Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3426/2025 12.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: müavinətin keçmiş dövr üzrə ödənilməsi) GİRİŞ HİSSƏ X8-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə sosial müavinət hüququnun yarandığı 12 yanvar 2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. Rusiya Federasiyasında olarkən ona məlum olmuşdur ki, doğulduğu ölkədə, yəni Azərbaycan Respublikasında artıq o, ölmüş şəxs kimi qeyd olunmuş və adına ölüm haqqında şəhadətnamə işlənmişdir. Bu məlumatın dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, keçmiş arvadı olan X2 2007-ci ildə iddiaçı ilə rəsmi qaydada ayrılmağına və hər hansı qohumluq münasibətləri olmamasına baxmayaraq, 2011-ci ildə Quba Rayon Məhkəməsinə müraciət etmiş və Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddiaçının 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməyi ilə əlaqədar ölmüş elan edilməyi barədə qətnamə qəbul edilməsinə nail olmuşdur. Qeyd edilən qətnamə əsasında iddiaçının ölümü ilə bağlı Quba rayon qeydiyyat şöbəsində xx.xx.2012ci il tarixdə 10 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Bütün bunlar iddiaçıya məlum olduqdan sonra ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(027)-233/2023 saylı qətnaməsi ilə ərizə təmin olunaraq, iddiaçının 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməyi ilə əlaqədar ölmüş elan edilməyi barədə Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə qanunu qüvvəyə mindikdən sonra iddiaçı sənədlərini qaydasına salaraq, Azərbaycan Respublikasına qayıdaraq, Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi əldə etmişdir. Azərbaycan Respublikası vətəndaşı kimi cavabdeh quruma müraciət edərək, ona yaşa görə sosial müavinətin təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə sosial müavinət almaq hüququ 2020-ci ilin yanvar ayından yaransa da, cavabdeh qurum tərəfindən 20 dekabr 2023-cü il tarixdən, yəni ona şəxsiyyət vəsiqəsi verildiyi tarixdən, daha sonra isə xx.xx.2023-cü il tarixdən, yəni doğum haqqında şəhadətnamənin verildiyi tarixdən hesablanaraq ödənilməsi müəyyən edilmişdir. İddiaçı hesab edir ki, onun ölmüş elan edilməyi, adına ölüm haqqında şəhadətnamə çıxarılması onun məlumatı və təqsiri olmadan baş verdiyindən və həmin sənədlər məhkəmə qətnaməsi ilə ləğv edildiyindən iddiaçıya yaşa görə sosial müavinət almaq hüququnun yarandığı 2020-ci ilin yanvar ayından müavinət hesablanaraq ödənilməli idi. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
4. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 1.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxslərin yaş həddi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Qanunun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, yaşa görə sosial müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(027)-1078/2011 nömrəli qətnaməsi ilə İddiaçı Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilmişdir. Bildirilir ki, iddiaçının qardaşı X3 2023-cü ildə ərizə ilə Quba rayon məhkəməsinə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(027)-233/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, İddiaçı 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilməsi barədə Quba Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bundan sonra, İddiaçı xx.xx.2023-cü il tarixli şəxsiyyət vəsiqəsi verilmişdir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi xx.xx.2023-cü il tarixdən verildiyindən yaşa görə sosial müavinətin ödənişi həmin tarixdən həyata keçilir. Bu səbəbdən, həmin müavinətin əvvəlki 3 il üzrə ödənilməsi Qanunun tələbinə uyğun deyil.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. İddiaçının sosial müavinətin hesablanaraq ödənilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024cü il tarixli məktubla imtina edilmişdir. Bununla da, qeyd olunan iddia növünün xüsusi mümkünlük şərtinə də riayət edilmişdir.
11. İddia tələbi ona yaşa görə sosial müavinət hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. Beləliklə, iddia mümkündür.
İİİ. İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
13. AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və şəxsiyyət vəsiqəsi ona xx.xx.2023-cü il tarixdə verilmişdir.
14. AZ-T 244278 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Quba rayonunun Rustov kəndində anadan olmuş və xx.xx.1955-ci il tarixdə 134 nömrə ilə qeyd edilmişdir və şəhadətamə xx.xx.2023-cü il tarixdə verilmişdir.
15. Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1955ci il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Quba rayon Rustov İƏD tərəfindən 134 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1 (azərbaycanlı) və anası X5r (azərbaycanlı).
16. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə müavinət təyin edilmişdir.
17. Quba Rayon Məhkəməsinin 2/027/-1078/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməsi ilə əlaqədar ölmüş elan edilmişdir.
18. Quba Rayon Məhkəməsinin 2(027)-233/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Quba Rayon Məhkəməsinin 2/027/-1078/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmişdir.
IV. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; ... 1.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır (xx.xx.2019-cu ilədək olan redaksiyası - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları) - (xx.xx.2020-ci ilədək olan redaksiyası). 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.2-ci maddəsinə əsasən, yaşa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığı və işləmədiyi hallarda təyin edilir. 10.1-ci maddəsinə əsasən, müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10-1.5-ci maddəsinə görə, keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. 11.1.2-ci maddəsinə əsasən, yaşa görə müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladığı halda dayandırılır. Həmin Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki hallar ı və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 64.1. İnzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonar qiymətləndirilir.
V. Məhkəmənin mövqeyi
23. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
24. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür və hal-hazırda 69 yaşı var. Onun yaşa görə müavinət hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır. Ona şəxsiyyət vəsiqəsinin xx.xx.2023-cü il tarixdə verilməsi onun hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Onun Quba Rayon Məhkəməsinin 2(027)-1078/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə 1994-cü ildə Rusiya Federasiyasının Xabarovsk şəhərində itkin düşməyi ilə əlaqədar ölmüş elan edilməyi barədə qətnamədən məlumatı olmamışdır. Daha sonra, Quba Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 2(027)-233/2023 saylı qətnaməsi əsasında ərizəsi təmin olunmuş, həmin qətnamə ləğv edilmişdir.
25. Qeyd edilən məlumatların təhlilindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçıya şəxsiyyət vəsiqəsinin verilməsinin özü onu təsdiq edir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, əks halda uzun prosedur qaydaları həyata keçirilməli idi.
26. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, İddiaçı sərhədkeçmə məlumatlarında məlumat aşkar edilməmişdir. Həmçinin iddiaçının 2011-2023-cü illərdə başqa ölkənin vətəndaşı olması barədə da hər hansı məlumat yoxdur.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 315.2-ci maddəsinə görə, şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.
28. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Həmin qanunun 15-ci maddəsinə əsasən, əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, bu qanunun 14-cü maddəsinin səkkizinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər. Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
29. Həmçinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsilik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq, bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə, müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10-1.5-ci maddəsində isə qeyd edilmişdir ki, keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Eyni zamanda, qanunverici müavinətlərin əvvəlki müddət üçün ödənilməsi zamanı “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi” kimi məhdudiyyət nəzərdə tutmuşdur.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan sosial müavinətin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X8-Abbaszadə