Məhkəmə qərarları › İş №2-1(118)-3417/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3417/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3417/2024 31.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı1 və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN-0297 KOD 30123048 saylı Dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN-0297 KOD 30123048 saylı Dövlət aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, İddiaçı1 iddia tələbi üzrə birgə iddiaçı qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar islahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/9 saylı qərarı ilə Qusar rayonu Yuxarı Ləgər kəndi ərazisində yerləşən 1.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və X1 mülkiyyətinə verilmiş, mülkiyyət hüquqları KOD 30123048 JN:0052 saylı 03 aprel 2000ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsinə dair müvafiq Çıxarışın verilməsi ilə bağlı müvafiq ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciətə cavab verilərək bildirilmişdir ki, iddiaçıların ərizəsinə əlavə edilmiş KOD 30123048 JN:0052 saylı 03 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1.39 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud olan arxiv məlumatlarına əsasən 0.68 ha ölçüdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 52 nömrə İlə qeydə alınmış - yeni JN-297 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənilmişdir. Bundan əlavə, bildirilmişdir ki, JN-0052 nömrəli (********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 0052 planşetində göstərilən 0.7058 ha torpaq sahəsi JN-0297 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda öz əksini tapmamışdır. Bu səbəbdən də həmin idarə tərəfindən iddiaçıların adına müvafiq Çıxarışın verilməsindən imtina olunmuşdur. Bildirirlər ki, iddiaçıların adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən yeni JN-297 (KOD ********) saylı Dövlət Aktının işlənib hazırlanmasından və belə bir Dövlət Aktının mövcudluğundan heç bir xəbərləri olmamışdır. X3 surətini sonradan əldə etmişlər və Dövlət Aktına nəzər salarkən məlum olmuşdur ki, X3 Qusar rayon məhkəməsinin 13 yanvar 2006-cı il tarixli 2-94a nömrəli qətnaməsi əsasında verildiyi qeyd olunmuşdur. Bundan sonra iddiaçılar Qusar rayon məhkəməsinə müraciət edərək həmin qətnamənin surətinin təqdim olunmasını xahiş etmişdir, çünki belə qətnamənin mövcudluğundan da heç bir xəbərləri olmamışdır. Qusar rayon məhkəməsindən 27 dekabr 2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, həmin məhkəmənin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkaların qeydiyyatında mövcud olan 2-94a/2006 saylı mülki iş başqa şəxslərə aiddir, həmin iş üzrə 13 yanvar 2006-cı il tarixli qətnamə mövcud deyildir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri mümkündür. Bununla da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən işlənilmiş JN-297 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tamamilə qanunsuzdur, heç bir hüquqi əsas olmadan verilmişdir. X5 göstərilən qətnamə də mövcud deyildir. Belə olan halda, torpaq islahatı zamanı mülkiyyətinə verilmiş torpaq sahəsinə dair xəbərləri olmadan ikinci dəfə Dövlət Aktının işlənilməsi, həm də torpaq sahəsinin az göstərilməsi qanunsuz və əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı1 və nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddia tələbinə dair münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: JN297 KOD30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; JN0052 KOD30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”; cavabdehin iddiaçıya ünvanladığı 16 yanvar 2024cü il tarixli və 01 fevral 2024-cü il tarixli imtina məktubu və digər sənədlər aiddir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iş materiallarını tam, obyektiv və hərtəfəli tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Qusar rayonu, Yuxarı Ləgər kəndində yerləşən 1.39 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 11/9 saylı, 25 iyun 1998-ci il tarixli qərarı ilə İddiaçı1 və onun ailə üzvlərinə ayrılmış, həmin vaxtdan qeyd olunan torpaq sahəsi onların istifadəsində olmuşdur. Qeyd edilənlərə əsasən JN0052 KOD30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” da tərtib edilmişdir. İddiaçı hüquqmüəyyənedici sənədlər əsasında mübahisə predmeti olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, məlum olmuşdur ki, iddiaçıların adına 0.68 ha torpaq sahəsinə dair yeni, JN297 KOD30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İddiaçı X3 ləğv edilməsi üçün cavabdeh orqana müraciət etsə də, 01 fevral 2024-cü il tarixdə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarındakı mövqeyindən çıxış edərək qeyd edir ki, şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış isə həmin qeydiyyatı əks etdirən sənəddir və hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin Qanunun 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Qanunun 16.4-cü maddəsinə əsasən, bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən, dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Məhkəmə iddiaçıların adına tərtib edilmiş hər iki dövlət aktının JN0052 KOD30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” və JN297 KOD30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi üçün müvafiq sorğular ünvanlamışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən təqdim edilmiş 30 may 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, JN297 KOD30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-94a saylı qətnaməsi aşkar edilməmişdir. Lakin mübahisə predmeti olan torpaq sahəsinə dair ilk tərtib edilən JN0052 KOD 30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas olmuş Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 11/9 saylı qərarı qeyd edilən məktuba əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı iş materiallarında olan Qusar rayon Məhkəməsi tərəfindən İddiaçı1 ünvanlanmış G(029)-621/2023 saylı, 27 dekabr 2023-cü il tarixli məktubda da qeyd edilmişdir ki, “Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2- 94a/2006 saylı mülki iş üzrə qəbul edilmiş xx.xx.2006-cı il tarixli qətnamə başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. Bu səbəbdən həmin iş üzrə qəbul edilmiş xx.xx.2006-cı il tarixli qətnamənin mövcud olmadığından hər hansı bir sənədin sizə verilməsi qeyri-mümkündür.” Göründüyü kimi iddiaçının mübahisələndirdiyi JN297 KOD30123048 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın tərtib edilməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-94a saylı qətnaməsi mövcud deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən həmin Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Sözügedən Məcəllənin 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Lakin, hazırki iş üzrə mübahisələndirilən dövlət aktının tərtib edilməsinə əsas olan Qusar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-94a saylı qətnaməsi mövcud olmadığından cavabdeh imtinasında haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından həmin qeydiyyatın hər hansı hüquqi qüvvəsi də qalmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmalı olduğunu sübut etsə də, cavabdeh iddiaçının tələbi ilə bağlı öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-0297 KOD 30123048 saylı Dövlət aktı ləğv edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-0297 KOD 30123048 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar