Məhkəmə qərarları › İş №2-1(118)-341/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-341/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-341/2020 17.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X1rşı Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən, 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına”dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Məhəmmədi kənd Bələdiyyəsinin qərarı ilə Abşeron rayon Məhəmmədi kəndində ailə vəziyyətini nəzərə alaraq Bələdiyyə fondundan 0.10 hektar torpaq sahəsi ayrılmışdır. İşə əlavə etdiyi xx xxx 2003-cü il tarixli 12/141 nömrəli Məhəmmədi kənd Bələdiyyəsinin qərarı da bunu sübut edir. Ərizəsinə həmçinin Abşeron rayon Məhəmmədi Bələdiyyəsinin yerquruluşu planından çıxarışı da əlavə etmiş və bu sənədləri əsas götürərək bununla bağlı olaraq daşınmaz əmlakına hüququnun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X2 müraciət etsə də, cavabdehdən imtina məktubu göndərilmiş və qeyd edilmişdir ki, alqı–satqı aktının ləğv edilmiş, DT və XK-nın Abşeron Rayon şöbəsinin və İcra Hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.Qeyd etdi ki, o, bütün prosedurları həyata keçirilməsinə bələdiyyə özü cavabdeh idi. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Həmin sənədin olmamağı və s. vətəndaşın günahı deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X1rşı “Ona Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən, 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli **********71 nömrəli məktubla iddia tələbinə etiraz edərək, bildirmişdir ki,iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilənlərin araşdırılması zamanı Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən torpaq sahəsinə dair təqdim edilən sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, İddiaçı 0.10 ha torpaq sahəsi Məmmədli Bələdiyyəsi tərəfindən xx xxx 2003–cü il tarixli 12/141 nömrəli qərarı əsasında ayrılmasına baxmayaraq, alqı-satqı aktının, ləğv edilmiş DT və XK–nın Abşeron rayon şöbəsinin və icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəylərinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Həmçinin, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa, müraciətə sözügedən 0.10 ha torpaq sahəsinin müvafiq qaydada təsdiq edilmiş yerquruluşu planından çıxarışın ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında“ Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxx 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasmda) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Qeyd etmişdir ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları"na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, "Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları"na Əlavədən- “Torpaqların alqı-satqısına dair Akt" çıxarılmışdır. "Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" xx xxxxxxx 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014–cü il tarixli, 215 nömrəli Fərmanı ilə alqı–satqı aktı "Torpaqların alqı-satqı Qaydaları"na əlavədən çıxarılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X3 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və ““Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1–ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx xxx 2003-cü il tarixli 12/141 nömrəli Məhəmmədi kənd Bələdiyyəsinin qərarı, Məhəmmədi kənd Bələdiyyəsi tərəfindən verilmiş yerqurluşu planından çıxarışın surəti Cavabdeh inzibati orqanın imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və rədd edilməlidir. Belə ki, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPM maddə - 14.2). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüqununun yaranmasının əsası kimi torpaq sahəsinin ona verilməsi barədə Abşeron rayonuMəhəmmədli bələdiyyəsinin xx xxx 2003cü il tarixli 12/141 nömrəli qərarına istinad edir, cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını həmin qərarın mülkiyyət hüququnun yaranması üçün kifayət etməməsi, bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının təqdim edilməli olması ilə əsaslandırır. Azərbaycan Respublikasının xx xxxx 2002-ci il tarixli 274-İİQ №-li Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin zamana görə qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər (11-ci bənd). Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir (16-cı bənd). Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd). Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını və cizgisini təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir (22-ci bənd). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (23-cü bənd). Qeyd olunan normaların birgə təhlili onu deməyə əsas verir ki, şəxs torpaq sahəsinin ayrılması barədə ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra bələdiyyə: 1) torpaq sahəsinə yerində baxış keçirir, 2) torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir, 3) şəxsin müraciətindən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, 4) zəruri sənədləri həmin orqandan aldıqdan sonra isə torpaq sahəsinin dəyəri ödənildiyi halda, torpağın mülkiyyətə verilməsi barədə qərar qəbul edir. Yalnız bundan sonra sahənin sərhədləri naturada müəyyən edilir. Göründüyü kimi, şəxsə torpaq sahəsi satılarkən bələdiyyə bir deyil, iki qərar qəbul edir. Onlardan birincisi müraciət daxil olduqdan sonra torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə, ikincisi isə, müvafiq icra hakimiyyəti orqanından sənədlər daxil olduqdan və torpaq sahəsinin dəyəri ödənildikdən sonra torpağın mülkiyyətə verilməsi barədədir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində bəhs edilən bələdiyyə qərarı da məhz həmin ikinci qərardır. Birinci qərar qəbul edildiyi zaman torpaq sahəsinin yeri, yerləşdiyi zona dəqiqləşdirilmiş və torpağın dəyəri ödənilmiş olmadığına görə həmin qərar mülkiyyət hüqununun yaranmasına əsas verə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, Abşeron rayon Məhəmmədli bələdiyyəsi bələdiyyənin torpaq fondundan iddiaçıya 0,10 ha torpaq sahəsinin ayrılıb verilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Əsasnamədə sadalanan sənədlər tərtib olunmamış, torpaq sahəsinin dəyəri ödənildikdən sonra qəbul edilməli olan qərarı qəbul etməmişdir. Bundan başqa, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin zamana görə qüvvədə olan redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində əsasən daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırmasının (yüklülüyün) başqasına keçməsinin və bu hüquqalara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində isə torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 66-cı maddəsinin 1-ci hissəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Göründüyü kimi, qanunvericilik bələdiyyə torpağının satılması ilə əlaqədar bələdiyyə qərarından savayı, həm də alqı-satqı müqaviləsinin bağlanmasını tələb edir. Bələdiyyə ilə iddiaçı arasında isə belə bir müqavilə (alqı-satqı aktı) bağlanmamışdır. Faktiki olaraq, bələdiyyə torpağının iddiaçıya satılması proseduru başa çatdırılmamış və yarımçıq saxlanmış, iddiaçı ilə bələdiyyə arasında hər hansı hüquq münasibətləri yaranmamışdır. Mübahisə predmeti torpaq sahəsi iddiaçıya satılmadığından iddiaçının mülkiyyət hüququ yaranmamış və mübahisə predmeti olan torpaq bələdiyyə mülkiyyətində qalmışdır. Belə olan halda cavabdeh inzibati orqan qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanuni olduğundan iddia tələbi rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X1rşı “Ona Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən, 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar