Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3437/2024 23.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı 25 aprel 2000-ci il tarixli 842 saylı icarə müqaviləsi əsasında ona ayrılan və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan B- 4049 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə 25 aprel 2000-ci il tarixli icarə müqaviləsi əsasında ona ayrılan və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan B-4049 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 aprel 2000ci il tarixli 842 saylı icarə müqaviləsi əsasında ona ayrılan və Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan B-4049 saylı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan B-4049 saylı torpaq sahəsi 842 saylı xx.xx.2000-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçıya ayrılmış və həmin vaxtdan bağ sahəsindən təyinatına uyğun istifadə etməklə icarə haqqını ödəmişdir. Sumqayıt şəhər bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin koordinatlarını özündə əks etdirən texniki pasport tərtib olunmuşdur. İddiaçıya qanuni əsaslarla ayrılmış bu torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixdə imtina məktubu vermiş və imtinasını onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bağlar Təsərrüfatı İdarəsindən icarə müqaviləsi verilsə də, bağ sahəsi ayrılarkən onun ölçülərini və yerini müəyyən edən texniki sənəd aşkar edilməmişdir. Cavabdehin bu imtinası tamamilə əsassızdır. Belə ki, torpaq sahəsi nömrələmə əsasında ayrılmış və hər bir torpaq sahəsi koordinatları əsasında da texniki pasport işlənərək verilmişdir. İddiaçıya ayrılan bu torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür və bununla bağlı hər hansı bir mübahisə yoxdur. Bundan başqa qeyd edir ki, cavabdeh birinci dəfə icarə müqaviləsində iddiaçının soyadının Alyasov deyil “Ələsov” kimi yazılmasını səbəb gətirmiş və iddiaçı həmin icarə müqaviləsinin ona məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət elmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin icarə müqaviləsinin ona məxsus olması faktı müəyyən edilmişdir. Lakin cavabdeh yenə də bu əsassız bəhanəni gətirməklə torpaq sahəsi üzərində iddiaçının hüquqlarını dövlət qeydiyyatına almaq istəmir, Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştiak etmiş X2 iddianı qəbul etməmiş və izah etmişdir ki, sözügedən torpaq sahəsinə dair Sumqayıt şəhər Bağlar təsərrüfatı idarəsi tərəfindən hüquqmüəyyənedici sənəd (bağ sahəsinin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsi) verilsə də, bağ sahəsi ayrılarkən onun sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd (torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s.) tərtib olunmamış, həmçinin Sumqayıt Bələdiyyəsi tərəfindən idarənin arxiv saxlancına təhvil verilmiş arxiv məlumatlarında sözügedən texniki sənəd aşkar olunmamışdır. İş materiallarında olan: - 25 aprel 2000-ci il tarixli, 842 nömrəli bağ icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən B-4049 bağ sahəsi X3 icarəyə verilmişdir. -xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı 2023-cü ildə torpaq vergisi ödəmişdir. - Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, həmin sənəd X3 ayrılmış 4049 saylı bağ sahəsinə dair tərtib edilmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-6661/2023 saylı qətnaməsindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən B- 4049 saylı torpaq sahəsinin ayrılması barədə 842 nömrəli xx.xx.2000-ci il tarixli icarə müqaviləsinin İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsində inventarlaşma işləri aparılmış, torpaq sahəsində 2 mərtəbəli, mansardlı fərdi yaşayış evi və həyət tikililəri mövcuddur. Torpaq sahəsi YGEX-nin mühafizə zonasında yerləşmir. İdarəyə təqdim edilmiş B-4909 ünvanlı 842 nömrəli müqaviləyə əsasən torpaq sahəsi 0,12 ha olmasına baxmayaraq faktiki torpaq sahəsi 0,2763 ha təşkil edir. Ərizəçi məlumat olaraq faktiki torpaq sahəsinə dair iki ədəd müqavilənin olduğunu bildirmişdir. Həmin torpaq sahəsinə dair digər sənəd 0,12 ha olan müqavilə sənədini itirdiyi üçün idarəyə təqdim edə bilməyəcəyini söyləmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.7-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün : 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, toplanan sübutların məcmusu iddianın təmin edilməsi üçün zəmin yaratmışdır. Mübahisəli torpaq sahəsi naturada mövcuddur, koordinatları və döngə nöqtələri bəllidir. Bağ icarə müqaviləsinə əlavə olaraq texniki sənədin (ayrıc aktının, sxeminin və s.) cavabdeh idarəyə təhvil verilməməsi iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması və ona imtina cavabı verilməsi üçün əsas ola bilməz. Cavabdeh həmin müqavilənin saxta olmasına və mötəbərliyinə şübhə edilməsi üçün hər hansı sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, torpaq sahəsinin müayinə aktında torpaq sahəsinin faktiki olaraq daha çox olması (0.2763 ha) müqavilədə göstərilən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. İddiaçı təqdim etdiyi bağ icarə müqaviləsində göstərilən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 25 aprel 2000-ci il tarixli 842 saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan B-4049 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 25 aprel 2000-ci il tarixli 842 saylı icarə müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 0,12 ha olan B-4049 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3437/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3437/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver