Məhkəmə qərarları › İş №2-1(118)-3431/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3431/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3431/2024 06.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyə qarşı iş üzrə (Açar sözlər: təhsil haqqı ödənişlərinin qaytarılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyə qarşı “təhsil haqqı ödənişlərin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, 1 iyul 2021-ci il tarixdən 1 iyul 2026-cı il tarixədək X2 ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2-1(118)-3146/2023 nömrəli qərarı ilə İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə həvalə olunmuşdur.

3. AA seriyalı, 494087 nömrəli “Məcburi köçkün vəsiqəsi”ndən görünür ki, İddiaçı Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 30 avqust 2023-cü il tarixli qərarı ilə məcburi köçkün statusu verilmişdir.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının 23 noyabr 2023-cü il tarixli, 266 nömrəli məktubundan görünür ki, filialın Məktəbəqədər təhsil ixtisasının İİİ kurs tələbəsi X3 məcburi köçkün statusunu təsdiq edən vəsiqə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 30 avqust 2023-cü il tarixli qərarına əsasən verildiyi üçün tələbənin 2023/2024-cü tədris ilinin İİİ kurs təhsil haqqı dövlət tərəfindən ödəniləcək. İddiaçı 2021/2022-ci və 2022/2023-cü tədris illərində məcburi köçkün statusunu təsdiq edən vəsiqə olmadığına görə, həmin tədris illəri üçün ödənilmiş təhsil haqqının geri qaytarılması mümkün deyil.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının 27 dekabr 2023-cü il tarixli, 423 nömrəli arayışından görünür ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Məktəbəqədər təhsil ixtisasının 2101B qrup İİİ kurs tələbəsi X5 l və İİ-ci kursun təhsil haqqını tam ödəmişdir.

6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(007)- 3820/2023 nömrəli Qərardadı ilə X3 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedeqoji Universitetinə qarşı “pul” tələbinə dair iddiasının qəbulundan imtina edilmiş, iddia ərizəsi, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmış, İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 17 iyul 2024-cü il tarixli, 07-10/424 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, o, DİM-in (X11) 1 oktyabr 2021-ci il tarixli əmrinə əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Məktəbəqədər təhsil” ixtisasına ödənişli əsaslarla qəbul olunmuşdur. ADPU-nun Quba filialı üzrə 20 sentyabr 2023-cü il tarixdə 07/72 nömrəli əmr verilərək “məcburi köçkün” statusu təqdim edilməsinə görə üçüncü tədris ilində təhsil haqqı ödənişindən azad edilmişdir və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanmışdır. Birinci tədris ilindən etibarən onunla Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı arasında tərəflərin hüquq və vəzifələrini müəyyən edən müqavilə imzalanmış və həmin müqavilə əsasında 3.600 manat təhsil haqqı ödəmişdir. ADPU keyfiyyətli təhsil verməsini, tələbə isə vaxtlı-vaxtında təhsil haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Hər tədris ilinin başlanğıcında ADPU güzəşt hüququ olan tələbələr barədə Elm və Təhsil Nazirliyinə yazılı müraciət edir və həmin tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Əvvəlki illər üçün müraciətlər qəbul olunmur. ADPU publik hüquqi şəxsdir, dövlət büdcəsindən maliyyələşmir, yalnız ödənişli əsaslarla təhsil alan tələbələrdən və güzəşt hüququ olan tələbələrə görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə əldə etdiyi gəlirlərlə maliyyələşən, bununla işçilərinin əmək haqqını qarşılayan ali təhsil müəssisəsidir. Adambaşına maliyyələşmə şəraitində ödədiyi vəsait məhz təhsil almasına xərclənmişdir. ADPU müqavilə öhdəliyini tam icra etmiş, hər hansı qanun pozğunluğuna yol verməmişdir. Bu səbəbdən də ADPU-nun hər hansı öhdəliyi yoxdur. Məcburi köçkünlərə təhsil haqqı Elm və Təhsil Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi halda, tələbə həmin vəsaiti tələb edə bilər. İlk iki ilin təhsil haqqı dövlət büdcəsi tərəfindən ADPU-ya ödənilməyib.

8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 12 avqust 2024-cü il tarixli, 3-29-68/2-H-2152/2 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 14 sentyabr 2011-ci il tarixdən etibarən təhsil haqqını ödəməkdən azad edilməsi üçün “məcburi köçkün statusu”na malik olmağı zəruridir. Bu status isə qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq dövlət orqanının (Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin) qərarı ilə verilir və müvafiq vəsiqə ilə təsdiq edilir. “Məcburi köçkün statusu” Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3146/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərarı ilə verilmişdir. Yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq, ADPU-nun Quba filialının direktorunun 20 sentyabr 2024-cü il tarixli 02/72 nömrəli əmri ilə 2023/2024-cü tədris ilindən etibarən təhsil haqqı ödənişindən azad olunmaq hüququ verilmişdir.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının 16 avqust 2024-cü il tarixli, 197 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2012-ci il tarixli 12 nömrəli Qərarı il təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə X4, müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini, qeyd olunan iki ildə müvafiq statusunun olmadığı üçün müvafiq məlumatların verilmədiyini, həmin maliyyə illərinin bağlandığını, sonradan formalaşmış öhdəliklərin əvvəlki maliyyə illəri üzrə geriyə doğru dəyişdirilməsinin qeyri-mümkünlüyünü, adambaşına maliyyələşdirilmə çərçivəsində iddia olunan illərdə şəxsin güzəşt statusu olmadığı üçün, müvafiq prosedurların həyata keçilmədiyini, dolayısı ilə qeyd olunan maliyyə illərində bu məqsəd üçün maliyyə ayrılmadığını nəzərə alaraq iddiasının təmin olunması qeyri-mümkün və qanuna ziddir.

Üçüncü şəxs tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:

10. 1 oktyabr 2021-ci il tarixli “Ali təhsil pilləsinin bakalavr səviyyəsinə qəbul edilmiş abituriyentlərin siyahısı”ndan görünür ki, İddiaçı 283,6 bal toplamışdır.

11. “Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” 1 oktyabr 2021-ci il tarixli müqavilədən görünür ki, ADPU-nun Quba filialında Məktəbəqədər Təhsil ixtisası üzrə ödənişli əsaslarla əyani bakalavr ali təhsilli mütəxəssis kimi hazırlanmasını öhdəsinə götürmüş, İddiaçı oxuduğu hər tədrisi ili üçün həmin tədris ilinin başlanmasından əvvəl Təhsil Nazirliyinin Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırmaqla təsdiq etdiyi məbləğdə təhsil haqqını 1.800 manat ADPU-nun Quba filialın hesabına keçirməyi öz öhdəsinə götürmüşdür.

12. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının “Təhsil haqqından azad olunma barədə” 20 sentyabr 2023-cü il tarixli, 02/72 nömrəli əmrindən çıxarışdan görünür ki, ADPU-nun Quba filialının bakalavr təhsil pilləsi üzrə təhsil alan məcburi köçkün statuslu İddiaçı 2023/2024-cü tədris ili üzrə təhsil haqqından azad edilməsi əmr edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sərəncamına münasibətdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş inzibati icraat materiallarına görə:

13. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin 4 oktyabr 2021-ci il tarixli, 2/103 nömrəli əmrindən görünür ki, 2021/2022-ci tədris ili üçün Azərbaycan Dövlət Pedaqoji Universitetinə bakalavriat səviyyəsinə qəbul edilmiş İddiaçı ödənişli əsasında ADPU və onun filiallarının tələbələri sırasına daxil edilməsi əmr edilmişdir. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddiaçı tərəfin tələbi və əsasları

14. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 2021/2022-ci və 2022/2023-cü illər ərzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialında təhsil aldığı müddətləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialından həmin tədris müddətinin təhsil haqqı ödənişlərini tutulub iddiaçıya verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi işin hallarına (§1-5) istinad edilərək onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı Azərbaycan Respublikası Elm və Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının Məktəbəqədər təhsil ixtisasının İİİ kurs tələbəsidir. O, Pedaqoji Universitetinin Quba Filialına təhsil haqqının ödənilməsindən azad olması barədə güzəştdən yararlana bilməsi üçün və təhsil haqqının ödənişindən azad olunması üçün müraciət etmişdir. Lakin bu müraciətə imtina məktubu gəlmişdir.

16. İddia tələbinin maddi hüquqi əsası kimi “Azərbaycan Respublikasının Dövlət Ali Təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 2-cı hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.3, 12.1-ci maddəsinə istinad olunmuşdur.

17. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

18. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

19. Cavabdeh tərəfindən iddia tələbinə qarşı təqdim edilmiş etirazda iddianın təmin edilməməsini xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Universitetin Quba filialında Məktəbəqədər təhsil ixtisasının üçüncü tədris ilində təhsil alır. İddiaçı DİM (X11)-nin 1 oktyabr 2021-ci tədris ilində ödənişli əsaslarla ADPU-nun Quba filialına qəbul olunmuşdur. Həmin ildən etibarən iddiaçı ilə filial arasında tərəflərin hüquq və vəzifələrini müəyyən edən müqavilə imzalanmışdır. Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən 31 may 2023-cü il tarixli qərarına görə iddiaçıya Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3146/2023 saylı qərararına əsasən “Məcburi köçkün” statusu tanınmışdır. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə” 4 avqust 2003-cü il tarixli 1208 saylı sərəncamı Azərbaycan Respublikasının “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqınıda” 14 sentyabr 2011-ci il tarixli 1772 nömrəli sərəncamı əsasında tələbənin ərizəsi və məcburi köçkün vəsiqəsi nəzərə alınaraq ADPU-nun Quba filialı üzrə 20 sentyabr 2023-cü il tarixdə 07/72 nömrəli əmr verilərək təhsil haqqı ödənişindən azad edilmiş onun təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanmışdır. Tələbə məcburi köçkün statusunu ADPU-ya təqdim etdiyi 22 iyun 2023-cü il tarixə kimi ödənilmiş 3.600 manat məbləğ, iddiaçı tərəfindən ADPU arasında X7 1 oktyabr 2021-ci il tarixli əmrinə əsasən bağlanmış ikitərəfli müqavilə əsasında ödənilmişdir. ADPU keyfiyyətli təhsil verməsini tələbə isə vaxtlı-vaxtında təhsil haqqı ödəməyi öz öhdəsinə götürmüşdür. Hər tədris ilinin başlanğıcında ADPU güzəşt hüququ olan tələbələr barədə Nazirliyə yazılı müraciət edir və həmin tələbələrin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi təmin olunur. Əvvəlki illər ücün müraciətlər qəbul olunmur. ADPU publik hüquqi şəxsdir, dövlət büdcəsindən maliyyələşmir, yalnız ödənişli əsaslarla təhsil alan tələbələrdən və güzəşt hüququ olan tələbələrə görə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməklə əldə etdiyi gəlirlərlə maliyyələşən, bununla işçilərinin əmək haqqını qarşılayan ali təhsil müəssisəsidir. Adambaşına maliyyələşmə şəraitində tələbənin ödədiyi vəsait məhz onun təhsil almasına xərclənmişdir. Belə olan halda ADPU cababdeh qismində niyə cəlb olunmalıdır? Buna bənzər Səbail Rayon Məhkəməsində iddiaçı X1 ADPU-ya qarşı təhsil haqqı olaraq 6.000 manat ödədiyi məbləğin geri qaytarılması ilə məhkəmədə iddia ərizəsinə baxılaraq 20 iyul 2023-cü il tarixdə (İş № e-2(009)-1019/2023) iddiaçının xeyrinə qətnamə çıxarılmışdır. ADPU-nun apellyasiya şikayəti ilə adı çəkilən məhkəmə qətnaməsi Bakı Apellyassiya Məhkəməsi tərəfindən tamamı ilə ləğv edilərək icraata xitam verilmişdir. İddiaçı birinci tədris ilində “məcburi köçkün” statusunu təsdiq edən sənədi ADPU-ya təqdim etmədiyindən qeyd edilən güzəşt hüququndan iki il faydalana bilməmişdir. İddiaçıya “Məcburi köçkün” statusunu vaxtında verməyən, ona bilavasitə zərər vuran Qaçqınların və X6 üzrə Dövlət Komitəsidir. Əgər bu Komitə vaxtında iddiaçıya Məcburi köçkün statusu versəydi bu günkü mübahisə də olmazdı. İddiaçının “Məcburi köçkün” statusunu təsdiq edən sənədi sonradan əldə etməsi ADPUnun təqsirli hərəkətləri nəticəsində baş verməmişdir. ADPU müqavilə öhdəliyini tam icra etmiş, hər hansı qanun pozğuntusuna yol verməmişdir. Bu səbəbdən də ADPU-nun iddiaçı qarşısında hər hansı öhdəliyi yoxdur. Hüquqi əsaslandırma aparmadan hazırkı mübahisə üzrə, ADPU cavabdeh kimi tanına bilməz. Məcburi köçkünlərə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənildiyi halda, tələbə həmin vəsaiti tələb edə bilər. İlk iki ilin təhsil haqqı dövlət büdcəsi tərəfindən ADPU-ya ödənilməmişdir. Tələbə ADPU-ya ödədiyi pulun əvəzini o vaxt tələb edə bilər ki, həmin vəsait X6 üzrə Dövlət Komitəsi məhkəmə çəkişməsi olmadan “Məcburi köçkün” statusunu vaxtında vermiş olsaydı bu günkü mübahisəli vəziyyət yaranmazdı.

21. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetini əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilərək, Dövlət Pedoqoji Universitetinin Quba Filialında təhsil aldığı müddətləri nəzərə alaraq həmin tədris müddətinin təhsil haqqı ödənişlərini tutulub iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmənin 12 sentyabr 2024-cü il tarixli, 2-1(118)-3431/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi (bundan sonra – “cavabdeh”) ilə əvəz edilmişdir.

23. Məhkəmənin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-3431/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “təhsil haqqı ödənişlərin qaytarılması” tələbinə dair iş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

Üçüncü şəxsin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:

24. Üçüncü şəxs iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın mümkün hesab edilməməsini xahiş etmişdir.

25. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edərək ADPU Quba filialına qəbul olmuş və onunla filial arasında 1 oktyabr 2021-ci il tarixli “Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən iddiaçı hər oxuduğu tədris ili üçün ADPU Quba filialına 1.800 manat məbləğində təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı onunla ADPU Quba filialı arasında bağlanmış 1 oktyabr 2021-ci il tarixli “Ödənişli əsaslarla ali təhsilli mütəxəssislərin hazırlanması haqqında” müqaviləni könüllü olaraq, sərbəst iradəsini ifadə etməklə bağlamışdır, iddiaçının təshil haqqı ödəməklə bağlı öhdəliyinə dair hüquqi nəticə məhz həmin müqavilə əsasında yaranmışdır. Həmin müqavilə hazırda qüvvədədir və hər hansı məhkəmədə mübahisələndirilməmişdir. Şərh olunanlardan göründüyü kimi, iddiaçının təhsil haqqı ödəmək öhdəliyi, könüllü olaraq bağladığı müqaviləyə əsasən yaranmış, ADPU Quba filialının hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna dair hallar müəyyən edilməmişdir. Hazırkı iddia tələbinə mahiyyəti üzrə qiymət verməzdən əvvəl iddianın mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

26. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, prosessual hüquqi əsası kimi İPM-in 35.1-ci maddələrinə istinad edilmişdir.

Cavabdeh tərəfin iddia ərizəsinə qarşı mövqeyi:

27. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 1 noyabr 2024-cü il tarixli, 3-29-68/2-1997/2024 nömrəli məktubundan görünür ki, mövcud təcrübəyə əsasən məcburi köçkün statusu olan təhsilalanlar tərəfindən həmin statusu təsdiq edən sənədlərin oxuduğu təhsil müəssisəsinə sonrakı illərdə təqdim edildiyi hallarda onların əvvəlki bir tədris ili üçün ödədikləri təhsil haqqının qaytarılması məsələsinə baxılır.

c) Tərəflərin iştirakı və izahatları:

28. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, tələbinin təmin edilməsini xahiş etmişdir.

29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs öz nümayəndələri ilə məhkəmə iclasında təmsil olunmamışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

31. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

32. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

33. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdeh və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:

34. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

35. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

36. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

37. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

38. Bundan əlavə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(102)-2469 saylı qərarında qeyd olunmuşdur ki, “... 34. Odur ki, dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan şəxslərdə olduğu kimi, ödənişli əsaslarla təhsil alan məcburi köçkün statusuna malik şəxslərin də təhsil xərcləri qanunvericiliklə müəyyən edilmiş miqdarda ali təhsil müəssisəsi ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncu tərəfindən ödənilir. 35. Beləliklə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin o mövqeyi ilə razılaşır ki, iddiaçı ödədiyi təhsil haqqının geri qaytarılması ilə bağlı Universitetə - hazırkı iş üzrə cavabdehə deyil, müvafiq ödənişi həyata keçirmək vəzifəsi daşıyan dövlət orqanına - Cavabdehnə müraciət edə, imtina olunduqda isə məhkəmə müdafiəsindən istifadə edə bilər.”

39. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. (-) V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. (-) Maddə 42. Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. (-) İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. (-)

41. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. abituriyent - ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxs; (-) 1.0.25. institut (ali məktəb) - müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsi; (-)

Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: (-) 3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması; (-)

Maddə 5. Təhsil hüququna dövlət təminatı 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. (-) 5.6. Dövlət maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsilini davam etdirməsinə təminat verir, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına şərait yaradır. (-)

Maddə 35. Təhsilalanların sosial müdafiəsi (-) 35.3. Təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial müdafiə tədbirləri də tətbiq edilə bilər. (-)

42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

43. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

44. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, cavabdeh və üçüncü şəxsin mövqelərini nəzərə alaraq, həmçinin iş materiallarını mövcud təcrübə, maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

45. Hazırki tələbin əsası ondan ibarətdir ki, hazırda 4-cü kurs tələbəsi olan iddiaçı ödənişli əsaslarla ali məktəbə daxil olmuşdur. Məhkəmə qərarı ilə ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə həvalə olunmuş və sonuncu tərəfindən 30 avqust 2023-cü il tarixli qərar ilə ona məcburi köçkün statusu verilmişdir. 3 və 4-cü kusrlar üzrə təhsil haqqı dövlət tərəfindən ödənilsə də, məcburi köçkün statusunu təsdiq edən vəsiqə olmadığına görə 2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə (1 və 2-ci kurslar) təhsil haqqını ödəməli olmuşdur. İddiaçı qeyd olunan iki il üzrə təhsil haqqı ödənişinin ona geri qaytarılmasını xahiş edir.

46. Cavabdeh orqanın məktubundan görünür ki, 14 sentyabr 2011-ci il tarixdən etibarən təhsil haqqını ödəməkdən azad edilməsi üçün “məcburi köçkün statusu”na malik olmaq zəruridir. Bu status isə qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq dövlət orqanının (Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin) qərarı ilə verilir və müvafiq vəsiqə ilə təsdiq edilir. “Məcburi köçkün statusu” Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-3146/2023 saylı, 13 iyul 2023-cü il tarixli qərarı ilə verilmişdir. Yuxarıda qeyd olunan normaların tələbinə uyğun olaraq, ADPU-nun Quba filialının direktorunun 20 sentyabr 2024cü il tarixli 02/72 nömrəli əmri ilə 2023/2024-cü tədris ilindən etibarən təhsil haqqı ödənişindən azad olunmaq hüququ verilmişdir.

47. İddiaçının Azərbaycan Respublikası Maliyyə Nazirliyinə etdiyi müraciət sonuncu tərəfindən aidiyyəti orqanlara göndərilmiş və iş materialına əlavə edilmiş həmin inzibati icraat materiallarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2012-ci il tarixli 12 nömrəli Qərarı il təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” statusu olan və ödənişli əsaslarla dövlət ali təhsil müəssisəsində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alan şəxslərə göstərilən təhsil xidmətlərinin dəyərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə X4, müvafiq tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə dövlət ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrinə və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısını hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini, qeyd olunan iki ildə müvafiq statusunun olmadığı üçün müvafiq məlumatların verilmədiyini, həmin maliyyə illərinin bağlandığını, sonradan formalaşmış öhdəliklərin əvvəlki maliyyə illəri üzrə geriyə doğru dəyişdirilməsinin qeyri-mümkünlüyünü, adambaşına maliyyələşdirilmə çərçivəsində iddia olunan illərdə şəxsin güzəşt statusu olmadığı üçün, müvafiq prosedurların həyata keçilmədiyini, dolayısı ilə qeyd olunan maliyyə illərində bu məqsəd üçün maliyyə ayrılmadığını nəzərə alaraq iddiasının təmin olunması qeyri-mümkün və qanunaziddir.

48. Buradan da aydın olur ki, təhsil müəssislərinə ödənişli əsaslarla qəbul olunmuş məcburi köçkünlərin adlı siyahısı hər il oktyabrın 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edildiyi üçün, qeyd olunan maliyyə illərində bu məqsəd üçün maliyyə ayrılmamışdır.

49. Məhkəmə prosesində iştirak etmiş iddiaçı Universitetin “Məryəm Əzizova” adlı tələbəsinə ödənilmiş təhsil haqqının geri qaytarıldığını bildirərək, ona münasibətdə də tələbinin təmin edilməsini xahiş etmişdir.

50. Məhkəmə iddiaçının izahatında bildirdiyi halı İPM-in 12-ci maddəsinin tələbi çərçivəsində araşdırmışdır.

51. İlk növbədə Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə “təvəllüdü 2004-cü il, qeydiyyatı Laçın Rayonu, adı Məryəm” olan şəxsə dair məlumatların təqdim edilməsinə dair sorğu ünvanlasa da, sorğuya münasibətdə təqdim edilmiş məktubda bildirilmişdir ki, adı qeyd olunan şəxsin doğum tarixi, (ay və gün) ata adı qeyd olunmadığı üçün, onun barəsində araşdırma aparılması və məcburi köçkün statusunun olub-olmaması barədə məlumat vermək mümkün deyildir.

52. Bu səbəbdən məhkəmə cavabdehdən 2004-cü il tarixində Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba Filialına ödənişli əsaslarla daxil olan tələbələrin siyahısının təqdim edilməsinə dair məktub ünvanlamışdır. Təqdim edilmiş siyahıda isə “Məryəm Əzizova” adlı tələbənin adı ümumiyyətlə mövcud olmamışdır.

53. Məhkəmə prosesində izahat vermiş iddiaçı “Məryəm”in nikaha daxil olduqdan sonrakı soyadının dəyişə biləcəyini bildirdiyi üçün, məhkəmə cavabdehə ümumilikdə “məcburi köçkün statusunu sonradan əldə etmiş tələbənin əvvəlki illərdə ödəmiş olduğu təhsil haqqlarının ona geri qaytarılması”na dair təcrübənin olub-olmamasına dair sorğu ünvanlamışdır.

54. Cavabdeh qeyd olunan sorğuya münasibətdə bildirmişdir ki, mövcud təcrübəyə əsasən məcburi köçkün statusu olan təhsilalanlar tərəfindən həmin statusu təsdiq edən sənədlərin oxuduğu təhsil müəssisəsinə sonrakı illərdə təqdim edildiyi hallarda onların əvvəlki bir tədris ili üçün ödədikləri təhsil haqqının qaytarılması məsələsinə baxıldığı bildirilmişdir.

55. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 25, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 3.0.3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddələri əsas götürərək belə nəticəyə gəlir ki, iddia tələbi əvvəlki bir tədris ilinə münasibətdə təmin edilməli, qalan hissədə isə rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ

56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı 2021/2022-ci və 2022/2023-cü tədris illəri üzrə ödəmiş olduğu təhsil haqqının geri qaytarılmasına dair” tələbi qismən təmin edilsin. İddiaçı Dövlət Pedoqoji Universitetinin Quba Filialında təhsil aldığı 2022/2023-cü tədris ili üzrə ödəmiş olduğu təhsil haqqının geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi – Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar