Məhkəmə qərarları › İş №2-1(118)-3447/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3447/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3447/2024 07.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Elşən oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı sərəncamı əsasında şəhid atası kimi ona verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyində yerləşən 12 saylı evin 69 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı sərəncamı əsasında şəhid atası kimi ona verilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyində yerləşən 12 saylı evin 69 saylı mənzil üzərində mülkiyyət hüququnun qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müvafiq əmri ilə şəhid atası kimi 28.2.2009-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı sərəncamında nəzərdə tutulmuş qaydada Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Cənclər şəhərciyində yerləşən 12 saylı evin, 2 otaqlı, 69 saylı mənzilini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunmuş order əsasında əldə etmiş, istifadə və sahiblik hüququnu həyata keçirsə də, mənzili dövlət reyestrində qeydiyyata aldıra bilməmişdir. Dəfələrlə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr və X4 Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə rəsmi qaydada müraciət etsə də, nəticəsi olmamış, Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında şəhid atası kimi verilmiş mənzilə qanunsuz olaraq alqısatqı müqaviləsi taləb edilmiş, bu da hüquqlarının kobud surətdə pozulmasına səbəb olduğu üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, aparılan araşdırma zamanı ünvan 2 ünvanında yerləşən 69 saylı mənzilə dair notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarında olan: - Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli, 569 saylı sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müvafiq əmri ilə Bakı şəhəri, Nərimanov Rayon icra hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən və şəhid ailələridən aşağıdak adı qeyd olunan imtiyazlı vətəndaşa, İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyində mənzil verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbayca Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmin sərəncamın icrası çərçivəsində ünvan 2 ünvanında yerləşən iki otaqlı 69 saylı mənzil xx.xx.2009-cu il tarixdən mənzil növbəsinə götürülmüş şəhid ailəsi İddiaçı ayrılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən mənzil şəhid ailəsi kimi 5 nəfər ailə üzvü ilə bilrikdə iddiaçının qanuni sahibliyinə verilmişdir. Həmin vaxtdan indiyədək qeyd edilən mənzil iddiaçı və onun ailə üzvlərinin faktiki istifadəsində və sahibliyindədir. Həmni ev iddiaçıya yaşayış sahəsnə ehtiyacı olan şəxs qismində mənzil növbəsində olduğuna görə verilmiş və mənzilin verilməsindən sonra onun növbədən çıxarılması ilə şərtləndirilmişdir. Yəni, mənzil iddiaçının yaşayış sahəsi ilə təmin olunması, onun mənzil ehtiyaclarının ödənilməsi məqsədi ilə ayrılmışdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında həmin məhkəmə iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi oması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunveiciliyə uyğun olaraq onu xüsusi mülkiyyətə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyət”i hesba edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirilmişdir. Məkəmə qeyd edir ki, hazırki işdə də iddiaçı mübahisəli mənzilin 10 ilə yaxındır müddətdə qanuni sahibi olmaqla, aidiyyəti dövlət orqanından ona mənzil ayrılarkən onun hüquqi gözləntisi mübahisəli mənili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdehin imtina cavabının dəlili mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsinin təqdim edilməməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda da təsvir edildiyi kimi göstərilən mənzil yaşayış sahəsinə ehtiyacı olan şəxs (şəhid atası) kimi Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında ayrılmışdır. Bu halda həmin mənziə dair alqı-satqı müaviləsinin tələb edilməsi kimi dəlil əsassızdır və başadüşülən deyildir ki, həmin müqavilə kimlər arasında və hansı əsaslarla bağlanmalı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyində yerləşən 12 saylı evin 69 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyində yerləşən 12 saylı evin 69 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar