Məhkəmə qərarları › İş №2-1(118)-345/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-345/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-345/2021 04.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məsləhətçi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, A.Məmmədov küçəsi, 4, ev 8-də məskunlaşan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon bölməsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx xxxxxx 1988-ci ildən 1993-cü ilin avqust ayının 31-nə kimi Qarabağın müdafiə bölüyünün əsgəri kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında Qubadlı rayon İcra Hakimiyyətinin təşkil etdiyi könüllülərdən ibarət dəstənin tərkibində iştirak edib vuruşaraq onun düşmən hücumundan qorunmasında əsgər kimi xidmət etməsini nəzərə alaraq “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və həmin Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbərinə uyğun olaraq idiaçıya hüquqi yardım göstərilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi yalnız Azərbaycan Respublikası Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göstərilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. xx.xx.1988-ci ildən Qarabağın müdafiə bölüyünün əsgəri kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında Qubadlı rayon İcra Hakimiyyətinin təşkil etdiyi könüllülərdən ibarət dəstənin tərkibində fəal iştirak edərək xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü qorunması uğrunda vuruşmuşdur. Bunu onunla birlikdə vuruşmuş bütün şahidləri və əsgər yoldaşları da təsdiq edə bilər. İddiaçı müvafiq sənədlərlə birlikdə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar rəsmi ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına surəti əlavə edilmiş iddiaçının hərbi bietində onun döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya verdiyi xx.xx.2020-ci il tarixli H/-2302 saylı cavab məktubundan görünür ki, Xidmətin aparatına Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş müvafiq siyahıda iddiaçının adı qeyd olunmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya verdiyi xx.xx.2017-ci il tarixli H/-3933 saylı cavab məktubundan görünür ki, Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına xx.xx.2016-cı il tarixdə edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd ərazilərdə aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısı yerli icra hakimiyyəti orqanları tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilməsi tapşırılmışdır.Lakin Qubadlı rayon İcra Hakimiyyətindən təqdim edilən siyahıda iddiaçının adı olmadığı üçün ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1342 saylı xx.xx.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair iddiası rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-(105)-716/2019 saylı xx.xx.2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-815/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə muəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konullu qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gundən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Quvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil muəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gundən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nomrəli Qərarı ilə təsdiq edilmiş «Muharibə veteranı, silahlı quvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 11-ci bəndinin 8-ci yarımbəndində əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cu il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat aşkar olunmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənəd kimi yalnız fotoşəkilləri təqdim etmişdir. Məhkəmə hesab edir ki, təqdim edilən bu sübutlar iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinin təsdiq olunması üçün yetərli deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh, düzgün olaraq, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar