Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3428/2022 05.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X11 oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Quba rayonu, İkinci Nügədi kəndində yerləşən ümumi sahəsi 1304.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair X6 adına RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, ümumiyyətlə üçüncü şəxs X6 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Quba rayonu, İkinci Nügədi kəndində yerləşən ümumi sahəsi 1304.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair X6 adına RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, ümumiyyətlə üçüncü şəxs X6 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Daha sonra iddianı dəqiqləşdirərək cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, “Şahmehi" kiçik müəssisəsi Quba 2 nömrəli konserv zavodu tərəfindən təsis edilmiş və Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 64 nömrəli sərəncamı ilə həmin müəssisənin nizamnaməsi qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.3 ve 7.7-ci bəndlərinə uyğun olaraq, Əmlak Məsələləri Dövlet Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı ilə "Şahmehi kiçik müəssisəsinin bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş və onun nizamnaməsi təsdiq edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2014-cü il tarixli, 160 nömrəli sərəncamı qanunvericiliyə uyğun olaraq qəbul edilmişdir. "X1 rayonu, 2-ci Nügədi kəndindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmaqla 30 ildən artıqdır ki, həmin müəssisəyə rəhbərlik edərək idarə edir. Həmin müddət ərzində müəssisədə bir çox abadlıq işləri görmüş və tikintilər inşa etmişdir. Hətta susuzluqdan əziyyət çəkən kənd əhalisi üçün su arteziani da istifadəyə vermişdir. Bundan sonra həmin bu ərazidə meyvə emalı sexi tikmiş, həmin sex və digər daşınmaz əmlaklar anbarlar, taralar onun təsisçi olduğu "xxxx" kiçik müəssisəsi adı altında Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən 06 oktyabr 1998-ci ildə mülkiyyətçi kimi qeydiyyatdan keçmiş və vergi ödəyicisi kimi Vergilər Nazirliyindən qeydiyyata alınmış, VÖEN açılaraq fəaliyyətə başlamışdır. Həmçinin "xxxx" kiçik müəssisəsinə bitişik 1994-cü ildə Quba rayon "İİ Nügədi" meyvəçilik sovxozunun komissiyasının 04/1993-cü il tarixli 02 nömrəli əmrinə əsasən İddiaçı2 40 m. uzunluqda və 20 m. enlikdə yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Son dövrə kimi sexdə iş yeri kimi yüzlərlə kənd sakini işləmiş, əmək haqqı alaraq ailələrinin maddi ehtiyaclarım ödəmişlər. Bir sözlə, həmin torpaq ərazisindəki müəssisəsex onlar və kənd sakinləri üçün gəlir mənbəyi olmuşdur. Həmin ərazinin təhlükəsizliyinin qorunması o və ailə üzvləri tərəfindən həyata keçirilmiş və hal-hazırda da belədir. Lakin respublikamızda manatın bir neçə dəfə devalvasiya olmasına görə, müəssisədə krizis yaranmış və həmin meyvə emalı sexi bir müddət fəaliyyətini dayandırmış və mövcud vəziyyət barədə Vergilər Nazirliyinə xəbər vermişdirlər. Bu yaxınlarda Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2017-ci il tarixli, **********451700 saylı məktub ilə "xxxx" MMC-nin dayandırılması haqqında arayışın vaxtının bitdiyini və xx.xx.2018-ci il tarixindən etibarən uçot məlumatlarında sahibkarlıq fəaliyyətinin bərpa ediləcəyi bildirilmişdir. Lakin, fəaliyyətilərini bərpa etmək imkanları olmadığı üçün bir daha sənədlər yığmış və sahibkarlıq fəaliyyətini uzadılması barədə məktub hazırlayıb Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə ünvanlamışdırlar. Bütün bunları qeyd etmələrinin səbəbi odur ki, həmin müəssisə və onun yerləşdiyi ərazi onların olmuş və olmaqdadır. Bütün bunlara baxmayaraq, bir gün X4, X13 və bir qrup Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri heç bir məlumat vermədən müəssisəyə gələrək uzun müddət idarə etdikləri sexi və onun ərazisini tərk etmələrini tələb etmişdirlər. Bu məsələ müəmmalı olduğundan həmin şəxslərdən soruşduqda X13 müəssisənin ərazisini aldığını, hətta bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsindən ******* nömrəli RX seriyalı Çıxarış və Texniki Pasport aldığmı bildirmişdir. Belə çıxır ki, həmin şəxs neçə illərdir iddiaçıların tikdiyi əmlaklara bir gündə sahiblənmək istəyir. Hətta mübahisələrində Şıxmurad Orucov hər şey bu dövrdə pulla ölçülür və pulla hərkəsi evindən atdıra bilərəm" ifadələri işlətmişdir. Bir müddətdən sonra məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi hərrac qaydalarına riayət etmədən Şahmehi" Məhdud Məsuliyyətli Cəmiyyətini və onun ərazisini Quba rayon "İİ Nügədi" meyvəçilik sovxozu tərəfindən ona verilmiş yaşayış evi tikmək üçün 0.08 ha torpaq sahəsini Quba rayonu, 2-ci Nügədi kənd sakini X3 alqı-satqı müqaviləsi əsasında 100.000 manata xüsusi mülkiyyət formasında satmışdır. İddiaçılar cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, pozulmuş hüquqlarının bərpa edilməsi və üçüncü şəxs X6 adına rəsmiləşdirilmiş əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh qurumun xx.xx.2022-ci il tarixli, **********78 saylı cavab məktubu ilə müraciətdən imtina olunmuşdur. Əsas olaraq bu gətirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı" və "Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları"na uyğun olaraq 4 aprel 2017-ci il tarixdə keçirilmiş hərracda hərracın qalibi tərəfindən özəlləşdirilmişdir. Eyni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özəlləşdirilməsi ilə bağlı təqdim olunmuş sənədlərdə işçilərin siyahısında adlarının qeyd edilməyi bildirilmişdir. İddiaçılar bu cavabla qətiyyən razılaşmır və hesab edirlər ki, cavabdehin imtinası əsassızdır. İddiaçılar həmin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun torpaq sahəsinin rəsmi mülkiyyətçisidir və bu barədə müvafiq sənədlər də vardır. Amma, müəssisə üzrə hərrac keçirilməsi barədə onlara bildiriş göndərilməmiş, hərracın nəticələrindən xəbərləri olmamış və sonda mülkiyyətləri qanunsuz yolla sənədləşdirilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iİddiaçılar Quba rayonu, İkinci Nügədi kəndində yerləşən ümumi sahəsi 1304.5 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair X6 adına RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, ümumiyyətlə üçüncü şəxs X6 adına aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın ləğv edilməsini istəyir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iddiaçılar ilkin olaraq tələblərini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə, sonra isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə yönəltmişlər. Lakiniş iş materiallarından görsənir ki, iddiaçıların müraciəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçılar tələbini hansı orqana qarşı yönəlmişdirsə, cavabdeh qismində həmin orqanı göstərə bilərlər. Məhkəmə hesab edir ki, qeyd edilən hal iddianın mümkünsüzlüyü əsasını təşkil edir. Bundan əlavə iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçılar İddiaçı2, X9, İddiaçı4, İddiaçı3, X5, İddiaçı6, İddiaçı7 Taği qızı, İddiaçı8 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X10 qarşı "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılması barədə” iddia tələbinə dair inzibati iş olmuş, Məhkəmənin 2-1(118)-1338/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qanuni qüvvəyə minmiş Məhkəmə qərardadında qeyd edilmişdir ki, “hazırkı şərtlərdə iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Belə ki, iddiaçıların tələbi "xxxx" kiçik müəssisəsinin bazasında "xxxx" MMC-nin təsis edilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 30 may 2014-cü il tarixli, 160 saylı sərəncamının və "xxxx" MMC-nin hərrac yolu ilə özəlləşdirilməsi barədə Azərbaycan Respublikası ƏMDK sədrinin 27 yanvar 2017-ci il tarixli 13 saylı sərəncamının etibarsız sayılmasından ibarətdir. Onlar hesab edirlər ki, həmin müəssisənin işçiləri olduqlarından sözgüedən sərəncamlar onların hüquqlarını pozmuşdur. Halbuki onların həmin müəssisənin işçiləri olmaması yuxarıda adı qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Belə ki, sadalanan məhkəmə aktarı ilə müəyyən edilmişdir ki, iddiaçılar hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi üçün tələblərinin əsasını mübahisəli "xxxx" MMC-nin əmək kollektivinin üzvləri olduğundan üstünlük hüququnun pozulması ilə əsaslandırmışlar. Lakin işin araşdırılmış hallarından görünür ki, sözügedən kiçik müəssisə dövlətin mülkiyyətində olub, mübahisəli cəmiyyət onun bazasında yaradılıb, əvvəllər işçilərlə bağlanmış müqavilələr ləğv edilsə də, onlarla yeni müqavilələr bağlanmayıb. Bununla da iddiaçıların heç biri yeni təsis edilmiş "xxxx" MMC əmək kollektivinin üzvü olmayıb və ümumiyyətlə həmin Cəmiyyət fəaliyyət göstərməyib. Bu isə iddiaçıların, hazırki iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamaları qənaətinə gəlməyə əsas verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların hazırkı şərtlərdə sözügedən torpaq sahəsinə dair subyektiv hüququ mövcud deyildir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquqlarının pozulması, həmin torpaq sahəsi üzərində subyektiv hüquqlara malik olmaları məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir.” Məhkəmə hesab edir ki, qeyd edilən hallar iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmadığını göstərir. Beləliklə yuxarıda qeyd edilən hallar iddianın mümkünsüzlüyü əsaslarını təşkil edir və qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3428/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3428/2022
05.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver