üzrə 78 nömrəli əmrinə qismən dəyişiklik edilərək "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin 135-ci maddəsinin 5-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə 26 aprel 2013-cü il tarixdən xidmətdən xaric edilmiş hesab olunsun. 26 aprel 2013-cü il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 32 il, 06 ay, 08 gün, imtiyazlı hesablama ilə - 39 il, 07 ay, 08 gün təşkil edir. Eyni zamanda məhkəmə iclasında iddiaçı öz izahatında bildirmişdir ki, 32 il, 06 ay, 08 gün onun pensiyadan sonra işlədiyi dövr deyil, qanunsuz olaraq həbs edildiyi dövrün iş stajına əlavə edilməsi nəticəsində hesablanmış iş stajıdır. Azərbaycan Respublikası CPM-nin 59.1.2-ci maddəsinə əsasən Məcəllənin 56-cı maddəsində qeyd edilən şəsxlərin vurulmuş ziyanın ödənilməsi bağlı azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək hüququ vardır. Vətəndaşın həbsdə olduğu müddətin iş stajına daxil edilməsi barədə işlədiyi orqanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli şəxsi heyət üzrə 3-13/Ə718/2023 nömrəli əmrinin olmasına baxmayaraq cavabdeh tərəfindən həmin dövrlərin staj olaraq nəzərə alınmamasını məhkəmə, iddiaçının yuxarıda qeyd olunan konstitusion hüququnun pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, sonuncunun həbsdə olduğu müddətin iş stajına daxil edilməsi iddiaçıya təyin edilmiş pensiyanının yenidən hesablanması üçün əsas olan hal kimi nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının 2008-ci ilin yanvar ayından etibarən yenidən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 26 aprel 2013-cü ildən xidmətdən xaric edilmiş hesab olunması, həmin tarixə kimi xidmət müddətinin təqvimi hesablama ilə 32 il 06 ay 08 gün, imtiyazlı hesablama ilə 39 il 07 ay 08 gün təşkil etməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 dekabr 2023-cü il tarixli əmrinə əsasən pensiyasının 2008-ci ilin yanvar ayından etibarən yenidən hesablanması və iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar