Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-344/2022 07.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X7, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Susayqışlaq kəndi ərazisində yerləşən, ona məxsus 0.48 ha torpaq sahəsinə dair X1 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktına əlavə olunmuş cizgidə göstərilən sərhəd daxilində 0.48 hektar torpaq sahəsi kənd təsərüffatı məhsulları istehsalı məqsədilə iddiaçıya verilmiş və bu barədə ona torpağa mülkiyyət hüququna dair JN- 0018, Kod 30308028 nömrəli Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsi abadlaşdırılmış, bütün aqrotexniki qulluq işləri görülmüş, tərəfindən qeyd olunan torpaq sahəsinə gilas bağı əkilmiş, 1997-ci ildən bu günədək təyinatına uyğun olaraq tərəfindən istifadə edilməklə onun sahibliyində və istifadəsindədir. Eyni zamanda həmin torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş bütün vergiləri (torpaq vergisi) və başqa dövlət ödənişlərini vaxtlı-vaxtında ödəmişəm, bu günə qədər də ödəyir, bununla bağlı X11 səlahiyyətli şəxsləri tərəfindən akt tərtib olnmuş həmin torpaq sahəsinin 1997-ci ildən onun istifadəsində olması və mülkiyyətçi kimi tanınmağı qeyd olunmuşdur.Həmin torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və “Daşınmaz əmlkın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15 maddələrinə əsasən ərizənin icrasında imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq vardır. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Quba rayon Şöbəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktların qeydiyyatı kitabında uyğunsuzluq olması göstərilmişdir. Qeyd olunan xüsusatla bağlı Sumqayıt İnzibati Məhkəməsinə tərəfindən müraciət olunmuş, inzibati işin baxışı zamanı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin MXMT(085)-61/2019 saylı, 18 noyabr 2019-cu il tarixli qərarına əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə kənd təsərüffatı məhsulları istehsalı məqsədilə torpağa mülkiyyət hüququna dair JN0018, Kod 30308028 nömrəli Dövlət Aktına əsasən İddiaçı verilmiş 0,48 hektar torpaq sahəsinə dair hər hansı alqı-satqı, sənədləşmə, çıxarışın alınması və bütün növ işlərin görülməsi X2 və Azərbaycan Respublikasının Əmlak Məsələləsi Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qadağan edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, 1997-ci ildən bu günə qədər həmin torpaq sahəsinə dair iddiaçının üçüncü bir şəxslə həmin torpaq sahəsinə dair heç bir mübahisəsi, problemi olmamış, heç bir şəxs tərəfindən iddiaçının torpaq sahəsinə dair hər hansı bir iddia olmamışdır. Hazırda iddiaçıda olan məlumata görə X4 iddiaçıya məxsus torpaq sahəsini qeyri-qanuni yollarla mənimsəməyə və həmin torpaq sahəsinə dair öz adına hüquqmüəyyənedici sənədlər (müqavilə, çıxarış, vəs.) almağa çalışır. Əgər iş üzrə üçüncü şəxs hər hansı vasitə ilə qeyd olunan sənədləri almağa müvəffəq olsa, həmin hal yeni məhkəmə çəkişmələrinə, yeni mübahisələrə və iddiaçının qanunla qorunan hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxaracaqdır. Ona görə də iddiaçı hesab edir ki, hazırkı işə baxılıb yekun qərar qəbul edilənədək qeyd olunan torpaq sahəsinə dair hər hansı alqı-satqı, sənədləşmə, çıxarışın verilməsi və bütün növ sənədləşmə işlərinin görülməsi X3, cavabdehə və o cümlədən bu sahədə bütün səlahiyyətli dövlət orqanlarına qadağan olunmalıdır.Lakin bütün bunlara baxmayaraq cavabdeh həmin torpaq sahəsinə dair öz adına hüquqmüəyyənedici sənədlər (müqavilə, çıxarış, vəs.) almağa nail olmuş, qanusuz yollarla 1997-ci ildən bu bu günə ona məxsus olan onun istifadəsində olan torpaq sahəsinə çıxarış almışdır.Qeyd olunan torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər ona məxsusdur, torpağa mülkiyyət hüququna dair şəhadətnamə iddiaçıya verilmişdir. Torpaq sahəsi 1997-ci ildən onun istifadəsindədir. Pənah Ağabalayevin çıxarışının verilməsinə səbəb olan sənədlər ona məlum deyil.Hansı əsaslarla çıxarış alması şübhəlidir. Ona görə də inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X10 iddia tələbinə dəqiqləşdirmə verərək, X1 adına verilmiş 02.07.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən X1 adına olan 0.48 ha torpaq sahəsinə dair 02.07.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli dövlət reyestrindən çıxarış hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq ...aktlar ” daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların. ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən müvafiq çıxarış verilmişdir və həmin çıxarışın qanunsuz hesab edilməsi üçün heç bir əsas yoxdur. Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən ona verilmiş aktı qeydiyyat kitabına imza etməklə əldə etmişdir. Həmin aktı naməlum səbəblərdən itirmişdir. Lakin dövlət aktının onda olmaması mülkiyyətində olan torpaq sahəsinə verilmiş çıxarışın verilməsi üçün əsas deyil. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********50 nömrəli, 04.10.2021-ci il tarixli imtina məktubu, cavabdehin etiraz ərizəsi, iddiaçının adına verilmiş JN-0018 KOD 30308028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, 02.07.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli dövlət reyestrindən çıxarış surəti, Quba rayon arxivinin məhkəməyə təqdim etdiyi 18.11.2021, 07.12.2021, 17.01.2022 və 02.02.2022-ci il tarixli məktubları, cavabdehin **********26 nömrəli, 14.12.2021-ci il tarixli məktubu, Quba rayonu X11 04 nömrəli, 04.02.2021-ci il tarixli arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair Quba rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0018 KOD 30308028 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ının verildiyi vaxtdan etibarən yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********50 nömrəli, 04.10.2021-ci il tarixli məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayonu, Susayqışlaq kəndi ərazisində Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair dövlət aktına əlavə olunmuş cizgidə göstərilən sərhəd daxilində 0.48 hektar torpaq sahəsi kənd təsərüffatı məhsulları istehsalı məqsədilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair çıxarışın alınması məqsədi ilə DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin torpaq sahəsinin yerləşdiyi yer üçün X1 mülkiyyət hüququ qeydə alınması səbəbindən iddiaçının tələbinin təmin edilməsi mümkün olmamışdır. Belə ki, DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X1 adına olan 0.48 ha torpaq sahəsinə dair 02.07.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Mübahisənin həlli məqsədi ilə iddiaçı Sumqayıt İnzibati Məhkəməsində cavabdeh təşkilata qarşı iddia tələbi qaldırmış, lakin onun iddia tələbi təmin edilməmişdir. İddiaçı Pənah Ağabalayevin adına verilmiş çıxarışın ləğv edilməsini cavabdeh təşkilatdan xahiş etmiş, lakin, cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin torpaq sahəsinin digər şəxsin adına “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənilməsi səbəbindən onun müraciətini təmin etməmişdir. Cavabdeh təşkilat imtinasını onunla əsaslandırmışdır ki, X2 02.07.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarış verilmiş və həmin çıxarış ləğv edilmədən iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin sorğusuna əsasən DƏDRX-in Xaçmaz Ərazi İdarəsindən Pənah Ağabalayevin adına çıxarış verilməsinə əsas olmuş sənədlərin içərisində Sumqayıt İnzibati Məhkəməsinin Pənah Ağabalayeva aid olmayan qərarın surəti və torpaq sahəsinə dair verilmiş JN-18 saylı dövlət aktının itməsi barədə arayış əlavə edilmişdir. Başqa sözlə desək qeyd olunan çıxarışın verilməsi üçün əsas olmalı olan JN-18 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsində olmadığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, cavabdehin iddia tələbinə dair gətirdiyi yeganə arqument X1 adına olan JN- 18 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qüvvədə olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, X2 verilmiş Quba rayonu Susayqışlaq kəndi ərazisində yerləşən, JN-18 saylı kodu məlum olmayan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 0.48 ha torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınsa da, həmin hüququn yaranması üçün əsas olmuş heç bir rəsmi sənəd və hal yoxdur. Belə ki, məhkəmənin sorğusu əsasında cavabdehin **********26 nömrəli, 14.12.2021-ci il tarixli məktubundan müəyyən olunmuşdur ki, saxlanılan arxiv məlumatlarında Pənah Ağabalayevə çıxarış verilməsi üçün əsas olmuş sənədlər ümumiyyətlə mövcud deyildir. Belə olan halda cavabdehin istinad etdiyi mövcud olmayan JN-18 kodu məlum olmayan “Torpağın mülkiyyətə verilməsinə dair” X6 adına çıxarışın verilməsi üçün əsas hesab edilə bilməzdi. Həmçinin, Quba rayonu X11 04 nömrəli, 04.02.2021-ci il tarixli arayışından da müəyyən olunmuşdur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 8 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0.48 ha torpaq sahəsini ona ayrıldığı vaxtdan hal-hazıradək istifadə etmiş və bələdiyyə vergilərini ödəmişdir. Belə olan halda hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında 3-cü şəxs X1 mülkiyyət hüquqlarının qeydiyyata alındığı 02.07.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1 adına verilmiş 02.07.2021-ci il qeydiyyat tarixli, **********54 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-344/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-344/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver