Məhkəmə qərarları › İş №2-1(118)-3441/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3441/2024

21.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3441/2024 21.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “dövlət aktın ləğv edilməsi” iddia tələbi üzrə işə mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında hazırlıq icraat qaydasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ İşin halları İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş sənədlər:

1. Azərbaycan Respublikası JN-0053, KOD 30123084 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998ci il tarixli, 11\9 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 1,39 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X6 və onun ailə üzvü X4 verilmişdir.

2. Azərbaycan Respublikası 2 may 2006-cı il tarixli, JN-0298, KOD 30123048 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Qusar rayon AİK-ın 25 iyun 1998-ci il tarixli, 11\9 saylı qərar və Qusar Rayon Məhkəməsinin 13 yanvar 2006-cı il tarixli, 2-94a saylı qətnaməsilə cizgidə göstərilən sərhəd daxilində 0,68 ha Qusar rayon, Yuxarı Ləyər kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X6 və onun ailə üzvü X4 verilmişdir.

3. 19 yanvar 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, 27 dekabr 1999-cu il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 8 yanvar 2024-cü il tarixdə X2 verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,1317 ha olan torpaq sahəsi X2 çatan hissədən ibarətdir.

4. 19 yanvar 2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, 5 aprel 2022-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən 8 yanvar 2024-cü il tarixdə X7 verilmiş **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,1317 ha olan torpaq sahəsi X7 çatan hissədən ibarətdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)-3417/2024 nömrəli iş üzrə təqdim olunan iddia ərizəsindən görünür ki, İddiaçı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0297 (KOD ********) saylı Dövlət Aktının ləğv edilməsini xahiş etmişdir (hakim: Leyla Mirzəyeva).

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

6. Qusar rayon Dövlət Arxivinin 1 aprel 2024-cü il tarixli, 3-48-30RA/2-1xx-xx/2024 nömrəli məktubundan görünür ki, Qusar rayon arxivində saxlanılan Agrar İslahat Komissiyasının sənədlərinə baxış keçirilərkən məlum olmuşdur ki, rayonun Xuray, Suvacal və Yuxarı Ləyər kənd sakinləri Qusar rayonu keçmiş Mirzə Vəliyev adına sovxozun əmlak payçılarıdırlar və Mirzə Vəliyev adına sovxozda aparılmış islahatlar sovxozun AİK-ın 4 iyun 1999-cu il tarixli, 08 saylı qərarı ilə təsdiq edilmişdir. Baxılmış M.Vəliyev adına sovxozuna aid AİK-ın sənədlərdə torpaq islahatı ilə əlaqədar AİK-ın qərarı ilə təsdiq edilmiş torpaqdan pay almaq hüququ olan vətəndaşların və ailə üzvlərinin adları olan siyahılar aşkar edilmədi, lakin sənədlərdə müxtəlif rəngli qələmlərlə tərtib edilmiş M.Vəliyev ad.Y/Ləyər BKt-nın əmlak payçıların siyahısı mövcuddur ki, siyahının 34-cü sıra sayında tək Eldarov İbadullanın adı göstərilmişdir. Siyahıda isə vətəndaşaların yalnız əmək töhfəsi və iş stajları qeyd edilmişdir.

MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi

İddia tələbinin dəlilləri:

7. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN-0298 (KOD ********) saylı Dövlət Aktının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/9 saylı qərarı ilə Qusar rayonu, Yuxarı Ləgər kəndi ərazisində yerləşən 1,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçının valideynləri X1 və X3 mülkiyyətinə verilmiş, mülkiyyət hüquqları KOD 30123048, JN:0053 saylı 3 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X11 27 dekabr 1999-cu il tarixdə, anası Naqiyyət Eldarova isə 5 aprel 2022-ci il tarixdə vəfat etmişlər. Həmin torpaq sahəsinə dair vərəsəliyin müəyyən olunması məqsədi ilə mərhum valideynlərinin adlarına müvafiq Çıxarışın verilməsi ilə bağlı müvafiq ərizə ilə cavabdehə müraciət edilmişdir. Həmin müraciətə cavab verilərək bildirilmişdir ki, ərizəyə əlavə edilmiş KOD 30123048, JN:0053 saylı, 3 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,39 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud olan arxiv məlumatlarına əsasən 0,68 ha ölçüdə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən 2 may 2006-cı il tarixdə 53 nömrə ilə qeydə alınmış yeni JN-298 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənilmişdir. Bundan əlavə, bildirilmişdir ki, JN-0053 nömrəli (********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” nın 0053 planşetində göstərilən 0,71 ha torpaq sahəsi JN-0298 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda öz əksini tapmamışdır. Bu səbəbdən də həmin idarə tərəfindən müvafiq çıxarışın verilməsindən imtina olunmuşdur. Bildirilir ki, mərhum valideynlərinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən yeni JN-298 (KOD ********) saylı Dövlət Aktının işlənib hazırlanmasından və belə bir Dövlət Aktının mövcudluğundan valideynlərinin heç bir xəbəri olmamışdır. Bundan başqa, iddiaçının X11 27 dekabr 1999-cu il tarixdə vəfat etdiyindən həmin şəxsin vərəsəliyi müəyyən olunmadan yeni bir aktın hazırlanması absurddur. X12 surətini sonradan əldə edilmişdir və Dövlət Aktına nəzər salarkən məlum olmuşdur ki, X12 Qusar rayon Məhkəməsinin 13 yanvar 2006-cı il tarixli, 2-94a nömrəli qətnaməsi əsasında verildiyi qeyd olunmuşdur. Bundan sonra iddiaçı Qusar rayon Məhkəməsinə müraciət edərək həmin qətnamənin surətinin təqdim olunmasını xahiş iddiaçı xahiş etmişdir, çünki belə qətnamənin mövcudluğundan da heç bir məlumatı olmamışdır. Qusar rayon Məhkəməsindən 27 dekabr 2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, həmin məhkəmənin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında mövcud olan 2-94a/2006 saylı mülki iş başqa şəxslərə aiddir, həmin iş üzrə 13 yanvar 2006-cı il tarixli qətnamə mövcud deyildir. Bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. Bununla da, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən işlənilmiş JN-0298 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı tamamilə qanunsuzdur, heç bir hüquqi əsas olmadan verilmişdir. Hətta, Dövlət Aktında göstərilən qətnamə də mövcud deyildir. Belə olan halda, torpaq islahatı zamanı mülkiyyətinə verilmiş torpaq sahəsinə dair iddiaçının məlumatı olmadan ikinci dəfə Dövlət Aktının işlənilməsi, həm də torpaq sahəsinin az göstərilməsi qanunsuz və əsassızdır. JN-0298 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı qanunsuz olduğundan iddiaçı tərəfindən X12 ləğv edilməsi ilə bağlı cavabdehə müraciət edilsə də, həmin idarə tərəfindən 1 fevral 2024-cü il tarixli, 3-21-3-34/2-E-0002-8/2024 saylı məktub göndərilərək, dövlət aktının ləğvinə göstərişin yalnız məhkəmənin qərarı ilə mümkün olduğu bildirilmişdir. Göründüyü kimi, JN-0298 (KOD ********) saylı Dövlət Aktı iddiaçının vərəsəlik hüququnun həyata keçirilməsinə əsassız maneçilik törədir. Ona görə də, həmin dövlət aktı ləğv edilməlidir.

9. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN-0298 (KOD ********) saylı Dövlət Aktının ləğv edilməsini və Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli,11/9 saylı qərarı əsasında verilmiş KOD 30123048, JN 0053 saylı, 3 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

11. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

12. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

13. Belə ki, məhkəmə iclasında iddiaçıya İPM-in 12-13-cü maddələri çərçivəsində hüquqi yardım göstərilərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin qeyrimüəyyənliyin aradan qaldırılması zəruri olduğu bildirilmişdir.

İddia tələbinə dair etirazın dəlilləri:

14. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

15. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, eyni mübahisə ilə bağlı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş və hal-hazırda iş digər hakimin icraatdadır.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

MƏHKƏMƏNİN MÖVQEYİ

21. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

22. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

23. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

24. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

25. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

26. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

28. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

29. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş Dövlət Aktlarında İddiaçı adı deyil, atası X6 və anası X3 adları qeyd olunmuşdur.

30. Eyni zamanda, mübahisələndirilən torpaq sahəsi ilə əlaqədar iddiaçının valideynlərinin vəfatından sonra vərəsəlik işinin açılması barədə müvafiq sənədlərin iddiaçı tərəfindən məhkəməyə təqdim olunması mümkün olmamışdır.

31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianın qaldırılması üçün subyektiv hüququ yoxdur.

32. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.

33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

34. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş JN-0298 (KOD ********) saylı Dövlət Aktının ləğv edilməsini və Qusar rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli,11/9 saylı qərarı əsasında verilmiş KOD 30123048, JN 0053 saylı, 3 aprel 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktının bərpa edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar