Məhkəmə qərarları › İş №2-1(118)-344/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-344/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-344/2021 02.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “İddiaçı xx.xx.1983-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuş İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “xx.xx.1983-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuş İddiaçı adına təkrar doğum haqqında şəhadətnamənin verilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək xx.xx.1983-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuş İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1983-cü ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuşdur. 1988 - ci ildə ailəsi Ermənistan Respublikasından qaçqın düşərək Azərbaycan Respublikasının Sumqayıt şəhərində məskunlaşmışdırlar. Orta təhsilini Sumqayıt şəhər 3 saylı orta məktəbdə almışdır. Həmin müddətdə iddiaçının doğum haqqında şəhadətnaməsi ailəsi ilə birgə yaşadığı evdə idi. Hal-hazırda isə işi ilə bağlı iddiaçı Almaniya Federativ Respublikasında yaşayır. Oraya gedəndə, sənədlərini, o cümlədən doğum haqqında şəhadətnaməni Azərbaycan Respublikasının Sumqayıt şəhərində yaşadığı evdə qoyub getmişdir. İddiaçı anasına zəng vuraraq Almaniya Federativ Respublikasında yaşamaq və fəaliyyət göstərmək üçün doğum haqqında şəhadətnamənin lazım olduğunu bildirmişdir. Lakin anası evi axtardığı zaman iddiaçının doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Daha sonra anası iddiaçının verdiyi etibarnamə əsasında iddiaçının adına təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsindən isə ona 05/Q- 1964/15nömrəli xx.xx.2020 - ci il tarixli imtina məktubu ilə cavab verərək bildirmişdirlər ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından xahişinin təmin olunması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 - ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akitlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 - cü və 14 - cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-nin 307.1 -ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya etirazında qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı xx xxxxxx 1983-cü il tarixdə Ermənistan Respublikasının Amasiya şəhərində anadan olmuş İddiaçı adına doğum haqqında təkrar şəhadətnamə verilməsinə dair dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi aşağıda göstərilənlərə görə iddia tələbi ilə razılaşmır. İddiaçı tərəfindən Sumqayıt şəhər qeydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizə daxil olmuşdur. Qeydiyyat şöbəsi tərəfindən “Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından xahişin təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü və 14-cü bəndinin tələblərinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir” vətəndaşa imtina cavabı verilmişdir. Eyni zamanda cavabdeh bildirir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli, 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair Təlimatın 3-cü bəndinə əsasən doğum haqqında bərpa akt qeydi tərtib edilərkən 1-12-ci qrafalarda uşaq və onun valideynləri haqqında məlumatlar göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etiraza uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı hazırda doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas Müddəaların 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Əsas Müddəaların 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Lakin hazırki işdə iddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi üçün inzibati orqana itmiş qeydinin bərpası üçün lazım olan sənədləri və ya məhkəmənin qətnaməsini təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Eyni zamanda inzibati orqan əsaslı olaraq hüquqi müdafiyə vasitəsi kimi iddiaçının ümumi məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı Ermənistan Respublikasında doğulmuşdur və məlum səbəblərə görə inzibati orqana müvafiq sənədləri təqdim edə bilmir və eyni zamanda inzibati orqandada müvafiq sənədlər mövcud deyil. Bu halda vətəndaşların hüquqları mülki məhkəmə icraatı qaydasında müəyyən edilmiş hüquqi müdafiə vasitələri ilə bərpa olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçıya izah olunsun ki, fakt təsdiqi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar