Məhkəmə qərarları › İş №2-1(118)-3415/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3415/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3415/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 29 mart 2023-cü il tarixli 3-17-1/3-3-7096/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay artıq ödəmə hesablanma, pensiya məbləğində dəyişiklik edilərək azaldılması barədə cavabdehin qərarının ləğv edilməsi, cavabdehin xx.xx.2022-ci il tarixədək ödənilən aylıq pensiya məbləğinin ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 29 mart 2023-cü il tarixli 3-17-1/3-3-7096/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tebeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 22 iyul 2022-ci il tarixli **********9 saylı imtina məktubuna əsasən, ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh orqanın imtina məktubu bu şəkildədir “Bildiririk ki, DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən sizə xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququn yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Mərkəzi Filial tərəfinizdən müraciətinizə əsasən aparılmış araşdırmalar zamanı əmək pensiyanızın düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı tarixədək mövcud olan iş stajınıza uyğun olaraq "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin tələblərinə əsasən sizə pensiya təyin olunan pensiyanızın sığorta hissəsi 65.73 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnuzun yarandığı tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 154.08 manat sığorta kapitalına uyğun 1.0 manat pensiyanızın sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2009-cu il tarixində 141.80 manat pensiya məbləği (65.73+1.07+75 (baza hissəsi) (xx.xx.2017-ci il larinədək indeksləşdirilməklə 2(14.89 manat)) sizə ödənilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 36 il 6 ay götürülməklə sığorta hissəsi 65.78 manat müəyyən edilmiş. xx.xx.2006xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 3322.08 manat sığorta kapitalına görə pensiyanızın sığorta hissəsi 23.07 manat müəyyən edilərək 163.85 manat (65.78*23.07 75) (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 237.57 manat)) məbləğində pensiya təyin olunaraq sizə ödənilmişdir. Eyni zamanda bildirik ki, "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla 6 ildən bir həyata keçirilir. Aparılmış araşdırmalar zamanı tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizənizin icra edilmədiyi müəyyən olunmuşdur. Tərəfimizdən həmin ərizənizə əsasən işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 19674.00 manat sığorta kapitalınıza uyğun əmək pensiyanız yenidən hesablanmışdır. Belə ki. 19674.00 manat sığorta kapitalınız "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3. l-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674.00/72-273.25 manat) qanuni əmək pensiyanızın (204.89 manat) üzərinə əlavə edilərək (273.25+204.89=478.14 manat 1xx.xx.2018-ci il tarixinədək indeksləşdirilməklə 505.39 manat)) hesablanmışdır. Eyni zamanda xx.xx.2018-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün pensiyaçı kimi işlədiyiniz dövrdə (pensiyanız yenidən hesablanmasından sonra) topladığınız 2267.28 manat pensiya kapitalına əsasən Mərkəzi filialı tərəfindən "Əmək pensiyaları haqqında" Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyanız yenidən hesablanaraq 505.39 manatdan 536.88 manata (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 644.78 manat) artırılmalı olduğu halda, səhvən xx.xx.2009- xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 26614.80 manat sığorta kapitalı 72 aya bölünərək (26614.808 72 369.65manat) səhv müəyyən edilmiş əmək pensiyanızın (251.12 manat ) üzərinə əlavə edilməklə (369.65+251.12 620.77 manat (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 745.53 manat)) sizə ödənilmişdir. Bundan başqa, tərəfimizdən vaxtilə işlədiyiniz "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əsasən qanuni əmək pensiyanız xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 644.78 manatdan 677.85 manata artırılmışdır. Qeyd olunanlara əsasən, sizə ümumillikdə 4618.34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 76.97 manat) əmək pensiyanızdan çıxılmaqla tutulur. Əlavə olaraq, bildirik ki, "Əmək pensiyaları haqqında" Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dələ ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (AR Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (AR Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2022-ci il tarixindən etibarən 780.80 manat müəyyən edilmişdir. Əmək pensiyanız qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 7880.80 manat təşkil edir. Hesab edir ki, tərəflərindən aparılmış bu bir tərəfli "yenidən araşdırılma” tam qanunsuzdur və onun heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən, mərkəz tərəfindən ona guya xx.xx.2009-cu il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək ümumilikdə 4618.34 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilməsi onlara əsas vermirdi ki, birtərəfli qaydada xx.xx.2022-ci ildən başlayaraq hər ay 76,97 manat pensiyamdan tutulmaya başlayasınız. Belə olan halda tutulma yalnız əmək pensiyaçısı onun razılığı ilə razılıq olmadıqda isə məhkəmə qaydasında tutula bilərdi. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi, həmçinin vəkili X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Mərkəzi Filial tərəfindən iddiaçının müraciətinə əsasən aparılmış araşdırmalar zamanı onun əmək pensiyasının düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 36 il 5 ay 18 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək mövcud olan iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən ona pensiya təyin olunan tarixə pensiyasının sığorta hissəsi 65,73 manat və xx.xx.2006-cı il tarixindən pensiya hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 154,08 manat sığorta kapitalına uyğun 1,07 manat pensiyasının sığorta hissəsi müəyyənləşdirilərək xx.xx.2009-cu il tarixində 141,80 manat pensiya məbləği (65,73+1,07+75 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 204,89 manat)) ona ödənilməli olduğu halda, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 36 il 6 ay götürülməklə sığorta hissəsi 65,78 manat müəyyən edilmiş, xx.xx.2006xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində artıq müəyyən edilmiş 3322,08 manat sığorta kapitalına görə pensiyasının sığorta hissəsi 23,07 manat müəyyən edilərək 163,85 manat (65,78+23,07+75 (baza hissəsi) (xx.xx.2017-ci il tarixinədək indeksləşdirilməklə 237,57 manat)) məbləğində pensiya təyin olunaraq iddiaçıya ödənilmişdir. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Aparılmış araşdırmalar zamanı iddiaçı tərəfindən Fondun Sumqayıt şəhər şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizəsinin icra edilmədiyi müəyyən olunmuşdur. Mərkəzi Filial tərəfindən həmin ərizəyə əsasən işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 19674,00 manat sığorta kapitalına uyğun əmək pensiyası yenidən hesablanmışdır. Belə ki, 19674,00 manat sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 aya bölünməklə (19674,00/72=273,25 manat) iddiaçının qanuni əmək pensiyasının (204,89 manat) üzərinə əlavə edilərək (273,25+204,89=478,14 manat (xx.xx.2018-ci il tarixinədək indeksləşdirilməklə 505,39 manat)) hesablanmışdır. Eyni zamanda xx.xx.2018-ci il tarixində iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün pensiyaçı kimi işlədiyi dövrdə (pensiyasının yenidən hesablanmasından sonra) topladığı 2267,28 manat pensiya kapitalına əsasən Mərkəzi Filialı tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixinədək qüvvədə olmuş 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada əmək pensiyası yenidən hesablanaraq 505,39 manatdan 536,88 manata (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 644,78 manat) artırılmalı olduğu halda olduğu halda, səhvən xx.xx.2009-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində müəyyən edilmiş 26614,80 manat sığorta kapitalı 72 aya bölünərək (26614,80/72=369,65 manat) səhv müəyyən edilmiş əmək pensiyasının (251,12 manat) üzərinə əlavə edilməklə (369,65+251,12=620,77 manat (xx.xx.2020-ci il tarixinədək indeksləşdirilməklə 745,53 manat)) ona ödənilmişdir. Bundan başqa, Mərkəzi Filial tərəfindən iddiaçının vaxtilə işlədiyi "xxxx" ASC tərəfindən ötən dövrdə ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əsasən qanuni əmək pensiyası xx.xx.2020-ci il tarixindən yenidən hesablanaraq 644,78 manatdan 677,85 manata artırılmışdır. Qeyd olunanlara əsasən iddiaçıya ümumilikdə 4618,34 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin mart ayından etibarən hissə-hissə (hər ay 76,97 manat) əmək pensiyasından çıxılmaqla tutulur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01 2022-ci il tarixindən etibarən 780,80 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 780,80 manat təşkil edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1952-ci il təvəllüdlüdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının iddiaçıya ünvanladığı 22 iyul 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən indekləşdirmə ilə əlaqədar olaraq 780.80 manat pensiya ödənilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-7096/2023 saylı qərarından görünür ki, iddiaçıya təyin edilmiş pensiya məbləği yenidən hesablanaraq, ona 914 manat 69 qəpik pensiya təyin edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarın ləğvi barədə” iddia) əsas, digəri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən 29 mart 2023-cü il tarixli qərar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddiaçı tərəfindən həmin qərarın ləğv edilməsi ilə bağlı iddia ərizəsi isə 19 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1952-ci il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 57 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-7096/2023 saylı qərarla iddiaçıya təyin edilmiş pensiya məbləği azaldılaraq, ona 780.80 qəpik pensiya təyin edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-7096/2023 saylı qərarı üzrə inzibati icraat aparılmadığından və qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idiyaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. Hazırda qüvvədə olan qanunvericiliyə görə axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud olmalıdır: yaş; iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra 1 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 1 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. Hazırki işdə cavabdeh orqanın yazılı etirazından görünür ki, iddiaçının 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajının olması ilə bağlı, eyni zamanda 25 ildən artıq ümumi iş stajının olması ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İş materiallarından və iddiaçının pensiya işindən görünür ki, iddiaçının 12 il 06 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən xüsusi iş stajı və 25 ildən artıq ümumi iş stajı vardır. Beləliklə, iddiaçının 57 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 12 il 06 ay xüsusi iş stajı və 25 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ 57 yaşının tamam olduğu 01 yanvar 2009-cu il tarixindən yaranmışdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiya məbləğinin hesablanması zamanı inzibati icraat düzgün aparılmamışdır. Belə ki, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul edilən zaman, inzibati orqan tərəfindn inzibati icraatın prinsipləri pozulmuş, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməmiş və işdə onların iştirakını təmin etməmişdir. Həmçinin cavabdeh orqan tərəfindən inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verilməmiş və bu barədə onların mülahizələri dinlənilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqayisəli təhlildən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-7096/2023 saylı qərar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati akt olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş 29 mart 2023-cü il tarixli 3-17-1/3-3-7096/2023 saylı “Əmək pensiyanın yenidən hesablanması haqqında” qərar ləğv edilməli, iddiaçının əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 29 mart 2023cü il tarixli 3-17-1/3-3-7096/2023 saylı “Əmək pensiyanın yenidən hesablanması haqqında” qərar ləğv edilsin. İddiaçı əvvəlki pensiya məbləğinin bərpa edilməsi və tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar