Məhkəmə qərarları › İş №2-1(118)-341/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-341/2021

27.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-341/2021 27.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 35 kv m torpaq sahəsinə dair rəyin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsi tərəfindən ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 35 kv m torpaq sahəsinə dair rəyin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki şəhid yoldaşı X5 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək vaxtı ilə “Nəsimi” adına istirahət parkının ərazisində olmuş və bir neçə il bundan əvvəl parkın ərazisinin abadlaşdırılması zamanı sökülmüş qeyriyaşayış cbyektinin əvəzinə ona sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün kommersiya obyektinin inşası məqsədi ilə qeyri-rəsmi surətdə ayrılmış Sumqayıt şəhərinin 2-ci mikrorayonu ərazisində yerləşən 35 kvadrat metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt Bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab etmişdir. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 15.07.2019-cu il tarixli 49 saylı rəy verilərək torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən də 12 iyun 2019-cu il tarixli, 02/07-3329 saylı rəy verilərək ayrılması nəzərdə tutulan 35 kvadrat metr torpaq sahəsinin və üzərində inşa ediləcək məişət xidməti obyektinin Sumqayıt şəhərinin Baş planına uyğun olduğu bildirilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən 25 oktyabr 2019-cu il tarixli 3330 məktubla Azərbaycan Respublikası Əmlak şələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Ərazi İdarəsinə müraciət edilmiş və göstərilmiş torpaq sahəsinə dair müvafiq rəyin və torpaq sahəsinin kateqoriyası barədə məlumatların Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi xahiş edilmişdir. Lakin müraciətimiz qeyd olunan idarə tərəfindən yazılı cavablandırılaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən tərtib edilmiş yerquruluşu sxeminin guya qanunvericiliyə uyğun hazırlanmadığı bəhanə gətirilərək adı çəkilən sənədlərin verilməsindən imtina etmişdir. Sonuncu dəfə tərəfimizdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət edilərək müvafiq rəyin verilməsi xahiş olunmuş, lakin cavabdeh tərəfindən həmin müraciətə 20 avqust 2020-ci il tarixli, **********74 saylı məktubla cavab verilmiş, torpaq sahəsinin kteqoriyası haqda məlumat əldə etmək üçün "xxxx" MMC-nin Layihə-Tədqiqat İdarəsinə müraciət etməyimizin məqsəduyğun olduğu bildirilərək rəyin verilməsindən imtina olunmuşdur. Halbuki,qanunvericiliyə əsasən rəyin verilməsi birbaşa olaraq cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədn xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi qismində gələn X4 verilmiş etibarnamənin müddətinin başa çatdığı aşkar edildiyindən iştirakı çəqsədəuyğun hesab edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Sumqayıt bələdiyyəsi sahibkarlıq məqsədi ilə ayrılması nəzərdə tutulmuş torpaq sahəsinə dair rəyin hazırlanması öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xİdmətinin üzərinə qoyulmasını tələb edir. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq torpaq sahəsinin kateqoriyası barədə məlumatın əldə edilməsi üçün "xxxx" MMC-nin Layihə-Tədqiqat İdarəsinə müraciət edilməsinin məqsədəuyğun hesab edildiyini bildirmişdir. İddiaçı iddia ərizəsində öz tələbini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 08.06.2015-ci il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında Təlimat”a istinad etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 02.08.2019-cu il tarixli 05 nömrəli Qərarı ilə göstərilən Təlimat yeni redaksiyada verilmişdir. Təlimatın 1.3-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Əmlak Məsələləri Dövlət Xİdməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və X1 Təşkili üzrə Dövlət Agentliyi ilə əlaqələndirilməklə Əmlak Məsələləri Dövlət Xİdmətinin ərazi şöbələri tərəfindən verilir. Təlimatın 2.1-ci bəndinə görə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsi barədə bələdiyyə müraciəti Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ərazi idarələri və ya bu idarələrin rayon şöbələri tərəfindən qəbul edilir. Təlimatın 2.2-ci bəndinə əsasən müraciət daxil olduqdan sonra ərazi idarəsi müvafiq rəyin verilməsinə dair müraciət edilən torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış hər hansı hüquq olmadıqda və ya üzərində hüquq qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşmədikdə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinı dair rəyin verilməsi mqəsədi ilə torpaq sahəsinə baxış keçirilərək “Torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən Baxış aktı”nın tərtib edilməsi üçün bələdiyyənin müraciətinin curətini 1 gündən gec olmayaraq Xidmətin müvafiq ərazi şöbəsinə göndərir. Məhkəmə qeyd edir ki, əvvəla, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinni tələblərinə əsasən hüquqi yardım göstərilərək cavabdehi düzgün seçmək təklif edilmişdir. Belə ki, iddiaçı cavabdeh qismində Əmlak Məsələlrəi Dövlət Xidmətini hesab etsə də, onun tələb etdiyi rəyin verilməsi birbaşa Xidmətin deyil, onun ərazi şöbələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa yuxarıda adıçəkilən Təıimatın normalarından göründüyü kimi torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin mümkünlüyü barədə rəyin verilməsi üçün Əmlak Məsələləri Dövlət Xİdmətinin ərazi şöbəsinə deyil, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin müvafiq ərazi idarəsinə müraciət olunmalıdır. Göstərilən məsələni tənzimləyən və qüvvədə olan Təlimatda bgöstərilən rəyin alınması üçün şəxsin birbaşa Əmlak Məsələləri Dövlət Xİdmətinə müraciət etməsi nəzərdə tutulmamışdır. Bundan başqa “İnizbati icraat haqqında” Azırbaycan Respublikası Qanununun 4.3-cü maddəsinə əsasən inzibati orqanlar arasında aidiyyət və ya səkahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazilriyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 35 kv m torpaq sahəsinə dair rəyin hazırlanaraq Sumqayıt bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar