Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3429/2025 21.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “barəsində tətbiq olunmuş bəndin üzərindən götürülməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xidmətə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xidməti uyğunsuzluqla bağlı barəsində tətbiq olunmuş 156-cı maddənin “e” bəndinin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildə Hərbi Akademiyanı bitirmiş, leytenant rütbəsi almışdır. 2019-2022-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Qoşunların Sumqayıt şəhərində yerləşən N saylı hərbi xidmətdə tağım komandiri vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixində saat 20:00 radələrində, Sumqayıt şəhərində taksi sürücüsü olan Babək adlı şəxsin idarə etdiyi “Opel” markalı avtomobilə minib şəhərin mərkəzi tərəfinə getdi ki, həyat yoldaşı üçün aptekdən dərman alsın. Bu zaman şəhərin 4-cü mikrorayonunda olarkən ona mülki geyimdə 3 nəfər yaxınlaşdılar, onlar özlərini polis əməkdaşları kimi təqdim edərək onu Sumqayıt Şəhər Polis Bölməsinə apardılar. Orada ona dedilər ki, siz narkotik maddələri istifadə etməkdə şübhələnirsiniz. Onlara bildirdi ki, zabitdir, Daxili Qoşunlarda xidmət edir, onun narkotiklə heç bir əlaqəsi olmamışdır, heç bir vaxt narkotik qəbul etməmişdir. Polis əməkdaşları onu azad etdikdən sonra 3 gün hərbi xidmətdə oldu, sonra hərbi hissə komandiri Rəşadət Süleymanov onu çağırıb dedi ki, tibbi komissiyadan keçməlidir. Onu tibbi komissiyadan keçirdilər, dedilər ki, guya onun qanında narkotik maddə çıxıb. Komandir ona təklif etdi ki, ərizə yazaraq öz xahişi ilə xidmətdən çıxsın. O, ərizə yazdı və xahiş etdi ki, ailə vəziyyəti ilə bağlı onu hərbi xidmətdən azad etsinlər. Lakin aradan 2 gün keçmədən o, hərbi biletini alanda bildi ki, onu aldadıblar, xidmətə uyğunsuzluğa görə işdən çıxarıblar. Əslində o, heç bir vaxt narkotik maddə qəbul etməmiş və idmançıdır. Buna baxmayaraq onun konstitusiyon hüquqları kobud surətdə pozulmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan leytenant İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Daxili İşlər Nazirliyinin X2 Hərbi Məktəbində kursant vəzifəsində xidmət etmişdir. Ali Hərbi Məktəbi bitirdikdən sonra daxili işlər nazirinin xx.xx.2019-cu il tarixli 1861 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən leytenant hərbi rütbəsi verilmişdir. Daxili işlər nazirinin müavinidaxili qoşunların komandanının xx.xx.2019-cu il tarixli 81 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən N saylı hərbi hissənin patrul taborunun 1-ci patrul bölüyündə 2-ci patrul taqımının komandiri vəzifəsinə təyin olunmuş, xx.xx.2019-cu il tarixdə həmən vəzifədən azad edilərək komendant bölüyündə 2-ci komendant taqımının komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində verilmiş tapşırıqların icrasına səthi yanaşdığına və cavabdehlik xidmətini düzgün təşkil etmədiyinə görə xx.xx.2020-ci il tarixdə bölük komandiri tərəfindən töhmət, 2021-ci ilin ümumi inspeksiya yoxlamasından qeyri-kafi qiymət aldığına görə xx.xx.2021-ci il tarixdə hərbi hissə komandiri tərəfindən töhmət, nizamnamə tələblərinə uyğun saç düzümü olmadığına, məşğələləri gün nizamına uyğun keçirmədiyinə və tutulan iradlardan düzgün nəticə çıxartmadığına görə xx.xx.2021ci il tarixdə bölük komandiri tərəfindən töhmət və xidmət müddətində xidməti vəzifə borclarına laqeyd münasibət bəslədiyinə, ona tutulan iradlardan, aparılan söhbətlərdən və komandanlıqda dinlənilməsinə baxmayaraq müsbət tərəfə nəticə çıxartmadığına, üzərinə götürdüyü öhdəliklərin icrasına zidd olaraq ona tapşırılan xidməti vəzifəni məsuliyyətlə yerinə yetirə bilmədiyinə görə xx.xx.2021-ci il tarixdə hərbi hissə komandiri tərəfindən töhmət intizam cəzaları ilə cəzalandırılmış, ehtiyata buraxılan zaman üzərində 3 intizam cəzası olmuş, mənfi xasiyyətnamə ilə xarakteriza olunmuşdur. Toplanılmış materiallar öyrənilərkən məlum olmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 5655 nömrəli raportla komanda üzrə komendant bölüyünün komandirinə müraciət etmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsanamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, ehtiyata buraxıldıqdan sonra gələcəkdə dövlət orqanlarında xidmətə qəbul olunmayacağı izah edilmiş və bununla bağlı heç kimdən şikayətinin olmadığını bildirmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 599 nömrəli əmri ilə leytenant İddiaçı hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən onun hərbi xidmətdən ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə N nömrəli raportla hərbi hissə komandirinə müraciət edərək həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə şərəf məhkəməsinin qərarı ilə razı olduğunu bildirmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iltizam yazaraq şərəf məhkəməsinin qərarından şikayət vermək üçün verilmiş 3 gün müddətindən imtina etdiyini, tez bir zamanda ehtiyata buraxılması üçün köməklik göstərilməsini xahiş etmiş və yenidən Daxili Qoşunlarda xidmət etmək üçün müraciət etməyəcəyini bildirmişdir. Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 236 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən, N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2021-ci il tarixli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilmişdir. İddiaçı ərizəsində ehtiyata buraxıldıqdan 2 gün sonra hərbi biletini alarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını bildirsə də, onun tərəfindən yazılmış raportlar və iltizamdan məlum olur ki, qeyd olunan Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılmasını əvvəlcədən bilərək xahiş etmişdir. Həmçinin, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını 2 gün sonra bilsə də, daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2021-ci il tarixli 236 nömrəli şəxsi heyət üzrə əmrinin mübahisələndirilməsi üçün verilmiş müddəti ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hazırkı iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cababdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi və xidmətə bərpa olunmağına yönəlmişdir. İddiaçıya xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İPM-in 13-cü maddəsinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə xx.xx.2021-ci il tarixli, 236 nömrəli əmrin mübahisələndirilməsi barədə hüquqi yardım edilsə də, iddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xidməti uyğunsuzluqla bağlı barəsində tətbiq olunmuş 156-cı maddənin “e” bəndinin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçıya öz məqsədinə başqa predmetli iddia qaldırmaqla daha tez, daha münasib və daha sadə yolla nail ola biləcəyi barədə yardım edilsə də, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hazırkı iddia tələbi üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının dinlənilmə hüququ təmin edilməklə iddia ərizəsindəki çatışmazlıqların aradan qaldırılması barədə yardım edilərək çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə məlumatlandırılmış, lakin iddiaçı hazırkı iddia tələbi üzrə işə baxılmasında təkid etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir (16.5-ci bənd). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (16.6-cı bənd). Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, 236 saylı əmrə əsasən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması, hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinə göndərilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsində və izahatında həmin əmrin məzmunundan iki gün sonra məlumatlı olduğunu qeyd etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş, iddiaçı tərəfindən yazılmış izahat və raportların məzmunundan görünür ki, iddiaçı barəsində qəbul edilən əmrin məzmunundan məlumatlı olmuşdur. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən müddətdə müvafiq tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmişdir. Odur ki, həmin əmrin ləğv edilməsi ilə bağlı nəzərdə tutulmuş prosessual müddət də ötürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-3429/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3429/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver