Məhkəmə qərarları › İş №2-1(118)-3446/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3446/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3446/2024 22.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması dair qərarın çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası təmin edilərək Sumqayıt şəhəri, 42-ci məhəllə, 17d ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, yəni sahəsi 17 kv m olan bir yaşayış otağı və 4 kv m eyvan sahəsi İddiaçı, sahəsi 19.6 kv m olan bir yaşayış otağı və 4 kv m eyvan sahəsinin X2 istifadəsinə ayrılması, kommunal xidmətlərə aid sahələrim ümumi istifadədə saxlanılması qət edilmişdir. Qətnamənin qəbul edilməsindən 3 ildən çox müddətin keçməsinə baxmayaraq hazıra kimi icra olunmamışdır. İcra sənədi cavabdeh idarəyə göndərilmiş, lakin cavabdeh həmin mülki iş üzrə tərəf kimi cəlb edilmədiyini, eləcə də müvafiq icra vərəqəsi ilə idarə üzərinə hər hansı öhdəlik qoyulmadığını bildirmişdir. O, qətnaməyə izah verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 iddiası təmin edilərək Sumqayıt şəhəri, 42ci məhəllə, 17d ünvanında yerləşən 62 saylı mənzilin naturada bölünməsi, yəni sahəsi 17 kv m olan bir yaşayış otağı və 4 kv m eyvan sahəsi İddiaçı, sahəsi 19.6 kv m olan bir yaşayış otağı və 4 kv m eyvan sahəsinin X2 istifadəsinə ayrılması, kommunal xidmətlərə aid sahələrim ümumi istifadədə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Hazırki iş üzrə Sumqayıt şəhər Məhkəməsinin tərəfindən 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnamənin mülki iş üzrə qəbul edildiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Hazırda iddiaçının tələbi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı faktiki olaraq öz payına uyğun olaraq ayrıca çıxarışın verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bununla bağlı məhkəmə qətnaməsinin nəticə hissəsində cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulmaması ilə yanaşı iddiaçının cavabdeh orqana müvafiq xahişlə müraciət etməsi də müəyyən edilməmişdir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 4496/2021 saylı 10 dekabr 2021-ci il tarixli qətnaməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar